Məhkəmə qərarları › İş №2-1(112)-372/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-372/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-372/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2675/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-9032/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-372/2023 saylı 01 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cavabdeh İsmayıllı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-372/2023 saylı 29 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İsmayıllı Bələdiyyəsinin icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmiş və iddiaçıya bildiriş göndərilmişdir. Həmin qərar qanunsuz və əsassız hesab edilir. Belə ki, icra sənədində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə olmuş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr nəticəsində Bələdiyyənin pulun tutulması ilə bağlı iddiası rədd edilmişdir. Lakin icarə haqqının tutulması ilə bağlı Bələdiyyə inzibati akt qəbul edib icra şöbəsinə göndərmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi 2-1(103)- 2675/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadında qeyd etmişdir ki, iddiaçının qaldırdığı iddia inzibati iddia növünə aiddr. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraata başlamaq haqqında 16 iyul 2021-ci il tarixli qərarı ilə İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin 1.1 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İcra sənədində qeyd olunmuşdur ki, icra sənədi üzrə borclu Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsindən 82.500 manat tutularq tələbkar İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin xeyrinə ödənilməlidir. Şəki İnzibati Məhkəməsinin 11 avqust 2023- cü il tarixli 2-1(116)-172/2023 saylı sorğuya cavab məktubu ilə bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin cavabdeh İsmayıllı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 172/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir və qərar qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “İcra haqqında” Qanunun: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. “İcra məmurları haqqında” Qanunun:

1. İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.

7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: - icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür Qanunvericiliyin tələbi ilə də müəyyən edilir ki, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədidir və icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Qeyd olunan maddənin tələbinə uyğun olmadığı təqdirdə isə icra məmurunun icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarmaq səlahiyyəti mövcuddur. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarı mübahisələndirir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarını rəhbər tutaraq, İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin 1.1 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamış və icraata qəbul etmişdir. Baxmayaraq ki, cavabdeh icra sənədinin icraata qəbul edilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmasa belə, hazırki mərhələdə həmin aktın ləğv edilməsi zəruridir. Belə ki, icraata başlamaq haqqında qərardan da göründüyü kimi qərarın qəbul edilməsinə əsas İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin 1.1 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi (qərar) təşkil edir. Nəzərə alınmalıdır ki, həmin bələdiyyə qərarı icraya göndərildiyi vaxtda qüvvədə olsa belə, sonradan həmin qərar hazırki iddiaçı tərəfindən inzibati icraat qaydasında mübahisələndirilmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Qeyd olunmalıdır ki, bələdiyyə qərarının ləğv edilməsi ilə bağlı məhkəmə qərarı mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdeh tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsinin əsasında duran icra sənədi, yəni bələdiyyə qərarı məhkəmə qaydasında ləğv edilmişdir ki, hazırki halda icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas yaranır. Odur ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar