Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3988/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “əlil kimi ev növbəsinə salınmağı barədə sərəncam qəbul edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “adi ev növbəsindən çıxarılaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində əlillər ev növbəsinə salınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1953-cü il tarixdə doğulmuşdur. 2010cu ildən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində adi ev növbəsində olmuşdur. 2013-cü ildən birinci qrup gözdən əlil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçının xx.xx.2013-cü il tarixdən İ qrup gözdən əlil kimi ev növbəsinə salınmağı barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə İ qrup gözdən əlil kimi 2013-cü ildən mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsi barədə xx.xx.2023 tarixli 1-1-23/2-M-6921-011/2023 saylı ərizə ilə müraciət etmiş və müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 5-10/2-M- 140-011/2023 saylı məktubla tərəfimizdən bildirilmişdir ki, o Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 187 saylı Sərəncamı ilə ümumi əsaslarla mənzil növbəsinə götürülmüş və qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar müraciət etdikləri tarixdən mənzil növbəsində hesab olunurlar. İddiaçı yuxanda qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da, iddia tələbini qətiyyən əsaslandırmamışdır. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010cu il tarixli 187 saylı Sərəncamı ilə ailə tərkibi 2 nəfərlə (özü və qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, uçot növbəsi ümumi əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixindən mənzil növbəsindədir. 2013-cü ildən gözdən əlil kimi mənzil növbəsinə götürülməyi isə İ qrup gözdən əlil hesab olunduğu müddətin üzərindən 10 ilə yaxın vaxt keçdikdən sonra, xx.xx.2023-cü il tarixində cavabdehdən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlillik haqqında arayışa əsasən xx.xx.2013-cü il tarixində keçirilən qiymətləndirmə ilə İ qrup gözdən əlil hesab olunmuşdur. O Rayon İcra Hakimiyyətində qəbulda olarkən ona gözdən əlil olması tarixindən deyil müraciət etdiyi tarixdən gözdən əlil kimi mənzil növbəsinə dayana biləcəyi barədə ətraflı izah verilmişdir. Verilmiş izahatlara baxmayaraq, İddiaçı yeni müraciət əsasında köhnə tarixdən (gözdən əlil olması tarixindən- 2013-cü ildən) mənzil növbəsinə götürülməsini israrla tələb etmişdir. Mənzil Məcəlləsinin 51.3-cü maddəsindən də göründüyü kimi vətəndaşlar təqdim etdikləri ərizələr əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınırlar. Yeni qəbul olunmuş sərəncamın köhnə tarixə şamil olunmasının Rayon İcra Hakimiyyətindən tələb olunması qanunsuz və əsassızdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial inkişaf idarəsi Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən təqdim edilmiş 051037 saylı arayışa əsasən İddiaçı həqiqətən A.Neymətulla küçəsi 9a nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsində sahəsi 17,00 kv.m olan 5 nömrəli bir otaqlı mənzildə yaşayır. Mənzilin təsviri kommunal şəraitli. Daimi qeydiyyatda olanlar: 1. İddiaçı; 2. X9; 3. X1; 4. X2; 5. X4; 6. X6; 7. X11; 8. X3. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 187 saylı xx.xx.2010-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı ailə tərkibi 2 nəfərlə (özü və qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Vətəndaş İddiaçı uçot növbəsi ümumi əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə “OU-Tor qişanın distrafiyası. OS-Retinoşisiz.” Diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik = gözdən əlil səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 5-10/2-M-140-011/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 187 saylı Sərəncamı ilə ümumi əsaslarla Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3- cii maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (uçota alınma haqqında ərizə) əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar müraciət etdiyi tarixdən mənzil növbəsində hesab olunurlar. Bundan başqa, müraciətdə qeyd edilən digər hallar isə tərəfindən araşdırma aparılan zaman öz əksini tapmamışdır. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-10/2-197/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 187 saylı 19 noyabr 2010-cu il tarixli sərəncamının və onun qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X12rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B). İddiaçının barəsində olan, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına dair sərəncam qanuni əlverişli inzibati akt olmaqla dövlətin sosial müdafiəyə ehtiyacı şəxslərə himayə göstərməsindən irəli gələn pozitiv öhdəliyinin icrasıdır. Dövlətin həmin pozitiv öhdəliyi hansı şəkildə icra etməli olması isə qanunda qeyd edilən şəkildə (sosial kirayə müqaviləsinin bağlanması ilə) nəzərdə tutulmuşdur. Bununla belə, xeyrinə qanuni əlverişli inzibati akt qəbul edilmiş maraqlı şəxsin təşəbbüsü ilə onun dəyişdirilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu, hüquqi dövlətin ümumi prinsipləri və qanunçuluq prinsipindən irəli gəlir. Odur ki, iddiaçının həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür. Belə ki, iddiaçının “hüquqi marağına” uyğun iddia məhz Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 187 saylı xx.xx.2010-cu il tarixli sərəncamında dəyişiklik edilməsi ilə bağlıdır. Qeyd edilən sərəncamın mübahisələndirilməsi (dəyişdirilməsi) ilə bağlı mümkün müddətlər ötürüldüyündən iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. Məhkəmə həmçinin qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi) şəxsin birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması vəzifəsi və qaydası müəyyən edilməmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən “müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İ qrup gözdən əlil hesab olunduğu müddətin üzərindən 10 ilə yaxın vaxt keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə cavabdehdən “xx.xx.2013-cü il tarixdən gözdən əlil kimi mənzil növbəsinə götürülməyi” xahiş edir. İddiaçı qeyd edilən müddətdə cavabdehə və məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Bununla əlaqədar, buraxılmış müddətin bərpasına dair ərizəni də məhkəmə mümkün hesab etmir. Digər tərəfdən məhkəmə həm də onu qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 1-ci dərəcə əlil kimi cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən mənzil növbəsinə götürülməsi təklif edilsə də iddiaçı buna etiraz etmişdir. Məhkəmə iclasında da iddiaçı məhz xx.xx.2013-cü il tarixdən İ qrup gözdən əlil kimi ev növbəsinə salınmağı barədə sərəncam qəbul edilməsi barədə iddia tələbini müdafiə etmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3988/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3988/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver