Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3743/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinatın verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinatın bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən ona hər ay 190 manat olmaqla 3 ay üçün müavinatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun işsiz kimi qeydiyyata alınmağı və buna müvafiq olaraq C0VİD-19 pandemiyası ilə əlaqədar yardım üçün müraciəti qəbul olunsa da ona sadəcə 2 ay üzrə yardım edilmiş, daha sonra imtina edilmişdir. İmtinaya səbəb kimi onun torpaq mülkiyyətçisi olduğu göstərilmişdir. Lakin bıı hal yalnışdır. O, torpaq mülkiyyətçisi deyildir. Bununla bağlı cavabdehə, o cümlədən Apellyasiya Şurasına müraciətləri nəticəsiz qalmışdır. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin üzərinə 190 manat pandemiya ilə əlaqədar maddi yardımın verilməsi vəzifəsi qoyulmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. 16 noyabr 2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatnı dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və həmin şəxsiyyət vəsiqəsi üzrə elektron məhkəmə portalından çıxarılmış məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildə Şəki şəhərində doğulmuşdur, Xocalı rayonunda qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına ərizə ilə müraciət edərək, 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı **********8 №li 23.11.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. Müraciəti əsasında işsiz kimi qeydiyyata alınmış, lakin İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sisteminin əlavə araşdırmaları nəticəsində onun torpaq mülkiyyətçisi olduğuna görə ona 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Bununla yanaşı, müraciətçiyə izah olunmuşdur ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 işsiz kimi qeydiyyatda olduğunu nəzərə alaraq “Məşğulluq haqqında" Qanuna uyğun olaraq tədbirlər, o cümlədən hal-hazırda DOST İş mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər ona təklif olunur, bununla əlaqədar olaraq 1 saylı Dost Mərkəzinə yaxınlaşa bilər. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********41 №li 23 avqust 2021-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 sentyabr 2021-ci il tarixli **********99 nömrəli məktubunda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********41 №li 23 avqust 2021-ci il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********38 №li 01 noyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, X1 adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 noyabr 2021-ci il tarixli **********93 nömrəli məktubunda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********38 №li 01 noyabr 2021-ci il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 01 sentyabr 2021-ci il tarixli 016-101976-1221 saylı məktubda qeyd olunmuşdur ki, DİN-in Baş X7 idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter-uçot bazasına görə İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli **********028600 №-li məktubunda qeyd olunmuşdur ki, Uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Vergi ödəyicisi 19.04.2018-ci il tarixdə ərizə ilə müraciət edərək fəaliyyətini 19.04.2018-ci il tarixdən 19.04.2023-cü il tarixədək dayandırmışdır. Hal hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı hazırkı tələblə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına ərizə ilə müraciət edərək, 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı **********8 №li 23.11.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. Müraciəti əsasında işsiz kimi qeydiyyata alınması, lakin İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sisteminin əlavə araşdırmaları nəticəsində onun torpaq mülkiyyətçisi olduğuna görə ona 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Bununla yanaşı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 işsiz kimi qeydiyyatda olduğunu nəzərə alaraq “Məşğulluq haqqında" Qanuna uyğun olaraq tədbirlər, o cümlədən halhazırda DOST İş mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər ona təklif olunur, bununla əlaqədar olaraq 1 saylı Dost Mərkəzinə yaxınlaşa bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. İPM-nin 2.2.2-ci maddəsinə görə inzihati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın: 1-1.ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1 -ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il 216 №-li, 7 avqust 2020-ci il 283 №-li və 23 dekabr 2020-ci il 50 №-li Qərarlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsinə qərar verilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 4.1 və 4.1.3-cü maddələrinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. Həmin Qanunun 5.12.1 -ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilən şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Nəzərə alınmalıdır ki, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Qeyd edilməlidir ki, işsiz şəxslərə birdəfəlik ödənişin verilməsi zamanı vətəndaşlarla bağlı məlumatlar müvafiq qaydada digər icra hakimiyyət orqanlarının elektron informasiya sistemlərindən əldə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış və ərizəsinə əsasən fəaliyyətini 19.04.2018-ci il tarixdən 19.04.2023-cü il tarixədək dayandırmışdır. İddiaçı ilə bağlı məlumatlar müvafiq qaydada icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən yoxlanılmış və həmin məlumaatlara əsasən şəxsin mülkiyyətində torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Məhkəmə hesab edir ki, müvafiq icra hakimiyyət orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən iddiaçının torpaq mülkiyyətçisi olduğu müəyyən edildiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2.1 və 2.3.11 -ci yarımbəndlərinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməmiş, bu səbəbdən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır və buna görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya birdəfəlik ödəmənin ödənilməsindən əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3743/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3743/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver