Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3546/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclas protokolu qaydasında qəbul edilmiş qərardad ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi kimi nəzərə alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə 182154.1 manat dəyərində mal (iş,xidmət) təqdim edilmişdir. Bu zaman alınan malların 50558,99 manat dəyərində hissəsi elektron qaiməfakturası mövcud olsa da, digər hissəsini sənədlə rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonra, vergi orqanı iddiaçıya riskli vergi ödəyicisi qrupuna salmaqla gəlir vergisi bəyannaməsindən bütün xərclərini silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək barəsində qanunsuz vergi hesablamışdır.İlk növbədə qeyd olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarında bu formada həyata keçirilən əməliyyata görə riskli vergi ödəyicisi hesab olunma nəzərdə tutulmamışdır. İddiaçı müxtəlif çeşidli mallar alıb satmamışdır. Sadəcə az bir qisim malların alış sənədi mövcud olmayıb. Digər hissə isə görülən iş, xidmətdir. Vergi orqanı iddiaçının gəlirini 182154,1 manat kimi qəbul edirsə, həmin gəlirin əldə olunmasına çəkilən xərcləri də qanunla yol verilən həddə qəbul etməlidir. Əks halda, həmin gəliri də azaltmalıdır. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********386100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarda Meyarların aşağıdakı bəndinə istinad olunmuşdur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxa; etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; Lakin iddiaçı heç bir halda fərqli mal çeşidi alıb satmamışdır. Yəni, alma alıb, təkər satsaydı vergi orqanı haqlı olardı. Bundan sonra, cavabdeh təqdim olunan gəlir vergisi bəyannamələrini qəbul etməmiş və iddiaçıya gəlir məbləğinə mütənasib xərc məbləği tanımamışdır. İddiaçı tərəfindən sonuncu təqdim olunmuş gəlir vergisi bəyannaməsi də qəbul edilməmiş və barəsində xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 21266,64 manat vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən kobud pozuntuya yol verilərək həmin qərarda heç bir əsaslandırma aparılmamış, əvvəlki uyğunsuzluq məktubunun nömrəsi (**********034100) yazılmış, iddiaçının sonuncu bəyannaməsi əhatə edən uyğunsuzluq məktubu isə qərar qəbul olunduqdan sonra həmin günün sonunda göndərilmişdir. Halbuki Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə vs cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlave məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi, əvvəl həmin məktub təqdim olunaraq bəyannamə ilə bağlı məlumat tələb olunmalı idi. O da qeyd olunur ki, şərti rentabellik norması əsasında sonuncu bəyannamə verildikdən sonra (182154,1 / 6 x 20%) iddiaçı tərəfindən vergi orqanına müraciət olunaraq nəzərə alınması xahiş olunsa da, əlaqəsiz məsələlərə istinad olunaraq cavablandırılmışdır. Belə ki, iddiaçı sonuncu bəyannamədə hər hansı güzəşt hüququndan istifadə etməmiş, vergi orqanı isə cavabında həmin məsələyə münasibət bildirib. Bu isə o deməkdir ki, iddiaçının müraciətinə olduqca səthi yanaşılaraq heç onun məzmunu üzrə araşdırma aparılmayıb. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 62.7 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "speaker kisonli v310, vagner pianino, ağ kağız, playstation 5 1 tb, dəftərxana kitabı” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********083800 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1.-ci və 3.1.1.-ci bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********386100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən qeyd olunan malların müvafiq qanunvericiliyin tələblərinə uyğun olmayaraq alış aktı ilə alması müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən qeyd edilən dövrdə 91026,0 manat dəyərində proqram təminatı, katric dolumu və s. xidmətlər göstərilməsinə baxmayaraq, qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün hər hansı iqtisadi resurslarının - muzdlu işçilərinin, müqavilə əsasında cəlb edilmiş şəxslərin, zəruri mal alışının, o cümlədən təqdim edilmiş bəyannamələrində əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.) olmadığı aşkar edilmişdir. Həmçinin, təqdim edilmiş və əldə edilmiş mal, xidmətlərlə müqavilələr, təhvil-qəbul aktları (alınmış və satılmış malların adı və say tərkibi göstərilməklə), göstərilən xidmət üzrə cəlb edilmiş muzdlu işçilərin əmək müqaviləsi bildirişləri, mal qalığı, ödəniş sənədləri, bank hesabından çıxarışlar və digər zəruri sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda vergi ödəyicisinin əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən riskli əməliyyatın aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi məlum olmuşdur. Beləliklə araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə bildiririk ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********237300 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 21.266,64 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********589200 nömrəli qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD N°-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildiririk ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərarda qeyd olunmuşdur ki: -“İddiaçı ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 55.2 min manat dəyərində təqdim edilmiş qaimə faktııralar üzrə "Speaker Kisonli V310, Vagner pianino, Ağ kağız, Playstation 5 ltb, Dəftərxana kitabı və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.” Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 20 oktyabr 2023-cü il tarixli qərarı ilə kameral yoxlama nəticəsində iddiaçıya 21.266,64 manat məbləğində əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki: -“Təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malm dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci). “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstrııktor işlərinə çəkilən xərclər” (1230-cu), Nəqliyyat xərcləri; (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (150751.08 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturalarm və alış aktlarının məbləği (59142.90 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-ci (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (59142.90 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (59142.90 manat) məbləğin müqayisəsi nəticəsində 91608.18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir” Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd olunmuşdur ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün vergi ödəyicisinin həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş aşağıdaki qərarları mübahisələndirir:
1. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli, **********386100 nömrəli qərarının ləğv edilməsi;
2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarının ləğv edilməsi. Məhkəmə ilk növbədə iddia tələbinin birinci hissəsinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, mübahisələndirilən inzibati aktın əsassız olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq riskli vergi ödəyicisi, riskli vergi ödəyicisinin əməliyyatları termininə nəzər yetirilməlidir ki, bu hissədə dəyərləndirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Məhkəmə bildirir ki, cavabdeh iddiaçının malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsinə, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satmasına əsaslanaraq, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi səbəbi ilə onu riskli vergi ödəyicisi hesab etmişdir. Halbuki hazırki mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdehin əsaslandırılması düzgün olmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü maddəsi səhv təhrif edilmişdir. Həmin Meyarların 3cü maddəsində nəzərdə tutulan “mal çeşidi” anlayışının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəllənin müddəalarına nəzər yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 579.2. Əgər alğı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin yuxarıda bəhs olunan müddəasından da göründüyü kimi əşya çeşidi müəyyən məhsul kateqoriyasına daxil olan müxtəlif ölçüyə, modelə, rəngə və digər fərqləndirici istehlak xüsusiyyətlərinə malik olan məhsulların məcmusudur. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, təqdim edilmiş qaimə fakturalar üzrə malların satışda qeyd edildiyi, lakin vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyinə istinad edilmiş, bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsinin hüquqi əsası kimi də vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsinə istinad edilmişdir. Halbuki, cavabdehin qərarında riskli vergi ödəyicisi kimi nəzərə alınmasını zəruri edəcək faktiki şərtlərlə onun hüquqi əsaslandırması ayrı-ayrı məsələləri tənzimləməkdədir. Qanunvericiliklə mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi halında vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi mümkündür ki, vergi orqanının özünün faktiki əsaslandırmasından da göründüyü kimi mal çeşidlərindən fərqli mal çeşidinin göstərilməsi halı müəyyən edilməmişdir. Həmin hal nə iddiaçı, nə də cavabdeh tərəfindən təkzib edilməmişdir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 8.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Lakin, mübahisələndirilən qərarın qanunvericiliyin tələblərinə uyğunluğunun mövcudluğundan söhbət gedə bilməz. Belə ki, işin cavabdeh tərəfindən göstərilən faktiki hallarına münasibətdə tətbiq edilən hüquq norması riskli vergi ödəyicisi hesab edilmə üçün əsas hesab edilə bilməz. Əsas o zaman yaranmış olardı ki, fərqli mal çeşidlərinin göstərilməsi halı mövcud olsun ki, cavabdehin qərarından da göründüyü kimi idxal və satışda malların müəyyən edilməməsi səbəbindən qərar qəbul edilmişdir. Hazırki işin faktiki hallarından isə iddiaçının belə bir əməliyyat apardığı müəyyən olunmur. Eyni zamanda cavabdehin özü də iddiaçının bu formada əməliyyat apardığını obyektiv arqumentlər ilə əsaslandıra bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə yuxarıda adıçəkilən Meyarların tətbiqi, bununla da onun riskli vergi ödəyicisi hesab olunması tam əsassıdır. Odur ki, sözügedən qərar ləğv olunmalıdır. Məhkəmə qərarın ikinci hissəsinə münasibət bildirir. Belə ki, mübahisələndirilən ikinci inzibati akt, daha dəqiq desək vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 20 oktyabr 2023-cü il tarixli qərarı - kameral yoxlama nəticəsində iddiaçıya 21.266,64 manat məbləğində əlavə verginin hesablanması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, cavabdeh bu nəticəyə gələrkən təqdim olunan bəyannamədə 91608.18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğunu, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığına istinad etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmır və bildirir ki, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir Belə ki, Vergi Məcəlləsinin: 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14-1.1. Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir: 14-1.1.1. bu Məcəllənin 14.6.3.1-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən; 14-1.1.2. bu Məcəllənin 14.6.3.2-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən; 14-1.1.3. rentabellilik üsuluna əsasən. Bu üsulla malların (işlərin, xidmətlərin) transfer qiyməti, əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin, onun ümumi xərclərində və ya gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisinin bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyat çərçivəsində formalaşan qiymət göstəricisi ilə müqayisəsi əsasında müəyyənləşdirilir; 14-1.1.4. mənfəətin bölgüsü üsuluna əsasən. Mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Məhkəmə bildirir ki, cavabdeh yuxarıda göstərilən qanunvericiliyin müddəalarını tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməlidir. Bununla da Məhkəmə bildirir ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1- ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş həmin qərar ləğv olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2208/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında (✯✯✯) qeyd edilmişdir ki, “İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1- ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır.” Ali Məhkəmənin 2-1(102)-10/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2208/2023 nömrəli qərarı).” Göründüyü kimi yuxarı instansiya məhkəməsinin özü də qərarlarda əməliyyatların əmtəəsiz əməliyyat hesab edildiyi təqdirdə belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını göstərmiş və cavabdeh vergi orqanın bu qaydalara riayət etməməsini əsassız hesab etmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli, **********386100 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov