Məhkəmə qərarları › İş №2-1(112)-3738/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3738/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3738/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvanlı dövlət sosial yardımının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuş və uşağı X5 onun himayəsində saxlanılmış, 220 manat aliment müəyyən edilmişdir. O bir müddət atası evində, sonra isə qohumu evində yaşamağa başlamışdır. Ünvanlı dövlət sosial yardımının verilməsi üçün müraciət etsə də təmin edilməmişdir. Ünvana baxış keçirilən zaman otağın birinin açarı onda olmadığına görə baxış keçirilə bilməmişdir. Daha sonra yenidən müraciət etmiş və yenə də maddi məişət şəraitinin yoxlanılmasına şərait yaradılmaması əsası ilə imtina olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********47701 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciət VEMTAS tərəfindən araşdırılarkən "xxxx" QSC-nin təqdim etdiyi məlumata əsasən daxil olunan abonent kodunda uyğunsuzluq aşkar edildiyindən elektron sistem sözügedən müraciətə imtina cavabı vermişdir. İddiaçı sosial ardımın alınması ilə bağlı qeyd edilən imtina elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi (VEMTAS) tərəfindən verilmişdir. Təmsilçiyə VEMTAS tərəfindən imtina verilməməsi ona təyinat aparılması anlamına gəlmir. Belə ki, VEMTAS daxil edilən məlumatlarda heç uyğunsuzluq aşkar etməsə belə, maddiməişət şəraitinin müayinəsinin keçirilməsinə tapşırıq verir. Bundan başqa iddiaçının xx.xx.2023-cü il tarixli **********47702 nömrəli müraciəti zamanı VEMTAS tərəfindən araşdırma aparıldıqdan sonra heç bir uyğunsuzluq aşkar edilməmiş və maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi üçün tapşırıq göndərilmişdir. Daxil olan ikinci müraciətin araşdırılması məqsədilə ünvana gəlmiş əməkdaşlar tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən təmsilçi mənzilin qohumlarına aid olduğunu heç bir ödəniş etədən burada yaşadığını bildirmişdir. Müayinə zamanı mənzilin bir otağı bağlı olmuş və baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Beləliklə maddi-məişət şəraitinin müayinəsinin tam olaraq həyata keçirilib başa çatdırılmasına şərait yaradılmadığından daxil olan müraciətə imtina cavabı verilmişdir. Qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlmanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması və ya maneçilik törədilməsi imtina əsasıdır. Əlavə olaraq iddiaçının xx.xx.2023-cü il tarixli **********147703 nömrəli müraciəti zamanı maddi-məişət şəraitinin müayinəsi məqsədilə ərizə-bəyannamədə qeyd olunan ünvana gəlinsə də, təmsilçi İddiaçı əməkdaşlar tərəfindən maddi-məişət şəraitinin yoxlanılmasına razılıq verməmiş və imtina veriləcəyini bildiyi halda bununla razılaşmış, əməkdaşların mənzilə daxil olmasına razı olmayaraq buna səbəb kimi keçmiş həyat yoldaşı ilə barışdığını və artıq ailə tərkibinin dəyişdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən maddi-məişət şəraitinin müayinəsinə razılıq verilməməsi eyni zamanda ünvanda olmuş əməkdaşların mənzilə daxil olub razılıq verilməmənin nəticələrinə dair izah verilməsinə belə imkan yaratmamışdır. Ona imtina veriləcəyini bildiyini və buna razı olduğunu bildirmişdir. Buradan bir daha məlum olur ki, iddiaçının maddi-məişət şəraitinin müayinəsinə razılıq verməməsi bundan əvvəlki müayinə zamanı bir otağın bağlı olması səbəbilə müayinənin başa çatdırılmasına imkan yaratmaması hər hansı ünvanlı sosial yardımın təyinr olunmasına təsir edəcək şəxsi səbəblər üzündən olmuşdur. İşin əlavə araşdırılması zamanı iddiaçı tərəfindən yaşadığı mənzilin qohumlarına məxsus olduğu və burada ödəniş edilmədən yaşadığı bildirilsə də, mənzildə olan qaz və işıq abonent kodlarının iddiaçının qayınatası X4 adına qeydiyyatda olması aşkar edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən göründüyü kimi verilən imtinalar qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, imtina məktubunun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin hallarından görünür ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə bir neçə dəfə müraciət etmiş, verilmiş imtina cavabları mübahisələndirilməmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı iddiaçının maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən halın məhkəmə araşdırması zamanı, maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə (disk daşıyıcıda iş materialalrına əlavə edilmişdir.) baxış keçirilmiş və həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılmasına iddiaçı razılıq verməmişdir) təsdiqini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.https://e-qanun.az/framework/32084 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) X2 Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq VEMTAS-a altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.6. Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.https://e-qanun.az/framework/32084 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı xx.xx.2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. İşin hallarından görünür ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə bir neçə dəfə müraciət etmiş, verilmiş imtina cavabları mübahisələndirilməmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı iddiaçının maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Qeyd edilən halın məhkəmə araşdırması zamanı, maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılmasına iddiaçı razılıq verməmişdir) təsdiqini tapmışdır. Ünvanlı dövlət sosial yardımın təyin və imtina olunması əsasları “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə tənzimlənmişdir. Qaydaların 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Qaydalara görə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir. Cavabdeh də maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamasına görə haqlı olaraq sosial yardım təyin olunmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar