Məhkəmə qərarları › İş №2-1(112)-3680/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3680/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3680/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-216350/2023 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun prokurorluq orqanlarında qulluq stajı 17 il 6 aydan az (16 il 3 ay 16 gün (xx.xx.1988-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğundan və qulluğa yaşa görə deyil, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29.2.5-ci maddəsinə əsasən öz arzusuna görə xitam verildiyindən prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona prokurorluq işçisi kimi yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1988-ci ildə Rusiya Federasiyasının Rostov-Don şəhərində yerləşən “M.A.Suslov” adına Rostov Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini bitirdikdən sonra, 1988-ci ilin avqust ayının 8-dən 1993-cü ilin yanvar ayının sonunadək olan dövrdə, X2 rayon prokurorluğunda stajor, müstəntiq və rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmişdir. 1993-cü ilin mart ayının 01dən 2005-ci ilin yanvar ayının 7-dək olan dövrdə Azərbaycan Respublikası Prokurorluğunda, Lənkəran rayon Prokurorluğunun müstəntiqi, Daşkəsən rayon prokurorunun köməkçisi, Gəncə şəhəri Kəpəz rayon prokurorunun köməkçisi, Şəmkir rayon prokurorluğunun müstəntiqi, son 5 il ərzində isə Sabirabad rayon prokurorunun müavini vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixdə xəstəliyilə əlaqədar, yəni səhhətinin zəif olması ilə bağlı öz arzusu ilə prokurorluq orqanlarından xaric edilmişdir. İşlədiyi dövr ərzində dövlət əhəmiyyətli, 04 oktyabr 1994-cü il tarixli, Gəncə şəhərində Dövlət çevrilişinə cəhdlə bağlı İstintaq Qrupunda işləmiş, Dövlətçiliyə sədaqətlə xidmət etmişdir. 01 yanvar 2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. O, cavabdeh təşkilata ərizə ilə müraciət edərək prokurorluq işçisi kimi yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehdən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-216350/2023 saylı məktub almışdır. Həmin imtina məktubu ilə razı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin dairəsi müəyyən edilmişdir. Qeyd edilən qanunun 9.4-cü maddəsində göstərilir ki, “Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən mərhum edilmiş prokurorlu işçiləri istisna olmaqla yaşa görə) yaşa görə əmək pensiya hüququ vardır. Həmin Qanunun 9.4.2-ci maddəsində göstərilir ki, “yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam veribmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri”. O, prokurorluqdan xaric olan ərəfədə prokurorluq orqanlarında fasiləsiz xidmət 25 il, onun yarısı isə 12 il 6 ay kimi müəyyən edilmişdir. Lakin 2019-cu ildə Prokurorluq orqanlarında xidmət keçmə haqqında qanunda dəyişikliklər edilmiş və 25 il 35 illə əvəz edilmişdir. Bu da onun pensiya almaqla bağlı vəziyyətini ağırlaşdırır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iş materialları ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin hazırda qüvvədə olan tələblərinə müvafiq olaraq prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yasa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 06 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində prokurorluq işçisinin prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verildiyi, öz arzpsu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə qulluq keçməsinə xitam verildiyi təsbitedilir. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Qanunun 32.4-cü maddəsinə əsasən, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. İnzibati icraat materiallarında olan məlumatlardan göründüyü kimi İddiaçı prokurorluq orqanlarında qulluq stajı qanunvericiliklə tələb edilən 17 il 06 aydan azdır (16 il 03 ay 16 gün (xx.xx.1988-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər)). Həmçinin İddiaçı prokurorluq orqanlarındakı qulluğuna yaşa görə deyil, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29.2.5-ci maddəsinə əsasən öz arzusuna görə xitam verildiyindən ona prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsində Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edildiyi, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi təsbit edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə müvafiq olaraq prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Pensiya təyinatı altsistemindən əldə edilən məlumatlarla İddiaçı xx.xx.2012-ci il tarixdən əlilliyə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edildiyi və həmin pensiya ödənişinin xx.xx.2021-ci il tarixədək həyata keçirildiyi müəyyən edilir. Göründüyü kimi İddiaçı qanunvericiliklə müəyyən edilən pensiya hüququndan xx.xx.2021-ci il tarixədək istifadə etmişdir. Belə olan halda ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi yalnız xx.xx.2021- ci il tarixdən sonra mümkündür. Belə olan halda Qanunun əvvəlki redaksiyasının tələblərinin tətbig edilməsi, yəni hügugi vəziyyətini yüngülləşdirən hal kimi giymətləndirilməsi mümkün deyildir. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci tarixdə qüvvədə olan redaksiyasına əsasən 25 il ümumi və 12 il 06 ay xüsusi stajın olması deyil, 35 il ümumi və 17 il 06 ay xüsusi stajının olması tələb olunur. Belə olan halda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə istinadən onun hüquqi vəziyyətini yüngülləşdirən qanunun tətbig edilməməsi barədə iddiaçının dəlili əsassız kimi giymətləndirilməlidir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, İddiaçı qanunla tələb edilən 35 il ümumi və 17 il 06 ay güzəştli sosial sığorta stajı olmadığından ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir və məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək X2 rayon prokurorluğunda stajçı, müstəntiq və rayon prokurorunun böyük köməkçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran rayon Prokurorluğunda müstəntiqi, Daşkəsən rayon prokurorunun köməkçisi, Gəncə şəhəri Kəpəz rayon prokurorunun köməkçisi, Şəmkir rayon prokurorluğunda müstəntiq və Sabirabad rayon prokurorunun müavini vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə əsasən öz arzusu ilə xx.xx.2005-ci il tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2-2-10/4/2- 1730/2023 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1993-cü il tarixli 536-1 nömrəli əmri prokurorluq orqanlarına işə qəbul olunaraq müxtəlif vəzifələrdə işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli 09/06-k nömrəli əmri ilə öz arzusu ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə əsasən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prokurorluğu uzunmüddətli xidmətə görə üstəlik haqqında ödənilməsi üçün əmək stajını müəyyən edən Komissiyanın xx.xx.2003-cü il tarixli 187-657 №-li iclas protokoluna əsasən müəyyən edilmişdir ki, İddiaçı Rusiya Federasiya Prokurorluğu orqanlarında xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi 4 il 5 ay 10 gün müddət Azərbaycan Respublikası prokurorluğu orqanlarındakı qulluq illərinə hesablanaraq həmin günə 15 il 22 gün staj müəyyən edilmişdir. Ümumilikdə, İddiaçı prokurorluq orqanlarında 16 il 3 ay 16 gün iş stajı olmuşdur. İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, xx.xx.2023-cü ildə onun 60 yaşı tamam olmuşdur. İddiaçı hazırda ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. İstinad olunan normadan görünür ki, şəxsə prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşından asılı olmayaraq onun azı 35 il prokurorluq orqanlarında qulluq stajı olmalıdır. İddiaçının prokurorluq orqanlarında qulluq stajının 35 ildən az, yəni 16 il 3 ay 16 gün olması işin mübahisəsiz halını təşkil edir. ƏPQ-nin qeyd olunan normasından görünür ki, əgər şəxs prokurorluq orqanlarında 35 ildən az qulluq stajına malikdirsə, ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası aşağıdakı şərtlərin hər biri olduğu halda təyin edilə bilər:

1. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilməli;

2. 35 il və daha çox ümumi iş stajı olmalı;

3. azı 17 il 6 ay prokurorluq orqanlarında qulluq stajı olmalıdır. 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Normanın məzmunundan aydın olur ki, şəxsin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilməsi üçün onun prokurorluq orqanlarında xidmət keçərkən 60 yaşına çatması və bu əsasla qulluğuna xitam verilməsi tələb olunur. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının prokurorluq orqanlarında qulluğuna xx.xx.2005-ci il tarixdə xitam verilmiş, həmin vaxt iddiaçının 42 yaşı olmuşdur. Yəni iddiaçının prokurorluqda qulluq keçməsinə yaşa görə (qulluqda olmasanın son yaş həddi olan 60 yaşa çatmasına görə) deyil, öz arzusuna əsasən xitam verilmişdir. Belə olan halda aydındır ki, iddiaçı 35 ildən az qulluq stajına malik olan prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan ilkin şərti ödəmir. Bu hal isə artıq digər şərtlərin yoxlanılmasını istisna edir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddia ərizəsindən görünür ki, İddiaçı tələbini əsaslandırarkən, ƏPQ-nin 9.4-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad etmiş və onun ümumi iş stajı 25 ildən, qulluq stajı isə 12 il 6 aydan artıq olduğuna görə pensiya hüququnun yarandığını bildirmişdir. Belə ki, ƏPQ-nin xx.xx.2024-cü il tarixədək qüvvədə olan 9.4-cü maddəsinə görə prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi əvvəlki qanunvericilik prokurorluq orqanlarında 25 ildən az qulluq etmiş şəxsə münasibətdə 25 il ümumi və 12 il 6 ay qulluq stajı tələb etsə də, yenə də o halda həmin stajı qəbul etmişdir ki, şəxsin prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilsin. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı bu tələbi ödəmədiyindən, aydın olur ki, qüvvədən düşmüş qanunvericiliyin tətbiq edilməsi belə iddiaçıya prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya prokurorluq işçisi kimi yaşa görə pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar