Məhkəmə qərarları › İş №2-1(112)-3438/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3438/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3438/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “maaşa əlavənin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maaşa əlavənin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda ehtiyatda olan hərbi qulluqçu kimi 2005-2012-ci illər əzrində Xəzər dənizinin Çilov adasında yerləşən hərbi hissədə xidmət etmişdir. Həmin ada Bakı şəhərindən 62 km uzaqlıqda yerləşir və quru yol əlaqəsi mövcud deyildir. İddiaçı hesab edir ki, həmin hal nəzərə alınmaqla ona bu səbəbdən vəzifə maaşına 1,65 əmsal tətbiq edilməklə əlavə ödənilməlidir. Etirazda qeyd edilmişdir ki, əlavələr Xəzər dənizində yerləşən obektlərdə çalışan içilərə ödənilir. Çilov adası isə obyekt olmamaqla Azərbaycan Respublikası inzibati ərazisidir. Həmin halla bağlı isə mövcud qanunvericilikdə hər hansı əlavənin ödənilməsi nəzərdə tutulmamışdır. Sonradan iddiaçı ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh Maliyyə və Büdcə İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçının qeydiyyatda olduğu ünvan Bakı şəhəri Suraxanı rayonu üzrə olduğundan və qeydiyyat ünvanı rəsmi yaşayış ünvanı hesab edildiyindən hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bundan əlavə, cavabdehin Nazirliyin yox, məhz onun İdarəsinin olmasına münasibətdə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati orqanların Təsnifatı”nda Müdafiə Nazirliyinin İdarələri ayrıca inzibati orqan qismində çıxış etdiyindən cavabdeh qismində də həmin inzibati orqan müəyyən edilir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Müdafiə Nazirliyinin iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, 137 nömrəli 2002-ci il 22 avqust tarixli Nazirlər Kabinetinin Qərarına əsasən qeyd olunan əlavənin adalarda xidmət edən şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. 11 avqust 2005-ci il tarixli əmrdən görünür ki, İddiaçı Çilov adasında yerləşən hərbi hissədə xidmətə başlamışdır. 17 avqust 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyat buraxıldığına görə 01 oktyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: M a d d ə 1. Hərbi qulluqçuların hüquqi statusu

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. [1] Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması bu Qanunla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir. M a d d ə 2. Hərbi qulluqçu statusuna malik şəxslər KM2 Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. M a d d ə 10. Pul təminatı və maddi təminat hüququ

1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır.

2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarının: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

4. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

sahillə quru yol əlaqəsi olduqda 1,4 quru yol əlaqəsi olmadıqda və 1,5 sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər 0,5 km-dən 70 km-ə qədər 1,65 70- km-dən artıq 1,75

Qanunvericiliyin tələbindən də göründüyü kimi Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin, o cümlədən də hərbi qulluqçuların tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq müvafiq əmsala uyğun olaraq artım məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Çilov adasında xidmət etmiş şəxs kimi həmin əmsal tətbiq edilməklə əlavə ödənişin ona ödənilməli olması qənaətindədir. Cavabdeh isə müraciətin təmini onunla əsaslandırır ki, Çilov ada olmaqla Xəzər dənizində yerləşən obyekt kateqoriyasına aid edilmədiyindən, həmin artım məbləğinin ona ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, öhdəliyin icrası növündə iddia üzrə cavabdeh AR İPM-nin 14-cü maddəsinin tələbinə uyğun olaraq iddianın təminini istisna edən faktiki şərtin mövcudluğu sübut edə bilmişdir. Belə ki, adıçəkilən artımın ödənilməsi ilə bağlı Qərarda ödənişin məhz Xəzər dənizində yerləşən obyektlərdə çalışan şəxslərlə bağlı ödənilməli olması ilə əlaqədar konkret şərt müəyyən etmişdir ki, cavabdeh əsaslı olaraq adada həyata keçirilən xidməti obyektdə xidmətlə eyniləşdirməmişdir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun Maddə 1. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilir: Xəzər dənizində—Azərbaycan Respublikasının ərazi sularının xarici kənarı üzrə; “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun: 2.3. Yaşayış məntəqəsi - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd). 2.4. Ərazi vahidi - müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd). 2.5. İnzibati ərazi vahidi - hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu). 2.6. İnzibati ərazi dairəsi - hüdudlarında yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, qəsəbə, kənd). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Xəzər dənizində yerləşən obyekt anlayışından fərqli olaraq Çilov adası inzibati ərazi vahidi qismində çıxış etdiyindən adada işləmə ilə bağlı iddiaçının istinad etdiyi artımın ona ödənilməsi barədə iddia tələbi əsassız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar