Məhkəmə qərarları › İş №2-1(112)-347/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-347/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-347/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə barədə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində xxxx “İddiaçı”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində xxxx “İddiaçı”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış müqavilə əsasında görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-347/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində xxxx "İddiaçı"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış müqaviləyə və Nümayəndəliyin təqdim etdiyi məlumatlara əsasən Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakların mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılması məqsədi ilə daşınmaz əmlak sərhədlərinin GNSS və tabletlər bir-biri ilə əlaqəli olaraq coğrafi koordinatlarla birləşdirilməsi və interaktiv olaraq kompüter şəraitində köçürülməsi, sahədə toplanan məlumatların kameral şəraitdə yönətilməsi və yoxlanılması, aralıq məlumat modeli yaradılaraq AZCAD məlumat modelinə çevirmək üçün proqram təminat sisteminin yaradılmasının tətbiq edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Saziş mövcuddur. Həmin sazişin 7-ci maddəsində göstərilmişdir ki, əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq Razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxx 2017ci il tarixli **********009300 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarına əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə dəfələrlə müraciət edilmiş və qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş cavabda göstərilmişdir ki, təqdim edilmiş müqavilə baş ofis ilə nümayəndəlik arasında bağlanmışdır, yuxarıda adı çəkilən sazişin 5-ci maddəsinə əsasən nümayəndəlik daimi iş yerinə aid edilmişdir, eyni zamanda Departament sazişin 7- ci maddəsinə istinad etməklə qeyd olunan məbləğin Azərbaycan Respublikasında vergiyə cəlb edilməli olduğunu və göstərilənlərə əsasən vergiyə cəlb edilən məbləğin geri qaytarılmasının mümkün olmadığını bildirmişdir. Halbuki, təqdim edilmiş cavab qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti təqdim edilmiş DTA- 05 formasına əlavə edilmiş müqavilə və digər sənədləri tədqiq etmədən cavab vermişdir. Həmin müqaviləyə əsasən görülmüş işlərin xxxxsı qismində nümayəndəliyin deyil İddiaçı çıxış edir. İddiaçı müqaviləyə əsasən bütün xidmətlərini Türkiyə Respublikasının Ankara şəhərində həyata keçirmişdir. Bu halda vergiyə cəlb olunan məbləğ də məhz İddiaçınə məxsus gəlirdir. Bu səbəbdən də hesab edirik ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti əsassız olaraq imtina edərək Sazişlə nəzrədə tutulmuş tələbləri pozmuşdur. Azərbaycan Respublikasının üzv olduğu “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)-nm tərəfindən üzv dövlətlərin iştirakı ilə qəbul edilən “X5 İncome and on Capital” konvensiyasının yəni "Gəlir və kapital haqqında nümunəvi vergi konvensiyasının" 37-ci maddəsində göstərilir ki, Misal olaraq, müəssisənin digər bölmələri tərəfindən malların satışı nəticəsində əldə edilən gəlir daimi nümayəndəliyin fəaliyyəti nəticəsində əldə edilmiş gəlir sayılmır və onunla əlaqəli deyildir. Daha sadə desək, müəssisənin daimi nümayəndəliyinin yerləşdiyi ölkənin xaricində, onun bölmələri tərəfindən xidmətlərin göstərilməsindən əldə edilən gəlir (planlaşdırma,dizayn,çertyoj və ya texniki məsləhət) həmin daimi nümayəndəliyin fəaliyyəti nəticəsində yaranmış gəlir kimi hesab edilmir və onunla əlaqəli deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdeh vergi organının üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsini dəqiqləşdirərək Departamentin üzərinə DTA-05 formasının təsdiq edilməsi vəzifəsinin qoyulması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İkiqat vergitutmanın aradan qaldırılmasına dair Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanılmış müqavilənin 7.1-ci bəndinə əsasən bir dövlət digər dövlətin ərazisində iş yeri vasitəsi ilə - daimi nümayəndəlik - biznes fəaliyyətini həyata keçirirsə, onda vergitutma hüququ iş yerinin olduğu ölkə tərəfindən həyata keçiriləcəkdir. Qeyd edilən sazişin tələbini tətbiq etməkdən ötrü ilk növbədə iş yerinə aid olan mənfəətin mənbəyinin müəyyən edilməsi əsas şərtdir. Bununla əlaqədar bildiririk ki, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının – OECD - tövsiyələrinə əsasən tərtib edilmişdir. Bununla əlaqədar qeyd edilən təşkilat həm üzv ölkələri tərəfindən, həm də üzv olmayan ölkələr tərəfindən istifadə edilən X6 tərtib etmişdir ki, sazişlər də həmin model konvensiyaya uyğun tərtib edilmişdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən sazişin qeyd olunan müddəasının tətbiqi ilə əlaqədar aşağıdakılar şərh edilmişdir. Birinci halda, əgər bir dövlətin müəssisəsi razılığa gələn digər dövlətin ərazisində daimi nümayəndəlik vasitəsi fəaliyyət göstərmirsə, həmin müəssisənin gəliri rezident olduğu dövlətdə vergiyə cəlb ediləcəkdir. Bu prinsip ondan irəli gəlir ki, həmin müəssisə digər dövlətin iqtisadi həyatında əhəmiyyətli dərəcədə iştirak etmədiyi üçün onun vergiyə cəlb edilməsi razılığa gələn dövlətdə həyata keçirilə bilməz. İkinci halda, əgər bir dövlətin müəssisəsi öz biznes fəaliyyətini razılığa gələn digər dövlətdə daimi nümayəndəlik vasitəsi ilə həyata keçirirsə, onda həmin daimi nümayəndəliyin vergiyə cəlb edilməsi onun yerləşdiyi dövlətdə həyata keçiriləcəkdir. Bu halda əsas şərt daimi nümayəndəliyin gəlirinin düzgün müəyyən edilməsidir. Belə ki, vergiyə cəlb ediləcək məbləğin müəyyənləşdirilməsi üçün dövlətlər tərəfindən ilk növbədə gəlirin formalaşdığı mənbə aydınlaşdırılmalıdır. Əsas prinsip ondan ibarətdir ki, əgər müəssisə tərəfindən əldə edilmiş gəlir onun buradakı daimi nümayəndəliyinin işinin bir hissəsi ilə əlaqədardırsa və əldə edilən gəlirin mənbəyi eyni yerdəndirsə, o zaman müəssisənin gəlirləri də daimi nümayəndəliyin olduğu yer üzrə vergiyə cəlb ediləcəkdir. Bu cür prinsipin qəbul edilməsi onunla əlaqədardır ki, hal-hazırda müəssisələrin fəaliyyəti o qədər genişlənmişdir ki, onlar öz fəaliyyətlərini digər dövlətlərin ərazisində həm daimi nümayəndəlik, həm agent vasitəsi ilə və ya özləri birbaşa həyata keçirirlər. Biznes fəaliyyətinin hansı qaydada həyata keçirilməsi onların özlərinin seçimindən asılı olaraq dəyişir. Ola bilsin ki, müəssisə öz fəaliyyətini digər dövlətdə həm daimi nümayəndəlik vasitəsi ilə həm də agent vasitəsi ilə həyata keçirir. Bu zaman əsas məsələ həmin fəaliyyətlərin bir biri ilə əlaqəli olmasının, gəlirin eyni mənbədən alınıbalınmamasının araşdırılmasından asılıdır. Əgər qeyd edilən fəaliyyətin biri hər hansı xidmətin göstərilməsindən, digər hissəsi isə mal təqdim edilməsindən ibarət olarsa və ayrı ayrı müəssisələrlə həyata keçirilərsə bu zaman onların vergitutmasına da fərqli yanaşmalar ola bilər. Bundan əlavə, sazişin tələbinə əsasən müəssisənin fəaliyyətini daimi nümayəndəlik vasitəsi ilə həyata keçirdiyi ölkədən əldə edilən və ödəmə mənbəyində vergiyə cəlb edilən gəlirlərini rezidenti olduğu ölkə həmin məbləğ qədər azalda və ya ümumiyyətlə vergidən azad edə bilər. Belə ki, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Sazişin 22-ci maddəsinə uyğun olaraq Türkiyə rezidentləri üçün ikiqat vergiyə cəlb edilmənin qarşısı aşağıdakı şəkildə alınacaqdır: a)Türkiyə rezidenti aşağıdakı b) yarımbəndində göstərilən gəlirlərdən başqa bu Sazişin müddəalarına uyğun olaraq, Azərbaycanda vergiyə cəlb edilə bilən bir gəlir əldə etdikdə, Türkiyə bu gəliri vergidən azad edəcəkdir - bu azad etmə hüquqi şəxslərin mənfəətindən vergi ödəyiciləri baxımından hüquqi şəxslərin mənfəətindən vergidən və mənbəyində tutulan gəlir vergisindən azad etməni; gəlir vergisi ödəyiciləri baxımından gəlir vergisindən azad etməni ifadə edir -, lakin bu şəxsin qalan gəlirlərinə ümumi vergi hesablanmaq məqsədilə bəhs edilən gəlirə sanki vergidən azad edilməmiş kimi bir vergi nisbəti tətbiq edə bilər. b) Türkiyə rezidenti bu Sazişin 10,11,12-ci maddələri ilə 13-cü maddənin 4-cü bəndinin müddəaları ilə Azərbaycanda vergiyə cəlb edilə bilən bir gəlir əldə etdikdə, Türkiyə bu şəxsin gəlirindən alınacaq vergiyə Azərbaycanda gəlirə görə cəlb olunan vergi miqdarında güzəşt edəcəkdir. Həmçinin, Sazişin 24-cü maddəsinə əsasən Razılığa gələn Dövlətin rezidenti Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin fəaliyyətinin onun üçün bu Sazişin müddəalarına uyğun gəlməyən nəticələrə səbəb olduğu və ya olacağı qənaətinə gəldikdə, o həmin Dövlətlərin daxili qanunvericiliklərində nəzərdə tutulan müraciət üsullarından asılı olmayaraq, öz vəziyyətini rezidenti olduğu Dövlətin səlahiyyətli orqanına bildirə bilər. Bu şəxsin vəziyyəti 23-cü maddənin 1-ci bəndinə uyğun gələrsə, bu zaman o, vətəndaşı olduğu Razılığa gələn Dövlətin səlahiyyətli orqanına müraciət edə bilər. Bəhs edilən müraciət Razılığa gələn Dövlətlərin daxili qanunvericiliyində nəzərdə tutulmuş müddətdə həyata keçirilməlidir. Əgər səlahiyyətli orqan etirazı haqlı hesab etməklə bərabər özü qaneedici qərara gəlmək iqtidarında deyildirsə, bu Sazişə müvafiq olmayan vergitutmaya yol verməmək məqsədilə məsələni Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanı ilə qarşılıqlı razılıq yolu ilə həll etməyə çalışmalıdır. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları Sazişin tətbiqi və ya şərqi zamanı meydana çıxan çətinliklərin və şübhələrin qarşılıqlı razılaşma əsasında həllinə çalışmalıdırlar. Səlahiyyətli orqanlar eyni zamanda bu Sazişdə həllini tapmayan ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı məsələlər barədə də bir-biriləri ilə məsləhətləşə bilərlər. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları əvvəlki bəndlərin anlaşılmasında razılığın əldə etmək üçün müəyyən ediləcək bir prosedur çərçivəsində bir-biri ilə birbaşa əlaqələrə girə bilərlər. Razılığa nail olmaq üçün rəsmi görüş təşkil etmək məqsədəuyğun olarsa, bu görüş Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanlarının nümayəndələrindən ibarət bir komissiya tərəfindən həyata keçirilə bilər. Bütün qeyd edilənlərin izahı onunla əlaqədardır ki, bəzi müəssisələr öz gəlirlərini və vergitutmasını bu cür sxemlərdən və ikiqat vergitutmanın aradan qaldırılmasına dair müqavilələrdən istifadə etməklə, həmçinin daxili qanunvericiliklərdə olan boşluqları araşdırmaqla qeyd edilənlərin müddəalarından vergidən yayınma niyyəti ilə istifadə edirlər. Belə ki, onlar öz fəaliyyətlərinin bir hissəsini daimi nümayəndəlik və digər üsullarla həyata keçirməklə gəlirlərinin bölüşdürülməsini elə qaydada edirlər ki, sonda vergilər az ödənilir və ya ümumiyyətlə ödənilmir. Sonda isə onu qeyd edirik ki, ümumiyyətlə Sazişə daha geniş şəkildə yəni beynəlxalq hüquq normaları çərçivəsində baxılsa görərik ki, bu sazişin tətbiqi ilə bağlı bütün suallar hər hansı bir dövlətin məhkəmələri tərəfindən birtərəfli şəkildə, yəni digər dövlətin rəyi nəzərə alınmadan, həmçinin beynəlxalq arbitraj məhkəmələrində təsdiq edilən və president halı almış qərarlar nəzərə alınmadan cavablandırıla bilməz və bununla bağlı məhkəmə qərarı qəbul edilə bilməz. Bundan başqa qeyd edirik ki, göstərilənlərə əsasən, başqa sözlə sazişin tələblərinə əsasən indiki halda iddiaçı əgər səlahiyyətli orqanın, yəni Vergilər Nazirliyinin fikri ilə razılaşmadığı halda mütləq şəkil ilk növbədə özünün rezidenti olduğu ölkəyə müraciət etməlidir. Həmin Dövlətin cavabını aldıqdan sonra isə cavaba uyğun hərəkət edilməlidir. Çünki bu saziş iki səlahiyyətli orqanlar arasında bağlanılmışdır və sazişin tətbiqi ilə bağlı hər hansı anlaşılmazlıqlar ilk növbədə bu iki səlahiyyətli orqanlar arasındakı qarşılıqlı razılaşma ilə həll edilməlidir. Bu razılaşma olmadığı halda və ya rezident müəssisənin bu razılaşmadan narazı olduğu halda müəssisə yalnız arbitraj məhkəməsinə müraciət etməlidir. Belə hesab etsək ki, iddiaçı indiki halda öz rezidenti olduğu dövlətə müraciət edir və həmin rezidenti olduğu dövlət verginin məhz Azərbaycan Respublikasında tutulmalı olduğunu bildirir. Digər tərəfdən isə iddiaçı Azərbaycanda iddia qaldırır və verginin Türkiyədə tutulması qərarına gəlinir. Belə olan halda Sazişin əsas prinsipi olan verginin daha çox əlaqəli olduğu yerdə tutulmalı olması prinsipi pozulmuş olur. Hətta bəzi hallarda heç bir yerdə verginin tutulmadığı əmələ gəlir. Həmçinin razılığa gələn dövlətlərin ümumi yanaşmalarından kənar bir president formalaşır ki, bu da ümumiyyətlə sazişin müddəalarının və razılaşmanın etibarsızlığına gətirib çıxardır. Başqa cür hesab etsək ki, müəssisənin rezident olduğu dövlət verginin orada tutulması bildirir, gəlirin əldə edildiyi ölkə yəni biz isə verginin bizdə tutulmalı olduğunu bildiririk. Belə olan halda hansı dövlətin səlahiyyətli qurumunun münasibəti qəbul edilməlidir. Saziş bildiririk, bu cür halda hər iki səlahiyyətli orqan bununla bağlı razılığa gəlməlidirlər. Lazım, olduğu halda komissiya təşkil edilməli anlaşma əldə edilməlidir. Bu cür yanaşmanın üzərinə onu da əlavə etsək ki, hər iki dövlətin qanuni qüvvəyə minmiş qərarı olsa ki, vergi həmin dövlətdə vergiyə cəlb edilməlidir, bu halda isə ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası qeyri mümkün olur. Göründüyü kimi, ikiqat vergitutmanın aradan qaldırılmasına üzrə sazişlərin müddəalarına dair OECD - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - tərəfindən verilmiş şərh də hazırki iş üzrə vergi orqanının yanaşmasının sazişin və qanunvericiliyin tələblərinə tam uyğun olduğunu göstərir. Hətta bir qədər araşdırılarsa iddianın mümkünlük məsələləri ortaya çıxır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə və dəqiqləşdirilmiş ərizəyə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqanın vermiş olduğu iddia ərizəsinə etirazda göstərdiyi hallar əsassız və qanunsuzdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixli ərizələrinə imtina cavabı verilən zaman istinad edilən əsaslarda daha artıq əsaslara yəni İddiaçı tərəf olduğu xx xxxx 2015-ci il tarixli satın alma müqaviləsinin 7-ci bəndinə istinad edərək verilmiş etirazı zənginləşdirmək istəmişdirlər. Lakin təqdim edilmiş xidmət müqavilələrində yazılan hallardan da aydın görünür ki, Nümayəndəlik ayrı-ayrı işlərin görülməsini İddiaçı ilə bağladığı müqavilələrlə işlərin İddiaçı tərəfindən həyata keçirilməsini sifariş vermiş bu halda xxxx qismində iştirak edən İddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək görülmüş işləri təhvil təslim aktı ilə görülmüş işləri təhvil vermiş həmin işləri də Vergilər Nazirliyinin qeyd etdiyi kimi iş yeri vasitəsilə deyil birbaşa özü X3 şəhərində görmüşdür. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən istinad edilir ki, işlərin icra vəziyyəti barədə arayışlarda və yerinə yetirilmiş işlərin təhvilqəbulu haqqında aktlarda işi təhvil verənin Nümayəndəlik olmuşdur. Qeyd edək ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Departamenti görülmüş bütün işlərin təhvil verilməsi ilə bağlı aktlara istinad etməklə orada Nümayəndəliyin işləri təhvil verməsini qeyd etməklə yanlışlığa yol verir belə ki, bizim təqdim etdiyimiz xidmət müqavilələrində hansı işlərin görülməsi və Nümayəndəliyə hansı işlərin təhvil verilməsi aydın görünür, yəni bizim təqdim etdiyimiz, yerinə yetirdiyimiz işlər heç də əsas müqavilə üzrə görülmüş bütün işlər deyil və bu səbəbdən də buna istinad edilməsi əsassızdır. Bundan başqa Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti etirazda qeyd edir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarının 6.1-ci bəndinə əsasən Qeyri-rezident razılığa gələn digər dövlətdə vergi ödəyərkən Azərbaycan Respublikasında ödənilmiş vergilərin nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş ‘’Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında" Ərizə (bundan sonra - DTA-04 forması) təqdim etməklə, onun tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergi məbləğlərinin təsdiq edilməsi ilə bağlı müraciət edə bilər. Bu bənddə istinad etməklə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti iddiaçının məhkəmə vasitəsilə tələb etdiyi halları, yəni DTA-05 ərizəsinin təsdiq edilməsi ilə bağlı haqlı olmağını özü təsdiq edir, çünki istər Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə istərsə də məhkəməyə təqdim edilmiş sənədlərdə İddiaçı ödədiyi vergilərin təsdiqedici sənədləri (müqavilələri və ödəniş tapşırıqlarını və.s) də təqdim etmişik. Bundan başqa iddia ərizəsində Azərbaycan Respublikasının üzv olduğu “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)-nın tərəfindən üzv dövlətlərin iştirakı ilə qəbul edilən “Gəlir və kapital haqqında nümunəvi vergi konvensiyasının” 37-ci maddəsində göstərilən müddəalara istinad etməklə bağlı etirazda göstərilir ki, iki dövlət arasında Saziş olduğu üçün Saziş nəzərə alınır. Bununla bağlı qeyd etdikləri ilə əlaqədar olaraq qeyd etmək istərdik ki, üzv dövlətlərin qəbul etdiyi Konvensiya ilə Sazişin tələbləri arasında ziddiyyətlər olduğu halda Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş müqavilələr üzrə görülən Xidmətlərin Şirkətin nümayəndəliyi vasitəsilə həyata keçirildiyini, nümayəndəliyin “iş yeri” hesab edildiyini bildirmiş, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin İddiaçı arasında xx.xx.2015-ci il tarixində bağlanılmış SM-10 nömrəli Satınalma müqaviləsinin 7.1-ci maddəsinə əsasən də müqavilədə nəzərdə tutulmuş işlərin əsasən Azərbaycan qanunvericiliyi əsasında yaradılan yerli nümayəndəliyi vasitəsilə həyata keçirələcəyi şərtləşdirildiyini və ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılmasının qanunvericiliyə zidd olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının xx xxxx 2017-ci il tarixli **********009300 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarına istinad edərək inzibati orqanin üzərinə DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPMnin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında və işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli DTA-05 formasının təsdiq edilməsi üçün icraya qəbul edilməsi məqsədilə Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında DTA-05 ərizəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə) müraciət etmiş, ərizəyə xidmətlərin göstərilməsi dövrü üzrə 3 ədəd müqavilələri, həmçinin, rezidentlik haqqında arayışı, təhvil-təslim aktlarını, bank hesabından çıxarışları əlavə etmişdir. DTA-05 formasının nəzərə alınmaması haqqında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (hazırki Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin) İddiaçınə ünvanlanmış olan xx.xx.2019-cu il tarixli **********855500 saylı məktubdan görünür ki, Şirkətin müraciətinin nəzərə alınmamasına səbəb kimi Şirkət tərəfindən təqdim edilmiş müqavilənin baş ofis ilə nümayəndəlik arasında bağlanması göstərilir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişin 5-ci maddəsinə əsasən nümayəndəlik daimi iş yerinə aid edilmişdir. Həmin Sazişin 7.1-ci maddəsinə əsasən əgər razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq Razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişə əsasən qeyd olunan məbləğ Azərbaycan Respublikasında vergiyə cəlb edilməlidir və həmin məbləğ geri qaytarıla bilməz. Mübahisə predmetinə aid olan Xidmətlərə dair 3 ədəd müqavilələr iş materiallarına əlavə edilmişdir: - “xxxx” İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” İddiaçı arasında 01 saylı xidməti müqaviləsi xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində bağlanmışdır. Bu müqavilənin predmeti, Azərbaycan Respublikasının 9 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Gədəbəy, Naftalan, Göygöl, Daşkəsən, Samux, Ağsu, Oğuz, Goranboy, Qax) daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsi çərçivəsində işlərdən ibarətdir. Görülən işlər xxxxnin xxxxya təqdim etdiyi ilkin məlumatlara əsasən xxxxnın yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir. Müqaviləyə qiymətlərin razılaşdırılma protokolu əlavə edilmişdir. 01 saylı Müqavilə üzrə xx xxxxx 2017-ci il tarixdə təhvil təslim aktı imzalanmış, xxxx İddiaçı yerinə yetirilmiş işləri xxxxyə təhvil vermiş, işlər xxxx İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən qəbul edilmişdir. - “xxxx” İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində 02 saylı xidməti müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmeti, Azərbaycan Respublikasının 9 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Zaqatala, Zərdab, Siyəzən, Füzuli, Balakən, Salyan, Ağcəbədi, Beyləqan, Ağdam, Xızı, Cəlilabad, Abşeron, Şəmkir, Masallı, Tərtər, Şabran, Neftçala, Ağdaş, Qobustan) daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsi çərçivəsində işlərdən ibarətdir. Görülən işlər xxxxnin xxxxya təqdim etdiyi ilkin məlumatlara əsasən xxxxnın yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir. Müqaviləyə qiymətlərin razılaşdırılma protokolu əlavə edilmişdir. 02 saylı Müqavilə üzrə xx xxxxxxx 2017-ci il tarixli və xx xxx 2017-ci il tarixli təhvil təslim aktları imzalanmış, xxxx İddiaçı yerinə yetirilmiş işləri xxxxyə təhvil vermiş, işlər xxxx İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən qəbul edilmişdir. - “xxxx” İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” İddiaçı arasında xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində Proqram təminatının yaradılması haqqında 01 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin predmeti, Daşınmaz əmlakların mükəmməl rəqəmsal kadastr məlumat sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması məqsədi ilə daşınmaz əmlak sərhədlərinin, GNSS və tabletlər bir biri ilə əlaqəli olaraq coğrafi koordinatlarla birləşdirilməsi və interaktiv olaraq kompyuter şəraitinə köçürülməsi; sahədə toplanan məlumatların kameral şəraitdə yönəldilməsi və yoxlanılması, aralıq məlumat modeli yaradılaraq AZCAD məlumat modelinə çevirmək üçün proqram təminat sisteminin yaradılmasının tətbiqi və xxxxnin mülkiyyətinə verilməsi. Görülən işlər xxxxnin xxxxya təqdim etdiyi ilkin məlumatlara əsasən xxxxnın yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir. 01 saylı Müqavilə üzrə xx xxxxxx 2017-ci il təhvil təslim aktı imzalanmış, xxxx İddiaçı yerinə yetirilmiş işləri xxxxyə təhvil vermiş, işlər xxxx İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən qəbul edilmişdir. İş materiallarına İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ödəniş mənbəyində vergilərin tutulmasına dair ədv sub-uçot hesabından çıxarış, şəxsi hesab vərəqəsi və ödəniş tapşırıqları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin İddiaçı arasında xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının sadə modelli kadastrı tərtib edilmiş 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakların mükəmməl elektron kadastr xəritəsinin tərtibi işlərinin icrası üzrə bağlanılmış SM-10 nömrəli Satınalma müqaviləsi və İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əsasnaməsi əlavə edilmişdir. - İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx xxxxxx 2016-cı il tarixində dövlət qeydiyyatına alınmış Əsasnaməsindən görünür ki, nümayəndəliyin təsisçisi “İddiaçıdir. Nümayəndəlik şirkətin mənafelərini Azərbaycan Respublikasında təmsil və müdafiə edir. Nümayəndəlik hüquqi şəxs deyildir. Beləliklə, İddiaçı Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998-ci il tarixli Sazişə, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 125.3-cü, 87.4-cü maddələrinə, həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına istinad edərək, 03 xidmət müqaviləsi üzrə qeyri-rezident İddiaçı tərəfindən Türkiyə Cümhuriyyətində icra edilmiş işlərə görə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılmasını xahiş edir. Cavabdeh inzibati orqan təqdim edilmiş 3 müqavilənin baş İdarə ilə nümayəndəlik arasında bağlandığına, nümayəndəliyin iş yeri hesab edilməsinə, sazişin 7-ci maddəsinə əsasən müqavilə üzrə əldə edilmiş məbləğlərin vergiyə cəlb edilməli olduğuna istinad edir. İşin mübahisələndirilməyən halı xidmət müqavilələri üzrə ödənişlərə görə ödəmə mənbəyində verginin tutulmasıdır. İşin mübahisələndirilən halı qeyd edilən xidmətlər üzrə ödənilmiş ödənişlərə görə ödəmə mənbəyində tutulmuş verginin geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndi qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması ilə bağlı qaydaları tənzimləyir. Belə ki, Qaydaların 7-ci bəndinə əsasən Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər (7.1). DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir (7.2) . Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir.(7.3) Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun.(7.4).Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyrirezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə(bundan sonra-maliyyə orqanı) göndərilir. (7.5). Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması qanuna müvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir (7.6). Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir (7.7). Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998-ci il tarixli Sazişin 1-ci maddəsinə əasən bu saziş razılığa gələn Dövlətlərdən birinin və ya ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. Sazişin 2.1-ci maddəsinə əsasən bu saziş, alınma qaydasından asılı olmayaraq, razılığa gələn dövlətdə və ya onun ərazisi-inzibati bölmələrində, ya da yerli hakimiyyət orqanlarında gəlirlərdən alınan vergilərə tətbiq olunur. 2.3-cü maddəsinə əsasən bu sazişin şamil edildiyi Azərbaycan Respublikası qanunvericiliyində qüvvədə olan vergilər: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər. Sazişin 7.1-ci maddəsinə əsasən Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Sazişin 5.1-ci maddəsinə əsasən Bu sazişin məqsədləri baxımından “iş yeri” termini müəssisənin fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi işlə əlaqədar sabit yeri bildirir. 5.2-ci maddəsinə əsasən “iş yeri” termininə daxildir: a) idarəetmə yeri, b) filial c) büro, d) fabrik, e) emalatxana. Hazırki mübahisəyə aid olaraq Məhkəmə qeyd edir ki, göstərilən xidmətlər xxxx qismində İddiaçı Azərbaycan Respublikasındakı Nümayəndəliyini tərəfindən baş idarəyə yəni, İddiaçınə sifariş verilmiş və bütün icra işləri Şirkət tərəfindən, məhz Şirkətin yerləşdiyi yer üzrə X3 şəhərində həyata keçirilmiş, təhvil-təslim aktlarına əsasən işlər Şirkət tərəfindən təhvil verilmiş və ödənişlər də baş İdarənin hesabına həyata keçirilmişdir. Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin İddiaçı arasında xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının sadə modelli kadastrı tərtib edilmiş 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakların mükəmməl elektron kadastr xəritəsinin tərtibi işlərinin icrası üzrə bağlanılmış SM-10 nömrəli Satınalma müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 7.1-ci maddəsinə əsasən icraşının bu müqavilədə nəzərdə tutulmuş işləri əsasən Azərbaycan qanunvericiliyi əsasında yaradılan yerli nümayəndəliyi vasitəsilə həyata keçirəcəkdir. Bu məqsədlə İddiaçı tərəfindən İddiaçı Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir. Satınalma müqaviləsi çərçivəsində bir çox işlər müqavilədə qeyd edildiyi kimi Nümayəndəlik vasitəsilə icra edilmişdir. Lakin hazırki mübahisə predmetinə dair təqdim edilmiş, bəhs edilən 3 xidmət müqaviləsinin tədqiqi göstərir ki, bu müqavilələr sırf xxxx qismində İddiaçı tərəfindən, Şirkətin yerləşdiyi yerdə X3 şəhərində icra edilmiş, həmin işlər xxxx qismində Şirkətin özü tərəfindən xxxxyə təhvil verilmiş, bütün ödənişlər də Şirkətin hesabına ödənilmişdir. Cavabdeh İnzibati orqanın Satınalma müqaviləsinin 7.1-ci maddəsinə istinad etməklə, işlərin məhz nümayəndəlik vasitəsilə həyata keçirilməsi dəlilinə qarşı Məhkəmə qeyd edir ki, həmin maddədən də aydın göründüyü kimi - müqavilədə nəzərdə tutulmuş işləri əsasən Azərbaycan qanunvericiliyi əsasında yaradılan yerli nümayəndəliyi vasitəsilə həyata keçirəcəyi qeyd edilmişdir. “Əsasən” ifadəsi də təsadüfi ifadə kimi qəbul edilməməlidir. Bununla da anlaşılır ki, Satınalma müqaviləsinin icrası çərçivəsində görüləcək işlər bir çox halda Nümayəndəlik vasitəsilə həyata keçirilsə də, istisna hallar da mövcud ola bilər. Hazırki halda bağlanmış Xidmət müqavilələri aydın şəkildə xxxxnın kimliyi barədə məlumatı əks etdirmiş, işlərin icra yeri də xxxxnın hüquqi ünvanı üzrə qeyd edilmişdir. Bundan əlavə Məhkəmə hər iki tərəfin istinad etdiyi Sazişin 7.1-ci maddəsinin ikinci cümləsinə diqqət yetirir: “əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər.” Bu o anlama gəlir ki, Şirkətin nümayəndəliyi tərəfindən deyil, nümayəndəliyin yerləşdiyi ölkədən kənarda, xaricdə, Şirkətin yerləşdiyi yerdə, Şirkətin özü tərəfindən icra edilən işlərə görə mənfəət sırf Şirkətin özünə aiddir. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndinə müvafiq olaraq “Qeyrirezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını( DTA formasını), ona lazimi sənədləri əlavə etməklə, əsaslı olaraq vergi orqanına təqdim etdiyindən, cavabdehin imtinası əsassız olduğundan, DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına (Azəbaycan Respublikasının Maliyyə Nazirliyinə) göndərilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair iddiası təmin edilsin. Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində xxxx “İddiaçı”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış müqavilə əsasında görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar