Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3705/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin "Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsinə əsasən məcburi qaydada ləğv edilməsi” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin "Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsinə əsasən məcburi qaydada ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 2021-ci ilin 2-ci rübü üzrə Mərkəzi Bank tərəfindən xx.xx.2021-ci il tarixində yazılı göstəriş - təqdimat verilmişdir. Təqdimat icra edilmədiyinə görə Cəmiyyətə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli qərarı ilə 3 ay müddətinə dayandırılmışdır. Cəmiyyət tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün Qanunun 107.1.2-ci maddəsinə uyğun olaraq X7 Heyətinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli Qərarı ilə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün Cəmiyyətə verilmiş xx.xx.2013-cü il tarixli, 000969 nömrəli lisenziya ləğv edilmişdir. Cəmiyyətin lisenziyası ləğv edilərkən “Sığorta fəaliyyəti haqqında” Qanunun 102, 103, 106 və 107-ci maddələrinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 22 və 24-cü maddələrinin tələbləri yerinə yetirilmişdir. Qanunun 108.8-ci maddəsinə əsasən müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası həmin Qanunun 107.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edildikdə Mərkəzi Bank lisenziyanın ləğv edilməsi barədə qərarın qəbul edildiyi gündən 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli ərizəsi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmış, lakin iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7739/2022 nömrəli Qərardadına əsasən mümkün sayılmamışdır. X2 Bank tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilən 22 sentyabr 2022-ci il tarixli şikayət İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli, 2-1(103)- 3425/2022 nömrəli Qərardadı ilə təmin edilməmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsində qaldırılmış iddia məhkəmənin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-3032/2023 nömrəli Qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə (Ali Məhkəmə) göndərilməsi barədə xx.xx.2023-cü il tarixli, e-2(006)- 3835/2023 nömrəli Qərardad çıxarılmışdır. Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(102)- 3915/2023 nömrəli Qərarının 27-ci bəndində qeyd olunur ki, hazırkı mübahisə inzibati mübahisədir və mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Ali Məhkəmənin sözügedən Qərarına uyğun olaraq məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmiş iş üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3032/2023 nömrəli Qərardada əsasən iş üzrə icraata xitam verilərək iddiaçıya eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilməsi izah olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-3915/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarı ilə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı “müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi” tələbinə dair işin məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı Kommesiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərarda aşağıdakılar göstərilmişdir; hazırki mübahisə iddiaçının inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsində anlayışı verilən qaydada aparılmış inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, iddiaçı həmin münasibətdə hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirmişdir, bu fəaliyyət ümumi (publik) hüquq sahəsində ictimai idarəetmə ilə bağlı olmuş və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmuşdur, bu da iddiaçının mübahisə üzrə münasibətlərində xüsusi hüququn subyekti kimi iştirakını istisna edir. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarətin həyata keçirilməsi, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan və lisenziyası ləğv edilən hüquqi şəxsin məhkəmə qaydasında məcburi ləğv edilməsi ilə bağlıdır. Mərkəzi Bank hazırkı mübahisədə mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi çıxış etmir, mübahisə sonuncunun publik hüquqi şəxs olaraq yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən də irəli gəlmir. Cavabdehə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya iddiaçı tərəfindən ləğv edilmişdir. İddiaçı cavabdehin lisenziyasını mülki hüquqi öhdəlikləri pozduğu üçün deyil, sonuncu, ümumi hüquqla təsbit olunan vəzifələri yerinə yetirmədiyi üçün “Sığorta fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulan əsaslarla ləğv etmişdir. Müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün şəxsə verilmiş lisenziyanın ləğv edilməsi, maraqlı şəxsi hüququndan məhrum etdiyi üçün, “İnzibati icraat haqqında” Qanunun 2.0.2 və 2.0.11-ci maddələri anlamında əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan sayılır. Mübahisə iddiaçının inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsində anlayışı verilən qaydada aparılmış inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, iddiaçı həmin münasibətdə hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirmişdir, bu fəaliyyət ümumi (publik) hüquq sahəsində ictimai idarəetmə ilə bağlı olmuş və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmuşdur, bu da iddiaçının mübahisə üzrə münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirakını istisna edir Əlavə olaraq hakimlərin qarışıq tərkibi hesab etmişdir ki, hazırki mübahisə inzibati mübahisədir, mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Odur ki, hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
III. İş materiallarında olan sənədlər:
Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehə ünvanladığı 5 aprel 2022-ci il tarixli, 01.16-3-2022-4313 saylı məktubuna əsasən bildirilmişdir ki, X7 Heyətinin 01 aprel 2022-ci il tarixli qərarı ilə cavadehə müstəsna olaraq sığorta agenti fəaliyyətinə verilmiş 23 iyul 2013-cü il tarixli, 000969 nömrəli lisenziya ləğv edilmişdir. Təqdim edilməmiş hesabatla bağlı icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimatda aşağıdakılar göstərilmişdir - “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 93.1-ci maddəsinə əsasən, sığortaçıların hesabatları və məlumatları ilə bağlı bu Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə də şamil edilir. Qanunun 78.2-ci maddəsinə uyğun olaraq sığortaçılar fəaliyyətləri barədə aylıq, rüblük və illik hesabatları, habelə bu Qanunun 78.7-ci maddəsinə uyğun olaraq müvafiq məlumatları bu Qanunda nəzərdə tutulmuş qaydada maliyyə bazarlarına nəzarət orqanına (Mərkəzi Bank) təqdim etməlidirlər. Lakin cavabdeh tərəfindən 2021-ci ilin İİ rüb hesabatı Mərkəzi Banka təqdim edilməmişdir. Hesabatların Qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yaratmaqla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1-ci maddəsinə əsasən sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas olan hallardan biridir. Bununla əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə müvafiq olaraq 31 avqust 2021- ci il tarixdən gec olmayaraq hesabatların Mərkəzi Banka (elektron və ya kağız daşıyıcılarında) təqdim edilməsinin təmin edilməsi məqsədilə cavabdehə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş - Təqdimat verilir. Əlavə olaraq bildirilmişdir ki, bu Təqdimatın icrasının təmin edilməyəcəyi təqdirdə Sizə qarşı qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcəkdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 03 nömrəli, 29 sentyabr 2021-ci il tarixli “Hüquqi və fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsinin dayandırılması haqqında” Qərarına əsasən, bu qərarın əlavəsində göstərilən hüquqi və fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 (üç) ay müddətinə dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il 29 sentyabr tarixli 03 nömrəli Qərarına əlavə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.1-ci maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılan hüquqi və fiziki şəxs olan sığorta agentlərinin siyahısından çıxarışda 26 nömrədə "xxxx" MMC göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 İclasının 11 nömrəli 01 aprel 2022-ci il tarixli protokoluna əsasən, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırmağını nəzərə alaraq, Əlavə 2-də göstərilən 6 nəfər fiziki şəxs olan sığorta agentlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 1 hüquqi şəxsə ("xxxx" MMC) sığorta agenti faəliyyətinə verilmiş lisenziyaların ləğv edilməsi qərara alınmışdır.
IV. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələblərində haqlı hesab edir:
6. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.1. Mərkəzi Bankı publik hüquqi şəxsdir, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır. 46.1. Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir.
7. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli, 1616 nömrəli Sərəncamına əsasən:
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin.
8. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 3.1. İcbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. 4.1. "Sığorta" və "təkrarsığorta" sözlərinin, onlardan törəmiş digər sözlərin, habelə onların digər dillərdəki tərcüməsinin (onların işlədildiyi mətndən həmin sözün müvafiq olaraq sığorta, təkrarsığorta və ya sığorta vasitəçiliyi fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa), "sığorta brokeri", “sığorta agenti” və “sığorta üzrə müstəqil ekspert” sözlərinin, həmçinin onların digər dillərdəki tərcüməsinin isə hər bir halda qeyd olunan fəaliyyət növləri ilə əsas fəaliyyət növü kimi məşğul olmayan şəxslərin öz adında istifadə etməsi qadağandır. 4.2. Sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud bu Qanunda nəzərdə tutulmuş hər hansı növ lisenziya verilməsindən imtina edilmiş hüquqi şəxs, bu barədə Mərkəzi Bankın müvafiq qərarının qəbul edildiyi tarixdən 2 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidir 4.3. Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə Mərkəzi Bankın iddiası əsasında məhkəmənin qərarı ilə məcburi qaydada ləğv olunur. 78.2. Sığortaçılar fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. 93.1. Sığortaçıların hesabat və məlumatları ilə bağlı bu Qanunun 78-ci maddəsinin tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə bu Qanunun 93.2-ci maddəsinin tələbi nəzərə alınmaqla şamil edilir. 102.1. Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin, müstəqil ekspertlərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə Mərkəzi Bank onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir. 102.2. Mərkəzi Bank təqdimat verməklə, sığortaçılardan, aktuarilərdən, müstəqil ekspertlərdən və sığorta vasitəçilərindən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir: 102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini; 102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini; 102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini; 102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini; 103.1. Mərkəzi Bank bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edir: 103.1.4. lisenziyanı ləğv etmək. 106.1. Mərkəzi Bank aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır: 106.1.1. bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanun əsasında verilmiş digər təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi; 107.1. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir: 107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda; 108.8. Sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2- 107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə Mərkəzi Bank lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) Mərkəzi Bankın lisenziyanın ləğv edilməsi haqqında qərarından həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Mərkəzi Bankın bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə Mərkəzi Bank bu Qanunu 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:
44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. 44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. 44.4. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir. 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 92.1. Məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 92.2. Məhdud məsuliyyətli cəmiyyət səhmdar cəmiyyətinə çevrilə bilər.
10. Azərbaycan Respublikasının Mərkəzi Bankımım 43/2 nömrəli, 28 sentyabr 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş: “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”na əsasən:
3.0. Sığorta vasitəçiləri tərəfindən aşağıdakı hesabatlar Mərkəzi Banka təqdim edilir: 3.0.1. Hüquqi şəxs olan sığorta brokeri tərəfindən: 3.0.1.1. Hüquqi şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB1) – 1 nömrəli əlavə; 3.0.1.2. Hüquqi şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB2) – 2 nömrəli əlavə; 3.0.1.3. Hüquqi şəxs olan sığorta brokerinin struktur və bəzi göstəriciləri haqqında hesabat (Forma №HB3) – 3 nömrəli əlavə; 3.0.1.4. Hüquqi şəxs olan sığorta brokerinin işlərinin aparılması xərcləri haqqında hesabat (Forma №HB4) – 4 nömrəli əlavə. 3.0.2. Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən “Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA1)” – 5 nömrəli əlavə. 4.1. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müvafiq olaraq bu Qaydanın 3.0.1-ci və 3.0.2-ci yarımbəndlərində göstərilən hesabatları rüblük və illik əsasda təqdim etməlidirlər. 4.2. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində, illik hesabat isə təqvim ili başa çatdıqdan sonra 90 gün müddətində sığorta vasitəçisinin rəhbərinin və baş mühasibinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, publik hüquqi şəxs olan iddiaçı Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimləməsini və fəaliyyətləri üzərində nəzərində həyata keçirir. Mübahisə tərəflərindən iddiaçı publik hüquqi şəxs, cavabdeh isə hüquqi şəxsdir. Cavabdeh müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldur. Sığorta agenti dedikdə, müştərilərə müxtəlif məhsulları təklif edən, onların ehtiyaclarına uyğun nəticələr təqdim edən və sığorta müqavilələrini həyata keçirən peşəkar nəzərdə tutulur. Lisenziya hüquqi şəxsin müəyyən bir sahədə fəaliyyət göstərməsi üçün ona verilən icazədir. Lisenziyanın ləğv edilməsi, həmin hüquqi şəxsin artıq öz fəaliyyətinin həyata keçirə bilməməsidir. Sığorta fəaliyyəti ilə məşğul olan cəmiyyətlərin Mərkəzi Bank üzərinə bir sıra vəzifələri vardır ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş maliyyə təhlükəsizliyi standartlarına riayət etmək, müvafiq maliyyə hesabatlarını mərkəzi bankın tələblərinə uyğun olaraq vaxtında təqdim etmək, sığorta risklərinin qiymətləndirilməsi və idarə edilməsi üçün mərkəzi bankın müəyyən etdiyi prinsiplərə əmək etmək, mərkəzi bankın təsdiqlədiyi nizamnamə və qaydalara uyğun fəaliyyət göstərmək və.s. Hazırki mübahisə ilə bağlı iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 2021-ci ilin 2-ci rübü üzrə Mərkəzi Bank tərəfindən xx.xx.2021-ci il tarixində yazılı göstəriş - təqdimat verilmiş, Təqdimat icra edilmədiyinə görə Cəmiyyətə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli qərarı ilə 3 ay müddətinə dayandırılmış və Cəmiyyət tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün Cəmiyyətə verilmiş xx.xx.2013-cü il tarixli, 000969 nömrəli lisenziya ləğv edilmişdir. Mərkəzi Bank tərəfindən 11 nömrəli 01 aprel 2022-ci il tarixli protokol əsasında "xxxx" MMC-yə sığorta agenti faəliyyətinə verilmiş lisenziyanın ləğv edilməsi qərara alınmış, cavabdeh tərəfindən qeyd edilən inzibati akt mübahisələndirilməmiş və inzibati akt qanuni qüvvəsini almışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarından da göründüyü kimi, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Mülki Məcəllə hüquqi şəxslərin fəaliyyətini tənzimləyir, onların ləğvi qaydalarını müəyyən edir və cəmiyyətin könüllü və ya məcburi ləğvi ilə bağlı əsas prinsiplərini nizamlayır. Cəmiyyətin məcburi ləğvi əsasən hüquqi pozuntular, vergi öhdəliklərinin yerinə yetirilməməsi və ya digər səbəblər əsasında həyata keçirilir. Bu fəaliyyət həmçinin hüquqi şəxsin fəaliyyətinin qanunvericiliyə uyğunluğunu təmin etmək məqsədini daşıyır. Məcburi ləğv prosesində bütün hüquqi prosedurlar qanunvericiliyə əsasən yerinə yetirilməli, borclar ödnilməli və aktivlər düzgün şəkildə bölüşdürülməlidir. Lisenziyanın ləğv edilməsi, cəmiyyətin hüquqi statusunun sona çatması və faəliyyətinin dayandırılması ilə nəticələnir. Lisenziyası ləğv edilmiş cəmiyyət artıq qanuni şəkildə fəaliyyət göstərə bilməz və həmin hüquqi şəxs ləğv edilməlidir.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
14. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC "Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsinə əsasən məcburi qaydada ləğv edilməlidir.
15. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC "Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsinə əsasən məcburi qaydada ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova