Məhkəmə qərarları › İş №2-1(112)-3638/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3638/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3638/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 04.10.2019-cu il tarixli 201 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 04.10.2019-cu il tarixli 201 saylı sərəncamının ləğv edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun fikri öyrənilmədən cavabdeh qanunsuz və əssasız olaraq övladlarının uşaq evinə yerləşdirilməsi barədə Sərəncam qəbul edilmişdir ki, bu da bir mənalı olaraq onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına və iddia ərizəsinə uyğun izahat verərək iddianın mümkün hesab edilməsini, hazırkı iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, ailə və geniş mənada mülki hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, xüsusi hüququn başlıca sahəsi olan mülki hüquq qeyri-ticarət dövriyyəsinin müstəqil subyektləri arasındakı əmlak münasibətləri ilə yanaşı ailə münasibətlərini və bəzi şəxsi hüquqları tənzimləyən normaları da özündə birləşdirir. Bu baxımdan ailə hüququ müstəqil hüquq sahəsi, yaxud da mülki hüququn yarımsahələrindən biri kimi xüsusi hüquqa aid edilir. Digər tərəfdən ailə hüququnun xüsusi hüquq sahəsinə aid olmasına baxmayaraq bu çərçivədə yaranan bəzi münasibətlərə dövlətin müdaxiləsinin şahidi oluruq ki, belə müdaxilələr ərin, arvadın və ya yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi məqsədi güddüyündən, hətta bəzən zəruri xarakter daşıdığından sırf buna istinadən ailə münasibətlərindən doğan hüquqi tənzimetməni ümumi (publik) hüquq sahəsinə aid etmək hüquqi tənzimetmənin məzmununa ziddir. Eləcə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının son məqsədi xüsusi hüququn mühüm sahələrindən biri olan ailə hüququnun uşaqların hüquqları institutunun qanunvericiliklə tənzimlənən təzahürlərinin prosessual baxımdan gerçəkləşdirilməsi olmuşdur. Belə olan halda bu növ iddialara inzibati məhkəmə icraatı çərçivəsində baxılması prosessual qənaət prinsipi baxımından da əlverişsiz olacaqdır. Ailə Məcəlləsinin 54.1-ci maddəsi ilə müəyyən edilmiş, uşağın adının dəyişdirilməsinin prosedur qaydasının həyata keçirilməsi ilə bağlı mübahisələrin iki məhkəmə icraatı (inzibati və mülki) qaydasında həyata keçirilməsi mübahisənin tərəflərinin hüquqi vəziyyətinə, onlar arasındakı münasibətlərin hüquqi nizamasalma predmetinə ziddir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 04.10.2019-cu il tarixli 201 saylı sərəncamını mübahisələndirmişdir Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hazırkı məhkəmə mübahisəsində xüsusi hüququn subyekti qismində iştirak edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ hissəsinin 1ci bəndinə müvafiq olaraq inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hesab edilsə də, mübahisəyə səbəb olan hərəkət və hərəkətsizliyinin publik hüquqdan irəli gəlməsi də işə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən Xətai rayon İcra Hakimiyyəti başçısının 04 oktyabr 2019-cu il tarixli 201 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla yetkinlik yaşına çatmayan 20.09.2013-cü il təvəllüdlü X1 və 06.07.2012-ci il təvəllüdlü X2 3 saylı uşaq evinə yerləşdirilməsi qərara alınmışdır. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən sərəncam valideyn himayəsindən məhrum uşağların uşaq evinə yerləşdirilməsi ilə bağlıdır ki, valideyn himayəsindən məhrum uşaqlar üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi, şəxsin uşaq evinə yerləşdirilməsi və digər aidiyyəti məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Beləliklə, Xətai rayon İcra Hakimiyyətinin 04.10.2019-cu il tarixli 201 nömrəli sərəncamı inzibati akt olmadığından həmin sərəncamın inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Göründüyü kimi mübahisənin mahiyyəti bərabər tərəfli subyektlər arasında yarandığından, burada cavabdehin hər hansı hakimiyyət tədbirinin mövcudluğundan söhbət gedə bilməz. Bu səbəbdəndir ki, hakimiyyət səlahiyyəti olmadan onun qəbul etdiyi aktın, indiki vəziyyətdə qəbul etmiş olduğu sərəncamın hakimiyyət tədbiri kimi inzibati akt hesab edilməsindən söhbət gedə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, eyni növ mübahisə olmasa da oxşar mübahisə kimi kimi qəyyumluğa verilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi 18.07.2018-ci il tarixli 2-411 nömrəli İcmal məktubunda da analoji mövqedən çıxış edilmişdir. İcmal məktubunun məzmunundan da aydın olur ki , uşağın qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Göründüyü kimi oxşar münasibətlərdə hazırkı növ işlərə mülki mühakimə icraatı qaydasında baxılması inzibati və mülki işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması baxımından məqsəduyğun hesab edilmişdir. Məhkəmə isə uşağın uşaq evinə yerləşdirilməsi ilə bağlı məhkəmə mübahisələri ilə , uşağın qəyyumluğa verilməsi növ məhkəmə mübahisələri arasında mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilməsinin mümkünsüzlüyü baxımından heç bir fərq görmur və başlıca oxşar əlamət kimi aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərin müəssisələrə yerləşdirilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 18-ci fəslində “Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və yerləşdirilməsi ” adı altında təsbit edilmişdir. Uşağın qəyyumluğa verilməsi ilə bağlı müddəalar da, həmin Məcəllədə 20fəsildə “Uşaqlar üzərində qəyyumluq və himayə” adı altında göstərilmişdir. Göründüyü kimi mübahisənin ailə qanunvericiliyinin tənzimləmə predmetinə daxil olan hüquq münasibətlərindən irəli gəlib, ümumi (publik) hüquq münasibətləri ilə bağlılığının olmaması Ailə Məcəlləsinin tələblərindən aydın olur. Hətta xüsusi ilə vurğulanmalıdır kı, adıçəkilən məsələlər adıçəkilən Məcəllədə fərqli fəsillərdə olsa da məhz eyni bölmə tərkibində oxşar münasibət olması nəzərə alınmaqla yerləşdirilmişdir. Ailə Məcəlləsinin yuxarıda adıçəkilən 18-ci fəslində yer alan 114.1-ci maddəsindən də göründüyü kimi valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi müxtəlif əsaslarla ilə yanaşı yuxarıda göstərilənlərdən əlavə valideyn himayəsindən olmamanın digər hallarında da ailə qanunvericiliyi uşaqların hüquq və mənafelərinin müdafiəsinin cavabdeh orqan tərəfindən müəyyən edilməsi ilə bağlı qayda müəyyən etmişdir. Adıçəkilən Məcəllənin 116.1-ci maddəsinə görə valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1232/2021 saylı iş üzrə qəbul etdiyi 21.09.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisələndirilən sərəncam valideyn himayəsindən məhrum uşaqlar üzərində qəyyum təyin edilməsi ilə bağlıdır ki, valideyn himayəsindən məhrum uşaqlar üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Məhkəmə hesab edir ki, inzibati akt olmadığından həmin sərəncamın inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi İş № 2-1(102)-711/2020 nömrəli iş üzrə 17.03.2020-ci il tarixli qərarında, 2-1(102)-416/2020 nömrəli iş üzrə 17.01.2020-ci il tarixli qərarında, da uşağın himayayəyə və qəyumluğa verilməsinə dair analoji mövqedən çıxış etmişdir. Həmin adıçəkilən işlərin təhlili də müəyyən edir ki, məsələ hazırkı mübahisə kimi uşağın hüquq və mənafelərinin təmini ilə bağlı olmuş, uşağın kimin himayəsinə və qəyyumluğuna verilməsinə dair qəbul edilmiş sərəncamların qanuniliyi mübahisələndirilmişdir ki, Ali Məhkəmə fərdi xarakterli həmin mübahisələr üzrə qəbul etdiyi qərarlarında hər nə qədər inzibati orqan tərəfindən sərəncam formasında akt qəbul edildiyini qeyd etsə də, həmin sərəncamın inzibati akt hesab edilməməsi, mübahisənin inzibati xarakterli olmaması barədə mövqe nümayiş etdirmişdir. Hazırkı mübahisə də uşağın hər nə qədər qəyyumluğa, himayəyə verilməsi ilə bağlı olmasa da, uşağın sosial xidmət müəssisəsinə verilməsi ilə bağlı olduğundan hesab edir ki, həmin məsələ üzrə də cavabdehin hərəkətləri publik xarakterli hərəkət hesab edilmir və qəbul edilən sərəncamda publik xarakterli akt hesab edilməməlidir. Belə ki, mübahisələndirilən sərəncamın mahiyyətindən də göründüyü kimi valideynlərindən biri digər valideyni tərəfindən öldürülmüş və həmin valideyni cəzaçəkmə müəssisəsində olan uşaqların baxımsız qalması, təlim-tərbiyəsinin həyata keçirilməsi zərurəti ilə bağlı əsaslandırılan həmin sərəncam ailə qanunvericiliyin tələblərini nəzərə alınmaqla qəbul edilmişdir. Beləliklə, mahiyyətində ailə qanunvericiliyi dayanan sərəncam təbii haldır ki, mübahisələndirilən zaman, onun ləğvi əsaslarının olub-olmaması, sərəncamın qəbulu zamanı ailə qanunvericiliyin nəzərə alınıb-alınmaması ilə bağlı qiymətləndirmə də inzibati məhkəmə yox, mülki icraat qaydasında işə baxan rayon məhkəmələri tərəfindən qiymətləndirilməlidir. İddia tələbindən və işin faktiki hallarından da göründüyü kimi uşaqların atası babası olan iddiaçı həmin sərəncamın ləğvini də əsaslandırarkən məhz istinad etdiyi hallarda məhz ailə qanunvericiliyində uşaqların atası kimi mövcud hüquqların realizəsini tələb edir. Göründüyü kimi sərəncamın ləğvi ilə bağlı məsələnin araşdırılması zamanı, uşaqların uşaq evinə yerləşdirilməsi ilə bağlı iradə ifadəsini həyata keçirmiş uşaqların babasının hüquq və mənafelərinin, uşağın atasının uşaqla bağlı hüquq və mənafelərinin dəyərləndirilməsinə zərurət olacaqdır ki, həmin dəyərləndirmənin inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməsini məhkəmə yolverilməz hesab edir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar