Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4003/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Sadıqova Zibeydə Söhbət qızının, cavabdeh Bakı şəhər Prokurorluğunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər Prokurorluğuna və Bakı şəhər prokurorunun müavini Mehman Qocayevə qarşı ““xəbərdarlıq”ın qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (iddia ərizəsində şikayətçi kimi qeyd olunmuşdur) İddiaçı cavabdehlər (iddia ərizəsində hərəkətlərindən şikayət edilən orqanlar kimi qeyd olunmuşdur) Bakı şəhər Prokurorluğuna və Bakı şəhər prokurorunun müavini Mehman Qocayevə qarşı ““xəbərdarlıq”ın qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun dindirilməsinin, ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi; cavabdehin üzərinə iddiaçıdan üzr istəmək, cavabdeh Bakı şəhər Pokurorluğunun üzərinə gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması; vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, müstəqil jurnalistdir, müxtəlif media qurumları ilə əməkdaşlıq edir. Jurnalist olaraq adətən, Bakı şəhərində keçirilən ictimai açıq tədbirlərdən, o cümlədən müxtəlif aksiyalardan reportajlar hazırlayır, kütləvi tədbirlərdən özünün sosial mediadakı səhifələrindən canlı yayımlar edir. 2020-ci ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilmiş, seçkilərdə iştirak etmiş bir qrup namizəd seçkilərin nəticəsindən narazı qalmışdır. 2020-ci ilin fevralın 11-də saat 16:00-dan başlayaraq parlament seçkilərində iştirak etmiş bir qrup namizəd öz etirazlarını ifadə emək üçün X1rşısına toplaşmış, bununla bağlı media üçün əvvəlcədən anons vermişlər. O, da həmin vaxt qanuni peşə fəaliyyətini yerinə yetirmək üçün MSK-nın binasının qarşısına getmiş, axşam saatlarına qədər MSK-nın binası yaxınlığında peşə fəaliyyətini davam etdirmişdir. 4 saatdan artıq sərbəst şəkildə peşə fəaliyyətini yerinə yetirmiş, çəkiliş aparmış, müsahibələr almış, canlı yayımlar etmişdir. Minlərlə vətəndaş MSK binasının qarşısında baş verənlər haqqında onun yayımları sayəsində xəbər tutmuşdur. Fevralın 14-də onu MSK binasının qarşısında onunla bərabər çəkiliş aparmış müstəqil jurnalist həmkarları ilə birgə Bakı şəhər Prokurorluğuna dəvət edilmiş, orada onunla və həmkarları ilə MSK binası qarşısındakı aksiya ilə bağlı yayımlarına, reportajlarına görə “profilaktik” məzmunda fərdi söhbət aparılmışdır. O, MSK-nın qarşısında, qanuni peşə fəaliyyətini yerinə yetirdiyini, belə olaylardan xəbər toplayıbyaymağı onun peşə borcu olduğunu bildirmişdir. Bununla belə, prokurorluq təmsilçisi ona rəsmi xəbərdarlıq təqdim etmişdir. Hesab edir ki, Bakı şəhər Prokurorluğunun peşə fəaliyyətini yerinə yetirməyinə görə ona xəbərdarlıq etməsi aşkar şəkildə onun jurnalist hüquqlarına müdaxilə məzmunu daşıyır, fikir və söz azadlığı hüququna qarşı yönəlib, qanunsuzdur. Belə ki, qanunvericiliyə əsasən Bakı şəhər Prokurorunun müavininin onu peşə fəaliyyətini yerinə yetiməyi kontekstində idarəyə çağırmaq, orada onu dindirmək, rəsmi xəbərdarlıq etmək hüququ, vəzifəsi yoxdur. Bakı şəhər Prokurorluğunun xəbərdarlığı aşkar şəkildə peşə fəaliyyətini yerinə yetirən jumalsitlərin hüquqlarına müdaxilə məzmunu daşıyır, jumalısitlərin fikir və söz azadlığına qarşı yönəlib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər iş üzrə araşdırma aparılması, həmçinin iddianın mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, sonuncuya iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, hazırki iddiaya cavab verməli olan cavabdehin (cavabdehlərin) və iddia tələblərinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev göstərilməklə Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun dindirilməsinin, ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi; cavabdehin üzərinə iddiaçıdan üzr istəmək, cavabdeh Bakı şəhər Pokurorluğunun üzərinə gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması; vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın və digər cavabdehin iddiaya dair yazılı etirazları (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Cavabdeh Mehman Qocayevə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən cavabdeh Mehman Qocayevin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Sadıqova Zibeydə Söhbət qızı ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh Bakı şəhər Prokurorluğunun nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, Bakı şəhər prokurorunun müavini (keçmiş) Mehman Qocayev tərəfindən iddiaçıya edilmiş yazılı xəbərdarlığın “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, İddiaçı jurnalist fəaliyyəti ilə bağlı deyil, qeyd olunan tarixdə (xx.xx.2020-ci il) sonuncu tərəfindən yol verilmiş qanunsuz hərəkətlərlə bağlı olduğunun, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş tələblərin qeyri-müəyyən (cavabdehin üzərinə gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması) olmaqla, göstərilən tələblərlə (vurulmuş mənəvi zərərin əvəzi olaraq kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsi) bağlı prokurorluğa müraciət olunmadığının nəzərə alınmaqla məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdeh Bakı şəhər Prokurorluğunun nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Bakı şəhər prokurorunun müavini baş ədliyyə müşaviri Mehman Qocayev tərəfindən xx.xx.2020-ci il tarixdə müstəqil jurnalist İddiaçı yazılı xəbərdarlıq (qanun pozuntularından çəkindirmək barədə) təqim olunmuşdur. Qeyd olunan “xəbərdarlıq”da sonuncuya bildirilmişdir ki, tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə ediləcəyi, peşə etikasına zidd olan və təhrikedici hərəkətlərlə hüquq mühafizə orqanlarının əməkdaşları ilə qəsdən və qərəzli şəkildə münaqişəli vəziyyət yaradılacağı, qanunçuluğu, demokratik prinsipləri, söz və mətbuat azadlığını pozan hərəkətlərə bir daha yol veriləcəyi təqdirdə barəsində qanunverilicilikdə nəzərdə tutulan tədbirlər görüləcəkdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində xəbərdarlıq prokuror aktlarının növlərindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir. Həmin Qanunun 28-ci maddəsində isə prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə biləcəyi təsbit edilmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, onun tələbləri aşağıdakı 4 (dörd) hissədən ibarətdir: Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun dindirilməsinin, ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi; cavabdehin üzərinə iddiaçıdan üzr istəmək; cavabdeh Bakı şəhər Pokurorluğunun üzərinə gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması; vurulmuş mənəvi zərərin əvəzi olaraq kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Müvafiq olaraq “Prokurorluq haqqında” Qanun xəbərdarlıq aktından məhkəməyə şikayət vermə hüququnu nəzərdə tutduğundan, yuxarıda göstərilənlərə əsasən isə belə şikayətə CPM-də təsbit edilmiş məhkəmə nəzarəti qaydasında baxılması istisna edildiyindən işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1308/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli və 2-1(102)-134/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarları). “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı iddia ərizəsində Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən ona xx.xx.2020-ci il tarixdə təqdim olunmuş yazılı xəbərdarlığı mübahisələndirməmiş, Bakı şəhər Prokurorluğu və Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun dindirilməsinin, ona rəsmi xəbərdarlıq elan edilməsinin onun jurnalist peşə fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməsi; cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulmasını xahiş etmiş, lakin bu zaman məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ona iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) təklif olunsa da, İddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq iddia tələbini dəqiqləşdirməmiş və hazırki tələbin bilavasitə hansı cavabdehə yönəldiyini göstərməmişdir. Buna görə də iddia bu hissədə mümkün sayıla bilməz. Bundan əlavə iddiaçı iddia ərizəsində cavabdeh Bakı şəhər Pokurorluğunun üzərinə gələcəkdə belə hərəkətlərə yol verilməməsi vəzifəsinin qoyulması və vurulmuş mənəvi zərərin əvəzi olaraq kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının “prokurorluqun üzərinə gələcəkdə müəyyən hərəkətlərin edilməməsi kimi öhdəliyin qoyulması” tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan tələb qeyri-müəyyən olduğundan iddia həmin hissədə də mümkün sayıla bilməz. Bundan əlavə məhkəmə araşdırması zamanı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə (vurulmuş mənəvi zərərin əvəzi olaraq kompensassiyanın cavabdehdən alınaraq ona ödənilməsi) bağlı cavabdehlərə heç bir müraciət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhər Prokurorluğuna və Bakı şəhər prokurorunun müavini Mehman Qocayevə qarşı ““xəbərdarlıq”ın qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4003/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4003/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver