Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3669/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuş, xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilə qədər "xxxx" QSC-də Aviadaşımalar xidmətinin təşkili və Nəzarət üzrə agent, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək "xxxx" MMC Aviaşirkətində “İL-76” hava gəmisinin bortoperatoru vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən hazırkı vaxtadək isə “X6 Services” MMC-də uçuş xidmətinin şərq texnikası üzrə uçuş-istehsalat qrupunun Mİ tipli vertolyotunun ikinci pilotu və uşuş xidmətinin qərb texnikası üzrə uçuş istehsalat qrupunun AW-139 tipli vertolyotunun ikinci pilotu vəzifəsində işləyir. İddiaçının bortoperator vəzifəsi üzrə uçuş saatları 3782 saat 50 dəqiqə, vertolyotun ikinci pilotu üzrə uçuş saatı isə 932 saat təşkil edir. AR Nazirlər Kabinetinin 231 nömrəli qərarında əks olunan hesablama qaydasına əsasən iddiaçının bortoperator vəzifəsi üzrə 17 il 06 ay, ikinci pilot vəzifəsi üzrə isə 7 il 10 ay sığorta stajı mövcuddur. Adıçəkilən Qaydaların 2.1-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Həmin Qaydaların 3-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. İddiaçı tərəfindən ona “Əmək pensiyaları haqqında” AR Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət edilsə də, həmin müraciət təmin olunmamışdır. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının işlədiyi bortoperator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edilir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006cı il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta satjlarının hesablanması qaydaları”nın 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən "xxxx" QSC-yə sorğu verilmiş və cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma apardığınız şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar “X8” şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməsi yersizdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qrar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. X4 tərəfindən müraciətə baxılaraq ona xx.xx.2024-cü il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" MMC-nin arayışında xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözgedən müəssisədə vertolyotun sıravi ekipaj üzvü kimi işlədiyi qeyd edilmişdir. Arayışda qeyd edilən məlumatlardan göründüyü kimi xx.xx.2022-ci ilədək iddiaçının uçuş saatı 3000 saatdan az təşkil edir. Eyni zamanda iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" MMC-nin arayışında qeyd olunmuş xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 №-li qərarı ilə təsdiqlənmiş Qaydalarda nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” AR Qanunun 29 iyun 2022-ci il tarixli dəyişikliyə qədər 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.3-ci maddəsinə əsasən Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, həmin Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 3.2-ci bəndinə əsasən avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin iddiaçıya dair 13 may 2022-ci il tarixli 75- 22/HR/SWA nömrəli arayışında qeyd olunmuş adıçəkilən müəssisənin uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaların"nda nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi vəzifə (bortoperator) Qaydalarda güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin sırasında göstərilməmişdir. İş materiallarına əlavə olunmuş iddiaçının güzəştli iş stajını təsdiq edən arayışda 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarın 21.3-cü maddəsinə istinad olunmuşdur. Ancaq qanunvericiliyə nəzər saldıqda aydın olur ki, müvafiq icra hakimiyyəti orqanının qərarı Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə şamil edilir. Yəni iddiaçıya münasibətdə qanunun 9.3-cü maddəsi tətbiq olunmalıdır ki, qanunun həmin hissəsinə də yuxarıda sadalanmış müvafiq icra həmiyyəti orqanının qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərar) tətbiq olunur. Bu səbəbdən ddiaçı qanunverciliyin tələblərinə cavab vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması mümkün deyildir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, iddiaçının çalışdığı vəzifənin güzəştli is stajı verən vəzifələrin siyahısında nəzərdə tutulmadığı ücün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müraciətinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.2001-ci ildən doldurulmağa başlanmış xx.xx.2010-cu il tarixli, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı iş stajı aşağıdakı kimi müəyyən edilmişdir: -xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilə Azərbaycan Respublikası Milli Ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilə qədər AZAL QSC-də Aviadaşımalar xidmətinin təşkili və Nəzarət üzrə agent, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək "xxxx" MMC Aviaşirkətində İL-76 hava gəmisinin bortoperatoru vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən hazırki vaxtadək isə “X6 Services” MMC-də uçuş xidmətinin şərq texnikası üzrə uçuş-istehsalat qrupunun Mİ tipli vertolyotunun ikinci pilotu və uşuş xidmətinin qərb texnikası üzrə uçuş istehsalat qrupunun AW-139 tipli vertolyotunun ikinci pilotu vəzifəsində işləyir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, D/54 №-li arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci ilədək sığorta stajı 932 uçuş saatına əsasən 7 il 07 ay təşkil edir. -İnzibati icraat materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək uçuş dəstəsinin İL-76 HG-nin bortoperatoru işləmiş, bu müddət ərzində uçuş saatı 3782 saat 50 dəqiqə təşkil edib və bu 17 il 06 ay sığorta stajına bərabərdir. İddiaçının işlədiyi bortoperator vəzifəsinin əmək funksiyaları və onların uçuş heyətinə aid olub-olmaması barədə məlumatların təqdim edilməsi barədə "xxxx" MMC-yə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İL 76 tipli hava gəmisinin idarə edilməsi üzrə əmək funksiyalarının bortoperatorlar tərəfindən yerinə yetirilib-yetirilməməsi, habelə bu işçilərin uçuç heyətinin üzvü olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyinin əks olunduğu bir sıra qərarları məhkəməyə təqdim edilmişdir. Hazırkı mübahisəyə oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının çoxsaylı qərarları olmuş və həmin qərarlarda İl 76 hava gəmisinin bortoperator vəzifəsində işləyən şəxslərin uçuş heyətinin üzvü olması qənaətinə gəlinmişdir. Həmin işlər üzrə tətqiq edilmiş xx.xx.1985-ci ildə qüvvəyə minmiş İL-76 T (TD) X7 Təlimatının ikinci nəşrinin 1.1-ci bəndinin – “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq İL-76 T (TD) Hava Gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: hava gəmisinin komandiri; ikinci pilotu, naviqatoru, bortmühəndisi, bortradisti, böyük bortoperatoru, bortoperatoru. "xxxx" Aviaşirkəti İL-76 T (TD) X7 Təlimatının yuxarıda göstərilən nüsxəsi, Hava Gəmisinin konstruktor bürosu olan X2 Açıq Səhmdar Cəmiyyətinin istinad nüsxəsi ilə xx/xx/2022-ci il tarixində uzlaşdırılaraq təsdiq edilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı mülki aviasiya uçuş heyətində işlədiyi bortoperator vəzifəsi ilə əlaqədar hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş edir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda tələb olunan 25 il ümumi sığorta stajı tamamlanmışdır və işlədiyi bortoperator vəzifəsi uçuş heyətinə daxildir. Lakin iddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını qeyd olunan Qaydalarda bortoperator vəzifəsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Həmçinin cavabdeh orqan iddiaçının vertolyotda işlədiyi dövrü mübahisələndirməmişdir. Yəni həmin dövrü uçuş heyətinin üzvü kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. -22.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları təsdiq edilmişdir. Adıçəkilən Qaydaların: -1-ci bəndinə əsasən, bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2.1-ci bəndinə əsasən, hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. -3-cü bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: -3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Hazırkı tələb üzrə iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 9.3-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Həmin maddənin redaksiyasında isə 2 şərt nəzərdə tutulurdu: mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda mülkiaviasiya uçuş heyətində çalışanlar üçün ümumi sığorta stajının hesablanmasını onların uçuş saatlarına əsasən müəyyən edilmişdir. İddiaçının hazırkı tələblə iş yeri tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə iddiaçı 4714 saat 50 dəqiqə uçuş saatına malikdir. Belə olan halda göstərilən tarixə iddiaçının 25 il stajı tamamlanır. Belə ki: Bortoperator vəzifəsi üzrə -3782 saat 50 dəqiqə:18=210.1:12=17 il 06 ay. Helikopterdəki uçuş saatları-932 saat :10=93.2:12= 7 il 10 ay. Ümumilikdə 7 il 10 ay + 17 il 06 ay = 25 il 04 ay. Həmçinin iş materiallarından məlum olmuşdur ki, iddiaçının cavabdeh iddiaçının pensiya kapitalı ilə bağlı şərti mübahisələndirməmişdir. Məhkəmə cavabdehin iddiaçının işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmadığı barədə dəlilinə münasibətdə aşağıdakıları bildirir. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Göründüyü kimi, qanunverici hava gəmisinin ekipajının təyin edilməsində hava gəmisinin müvafiq sahibi və ya istismarçısına sərbəstlik vermişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.16-cı bəndinə əsasən şəxsin mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlədiyi müddət – bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, işəgötürənin forması bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən olunan arayışın təqdim edilməsi tələb olunur. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş arayışdan müəyyən olunur ki, iddiaçının işlədiyi bortoperatoru vəzifəsi İL-76 T (TD) Hava Gəmisinin 7 (yeddi) nəfərdən ibarət ekipaj üzvlərinə daxildir. Başqa sözlə, hava gəmisinin müvafiq sahibi (yaxud istismarçısı) tərəfindən bortoperator vəzifəsinin hava gəmisinin ekipajına daxil edilməsi təsdiq olunur. Həmçinin yuxarıda sadalanan iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri onun gördüyü işin xarakteristikası və yerinə yetirməli olduğu funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsbit edir. Belə ki, istər İl 76 tipli yük X7 istismar təlimatı, istərsə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri söz birləşməsi göstərilmişdir. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələri hansının uçuş heyət üzvlərinə aid olub-olmaması məsələsini dəqiq şəkildə fiziki şəxslərin işlədikləri işəgötürən müəssisə müəyyən edə bilər. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, İddiaçı xx.xx.2022-ci iildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla nəzərdə tutulmuş şərtlər ödənildiyindən cavabdehin imtinası qanunauyğun sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3669/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3669/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver