Məhkəmə qərarları › İş №2-1(112)-3836/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3836/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3836/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan X2 və X6 cavabdeh AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik hüquqi şəxsə qarşı xx xxxx 2019-cu il tarixli, 1022 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 və X11cavabdeh AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik hüquqi şəxsə qarşı “X3 hazırkı psixiki xəstəliklərinin müəyyən edilməsi üçün Ağcabədi rayon xəstəxanasının poliklinika şöbəsində xx xxx 2002-ci il tarixdə qeydə alınmış “Asteniya ilə nəticələnmiş reaktiv psixoz ” diaqnozu ilə həmin şəxsin eyni poliklinika şöbəsində xx xxxxxxx 2018-ic il tarixdən hazıradək tibbi qeydiyyatda olan “şizofreniya asteniya ilə nəticələnən təkrarlanan reaktiv psixoz” diaqnozuna dair toplanmış tibbi sənədlər əsasında sözügedən psixi xəstənin barəsində, AR SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Səhiyyə şöbəsinin poliklinikasında tibbi qeydiyyatda olan X5 iddiaçıların mərhum qızları X7 2013-cü ilin noyabr ayında məhkəmə qaydasında boşandıqdan sonra, onların birgə nigahından xx xxxxxx 2011-ci il təvəllüdlü qızı Nilufər ananın himayəsinə verilib. Günel Fərhadova xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. Günelin vəfatından sonra Nəvələri Nilufər iddiaçılarla qaldığından, Şuşa rayon İcra Hakimiyyəti başçısının 16 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə nəvələri üzərində qəyyum təyin edilmişlər. Hal-hazırda Ağcabədi rayon məhkəməsində X3 iddiaçılara, yəni X12 və X8qarşı uşaq tələbinə dair mülki işə baxılır. Bu iş üzrə iddiaçı X3 şəxsin psixi xəstəliyinin olmasının müəyyən edilməsi üçün ambulator məhkəmə psixiatrik ekspertizası keçirilmiş və AR SN-nin Məhkəmə psixiatrik mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, 1022 saylı rəy verilmişdir.Həmin rəyin verilməsi üçün E.Ə. Allahverdiyevin ekspertizadan həqiqətən də keçməsinə iddiaçıların əsaslı şübhələri var. Ekspertizanın yeri və vaxtı barədə iddiaçılara məlumat verilməmiş, iddiaçıların iştirakı təmin edilmədən keçirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim edərək bildirmişdir ki, Məhkəmə-X4 xx xxxx 2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının nəticəsinin etibarsız hesab edilməsi üçün nə ekspertiza keçirilən dövrdə, nə də sonradan hər hansı qanunvericiliyin tələbi pozulmamış, ekspert rəyini verən həkim ekspert psixiatr rəyi vermək üçün səlahiyyəti olmuş, həmin rəyin tərtibi zamanı psixiatriya sahəsində olan elmimetodika və yanaşmalara uyğun şəkildə obyektiv , hərtərəfli və dolğun rəy tərtib edilmişdir. Rəydə hər hansı bir çatışmamazlıq, qanunun tələbinə uyğun gəlməyən hər hansı bir hal mövcud olsa idi, ekspertiza keçirilməsi üçün qərardadı qəbul etmiş məhkəmə yuxarıda sadalanan hallarla bağlı AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik hüquqi şəxsə müraciət edə bilərdi. Qeyd edilən hallardan heç biri rəyin tərtibi zamanı və ondan sonra müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; İddia ərizəsindən görünüdüyü kimi, iddiaçıların tələbi ekspertiza rəyinin etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik hüquqi şəxsin xx xxxx 2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyi inzibati akt deyil. İddia ərizəsindən,cavabdehin etirazından, xx xxxx 2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən göründüyü kimi, Ağcabədi rayon məhkəməsinin 2(017)-391/2019 saylı mülki iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardadı əsasında ambulator məhkəmə psixiatrik ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87.2. –ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 102.1.-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2. –ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Beləliklə xx xxxx 2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyi -mülki iş üzrə sübutlardan biri olaraq, tərəflər üçün hüquqi nəticələr yaratmayan xüsusi biliyə malik olan şəxsin –ekspertin qarşısında qoyulmuş sualların izah edilməklə verilən əsaslandırılmış yekun nəticədir. Ekspertiza fəaliyyəti inzibati hüquq sahəsinə aid fəaliyyət olmadığından, ekspertin rəyi də inzibati akt deyil. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir; “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5ci maddəsinə əsasən, məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, qanun ekspertin hərəkətindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 və X6 cavabdeh AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” Publik hüquqi şəxsə qarşı “X3 hazırkı psixiki xəstəliklərinin müəyyən edilməsi üçün Ağcabədi rayon xəstəxanasının poliklinika şöbəsində xx xxx 2002-ci il tarixdə qeydə alınmış “Asteniya ilə nəticələnmiş reaktiv psixoz ” diaqnozu ilə həmin şəxsin eyni poliklinika şöbəsində xx xxxxxxx 2018-ic il tarixdən hazıradək tibbi qeydiyyatda olan “şizofreniya asteniya ilə nəticələnən təkrarlanan reaktiv psixoz” diaqnozuna dair toplanmış tibbi sənədlər əsasında sözügedən psixi xəstənin barəsində, AR SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 1022 saylı ambulator məhkəmə psixiatrik ekspertizanın nəticəsinin etibarsız hesab edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar