Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3610/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X8 İdarəsi) «cavabdehin hərəkətlərinin (məktubundakı dəlillərinin) qanunsuz sayılması və torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı (üçüncü şəxs X8 İdarəsi) «cavabdehin hərəkətlərinin (məktubundakı dəlillərinin) qanunsuz sayılması və torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) mülkiyyətində olan və Hacıqabul rayonunun Navahi kəndində yerləşən 27,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin suvarma suyu ilə təmin edilməsinə göstəriş verilməsi barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini X7 21 dekabr 2020-ci il tarixli 03/06-419 saylı məktubunda Pirsaatçay su anbarına su daxil olduğu halda onun təsərrüfatının “Nəvahi” X5 tərəfindən suvarma suyu ilə təmin ediləcəyi bildirilmişdir. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 21 dekabr 2020-ci il tarixli 03/06-419 saylı məktubunun dəlilləri qanunsuz və əsassız hesab edilməli və Hacıqabul rayonunun Navahı kəndində yerləşən 27,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi vəzifəsi ASC-nin üzərinə qoyulmalıdır: Cavabdehin məktubunda havaların isti və quraq keçməsi səbəbindən “Pirsaatçay” su anbarına su yığılmaması səbəbindən Pirsaat-Navahi massivində suvarılan torpaqlarda əkin sahələrinin su təminatında çətinlik yaranması göstərilmişdir. Qurumun mövqeyi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat vəzifə öhdəliklərini nəzərə almadan, ona məxsus əkin sahəsinin mövsümün yağıntılı keçməsindən asılı olduğunu bildirir. Dövlət orqanı tərəfindən əkin sahəsinin suvarılmasının mövsümün yağıntılı keçməsindən asılı edilməsi, həmin dövlət orqanının fəaliyyətsizliyini təsdiq edir. Bu qurum vəzifə funksiyalarını ümumiyyətlə yerinə yetirmir. Ölkəmizin hər bir bölgəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən narazılıq var, qurum yaranmış problemin həl edilməsinə səy göstərmir, bu məqsədlə dinləmələr keçirmir, problemin həlli istiqamətində atdığı addımlar barədə məlumat vermir və ya ümumiyyətlə addım atmır. Cavabdeh təşkilat əksər hallarda vətəndaşların yazılı müraciətlərini cavablandırmır, vətəndaşların qəbul edilməsi barədə qanunvericiliyin tələblərini pozur. ASC-nin rəhbər vəzifəli şəxsləri Nəvahi-Pirsaat massivində vətəndaşların əkin sahələrinə çəkdikləri xərcin, o cümlədən dövlət büdcəsində ayrılan subsidyaların hər il ziyan olmasına əhəmiyyət vermirlər. Onlar nəzərə almırlar ki, vətəndaşların əkin sahələrinə çəkdikləri xərcin, o cümlədən subsidiyaların hər il ziyanlıqla nəticələnməsi vətəndaşların maddi vəziyyətini daha da ağırlaşdırıb. Belə vəziyyət 10 ildən artıq müddətdir ki, davam edib və hazırda vətəndaşların torpaq sahəsində əkin işlərini aparmağa maddi imkanları qalmayıb. Eyni zamanda, cavabdeh təşkilatın X8 İdarəsi də məsuliyyətsizliyə yol verərək suvarma probleminin həll edilməsi üçün zəruri tədbirlər həyata keçirmir. X8 İdarəsinin hərəkətsizliyi onun maddi zərər çəkməyi ilə nəticələnib. Yerli təşkilat vətəndaşlar arasında ayrıseçkiliyə yol verir, bir neçə şəxsi suvarma suyu ilə təmin etsə də, əksəriyyət vətəndaşı suvarma suyu ilə təmin etmir. Yerli təşkilatın qanunsuz hərəkətləri nəticəsində vətəndaşlar arasında qarşıdurma yaranır, əkin sahələrini suvara bilməyən şəxslərə dəymiş zərərin ödənilməsi təmin edilmir. X8 İdarəsi Şirvan Dövlət Rayon Elektrik Stansiyasında əkin sahələrinin suvarılması məqsədilə quraşdırılmış su nasoslarını uzun müddət dayandıraraq Nəvahi kəndinə su verilməsini təmin etmir. Həmin nasoslar Nəvahi qəsəbəsi üçün nəzərdə tutulsa da, Nəvahi qəsəbəsində yerləşən torpaqların su təminatı yekunlaşdıqdan sonra, suvarma suyu Nəvahi kəndinə yönləndirilə bilər, lakin, idarə tərəfindən suvarma suyunun Nəvahi kəndinə yönləndirilməsi təmin edilmir. Bundan başqa, Nəvahi qəsəbəsində yerləşən əkin sahələrinin suvarılması üçün X6 nasoslar quraşdırıldığı kimi, Nəvahi kəndində yerləşən əkin sahələrinin suvarılması üçün X6 nasoslar quraşdırıla bilər. X8 İdarəsi Nəvahi kəndində yerləşən əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə X6 əlavə nasoslar quraşdırılması məqsədilə aidiyyəti qurumlara müraciət etmir, həmçinin daxili imkanlarından yararlanmır. Bundan başqa, X8 İdarəsi ərazidə irriqasiya imkanlarını nəzərdən keçirmir, bu məqsədlə daxili imkanlardan istifadə etmir, maarifləndirmə tədbiri ilə məşğul olmur. “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2006-cı il 372 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən səhmləri dövlətə məxsus səhmdar cəmiyyət olması müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Həmin Nizamnamənin 3.2.1-cü bəndinə əsasən Cəmiyyət öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etmək vəzifəsini yerinə yetirir. «Meliorasiya və irriqasiya haqqında» AR Qanununun 9-cu maddəsinə görə meliorasiya və irriqasiya sahəsində Azərbaycan Respublikası icra hakimiyyəti orqanları meliorasiya və irriqasiya sahəsində dövlət siyasətini müəyyən etmək, meliorasiya və irriqasiya sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət etmək, bu Qanunun 6-cı maddəsinə uyğun olaraq Birliklərin istifadəsinə verilən sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək, müəyyən edilmiş qaydada meliorasiya və irriqasiya üzrə müvafiq orqanları yaratmaq, meliorasiya və irriqasiya sahəsində respublika proqramlarını təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə həyata keçirilən meliorasiya tədbirlərinin maliyyələşdirilməsini və meliorasiya və irriqasiya sahəsinə investisiyaların cəlb olunmasını təmin etmək, meliorasiya və irriqasiya sahəsində vahid elmi-texniki siyasəti həyata keçirmək, meliorasiya və irriqasiya sahəsində standartları, normaları və qaydaları təsdiq etmək, meliorasiya və irriqasiya sistemləri layihələrinin dövlət ekspertizasını təşkil etmək, regionlar və rayonlar (şəhərlər) üzrə meliorasiya və irriqasiya sistemlərindən sugötürmə limitlərini müəyyən etmək, təbii fəlakət nəticəsində zədələnmiş və ya dağıdılmış meliorasiya və irriqasiya sistemlərinin bərpasını təşkil etmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərindən istifadəyə dair rayonlar (şəhərlər) arasındakı mübahisələri həll etmək, qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirirlər. Həmin Qanununun 31-ci maddəsinə əsasən meliorasiya və irriqasiya sahəsində fiziki şəxslər və (və ya) hüquqi şəxslər arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məhkəmə tərəfindən baxılır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh təşkilatın və onun rəhbərliyinin qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasına məsuliyyətsiz yanaşması nəticəsində iddiaçının əkin sahəsi suvarma suyu ilə təmin edilməmiş, nəticədə o, maddi zərər çəkmişdir. Həmçinin cavabdeh təşkilat və onun rəhbərliyi qanunsuz hərəkətlərə yol verərək onun yazılı müraciətinin cavablandırılmasından imtina edib. Bununla da, vəzifəli şəxs qanuni əsasları olmayan hərəkətsizlik edib və bir neçə normativ-hüquqi aktın tələblərini pozub. Bundan başqa, qurumun rəhbərliyi vətəndaşların onlayn qəbul edilməsindən qanuna zidd şəkildə imtina etmişdir. Göstərilənlərə və İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, cavabdehin 21 dekabr 2020-ci il tarixli məktubunun dəlillərinin qanunsuz sayılması və iddiaçıya məxsus torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məhkəməyə ünvanlanmış 5 mart 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edəbək xüsusi mülkiyyətində olan Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən 27,65 ha torpaq sahəsində əkdiyi arpa bitkisinin suvarma suyu ilə təmin edilməsi barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərdiyi ərizəsinə ASC-nin rəhbərliyinin 21 dekabr 2020-ci il tarixli 03/06-419 saylı məktubunda Pirsaat su anbarına su daxil olduğu halda “Nəvahi” X5 tərəfindən suvarma suyu ilə təmin ediləcəyi barədə dəlillərin qanunsuz və əsassız hesab edilməsi, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən 27,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsin suvarma suyu ilə təmin edilməsi vəzifəsinin Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tamamilə əsassız hesab edilir. Belə ki, İddiaçı 27,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini suvarma suyu ilə təmin edilməsi barədə ərizələrinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 idarəsi və cəmiyyətin sədr müavini tərəfindən tam və hərtərəfli cavab verilmiş, ona məxsus torpaq sahəsinin suvarma suyu ilə tam təmin edilməsinin mümkün olmamasının hansı obyektiv səbəblər üzündən baş verməsi, eləcə də onun əkin sahəsinin yerləşdiyi ərazinin suvarılmasının “Nəvahi” X5 tərəfindən həyata keçirildiyi bildirilmişdir. İddiaçı ünvanlanmış cavab məktubunda Nəvahi-Pirsaat massivində yerləşən torpaq sahələrinin su təminatının əsasən Pirsaat çayından Pirsaat su anbarında yığılan suyun hesabına həyata keçirildiyi, Pirsaat çayının quruyan çay olması səbəbindən yay aylarında ümumiyyətlə anbarda su ehtiyatının yetərincə olmaması həmin massivdə suvarılan torpaqlarda əkinlərin su ilə təminatında çətinliklər yaratdığı, Pirsaatçay su anbarına su daxil olduğu halda “Nəvahi” X5 tərəfindən suvarma suyu ilə təmin ediləcəyi bildirilmişdir. Eyni zamanda, “Nəvahi” X3 X8 idarəsinə təqdim etdiyi arayışda 2020-ci ildə Nəvahi kəndi ərazisində 1.725 ha taxıl əkinlərinin olduğu, həmin əkinlərin 750 hektarının Pirsaat su anbarında quraqlıq ilə əlaqədar su olmadığına görə suvarılmadığı, o cümlədən İddiaçı da həmin səbəbdən əkin sahəsinin 9 hektarını suvara bilməsi, havaların quraqlıq keçməsi, yəni təbii fəsadlarla əlaqədar Pirsaat çayında suyun olmaması suvarmada fasilələrin yaranmasına səbəb olduğu, eləcə də İddiaçı X3 üzvü olmadığı, suvarma ilə əlaqədar birliklə müqavilə bağlamadığı da bildirilmişdir. AR Su Məcəlləsinin 30-cü maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər. Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. AR Nazirlər Kabinetinin 2006-cı il 18 mart tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaytan Respublikasında Sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq suvarma idarələri müqaviləyə uyğun olaraq suvarma suyunu su ayrıcında X2 təhvil verir. Suvarma suyunun növbəli cədvəl əsasında bölüşdürülməsi X1 su istifadəçiləri ilə bağladıqları müqavilə əsasında həyata keçirilir. Bu o deməkdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC bilavasitə hüquqi və fiziki şəxslərin su təchizatı ilə məşğul olmur. Həmin funksiyanı X4 həyata keçirirlər. Göründüyü kimi, İddiaçı “Nəvahi” X5 ilə müqaviləsi olmadığından onun ümumiyyətlə suvarma sularından istifadə etmək hüququ olmamışdır. Qeyd olunan xüsusatlar onu göstərir ki, İddiaçı iddiası üzrə Azərbaycan Meliorasiya və Su Təssərrüfatı ASC-nin onun qarşısında heç bir cavabdehliyi olmamışdır. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1-ci maddələrinə, İPM-in 35, 47-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 3 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli sözügedən qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya məhkəməsinin qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən suyun verilməsi ilə bağlı iddiaçı ilə “Nəvahi” X5 arasında müqavilənin olub-olmaması araşdırılmamış, eləcə də iddiaya cavab verməli olan Birliyin cavabdeh qismində əvəz olunması məsələsi iddiaçı ilə müzakirə edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə etməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış və bunun üçün ağlabatan vaxt təyin etməmiş, iddianın mümkünlük şərtlərini iddiaçı ilə müzakirə etmədən iddianın mümkün sayılmaması qənaətinə gəlmiş, bununla da İPM-in 13-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsi işə təkrar baxılarkən sadalanan pozuntular aradaan qaldırılmalı, iddiaçıya müvafiq olaraq hüquqi yardım olunmaqla tələblərini dəqiqləşdirmək və cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmalı, dəqiqləşdirilmiş tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra mahiyyəti üzrə qərar qəbul edilməlidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra, iddiaçının yaşayış yeri üzrə ünvana “hüquqi yardım” məktubu ünvanlanmış, məktubda iddianın və cavabdehin dəyişdirilməsi məsələlərinə baxılması, müvafiq ərazi üzrə X5 ilə hər hansı müqavilənin bağlanıb-bağlanmaması barədə, eləcə də iddianın mümkünlük şərtləri ilə bağlı mövqe bildirilməsi və zəruri sənəd təqdim olunmasının zəruriliyi bildirilmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məhkəməyə ünvanlanmış 5 noyabr 2021-ci il tarixli məktubunda qurumun idda barədə 5 mart 2021-ci il tarixli məktubunda göstərilənlər təkrarlanaraq, iddianın mümkün sayılmaması bir daha xahiş olunmuş və əlavə olaraq aşağıdakılar bildirilmişdir: - İddiaçı ərizəsində göstərdiyi problemin həllində köməklik göstərilməsi barədə Səhmdar Cəmiyyətinin göstərişinə əsasən qeyd olunan məsələ ilə əlaqədar X8 İdarəsi, Hacıqabul Rayon İcra Hakimiyyəti, “Nəvahi” X5 və digər aidiyyati təşkilatların nümayəndələrinin, eləcə də İddiaçı özünün iştirakı ilə sonuncunun əkin sahəsinə baxış keçirilmiş, onun 5 ha taxıl sahəsinin suvarılması müəyyən olunmuş, həmin ərazini suvarma suyu ilə təmin edən Pirsaat su anbarında su olmadığı üçün ətrafda olan 1.760 ha sahənin suvarılmasının mümkün olmadığı izah olunmuş, qeyd olunanlar barədə 26 aprel 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, İddiaçı aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir (surəti əlavə olunur). Etibarnamə əsasında İddiaçı nümayəndəsi olan "xxxx" MMC-nin direktoru Yaşar Ağazadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə ünvanladığı 11 iyun 2021-ci il tarixli şikayət ərizəsinə baxılmiş və X8 İdarəsinin rəisi tərəfindən 29 iyun 2021-ci il tarixli 108 nömrəli məktubla əsaslandırılmış cavab verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə görə: su ehtiyatları – su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmidir, su obyektinin istifadəçisi – su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxsdir, su istehlakçısı – öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının su qanunvericiliyi bu Məcəllədən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 30-cu maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər. Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. Həmin Məcəllənin 40-cı maddəsinə görə su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2006-cı il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 277 nömrəli Sərəncamının, «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 165 nömrəli Fərmanının və «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Azərbaycan Respublikasının digər müvafiq qanunlarına və bu qanunlar əsasında qəbul edilmiş normativ hüquqi sənədlərə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin su təsərrüfatı istismar təşkilatları ilə respublika ərazisində yerləşən su istehlakçıları (X4 istisna olmaqla) arasında sudan pullu istifadə ilə bağlı yaranan qarşılıqlı münasibətləri tənzimləyir. Həmin Əsasnamənin 1.2-ci bəndinə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin su təsərrüfatı istismar təşkilatları ilə X4 arasında sudan pullu istifadə ilə bağlı yaranan qarşılıqlı münasibətləri "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinə əsasən aşağıdakı qaydada tənzimlənir: X1 suvarma suyu ilə təchiz edilməsi ASC-nin su təsərrüfatı istismar təşkilatları ilə 10 ildən az olmayan müddətə bağlanan sazişə əsasən həyata keçirilir. Su mənbələrində suyun bolluğu səviyyəsinə mütənasib olaraq veriləcək suyun həcminin yuxarı və aşağı hədləri həmin sazişdə müəyyən olunur. Əkinlərin növündən və sahəsindən asılı olaraq tələb olunan suyun həcmi və suyun verilməsi qrafiki bu hədlər daxilində illik müqavilələrlə müəyyən edilir. Sazişlərin və illik müqavilələrin formaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əsasnamənin 2.7-ci bəndinə görə xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Əsasnmənin 4.6-cı bəndinə görə su istehlakçılarına veriləcək suyun həcmi su mənbəyinin və suvarma sisteminin imkanları nəzərə alınmaqla, sudan istifadə qrafikinə əsasən müəyyən edilir və tərəflər arasında bağlanmış müqavilədə göstərilir. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə ilk növbədə vurğulayır ki, məhkəmə iclasları barədə xəbərdar olunduğu, məlumatlı olduğu apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadında iddianın və cavabdehin dəyişdirilməsi məsələsinə baxılmasının zəruriliyi vurğulandığı, habelə ünvanına müvafiq hüquqi yardım barədə məktub ünvanlandığı halda, iddiaçının məhkəmə icraatı üzrə iclaslara gəlməməsi və qeyd olunanlarla əlaqədar məhkəməyə hər hansı müraciət (vəsatət, ərizə) göndərməməsi onun müvafiq dəyişikliyin edilməməsində israrlı olmasını ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, artıq birinci instansiya məhkəməsinin “iddianın mümkün sayılmaması” nəticəsi ilə apellyasiya instansiya məhkəməsində məhkəmə kollegiyası razılaşmadığından, ilkin iddia üzrə mübahisəyə qiymət verilməsi, daha dəqiq desək iddia tələbinə hazırkı cavabdehə münasibətdə mahiyyəti üzrə baxılması daha məqsədəuyğundur. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə aşağıdakı xüsusatları diqqətə çəkir: - iddiaya qarşı cavabdehin etirazı və ona əlavə olunmuş aktdan görünür ki, iddiaçıya məxsus sahəyə iddiaçının, cavabdehin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş və həmin sahənin yaxın ətrafında olan və suvarma suyu ilə təmin edə biləcək ən əlverişli su obyektində yetərli həddə suyun olmadığı (hər hansı səbəbdən) müəyyən edilmişdir. Müvafiq akt həmin şəxslər, o cümlədən iddiaçının özü tərəfindən imza ilə təsdiqlənmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının arzuladığı hala uyğun ona məxsus sahənin suvarma suyu ilə təmin edilməsi imkan xaricindədir. Bu təminata həmin yerdə yaranmış texniki şərait və təbii ehtiyatlar baxımından yolverilən hal imkan yaratmalıdır; - iddiaçı iddiasında cavabdehdən “torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi”ni tələb edir. Lakin qaldırılan məsələnin həlli Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin deyil, ərazi üzrə aidiyyəti “su obyektinin istifadəçisi” olan şəxsin (hüquqi və ya fiziki şəxs) səlahiyyəti daxilindədir. İddiaçı onunla müvafiq müqavilə bağlaya bilər və həmin müqavilə əsasında da özünə məxsus torpaq sahəsinin suvarma suyu ilə təchizatı məsələsini həllini tapa bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68-ci maddəsini rəhbər tutaraq, işin yuxarıda qeyd olunan xüsusatarını məcmu halında qiymətləndirərək, sonda məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı irəli sürdüyü hazırkı iddia tələbi əsaslı sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X8 İdarəsi) «cavabdehin hərəkətlərinin (məktubundakı dəlillərinin) qanunsuz sayılması və torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X8 İdarəsi) «cavabdehin hərəkətlərinin (məktubundakı dəlillərinin) qanunsuz sayılması və torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3610/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3610/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver