Məhkəmə qərarları › İş №2-1(112)-3927/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3927/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3927/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı (3-cü şəxs: X5) “uşağın ad və soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “oğlu X4 adının adının X9 dəyişdirilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qabul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı 22 oktyabr 2013-cü il tarixində X5 ilə ailə həyatı qurararaq, rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 doğulub. Nikah münasibəti Ağcabədi rayon məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə xitam verilmişdir. Eyni tarixdən isə övladı ilə birlikdə Bakı şəhərinə köçərək, burada yaşamağa başlamışdır. X13 2020-ci ildən Bakı şəhərində ibtidai təhsilinə başlamışdır. Qeyd olunmalıdır ki, bütün bu müddət ərzində T.Fərzəliyev atası, keçmiş həyat yoldaşı olan Aslan Fərzəliyev məhkəmə qətnaməsi ilə təyin olunmuş 100 (bir yüz) manat alimentdən başqa nə maddi, nə də mənəvi heç bir dəstək göstərməmişdir. Həmin alimenti isə vaxtı-vaxtında ödəməyərək, borcu yaranmışdır. Halhazırda 4-cü sinif şagirdi olan Tahir Fərzəliyev istər məktəbdəki, istərsə də ətrafındakı digər uşaq və böyüklər tərəfindən mütəmadi şəkildə “Tahir” olan adına görə bullinqə məruz qalır. Uzun müddətdir adına görə davam edən ələ salmalar, kobudluqlar uşaqda narahatlıq yaradaraq, psixi sarsıntılara səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş münasibətə əsasən inzibati orqan iddiaçının iddiasına etiraz etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı əlavə olaraq qeyd edir ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının məktubu (məktubda ifadə olunan mövqeyi) yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından adın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən adın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılır və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və müraciətin təmin olunmadığı təqdirdə vətəndaşlar tərəfindən mübahisələdirilə bilər. Bu mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Göründüyü kimi iddiaçının hazırki tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə cavabdehlik daşıyır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bərdə rayonunda doğulmuşdur. Onun valideynləri X5 və İddiaçıdır. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X5 və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin iyul ayının25 günündə 90 № ilə qeyd edilmişdir. Ağcabədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2989/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 19 avqust 1986-cı il təvəllüdlü X3 barəsində axtarış elan edilmişdir. Ağcabədi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2989/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 19 avqust 1986-cı il təvəllüdlü X3 barəsində axtarış elan edilmişdir. Qərar borclunun axtarılması üçün Ağcabədi rayon polis şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi RİH-nin xx.xx.2024-cü il tarixli, 20/2024 nömrəli qərarı ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 ad və soyadı dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki, “Vətəndaş İddiaçı və uşağın atası X5 rəsmi qaydada Komissiyaya dəvət olunaraq izahatları dinlənilmişdir. Ərizəçi Əliyeva X2 olarkən verdiyi izahatında bildirmişdir ki, övladı Tahir Əliyev təhsil aldığı Bakı şəhəri 246 nömrəli məktəb-liseydə adı ilə bağlı bullinqə məruz qalır, həmyaşıdları ona psixoloji təsirlər edir və bu səbəbdən uşaq psixoloji problemlər yaşayır. Uşağa ata babasının adına uyğun olaraq, “Tahir” adı qoyulmuşdur. Uşaq özü adını dəyişmək istəyir. Qeyd olunanlara əsasən övladı X4 adının və soyadının dəyişdirilərək, doğum haqqında şəhadətnaməsinin ad və soyad qrafasında “Mətin Əliyev” yazılmasına dair razılıq verilməsini Komissiyadan xahiş etmişdir. Həmçinin o, övladının atası X5 ilə aralarındakı nikahın xx.xx.2019-cu il tarixdə pozulduğunu, Aslan Fərzəliyevin övladı ilə maraqlanmadığını və təyin olunmuş alimenti natamam ödədiyi üçün borcunun yarandığını qeyd etmişdir. Sözügedən ərizə ilə bağlı uşaqdan ayrı yaşayan valideyn X5 həm ərizəsində, həm də Komissiyada olarkən qeyd etmişdir ki, övladının adı onun atasının adı olduğu üçün İddiaçı hazırki ərizə ilə müraciət etmişdir, uşağın adının və soyadının dəyişdirilməsi üçün əsaslı səbəblərin olmadığını hesab etdiyindən X13in adının və soyadının dəyişdirilməsinə razı olmadığını bildirdi. İddiaçı onun uşağı ilə görüşünə şərait yaratmır. O, alimenti vaxtlıvaxtında ödəyir və hal-hazırda 40(qırx) manat aliment borcu qalıbdır, yaxın günlərdə həmin məbləği ödəyəcəkdir. Yetkinlik yaşma çatmayan X7 ilə anasının iştirakı ilə Komissiyada söhbət aparılan zaman o, öz adına normal reaksiya vermiş, psixoloji narahatlıq keçirilməsi müşahidə edilməmişdir. Tahirlə Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən maraqlı şəxslərin iştirakı olmadan, təklikdə söhbət aparılan zaman o, suallara cavab olaraq ərizəsində göstərmişdir ki, onun adını atası qoyubdur. Sinif yoldaşı Hüseyin iki dəfə onun adını “Tahirə” olaraq çağırdığı üçün bu barədə müəlliməsinə bildirmişdir. Müəlliməsi Hüseyinə irad bildirdikdən sonra belə hal təkrarlanmamışdır. Adının dəyişilməsi anasının fikri olmuşdur. Belə ki, anası “Tahir” adının təzə ad olmadığını, “Mətin” adının isə müasir ad olması səbəbindən, onun adının “Mətin”, soyadının isə “Əliyev” soyadına dəyişilməsini təklif etmişdir.O, da anası ilə razılaşaraq doğum haqqında şəhadətnaməsinin ad və soyad qrafasında dəyişiklik edilərək “Mətin Əliyev” yazılmasını Komissiyadan xahiş etmişdir.” Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və müraciətin təmin olunmasından imtina olunmuşdur. İddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Məhkəmə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarına dair mövcud qanunvericiliyin tələblərinə əsaslanaraq müəyyən edir ki, yetkinlik yaşına çatmayan şəxslər uşaq hesab olunur və onların ad və soyadının dəyişdirilməsi yalnız valideynlərin birgə razılığı ilə həyata keçirilə bilər. Bu tələb, valideynlər arasında razılıqdan əlavə, həm də uşağın mənafeyinin qorunmasına yönəlmişdir. Valideynlərin nikahda olubolmamasından və ya ayrı yaşamasından asılı olmayaraq, hər iki valideynin razılığının olması zəruri şərt kimi müəyyən olunmuşdur. Mövcud qanunvericiliyə əsasən, yalnız aşağıdakı hallarda digər valideynin razılığı olmadan ad və soyad dəyişikliyinə yol verilə bilər: -digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda; -valideynlik hüquqlarından məhrum edildikdə; -fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; -üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda. Hazırkı işdə İddiaçı yetkinlik yaşına çatmayan övladı X4 ad və soyadının dəyişdirilməsini tələb edir. Onun müraciətinə əsasən, uşağın mövcud “Fərzəliyev Tahir” adı və soyadının “Əliyev Mətin” kimi dəyişdirilməsi istənilmişdir. Lakin uşağın atası, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 bu dəyişikliyə etiraz etmişdir. Məhkəmə qeyd edir k, üçüncü şəxs uşağın ad və soyadının dəyişikliyini etiraz etmiş, onun razılığının tələb olunmaması üçün qanunvericiliyin tələblərinə uyğun hər hansı hal aşkar olunmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, hətta, 2024-cü ilin yanvar ayında üçüncü şəxsin axtarışı ilə bağlı qərar qəbul olunsa da, Bakı şəhəri Binəqədi RİH-nin xx.xx.2024-cü il tarixli, 20/2024 nömrəli qərarının qəbul edilməsi ilə əlaqədar aparılan inzibati icraat zamanı o, Komissiyaya dəvət edilmiş və orada iştirak etmiş, uşağın adının və soyadının dəyişdirilməsinə etiraz etmişdir. Göründüyü kimi üçüncü şəxs tərəfindən razılığın verilməsini istisna edən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar olunmamışdır. Bundan başqa Məhkəmə, uşağın mənafeyini əsas götürərək müəyyən edir ki, ad və soyad dəyişikliyi üçün yetərli hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Belə ki, mövcud ad və soyadın uşağa mənfi təsiri müəyyən edilməmişdir. Qanunvericiliyə görə, yalnız uşağın cinsinə uyğun gəlməyən, onu mənfi assosiasiyalarla bağlayan və ya psixoloji narahatlıq doğuran ad və soyadların dəyişdirilməsinə yol verilə bilər. Lakin “Fərzəliyev Tahir” adı və soyadı Azərbaycan mənşəli ad və soyadlar kateqoriyasına aid olmuş, heç bir mənfi məna daşımamış və uşağın maraqlarına xələl gətirməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən icraat aparılarkən uşaqla söhbət əsnasında onun mövcud adı və soyadına qarşı hər hansı narazılığının olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi uşağın sosial adaptasiyası, psixoloji rifahı və ya digər obyektiv səbəblər baxımından ad və soyadının dəyişdirilməsinin qaçılmaz olduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qanunvericiliyin tələbləri, faktiki halların təhlili və uşağın mənafeyinə dair aparılan qiymətləndirmə əsasında məhkəmə belə qənaətə gəlir ki, uşağın ad və soyadının dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Valideynlərdən birinin (iddiaçının) razılığı kifayət etmir, digər valideynin (üçüncü şəxsin) razılığı isə qanunvericiliyə uyğun olaraq tələb edilir. Bununla yanaşı, valideynlərinin birgə razılığı olmadığı halda belə uşağın ad və soyadının dəyişdirilməsinin onun maraqlarına xidmət etməməklə yanaşı, həmçinin bu dəyişikliyin olması üçün obyektiv zərurətin olmadığıda müəyyən olunur. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar