Məhkəmə qərarları › İş №2-1(112)-3959/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3959/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3959/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə qarşı xx xxxx 2018-ci il tarixli ********** saylı məktubun məhkəməyə təqdim edilməsi, həmin inzibati aktın ləğv edilməsi və inzibati aktın ləğv olunmasına dair qərarın kütləvi informasiya vasitələrində dərc olunması tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xx xxxx 2018-ci il tarixli ********** saylı məktubun surətinin məhkəməyə təqdim edilməsinin tələb edilməsini, həmin inzibati aktın ləğv edilməsini və inzibati aktın ləğv olunmasına dair qərarın kütləvi informasiya vasitələrində dərc olunmasının cavabdehin öhdəsinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixli rəsmi məktub ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi dəqiq və aydın olmamaqla, inzibati orqana qarşı deyil, onun vəzifəli şəxsinə qarşı yönəldilmişdir. İddia tələbi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin DSMF-nun yerli orqanlarının rəhbərlərinə ünvanladığı xx xxxx 2018-ci il tarixli, ********** saylı məktubunun ləğv edilməsini tələb edir. Məhkəmə tərəfindən iddiaçıya bildirilmişdir ki, həmin məktub inzibati akt deyildir. İddianın mümkünlüyü ilə əlaqədar məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş, məhkəmə tərəflərin iştirakları ilə iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Həmin iclasda iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 5.5.4-cü bəndinə əsasən əmək və əhalinin sosial müdafiəsi naziri Nazirliyin aparatının, onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir. Nazirliyin tabeliyində olan qurumun rəhbərinə və yerli orqanlarının rəhbərlərinə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün müraciət etməklə əmək və əhalinin sosial müdafiəsi naziri öz səlahiyyətləri çərçivəsində həmin qurumlara nəzarəti həyata keçirmişdir. Buna görə də əmək və əhalinin sosial müdafiəsi nazirinin Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının rəhbərlərinə ünvanladığı ********** saylı 2018-ci il 18 iyun tarixli müraciəti inzibati akt hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Əvvəla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual qanunvericliyi iddianın inzibati orqana qarşı qaldırılmasını nəzərdə tutur. Hazırkı işdə isə iddiaçı iddia tələbini vəzifəli şəxsə qarşı yönəltmişdir. İddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə yönəlmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən məktubun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehin xx xxxx 2018-ci il tarixli ********** məktubunun ləğv edilməsi ilə bağlıdır. Göründüyü kimi ləğvi xahiş edilən məktub inzibati aktı xarakterizə edən xüsusiyyətlərə malik deyil. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2 maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məktub qanunvericiliyin inzibati aktı xarakterizə edən xüsusiyyətlərinə malik deyildir. Belə ki, həmin məktub Nazirliyin əsasnaməsində nəzərdə tutulan səlahiyyətlərinin icrası ilə əlaqədar Nazirliyin işinin təşkili ilə bağlı göstəriş xarakterli məktubdur. İnzibati aktı xarakterizə edən xüsusiyyətlərdən biri də həmin aktın sərəncam və ya digər növ hakimiyyət tədbiri formasında olmasındadır ki, qeyd edilən halların olması isə mübahisələndirilən məktubda müəyyən olunmur. Beləliklə, müzakirə edilən bütün xüsusatları nəzərə alan məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın mümükünlük şərtləri ödənilmədiyindən hazırki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar