Məhkəmə qərarları › İş №2-1(112)-3494/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3494/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3494/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin təsdiq edilməsi və kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin təsdiq edilməsi və kompensasiya” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixli **********7338 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat mənəvi və ixracına maneə törədilmiş malın invoys dəyəri olan 26.240 manat (iyirmi altı min iki yüz qırx) maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün xx.xx.2024-cü il tarixli **********2725 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən vurulmuş ziyana görə 200.000 (iki yüz min) manat mənəvi və ixracına maneə törədilmiş malın invoys dəyəri olan 19.000 ABŞ dolları (32300 (otuz iki min üç yüz) manat) maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təhlükəsiz tullantıların məhv edilməsi üçün zibilxanaların istifadə edilməsi, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə məşğul olur. Bundan irəli gələrək İddiaçı ilə X6 East DMMC şirkəti arasında elektronik tullantıların alqı-satqısına dair 10 iyul 2023-cü il tarixli müqavilə bağlanmış və alıcıya çatdırılması üçün yük tırına yüklənərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə gömrük bəyənnaməsi üzrə bəyan edilərək malların ixrac gömrük proseduru həyata keçirilmişdir. Cavabdeh tərəfindən malların təhlükəli tullantıların siyahısına aid edilibedilməməsinin müəyyən olunması üçün X5 İdarəsinə müraciət edilmişdir. Həmin ekspertiza İdarəsinin GM**********65 nömrəli, xx.xx.2023-cü il tarixli Ekspert Rəyinin nəticə hissəsinə əsasən ekspertizanın aparılması və araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ünvanından 045 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə ixrac olunan yük elektron və elektrik avadanlıqlarının istifadəyə yararsız tullantıları (platalar) olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir və ixrac nəzarətinin, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının təsir dairəsinə aid deyil, lakin Birləşmiş Millətlər Təşkilatının tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasının A 1180 və B 1110 bəndlərinə əsasən Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 167 saylı təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydasının təsdiq edilməsi haqqında Qərarın təsir dairəsinə aiddir. İddiaçı tərəfindən ixrac edilən elektron və elektrik avadanlıqlarının istifadəyə yararsız tullantıları (platalar) təhlükəli tullantılar hesab edilmədiyindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin həmin malların ixrac gömrük prosedurunu həyata keçirməməsi qanunsuzdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC-nin adından ixrac olunan xx.xx.2024-cü il tarixl, 048 nömrəli invoysa əsasən dəyəri 19000 ABŞ dolları olan yüklərə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********2725 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Dövlət Gömrük Komitəsi X7 İdarəsinin GM**********19 nömrəli ekspert rəyində **********2725 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış ekspertizanın nəticəsi kimi qeyd edilmişdir ki, İddiaçı ünvanından xx.xx.2024-cü il tarixl, 048 nömrəli invoys üzrə ixrac olunan qiymətli metalların çıxarılması üçün istifadə olunan elektrotexniki və elektron məmulatların tullantıları (platalar), ixrac nəzarətinin və “Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 565-İİQ saylı Qanununun, Azərbaycan Respublikasının 23 dekabr 2003cü il tarixli, 564-İİQ saylı, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısının təsdiq edilməsi haqqında” Qanununun təsir dairələrinə aid edilmir. Məlumat üçün qeyd edilmişdir ki, Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nın A1180 və B1110 bəndlərinə əsasən NK-nın xx.xx.2008-ci il tarixli, 167 saylı “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında Qərarın təsir dairəsinə aiddir. İddiaçı tərəfindən 048 saylı, xx.xx.2024-cü il tarixli invoys əsasında ixrac olunan elektrotexniki və elektron məmulatların tullantıları (platalar) təhlükəli tullantılara (tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar) aidiyyətinin müəyyən edilməsi üçün Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə mütəxəssis rəyinin alınması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun mütəxəssislərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təhlükəli tullantıların idxalı, ixracı və tranzit daşınması “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası” (Azərbaycan Respublikası 16 fevral 2001-ci il tarixli 80-İİQ nömrəli Qanunla Konvensiyaya qoşulmuşdur) təhlükəli və digər tullantıların idxalı, ixracı və tranzit daşınması fəaliyyətlərini tənzimləyir və üzv ölkələrin tullantıların ekoloji cəhətdən yaralı sayılan idarəetmə sisteminin təmin edilməsi üzrə məsuliyyəti nəzərdə tutur. Bazel Konvensiyasının 8-ci əlavəsinin təsnifat sisteminə əsasən elektron tullantılar (elektron platalar) tərkibində akkumulyatorlar və digər batareyalar, civəli açarlar, katodlu şüşə borular, polixlorludifenil (PXD) kondensatorlar, qurğuşun və digər elementlər və çirkləndirici maddələr olduğu halda “A” siyahısında (“A” siyahısı Konvensiyanın 1 -ci maddəsinə əsasən təhlükəli xüsusiyyətə malik tullantıların siyahısıdır) 1180 koduna, tərkibində qeyd olunan elementlər olmadığı halda isə təsnifat sisteminin “B” siyahısında (“B” siyahısı tərkibində onları təhlükəli edən maddələr olmayan, Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinin və İİİ əlavəsinin əhatə dairəsinə düşməyən təhlükəsiz tullantılara şamil edilir) 1110 koduna uyğundur. Qeyd olunanlarla yanaşı, istifadə edilmiş elektron plataların üzərindəki batareyalar, PXD kondensatorlar və çirkləndirici elementlər olduğu halda həmin platalar “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən toksiki və korroziv təsirlərə malik (Bazel Konvensiyasının 3-cü əlavəsinə əsasən kod nömrəsi H6.1 və H8), çirkləndirici elementlərdən təmizlənmiş platalar isə laborator analizlərin nəticələri əsasında heç bir təhlükəli maddə aşkar edilmədiyi halda ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən təhlükəsiz, yaxud ətraf mühit üçün potensial təsirə malik ekotoksiki (Bazel Konvensiyasının 3-cü əlavəsinə əsasən kod nömrəsi H12) tullantılar hesab edilə bilər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, analiz üçün təqdim olunmuş elektrotexnika və elektron məmulatların tullantısı (platalar) üzərindəki bütün hissələr analiz olunmuşdur (22 ədəd). Bu hissələrin heç birində partlayıcı, yanma qabiliyyətinə malik olan, əhali sağlamlığı və ətraf mühit üçün təhlükə daşıyan komponentlər aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X2 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X8 Edilmiş Sisteminə və X3 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: ... təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar; ... Maddə 14. Tullantıların sərhədlərarası və tranzit daşınması ... Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir. Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”: 1.1 Bu Qayda təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalını, ixracını və tranzit daşınmasını tənzimləyir. 1.3. Təhlükəli tullantıların sərhədlərarası daşınması Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir. 2.1. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarından göründüyü kimi, İddiaçı MMC-nin adından ixrac olunan xx.xx.2024-cü il tarixl, 048 nömrəli invoysa əsasən dəyəri 19000 ABŞ dolları olan yüklərə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********2725 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Bakı Baş Gömrük İdarəsinə bəyan edilən malların BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasının A1180 və B1110 bəndlərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsir dairəsinə aid olması əsas göstərilərək, ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılardır. Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydalara əsasən, təhlükəli tullantıların sərhədlərarası daşınması Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir. BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (Azərbaycan Respublikası 16 fevral 2001-ci il tarixli 80-İİQ nömrəli Qanunla Konvensiyaya qoşulmuşdur) təhlükəli və digər tullantıların idxalı, ixracı və tranzit daşınması fəaliyyətlərini tənzimləyir və üzv ölkələrin tullantıların ekoloji cəhətdən yaralı sayılan idarəetmə sisteminin təmin edilməsi üzrə məsuliyyəti nəzərdə tutur. Bazel Konvensiyasının 8-ci əlavəsinin təsnifat sisteminə əsasən elektron tullantılar (elektron platalar) tərkibində akkumulyatorlar və digər batareyalar, civəli açarlar, katodlu şüşə borular, polixlorludifenil (PXD) kondensatorlar, qurğuşun və digər elementlər və çirkləndirici maddələr olduğu halda “A” siyahısında (“A” siyahısı Konvensiyanın 1-ci maddəsinə əsasən təhlükəli xüsusiyyətə malik tullantıların siyahısıdır) 1180 koduna, tərkibində qeyd olunan elementlər olmadığı halda isə təsnifat sisteminin “B” siyahısında (“B” siyahısı tərkibində onları təhlükəli edən maddələr olmayan, Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinin və İİİ əlavəsinin əhatə dairəsinə düşməyən təhlükəsiz tullantılara şamil edilir) 1110 koduna uyğundur. Hazırkı iş üzrə bəyan edilən malların adıçəkilən Qaydaların təsir dairəsinə aid olmasının müəyyən edilməsi üçün onların təhlükəli tullantılar olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. İddiaçı tərəfindən 048 saylı, xx.xx.2024-cü il tarixli invoys əsasında ixrac olunan elektrotexniki və elektron məmulatların tullantıları (platalar) təhlükəli tullantılara (tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar) aidiyyətinin müəyyən edilməsi üçün Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə mütəxəssis rəyinin alınması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun mütəxəssislərinə həvalə edilmişdir. Tədqiqat üçün nümunələr cavabdehin nümayəndərlərinin iştirakı ilə götürülmüş və mütəxəssis rəyinin verilməsi üçün təqdim edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, analiz üçün təqdim olunmuş elektrotexnika və elektron məmulatların tullantısı (platalar) üzərindəki bütün hissələr analiz olunmuşdur (22 ədəd). Bu hissələrin heç birində partlayıcı, yanma qabiliyyətinə malik olan, əhali sağlamlığı və ətraf mühit üçün təhlükə daşıyan komponentlər aşkar edilməmişdir. Göründüyü kimi, cavabdehin mübahisə predmeti malların təhlükəli tullara aid edilməsi mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, mütəxəssis rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. İddianın kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı tərəf iddia etdiyi ziyanın dəyməsi faktını və onun məbləğini təsdiq edən, biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər öz təsdiqini tapmamış, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın bu hissədə əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, **********2725 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, **********2725 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar