Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3805/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19, üçüncü şəxs İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndəsi X13 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraaatınaa cəlb olunmaqla “reyestrdən çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 6/8 ünvanında yerləşən 2A №li mənzilə dair çıxarışın və plan ölçünün faktiki sahəyə uyğun olaraq tərtib olunması və hüquqlarının daşınmaz əmlakın əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilə dair çıxarışı 14.04.2021-ci il tarixdə almışdır. Həmin mənzilə dair texniki pasport təqdim edilmişdir. Bundan əlavə evin çıxarışı ona təqdim olunarkən evin sahəsinin 17,8 kv. metr daha az olması öz əksini tapmışdır. Həmin mənzilə dair sonradan hər hansı bir tikini işləri aparılmamışdır. Bundan əlavə həmin mənzil “İçəri Şəhər” Dövlət Qoruq İdarəsində qeydiyyatdadır. Tikinti işləri və təmir işlərinin aparılması həmin qoruğun rəsmi icazəsi ilə aparılır. Sahənin özəlləşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə 16.09.2021-ci il tarixdə müraciət olunmuşdur. Həmin müraciətə 24.09.2021-ci il tarixli **********57 nömrəli məktubla imtina verilmişdir. Həmin imtina məktubunu 11.11.2021-ci ildə cavabdeh inzibati orqanın inzibati binasında rəsmi imza etməklə qəbul edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-3805/2022 saylı 17.01.2022-ci il tarixli qərardadı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya dair **********98 №li 05.01.2022-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 45,5 kv. metr olaraq qeydiyyata alınmışdır. Lakin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən mənzilin faktiki olaraq 17,8 kv. metr əlavə sahəsinin istifadə olunduğu müəyyən edilmişdir. Qeyd edilən əlavə sahəyə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya **********57 qeydiyyat nömrəli 24.09.2021-ci il tarixli məktub ünvanlanmışdır. İlkin olaraq müvafiq mənzil üzərində X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman hüquqmüəyyənedici sənədlər arasında olan Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12.03.1999-cu il tarixli 304 nömrəli sərəncamda və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfində verilmiş 04/11/96/İ-16 saylı, 31.07.2019-cu il tarixli məkubda 2 otaqlı otaqlı mənzilin sahəsinin 24 kv. metr olduğu, lakin mənzilə texniki baxış zamanı mənzilin ümumi sahəsinin 64.1 kv. metr, yaşayış sahəsinin isə 42.7 kv. metr olduğu müəyyən edilmişdir. Bununla bağlı İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinə sorğu göndərilmiş və İdarəyə ünvanlanan 05/11/126/İ-16/1 /D0-11 nömrəli 09.10.2019-cu il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan sahədən əlavə olan sahələrə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, sözügedən ünvandakı əlavə sahələr zəbt olunmuş sahə kimi hesab edilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.2021-ci il tarixli 150 nömrəli qərarının 3.1 -ci bəndinə əsasən zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur. İddiaçı nümayəndəsi və vəkili Vəkil Nəbi oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X30 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndəsi X20 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus mənzilə dair faktiki vəziyyətinə uyğun dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 29.10.2019-cu il tarixdə ünvan 1 ünvanına dair X9 adına tərtib olunmuş 04/3391 inventar, **********14- 05101-093009 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan texniki pasportda mübahisəli mənzilin yerləşdiyi 1858-ci ildə inşa edilmiş binanın sənəd üzrə torpaq sahəsinin 0.04647 ha, faktiki sahə 0.04647 ha, tikinti altı sahə 0.04647 ha; mənzilin ümumi sahəsi 45,5 kv. metr, yaşayış sahəsi 24,1 kv. metr təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 6/8 saylı evin, 2A saylı mənzili (ümumi sahəsi 45.50 kv. metr) 14.04.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İddiaçı hazırkı tələblə bağlı 16.09.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 6/8, mənzil 2A mənzilin faktiki sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********57 №li 24.09.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 45,5 kv. metr kimi qeydiyyata alınmışdır. Lakin idarənin mütəxssisləri tərəfindən ünvana baxış keçirilən zaman qeyd edilən mənzilin faktiki olaraq 17.8 kv. metr əlavə sahəsi olmaqla istifadə olunduğu müəyyən edilmişdir. Qeyd edilən əlavə sahəyə hüquqmüəyyənedici sənədlərin təqdim olunacağı təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxıla bilər. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********19 saylı 21.01.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı səndlərdən: - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 304 nömrəli 12 mart 1999-cu il tarixli sərəncamında göstərilmişdir ki, vətəndaş M.İsrafilova 5 nəfər ailə üzvü ilə 1988-ci ildən Asəf Zeynallı küçəsi, 6/8 nömrəli evin 2 nömrəli xidməti mənzilində yaşayır. O, 13 ildən artıq bir müddətdə “Qoruq” Mİİ-də süpürgəçi işlədiyinin nəzərə alınaraq ona daimi order verilməsini xahiş etmişdir. Qeyd olunan sərəncamla: Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının 03 iyun 1998-ci il tarixli (pr. №16) rəyinin təsdiq edilməsi və Asəf Zeynallı küçəsi, 6/8 nömrəli evin 2 nömrəli mənzilinin xidməti yaşayış sahəsi sırasından çıxarılması; Vətəndaş M.İsrafilovaya 5 nəfər ailə üzvü (X6; X15; X21; X22; X23) ilə Asəf Zeynallı küçəsi, 6/8 nömrəli evin y/sahəsi 24,0 kv. metr olan 2 otaqlı 2 nömrəli mənzilinə orderin verilməsi qərara alınmışdır. - 031653 №-li 19.07.1999-cu il tarixli orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 6/8, mənzil 2 X4 verilmişdir. X1; X14; X21; X22; X16 adları qeyd olunmuşdur. - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən X10 ünvanlanmış 04/11/96/i-16 nömrəli 31 iyul 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətlə əlaqədar olaraq İdarənin mütəxəssisləri qeyd olunan ünvana baxış keirmişlər. ünvan 3, 2 nömrəli mənzilin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsinə etiraz etmirlər. - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi Mənzil-Kommunal və təmir xidmətindən verilmiş 183 nömrəli 07.08.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, X17 Bakı şəhəri, Səbail rayonu, As. Zeynallı küçəsində yerləşən 2 otaqlı 24 kv. metr sahəsi olan ev 6/8, mənzil 2 ünvanında yaşayır. Mənzil özəlləşdirilməyib. X2r. - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən AR ƏMDK yanında Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 05/11/126/İ-16/1/DO- 11 saylı 09.10.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, X3 İdarə tərəfindən verilmiş məktubda göstərilən sahədən əlavə olan sahələrə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Belə ki, sözügedən ünvandakı əlavə sahələr zəbt olunmuş sahə kimi hesab edilir. - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən AR ƏMDK yanında Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış İ-01/05/182 saylı 25.10.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaşa məxsus orderdə qeydiyyat ünvanı Azəf Zeynallı küçəsi 6/8, mənzil 2 olaraq qeyd olunmuşdur. X7 müraciət etdikdə ona həmin mənzilin nömrəsinin təkrar olduğu bildirilmişdir. Tərəflərindən qeyd olunan mənzilə 2a ünvanının verilməsi tövsiyyə olunmuşdur. - ünvan 5 ünvanına dair X9 adına tərtib olunmuş 04/33491 inventar nömrəli 29.10.2019-cu il tarixli **********14-05101-093009 inventar nömrəli Texniki pasportun surətindən müəyyən olunur ki, binanın yerləşdiyi torpaq sahəsinin 0.04647 ha, faktiki sahənin 0.04647 ha, tikinti altı sahənin 0.04647 ha; mənzilin ümumi sahəsinin 45.5 kv. metr, yaşayış sahəsinin 24,1 kv. metr təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 6/8 saylı evin , 2A saylı mənzil (ümumi sahəsi 45.50 kv.m) 29.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə X9 adına qeydə alınmışdır. 12.04.2021-ci il tarixli alqı satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 6/8, ünvanında yerləşən ümumi sahəsi 45,5 kv. metr olan 2A saylı mənzili X8 almışdır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 45,5 kv. metr olmaqla iddiaçının adına qeydiyyata alınmışdır. Lakin bununla yanaşı cavabdeh inzibati orqanın mütəxssisləri tərəfindən mübahisəli ünvana baxış keçirilən zaman həmin mənzilin faktiki olaraq 17.8 kv. metr əlavə sahəsi olmaqla istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Hazırda iddiaçı 1858-ci ildə inşa edilmiş binada yerləşən, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus mənzilə aid olan və faktiki istifadəsində və sahibliyində olan 17.8 kv. metr əlavə sahənin də nəzərə alınmaqla Daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydiyyat aparılmasının cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 04/11/96/i-16 nömrəli 31 iyul 2019-cu il tarixli və 05/11/126/İ-16/1/DO-11 saylı 09.10.2019cu il tarixli məktublarından müəyyən olunmuşdur ki, həmin İdarənin mütəxəssisləri tərəfindən mübahisəli mənzilə baxış keçirildikdən sonra, həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsinə etirazlarının olmadığı, İdarə tərəfindən verilmiş məktubda göstərilən sahədən əlavə olan sahələrə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı bildirilmiş, bu zaman mübahisəli mənzildə hər hansı yenidən qurma və ya yenidən planlaşdırma hallarına yol verildiyi müəyyən edilməmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 6/8 ünvanında yerləşən, 14.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış 2A №li mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüquqlarının mənzilin faktiki sahəsinə uyğun olaraq daşınmaz əmlakın əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3805/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3805/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver