Məhkəmə qərarları › İş №2-1(112)-3795/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3795/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3795/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASC tərəfindən hesab sahibi İddiaçı "xxxx" ASC-də olan bank hesabından akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilmiş ümumilikdə 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğində pul vəsaitinin hesab sahibi İddiaçı həmin bank hesabına geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş, etibarlılıq müddəti xx.xx.2023-cü il tarixinədək olan MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayan İddiaçı "xxxx" ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürmüşdür. Daha sonra "xxxx" ASC tərəfindən bank hesabının sahibinə verilmiş müvafiq məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli **********039300 saylı məktubunu nəzərə alaraq "xxxx" ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 maddəsində göstərilən ödənişləri həyata keçirən yerli bank, Azərbaycan mənbəyindən gəlirə aid edilməyən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən həmin məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borclu olduğunu nəzərə alaraq, vəsaitlər köçürülən zaman bu barədə məlumat vermədən 2022-ci ilin mart ayında ödənilmiş vəsaitdən 10 faiz dərəcə ilə vergi tutaraq İddiaçı "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğdə vəsaiti silərək dövlət büdcəsinə köçürmüşdür. Qeyd edilmişdir ki, "xxxx" ASC qanunvericiliyin tələbini pozmaqla Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibinə məlumat vermədən onun "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğdə vəsaiti silərək dövlət büdcəsinə köçürmüşdür. Qeyd olunan məbləğdə pul vəsaitin İddiaçı "xxxx" ASC-də olan bank hesabından silinərək dövlət büdcəsinə köçürülməsini qanunsuz və əsassız hesab etdiklərindən bu məsələ ilə bağlı bir neçə dəfə "xxxx" ASC-yə müraciətlər etmiş, həmin müraciətləri nəticəsiz qaldığından, sözügedən problemin araşdırılaraq həll edilməsi, 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğdə pul vəsaitinin hesab sahibinin bu barədə məlumatı olmadan akseptsiz qaydada onun bank hesabından "xxxx" ASC tərəfindən silinərək dövlət büdcəsinə köçürülməsini qanunsuz və əsassız hesab etdiyimizdən həmin pul vəsaitinin İddiaçı "xxxx" ASC-də olan bank hesabına geri qaytarılmasına dair ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişidirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin müraciətə verilmiş xx.xx.2022-ci il tarixli **********128500 saylı cavab məktubunda qeyd edilmişdir ki, "Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmçinin, həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədi ilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə dənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin qeyd olunan maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənərda aparılması halında tətbiq edilir. Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1 -ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Müraciətdə qeyd olunan ödənişlərdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə əsasən verginin tutulmaması ilə bağlı bildirilir ki, sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Bildirilmişdir ki, İddiaçı “Paşa Bank" ASC-də olan bank hesabından ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitin silinərək dövlət büdcəsinə ödənilməsi qanunsuz və əsassızdır. Belə ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “PAŞA Bank" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********039300 saylı məktubda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişləri həyata keçirən yerli bank, Azərbaycan mənbəyindən gəlirə aid edilməyən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən həmin Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borcludur. Qeyd olunanlardan belə başa düşülür ki, “PAŞA Bank“ ASC vergi agenti qismində çıxış etdiyi səbəbdən Vergi Məcəlləsinin 13.2.6.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə məlumatı ödənişdən əvvəl hesab sahibinə bildirməli idi. Onu da qeyd etmişlərdir ki, İddiaçı “Paşa Bank“ ASC-də olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitləri Azərbaycan mənbəyindən əldə edilməmişdir, həmin pul vəsaitləri xarici ölkələrdə olan hesablardan daxil olmuşdur. Belə ki, bu faktı İddiaçı adına "xxxx" ASC-də olan hesab dövriyyəsini əldə etməklə təsdiqləmək mümkündür. Beləliklə də "xxxx" ASC tərəfindən fiziki şəxs İddiaçı həmin bankda olan bank hesabından 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğində pul vəsaitini akseptsiz qaydada silməklə dövlət büdcəsinə ödənilməsi halını Vergi Məcəlləsinin yuxarıda qeyd etdikləri maddələrinin tələblərinə cavab vermədiyindən qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinin müddəalarına istinad edərək, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bildiyini qeyd etmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verildiyi 34.3-cü maddədə qeyd olunmuşdur. Qeyd olunduğu kimi, inzibati Prosessual Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə iddiaçının öz iddia tələbini İPM-in 34.1-ci maddəsində göstərilən öhdəliyin icrası haqqında iddia növünə aid etdiyini nəzərə alaraq qeyd etməliyik ki, iddiaçı həmin iddia tələbi ilə cavabdeh qismində göstərdiyi Dövlət Vergi Xidmətinə qarşı mübahisə qaldırması prosessual normaların pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi və ödəmə mənbəyindən tutulmuş 360.446,45 manat məbləğində pul vəsaiti iddia ərizəsində də qeyd olunduğu kimi vergi agenti qismində çıxış edən bank tərəfindən tutularaq dövlət büdcəsinə ödənilmişdir. Başqa sözlə desək, həmin əməliyyat üzrə vergi hüquq münasibətləri bank və vergi ödəyicisi arasında yarandığından İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququ olmamışdır. İddaçı bu cür iddia tələbi ilə yalnız vergi agentinə, yəni banka qarşı çıxış edə bilərdi. Ancaq iddia ərizəsinin dəlillərində iddiaçı "xxxx" ASC tərəfindən ona aid bank hesabından akseptsiz qaydada 360.446,45 manat məbləğində pul vəsaitinin silinərək dövlət büdcəsinə ödənildiyini və "xxxx" ASC-nin həmin əməliyyat üzrə vergi agenti qismində çıxış etdiyini qeyd etsə də həmin bank idarəsinə qarşı hər hansı iddia tələbi ilə çıxış etməmişdir. Halbuki eyni iddia ərizəsində cavabdeh qismində göstərilən vergi orqanının hansı hərəkətləri və ya hərəkətsizliyi iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı aydın ifadə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verən inzibati orqan seçildikdə iddiaçı həmin hərəkətlərin nədən ibarət olmasını aydın ifadə etməli, həmin hərəkətlərə dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Həmçinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 35-ci və 47.2-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabı vasitəsi ilə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 manat məbləğində olan vəsaiti Lixtenşteyndə olan bank hesabına köçürmüşdür. Sözügedən əməliyyat üzrə ödənilmiş vəsaitdən 10 faiz, yəni 360,446.45 manat həcmində ödəmə mənbəyində vergi Bank tərəfindən hesablanaraq dövlət büdcəsinə köçürülmüşdür. Hazırkı iddiasında iddiaçı "xxxx" ASC-də olan hesabı vasitəsilə ödədiyi vəsaitin özünəməxsus nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürdüyünü, həmin vəsaitlərin Azərbaycan mənbəyindən əldə edilmədiyini iddia edərək dövlət büdcəsinə ödənilmiş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını tələb edir. Vergi Məcəlləsinin: -17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. -17.2-ci maddəsinə əsasən vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. -17.3-cü maddəsinə görə vergi agenti: 17.3.1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə; (......) borcludur. -125-1-ci maddəsinə görə bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. -150.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: -150.1.16. vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru (...). -150.3-6-cı maddəsinə görə bu Məcəllənin 150.1.15-ci və 150.1.16-cı maddələrində göstərilən şəxslər bu Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa, hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar. Sadalanan normalardan görünür ki, ödəmə mənbəyində tutulan vergilər vergi agenti tərəfindən müvafiq gəlirlərdən xərclər nəzərə alınmadan ödəmə mənbəyində vergiyə cəlb olunma mexanizmidir. Mövcud qanunvericiliyə əsasən ödəmə mənbəyində vergitutma zamanı vergilər bilavasitə gəlir əldə edən şəxs (vergi ödəyicisi) tərəfindən deyil, bu gəliri ödəyən, Vergi Məcəlləsi ilə müəyyən olunan hallarda və qaydada üzərlərinə vergi agenti vəzifələri qoyulan və artıq vergi orqanlarında qeydiyyatda olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən tutulur, bəyan edilir və büdcəyə ödənilir. 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərin Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişləri həyata keçirən yerli bank Azərbaycan mənbəyindən gəlirə aid edilməyən Məcəllənin 13.2.16.14-1-ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna olmaqla digər ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablayan və büdcəyə ödəyən vergi agenti qismində çıxış edir. Dolayısı ilə bank əməliyyatı üzrə iddiaçı tərəfindən ödənilmiş vəsaitdən Vergi Məcəlləsinin 13.2.16.14-1, 125-1-ci maddələrini bilavasitə tətbiq edərək 10 faiz məbləğində ödəmə mənbəyində vergini hesablayıb dövlət büdcəsinə ödəyən yerli bank olduğundan ödənilmiş verginin büdcədən qaytarılması vəzifəsi vergi orqanından tələb edilə bilməz. Qeyd edildiyi kimi hazırkı iş üzrə vergi orqanı tərəfindən iddiaçıya münasibətdə hər hansı vergitutma əməliyyatı həyata keçirilməmiş, inzibati orqan tərəfindən verginin iddiaçının bank hesabından silinməsi baş verməmişdir. İddiaçının və bankın müraciətlərinə vergi orqanının verdiyi cavablar yalnız vergi qanunvericiliyinin tələblərinin izah edilməsi ilə bağlı mülahizələrdir və heç bir halda nə iddiaçının, nə də vergi agentinin yerinə vergi orqanının verginin tutulmasına dair aktiv hərəkəti kimi qiymətləndirilə bilməz və nəticə etibarı ilə vergi orqanının etmədiyi vergitutma əməliyyatına görə məsuliyyəti, o cümlədən büdcəyə ödənilmiş verginin geri qaytarılması öhdəliyi müəyyən edilə bilməz. Sözügedən bank əməliyyatı üzrə vergi hüquq münasibətləri bilavasitə iddiaçı ilə bank arasında yaranmış, iddiaçı əsassız tutulduğunu iddia etdiyi vergi ilə bağlı vergi agentinə qarşı müvafiq tələblə çıxış etmək imkanı olduğu halda inzibati orqana qarşı inzibati məhkəmə icraatında hazırkı iddianı qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar