Məhkəmə qərarları › İş №2-1(112)-3478/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3478/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3478/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra -iddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Bakı Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət edərək, sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra sözügedən məsələyə müraciəti əsasında yenidən baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi qəsəbəsi, ev 220, 1/3 saylı mənzilin sahəsi 14.0 kv.m olan bir otağı və 12.3 kv.m olan bir mətbəxi ilə sosial kirayə müqaviləsinin onunla bağlanmasına sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı X4 mərhum həyat yoldaşı X1 qəsəbəsi, Mərkəz küçəsi, ev 220, m1/3-də yaşamış və pasport qeydiyyatında olmuşdur. Həmin ünvanda onun qardaşı Q.Hüseynov da ailə üzvləri ilə birlikdə yaşamışdır. İlkin icarə müqaviləsi onunla bağlanmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında həmin mənzilin yaşayış sahəsi 14.0 kv.m otağının və sahəsi 12.3 kv.m mətbəxinin icarə müqaviləsinin mərhum X6 ilə bağlanması qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Binəqədi Rayon İcra Hakimiyyəti X6 ilə mənzilin icarə müqaviləsinin bağlanması üçün xx.xx.2008-ci ildə 86 saylı Sərəncam qəbul etmişdir. İddiaçı 2008-ci ildə Hacıbala Hüseynovla rəsmi nikahla evlənmişdir. Hüseynov H.Y 2022-ci ilin oktyabr ayında vəfat etmişdir. Hüseynov B.Q ailənin yeganə tək üzvü olaraq kirayə müqaviləsinin onunla bağlanması üçün 2024-cü ilin avqust ayında Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti absurd səbəbdən onunla kirayə müqaviləsi bağlanmasına dair sərəncam verməkdən imtina etmişdir. İddiaçıQ mənzildə 2009-cu ildən qeydiyyatda olmaqla tək yaşayır. Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin digər ailə üzvü ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasının tələb etmək hüququna malikdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli 5-10/1-H-126-091/2024 saylı müraciətinə cavabdeh tərəfindən baxılmış və İddiaçı yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra sözügedən məsələyə müraciəti əsasında yenidən baxılacağı barədə məlumat verilmişdir. Buna görə də iddiaçı hüquqlarının cavabdeh tərəfindən pozulmasını əsaslandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-355/2007 nömrəli 25 oktyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, ev 220, 1/3 saylı mənzilin sahəsinin 18.0 kv.metr və 12.0 kv.metr olan iki otağı və sahəsi 6.3 kv.metr olan bir mətbəxi ailəsi ilə birlikdə X2 istifadəsinə verilməklə icarə müqaviləsinin Q.Y.Hüseynovun adına, sahəsi 14.0 kv.metr olan bir otağı və sahəsi 12.3 kv. metr olan bir mətbəxinin isə X3 istifadəsinə verilməklə icarə müqaviləsinin H.Y.Hüseynovun adına bağlanması qət edilmişdir. Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 86 nömrəli, xx.xx.2008-ci il tarixli 86 nömrəli sərəncamından görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinə vət. X7 ərizə ilə müraciət edərək, Binəqədi rayon Məhkəməsinin 2-355/2007 saylı, xx.xx.2007-ci il tarixli Qətnaməsinə əsasən pasport qeydiyyatında olaraq yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçə, 220 saylı binanın 1/3-cü mənzilinin icarə müqaviləsinin bölünməsinə köməklik göstərilməsini xahiş etmişdir. Araşdırmadan məlum olmuşdur ki, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, 220 saylı binanın 1/3-cü mənzilində vət. X7 ailə tərkibi 5 nəfərlə (özü. qardaşı, arvadı və 2 uşağı) pasport qeydiyyatında olaraq yaşayır. Binəqədi rayon Məhkəməsinin 2-355/2007 saylı, xx.xx.2007-ci il tarixli Qətnaməsinə əsasən Binəqədi qəsəbəsi, Mərkəzi küçə, 220 saylı binanın umumi sahəsi 62,50 kv.m. olan 1/3-cü mənzilinin icarə müqaviləsi bölünərək, yaşayış sahəsi 18,0 kv.m. və 12.0 kv.m. olan 2 otağının və sahəsi 6,3 kv.oian mətbəxinin icarə müqaviləsi vət.Q.Y.Hüseynov ilə, yaşayış sahəsi 14.0 kv.m olan digər otağının və sahəsi 12,3 kv.m. olan mətbəxinin icarə müqaviləsi isə vət. H.Y.Hüseynov ilə bağlanması qət edilmişdir. Həmin sərəncam ilə Binəqədi rayon Məhkəməsinin 2-355/2007 saylı, xx.xx.2007-ci il tarixli Qətnaməsinə əsaslanılaraq, qərara alınmışdır ki, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, 220 saylı binanın ümumi sahəsi 62,50 kv.m. olan 1/3-cü mənzilinin icarə müqaviləsinin bölünərək, yaşayış sahəsi 18,0 kv.m və 12.0 kv.m. olan 2 otağının və sahəsi 6,3 kv.olan mətbəxinin icarə müqaviləsinin ailə tərkibi 4 nəfərlə (özü, arvadı və 2 uşağı) vət.Q.Y.Hüseynov ilə, yaşayış sahəsi 14.0 kv.m. olan digər otağının və sahəsi 12,3 kv.m. olan mətbəxinin icarə müqaviləsinin isə ailə tərkibi 1 nəfərlə (özü) vət. H.Y.Hüseynov ilə bağlanılması qərara alınmışdır. 408385 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X8 və X10 xx.xx.2008ci ildə nikah bağlamış, nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. 311912 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci il tarixində ölmüşdür. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil-Kommunal İstismar sahəsinin 238 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsindəki 220 nömrəli 14.0 kv.metr sahəsi olan 1 otaqlı 1/3 nömrəli mənzilində yaşayır. DİN Baş pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında xx.xx.1953-cü il təvəllüdlü X9 xx.xx.2009-cu il tarixdən hazırədək yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mərkəzi küçəsi 220 nömrəli binanın 1/3-cü mənzili dövlət mənzil fonduna aiddir və Binəqədi rayon MKTB-nin balansındadır. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, 1/3 saylı mənzilin mərhum əri H.Hüseynovun icarəsinə verilmiş yaşayış sahəsi 14.0 kv.m. olan otağı və sahəsi 12,3 kv.m. olan mətbəxinə dair kirayə müqaviləsinin onunla bağlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı xx.xx.2008ci ildə, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarının ailə üzvləri, onunla eyni hüquq və vəzifələrə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Bu zaman tələb olunan yeganə şərt mənzilə hüququ olan digər şəxslərin razılığının alınmasıdır. İşdən görünür ki, mübahisəli mənzilin müvafiq hissəsi Binəqədi Rayon Məhkəməsinin 2-355/2007 saylı, xx.xx.2007-ci il tarixli Qətnaməsinə əsasən Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 86 nömrəli, xx.xx.2008-ci il tarixli 86 nömrəli sərəncamı ilə idiaçının əri H.Hüseynovun icarəsinə verilmiş, iddiaçı 2008-ci ildən etibarən əri ilə həmin mənzildə yaşamaqla birgə təsərrüfat aparmış, 2009-cu ildə isə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Belə olan halda aydındır ki, 15 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. Belə olan halda aydın olur ki, 1/3 saylı mənzilin yaşayış sahəsi 14.0 kv.m. olan otağı və sahəsi 12,3 kv.m. olan mətbəxinə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Cavabdeh iddiaçıya imtina cavabı verərəkən sosial kirayə müqaviləsinin birtipli formasının təsdiq edilməməsinə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, müvafiq aktın qəbul edilməməsi iddiaçının hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 153 saylı Fərmanı ilə üç ay müddətində Mənzil Məcəlləsinin 62.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasını təsdiq edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin 15 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin sənəd təsdiq edilməmişdir. Aydındır ki, bu müddət ərzində nə vaxtsa, sosial kirayə müqaviləsinin birtipli formasının təsdiq ediləcəyinə ümid bağlamaqla, şəxsin ərizəsinin təmin edilməməsi onun hüquqlarına əsassız müdaxilə olmaqla qanuni deyildir. Çünki həmin sənədin təsdiq edilməsi iddiaçının məsuliyyətində deyildir. Bundan əlavə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Göründüyü kimi, qanunverici yeni qaydalar qəbul edilənədək köhnə normaların tətbiqini mümkün hesab etmişdir. Belə olan halda aydındır ki, cavabdehin imtinası qanuni olmamışdır. O da qeyd edilməlidir ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.-ci maddəsinə əsasən qaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görəyaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 1/3 saylı mənzilin yaşayış sahəsi 14 kv.metr olan 1 otağı və sahəsi 12,3 kv.metr olan mətbəxinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar