Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-364/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 914 saylı bağ sahəsinin 0.3 ha torpaq sahəsinə cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətlərinin yenidən qurulması layihəsi çərçivəsində ziyan dəydiyinə görə 30.000 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağ massivi 914 saylı bağ sahəsinə dair X2 ilə alqı-satqı müqaviləsi bağlamış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqlarımı qeydiyyata almaqla xx.xx.2021-ci il tarixli, **********0 qeydiyyat nömrəsi ilə rəsmiləşdirmişdir. Ailəsinin güzəranını yaxşılaşdırmaq və gələcəkdə maddi vəziyyətinin təminatı üçün həmin bağ sahəsində mülkiyyətində olan torpaq sahəsində 3 (üç) mərtəbəli otel binası inşa etdirmək üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Müraciətinə baxılaraq, aidiyyəti qurum tərəfindən 13 may 2022-ci il tarixli MİHO/2.1-3-3-2022-44 nömrəli Sərəncamı ilə tikinti obyektinə dair layihə təsdiqlənmişdir. Eyni zamanda, cavabdeh qurumla elektrik enerjisinin və istehlakı ilə əlaqədar ATS**********7465 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında xx.xx.2021-ci il tarixində sayğac quraşdırılmış və **********40000 nömrəli abonent kodu da açılmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş icazə əsasında binanın inşası zamanı müəyyən olunmuşdur ki, bağ sahəsinin qarşısından yüksək gərginlikli elektrik xətti keçir. Bu da öz növbəsində Şəhərsalma və Tikinti Məcəlləsinin, eyni zamanda elektrik enerjisindən istifadə qaydalarının tələblərinə uyğun deyildir. Həmin yüksək gərginlikli elektrik xətləri binanın estetik görünüşü ilə yanaşı, texniki vəziyyətinə, təhlükəsizlik baxımından qaydalara cavab vermir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş yüksək gərginlikli elektrik xətləri qaydalara uyğun olmadığından cavabdeh olan şəxslərə zəbt olunmuş torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik xətlərinə görə kompensasiya ödənilməsi barədə şifahi müraciət etsə də, heç bir tədbir görülməmiş, əksinə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuna zidd hərəkətləri ölkədə sahibkarlığın inkişafına böyük zərbədir. Bunun nəticəsində sahibkar kimi fəaliyyətini iflas olma təhlükəsində qoymuşdur. İddiaçı qeyd edir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,3 ha sahəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan, kompensasiya verilmədən, özbaşınalıq edərək, iddiaçının iradəsinə zidd olaraq zəbt edilmiş və dövlət əhəmiyyətli layihə üçün istifadə olunmuşdur. Yəni cavabdeh mülkiyyətinə qəsd edərək, torpaq sahəsində yüksək gərginlikli elektrik xətti çəkmişdir. Göstərilən layihə üçün istifadə olunan, zəbt olunan torpaq sahəsinə görə aralarında olan razılaşmaya görə danışıqlar aparılmış və cavabdehin vədinə inanaraq qısa müddətdə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh verilən vədi yerinə yetirməmişdir. Həmçinin, mülkiyyətində olan 0.3 ha torpaq sahəsində cavabdehə məxsus yüksək gərginlikli elektrik xətlərinin nizamsız, səliqəsiz çəkildiyindən yerdəyişməsi ilə də bağlı müraciət edilsə də cavabdeh qurum bununla bağlı qanuni-haqlı tələblərinə də məhəl qoymamış, vədlər verərək, bugün-sabah deyərək, vaxt udmuş və getgələ salmışdır. 2 ildən artıqdır ki, dəfələrlə aidiyyəti orqanlara şifahi və yazılı müraciətlərin edilməsinə baxmayaraq cavabdeh tərəfindən tədbir görülməmiş və iddiaçıya kompensasiya ödənilməmişdir. Nəhayət 23 iyun 2022-ci il tarixində cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada ərizə ilə müraciət etsə də, ərizəyə bu günədək cavabdeh orqan cavab verməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanunsuz hərkətləri nəticəsində yəni onun tərəfindən 0.3 ha torpaq sahəsindən qeyd-şərtsiz, maneəsiz istifadə edərək iddiaçının mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. İddiaçı tərəf sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağ massivi, 914 saylı bağ sahəsinin cənub hissəsindən 502.86 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti altına düşdüyündən 45.180 manat kompensasiyanın, 10.000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bnəndində göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə tərəflər arasında mülki hüquq münasibətləri ilə bağlı deyil, elektrik enerjisi sahəsində təbii inhisar subyekti olan "xxxx" İB-nin elektrik xətlərinin quraşdırılması ilə bağlı publik hüquq sahəsindəki fəaliyyətinin nəticələri ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia qaldırmazdan əvvəl vurulmuş ziyana görə cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının “Azəriqaz” İB-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. -51 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1244 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 0.091301 hektardan ibarət 914 saylı bağ sahəsini İddiaçı satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçınun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeyd olunan torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.3-2022-44 nömrəli Sərəncamından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalar”ının 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 914 saylı bağ sahəsində İddiaçı məxsus torpaq sahəsində layihələndirilən 3 (üç) mərtəbəli otel binasının tikinti obyektinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. -"xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 914 saylı bağ sahəsinin yaxınlığından "xxxx" ASC-yə məxsus elektrik xətti keçmir. -“Azəriqaz” İB tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan bağ sahəsi "xxxx" ASC-nin balansında olan 136 saylı yarımstansiyadan qidalanan 1988-ci ildə istismara verilmiş 6 kVluq “Rabitə Nazirliyi” hava xəttinin mühafizə zonasında yerləşir. -X8 və Satışı İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli 82/580 №li məktubdan görünür ki, Bağlar ETSİ-nin xidmət ərazisi olan Fatmayı bağlarını elektrik enerjisi ilə qidalandıran 6 kV Rabitə Nazirliyi hava veriliş xətti 1988-ci ildən istismara verilmişdir. Xətt 110/35/6 kV “Azərenerji" ASC- nin balansında olan 136 saylı yarımstansiyadan çıxır. Hava veriliş xəttinin mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 06 iyun tarixli 103 nömrəli təsdiq edilmiş qərarı ilə tənzimlənir. X1 ETSİ-nin balansında olan 6 kV Rabitə Nazirliyi hava xəttinin mühafizə zonasını pozaraq üç mərtəbəli otel inşa etdirmişdir. Otelin görüşünə, təhlükəsizlik texnikası qaydalarına xələr gətirməsi və buna görə "Azərişıq” ASC-dən kompensasiya tələbi iddiasını Azərbaycan Respublikasının Qanunlarına əsaslanaraq qeyri-qanunu olduğu bildirilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi 914 saylı bağ sahəsində otel tikintisi üçün icazə sənədi verilməsinə dair sənəd və məlumatlar Komitənin arxivində aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 914 saylı bağ sahəsinin hər hansı hissədə ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşüb-düşmədiyi müəyyən edilsin.
2. Ərazidən keçən yüksək gərginlikli elektrik xətti nə vaxt çəkilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3147 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il qeydiyyat tarixli **********41 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0.0913021 ha sahəsi olan 914 saylı bağ sahəsinin cənub hissədən 502.86 kv.m hissəsinin, həmin bağ sahəsinin cənub sərhədi boyu çəkilmiş, 6 kV gərginlikli elektrik xəttinin 10 metrlik mühafizə zonasına düşdüyü müəyyən olundu. 2.Mübahisə predmeti olan 6 kV gərginlik elektrik xəttinə dair müvafiq layihə sənədləri təqdim olunduqdan sonra qərardadın bu sualı cavablandırıla bilər. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının məqsədi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin (502.86 kv.m) yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşməsi və elektrik ötürücü xətlərinin (dirəklərinin) yerinin dəyişdirilməməsi ilə bağlı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir. Bununla bağlı onun cavabdehə müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 1-ci bəndinə əsasən, mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Həmin Qaydaların 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Nazirlər Kabinetinin eyni tarixli və nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndinə göstərilir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İstinad olunan müddəalardan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bu əsasla 914 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və onun istifadəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli elektrik xətləri Goradil bağlar massivini elektrik enerjisi ilə təmin edən xətlər olmaqla 1988-ci ildə çəkilmiş və bütün massivin ərzisindən keçir. İddiaçı isə 914 nömrəli bağ sahəsini mülkiyyət hüququnu həmin xətlərin quraşdırılmasından xeyli müddət sonra- 2011-ci il tarixdə əldə etmiş və ötürücü xətlərin mövcudluğundan məlumatlı olmuşdur. Müvafiq ərazidə sonradan elektrik xətlərinin yenidən qurulması ilə bağlı dəyişiklik olması təsdiqini tapmamış, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı həmçinin, mülkiyyətində olan torpaq sahəsində otel inşa etməsi ilə bağlı tikintiyə icazə sənədinin verilməsini təsdiq edən tutarlı dəlil təqdim etməmişdir. Əksinə səlahiyyətli qurumdan alınmış məlumatda belə bir icazə sənədinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçı ona vurulmuş real zərəri sübut edə bilmədiyindən tələbin mənəvi zərərin ödənilməsi hissəsi də rədd edilməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya hər hansı ziyanın vurulduğu müəyyən edilmədiyindən və zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən əsassızdır və təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov