Məhkəmə qərarları › İş №2-1(112)-3791/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3791/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3791/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “borcun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Bakı Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 26 sentyabr tarixli 3-33-1100/2-009275/2023 saylı gömrük borcunun ödənilməsinə dair bildirişin və bildirişlə nəzərdə tutulmuş borcun ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş 26 sentyabr tarixli 3-33-1100/2- 009275/2023 saylı gömrük borcunun ödənilməsinə dair bildirişlə İddiaçı MMC tərəfindən 2021-ci il ərzində gömrük ödənişlərindən yayındığı iddia edilərək, İddiaçı MMC-nin 72996,20 (yetmiş iki min doqquz yüz doxsan altı manat 20 qəpik) borcu olduğu qeyd edilmişdir. Qeyd edilən məktubda aparılmış audit yoxlanılması nəticəsində İddiaçı MMCnin idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı valyuta məzənnəsi səhv göstərilmiş və bu səbəbdən də gömrük ödənişlərindən yayınma halı baş verdiyi iddia edilir. Lakin, bu hallar nə zaman və səbəbə baş verdiyinə dair heç bir məlumat təqdim edilməmişdir. İstənilən gömrük rəsmiləşdirilməsi zamanı valyuta məzənnəsi sistem tərəfindən avtomatik olaraq təyin edilir və hər hansısa bir şəxsin bu məzənnəyə müdaxilə etmək imkanı belə yoxdur. Belə olan halda, hesablanmış bütün gömrük xərcləri tərəflərindən ödənilmişdir. İddiaçı MMC olaraq yalnız 2021-ci il deyil cəmiyyətin fəaliyyətinin bütün dövrü ərzində öz fəsliyyətini tam şəffaf və qanunayğun şəkildə aparmışıdır. Tələb edilən bütün rüsum və vergilər hər zaman tərəflərindən tam şəkildə ödənilmişdir. Bakı Baş Gömrük Komitəsinin qeyd edilən bildirişi qanuna zidd və absurd olması ilə yanaşı, İddiaçı MMC-nin işgüzar nüfüzuna xələl gətirə biləcək gömrük ödənişlərindən yayınmaqda ittiham edir. Hesab edirlər ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış borc əsassız və qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-33-1100/2-011337/2023 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, İddiaçı MMC-nin ünvanına 2021-ci və 2022-ci ildə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində valyuta məzənnəsi səhv göstərilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi müəyyən olunmuşdur. Nəticədə, iddiaçı tərəfindən dövlət büdcəsinə 160.00 AZN gömrük yığımları, 22836.93 AZN idxal gömrük rüsumu, 30638.86 AZN əlavə dəyər vergisi və 19360.41 AZN dəbbə pulu olmaqla, ümumilikdə 72996.20 AZN məbləğində dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərinin ödənilmədiyi aşkarlanmışdır. Aparılmış yoxlamanın nəticələrinin aradan qaldırılması məqsədilə, 160 00 AZN gömrük yığımları, 22836.93 AZN idxal gömrük rüsumu, 30638.86 AZN əlavə dəyər vergisi və 19360.41 AZN dəbbə pulu olmaqla, ümumilikdə 72996.20 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi və ödənişləri təsdiq edən sənədlərin Bakı Baş Gömrük idarəsinə təqdim edilməsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-33-1100/2- 009275/2023 nömrəli bildiriş göndərilmişdir. Gömrük borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən qeyd edilən xidmət tərəfindən hesablandığından cavabdehin hesablama ilə bağlı hər hansı bir qərarı yoxdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Hesab edirlər ki, gömrük borcu əsaslı şəkildə hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********442600 №-li çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2005-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsilə dövlət qeydiyyata alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı AZ1010, ünvan 1əmsilçisi X3 qeyd olunmuşdur. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-1100/2-009275/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin ünvanına 2021-ci ildə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində valyuta məzənnəsi səhv göstərilməklə gömrük rəsmiləşdirilməsi həyat; keçirilmişdir. Bununla da, dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindəı yayınma halı baş vermişdir. Aparılmış audit yoxlamasının nəticələrinin aradan qaldırılması məqsədilə, qeyı edilən gömrük bəyannamələri üzrə 160.00 AZN gömrük yığımları, 22836.93 AZN idxal gömrü rüsumu, 30638.86 AZN əlavə dəyər vergisi və 19360.41 AZN dəbbə pulu olmaqla, ümumilikdə 72996.20 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməs və ödənişləri təsdiq edən sənədlərin Bakı Baş Gömrük İdarəsinə təqdim edilməsi müəssisədən xahiş olunmuşdur. Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarını dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olarac ödəyicinin bank hesablarından tutulur. Qeyd edilən gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun ödənişləri tərəflərindən həyata keçirilmədiyi təqdirdə, İddiaçı MMC-nin bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacaqdır. Yuxarıda qeyd edilənlərlə əlaqədar yarana biləcək suallar olduğu təqdirdə, Bakı Baş Gömrük İdarəsinin Xidmətin Təşkili Şöbəsinə müraciət etmək hüquqları izah olunmuşdur. Məktuba əlavə olunmuş Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 681 №li “Gömrük borcunun ödənilməsinə dair Bildiriş”dən müəyyən olunur ki, sonuncuya xx.xx.2023-cü il tarixinə təsnifatı aşağıda göstərilən əlavə dəyər vergisi üzrə - 30638,86 manat, gömrük rüsumları üzrə - 22836,93 manat, dəbbə pulu üzrə 19360,41 manat, gömrük yığımları üzrə 160,00 manat olmaqla ümumillikdə 72996,20 manat borcunun olduğunu bildirilmiş və və borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-23-3/2-93/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 10 oktyabr 2022-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N- 120 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının və ödənişinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı Bakı Baş Gömrük idarəsi tərəfindən 2021-ci il və 2022-ci ilin yanvar - iyul ayları ərzində gömrük bəyannamələrində malların invoys dəyərini müəyyən edən valyutanın düzgün bəyan edilməməsi və saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair bəyannamələrin “Valyuta məzənnəsi” qrafasında qeyd olunmuş məzənnəyə uyğun şərti hesablanmış gömrük ödənişlərinin növbəti gömrük proseduru seçilərkən nəzərə alınmaması səbəbindən düzgün müəyyən edilməmiş gömrük dəyərinə görə dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərinin az hesablanması halları aşkar edilmişdir. Yoxlama komissiyasının üzvləri tərəfindən Bakı Baş Gömrük İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə qeyd olunan nöqsanlar sənədləşdirilmiş, yoxlamanın nəticəsi 03 mart 2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və Bakı Baş Gömrük İdarəsinin işçiləri tərəfindən hər hansı irad bildirilməmişdir. Yoxlama aktı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilmiş, bir nüsxəsi Bakı Baş Gömrük idarəsinə təqdim edilmişdir. Göstərilənləri, habelə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının yoxlanılmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş sənəd və məlumatlar üzrə aparıldığının və həmin sənədlərin X8 Xidmətində olmadığının nəzərə alınmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən gömrük borcunun ödənilməsi barədə bildirişi və məktubu iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda ləğv olunması tələb olunan bildiriş adından göründüyü kimi gömrük borcunun ödənilməsinə dair bildiriş, məlumat xarakteri daşıyan, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Başqa sözlə, sözügedən bildiriş və onun məktubu iddiaçı üçün hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənədin ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan bildirişə münasibətdə iddia mümkün sayıla bilməz. Hesablanmış borcun silinməsi tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, borcun tutulması ilə bağlı qərar - inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun; 81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. 81.3. İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Gömrük Məcəlləsindən: 92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər. 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət olunmasının yoxlanılması 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. 1.0.17. gömrük ödənişləri– bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3.Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur Gömrük Məcəlləsinin “Gömrük borclarının alınması və məsuliyyət tədbirləri”ni tənzimləyən: -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Məhkəmə qeyd edir ki, cavabdeh qurum gömrük bəyannaməsi üzrə gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir. Digər tərəfdən, dəbbə pulu gömrük borcu (gömrük ödənişi) olmamaqla və gömrük borcu ilə ilə eyni vaxtda ödənilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, gömrük borcunun ödənilməsi barədə iddiaçıya bildiriş təqdim edilmiş, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulması kimi). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmamış və keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz. X11 Məhkəməsinin presedent hüququna əsasən: - “Mübahisə” sözü (Fransız dilində “contestation”) formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X10rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). - “Mübahisə” real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). - Mülki “hüquq”un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X9rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). - Məhkəmə yerli qanunvericiliyə əsasən “ictimai hüquq” sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi “contestations sur (des) droits et obligations de caractère sivil” nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki “... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, müvafiq hesablamaya dair bildiriş inzibati akt hesab olunsa belə, iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, iddiaçıya hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamış, yalnız borc barədə bildiriş göndərilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar