Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3870/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 5.01.1957-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 27 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.617,84 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 361,59 manat müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun 1973-cü il tarixindən 1975-ci il tarixədək Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində olan sığorta stajına daxil edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, 1973-cü il tarixindən 1975ci il tarixədək olan dövrü sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 6.05.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “əmək kitabçanızın surətində qeyd olunmuş 1973-cü il tarixindən 1975-ci il tarixinədək olan dövr möhürlə öz təsdiqini tapmadığı üçün sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1973- 1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işləməyi nəzərə alınaraq pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiya təyin edilən zaman onun əmək kitabçasında göstərilmiş 1973-1975-ci illərdə Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi müddət nəzərə alınmamışdır. İlk dəfə cavabdeh həmin qeydin nəzərə alınmamasını qeydlə bağlı əmək kitabçasında möhürün olmaması ilə əsaslandırmışdır. Həmin qeydlə bağlı Qubadlı rayon Təhsil Şöbəsinin möhürü əmək kitabçasına vurulduqdan sonra yenidən cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir ki, bu da cavabdehin müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilir. Həmin imtinanı qanunsuz hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən 6.05.2022-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh 6.05.2022-ci il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, onun xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 27 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.617,84 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 361,59 manat müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun 1973-cü il tarixindən 1975-ci il tarixədək Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində olan dövrü nəzərə alınmayıb. Cavabdeh bunu iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş 1973cü il tarixindən 1975-ci il tarixinədək olan dövrün möhürlə öz təsdiqini tapmadığı ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymaraq qeyd edir ki, iddiaçının 1973-cü il tarixindən 1975-ci il tarixədək Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində işləməsi əmək kitabçasına əsasən təsdiq olunur. Cavabdeh əmək kitabçasının həmin hissələrində möhürün olmaması qeyd etmiş, lakin iddiaçı möhürlə təsdiq edilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Bunun əksini iddia edən tərəf (hazırkı işdə cavabdeh) əmək kitabçasının mötəbərliliyini şubhə altına alacaq dəlilləri sübut etməlidir. Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1753/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında (Ali Məhkəmə tərəfindən fərqləndirici nişan qoyulmuş məhkəmə qərarı) məsələyə hüquqi qiymət verilərək qeyd edilmişdir ki,”... nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə qeydlər olan əmək kitabçası vardır, təkcə Cəbrayıl rayonu işğal edilənə qədər onun 18 ildən artıq sığorta stajı mövcuddur, 1993 və 2006-cı illər üzrə isə əmək haqqı cədvəlləri üzrə arxiv arayışları da iş materiallarına əlavə edilmişdir və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq xüsusatlar isə iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti üzrə həmin müəssisənin müvafiq əmrlərinin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərinin bu və ya digər səbəbdən əldə edilə bilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Mötəbərlik prezumpsiyası prinsipinə əsasən, iddiaçıya məxsus əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür...” Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, iddiaçının onun 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işləməyi nəzərə alınaraq pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işləməyi nəzərə alınaraq pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3870/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3870/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver