Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4096/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçıDağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dağıstan Gömrüyü iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası vətəndaşı Cavabdeh gömrük ödənişləri və dəbbə pulu olmaqla 364.715,34 rubl məbləğində pulun Dağıstan Gömrüyünün xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü vətəndaş Cavabdeh Həsənquli oğlu gömrük rüsumları və cərimələrinin ödənilməsinə görə 364.715,34 rubl məbləğində Dağıstan gömrüyünə borcu vardır.Gömrük ödənişlərinin hesablanması sərnişinin təqdim edildiyi tarixdə aparılmışdır, müvəqqəti idxal üçün elan edilmiş gömrük bəyannaməsi - xx.xx.2016.xx xxxxxxxx 2016-cı il tarixinə avronun məzənnəsi 73.0208 rubl idi. 1690 (kub sm) x 2,5 (1 kub sm üçün avro) x 73, 0208 (rub.) = 308 512 rubl. 88 qəpik. Gömrük ödənişlərinin son tarixinin pozulmasına görə cərimə 56,202 RUB 46 qəpik. Borcun ümumi məbləği - 364,715 rubl. 34 qəpik, o cümlədən: borclar - 308 512 rubl. 88 qəpik, cərimələr - 56 202 rubl. 46 qəpik. "VAZ 21214" markalı 2013 buraxılışı olan avtomobil, Rusiya Federasiyası ərazisində müvəqqəti qalma dövrü üçün xx.xx.2017 tarixinə qədər X1 gömrük ərazisindən çıxarılmamışdır.Müvəqqəti idxal müddətini uzatmaq üçün Cavabdeh gömrük orqanlarına müraciət etməmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddia ərizəsi üzrə məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 14:00-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Dağıstan Gömrüyü Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh gömrük ödənişləri və dəbbə pulu olmaqla 364.715,34 rubl məbləğində pulu tutularaq xeyrinə ödənilməsinə dair tələb irəli sürmüş və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 20-ci maddəsinə istinad olunaraq iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hazırkı iş üzrə iddia tələbinin mümkünlük şərtlərini yoxlayır. Müstəqil Dövlətlər Birliyi çərçivəsində hüquqi yardım sahəsində əməkdaşlığın həyata keçirilməsinə yönələn mexanizmlərdən biri xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyasıdır. Azərbaycan Respublikası Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsi). “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir. Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir. Bununla yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 23.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Minsk Konvensiyası Azərbaycan Respublikasına münasibətdə xx xxxx 1996-cı il, Rusiya Federasiyasına münasibətdə isə xx xxxxxx 1994-cü il tarixində qüvvəyə minmişdir. x xxxxxxx 2002-ci il tarixində Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlər eyniadlı Kişinyov Konvensiyasını qəbul etmişlər. Həmin Konvensiyanın 120-ci maddəsinin 3 və 4cü bəndlərinə görə, 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyası bu Konvensiyanın iştirakçısı olan dövlətlər arasında öz qüvvəsini itirir. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər və onların iştirakçısı olan, barələrində bu Konvensiya qüvvəyə minməyən dövlətlər arasındakı münasibətlərə Minsk Konvensiyasının tətbiqi davam edir. X2 Konvensiyasını ratifikasiya etmədiyindən onunla Azərbaycan Respublikası arasında münasibətlər Minsk Konvensiyası ilə tənzimlənir. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın «Hüquqi yardım» adlanan İİ hissəsi: 4.1-ci maddəsinə əsasən Razılaşdırılmış Tərəflərin ədliyyə orqanları mülki, ailə və cinayət işləri üzrə bu Konvensiyanın müddəalarına uyğun olaraq hüquqi yardım göstərirlər. 6-cı maddəsinə əsasən Razılaşmış Tərəflər sorğu edilən Razılaşmış Tərəflərin qanunvericiliyində nəzərdə tutulmuş prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusən sənədlərin tərtibi və göndərilməsi, axtarışların aparılması, maddi sübutların götürülməsi, göndərilməsi və verilməsi, ekspertizaların keçirilməsi, tərəflərin, müqəssirlərin, şahidlərin, ekspertlərin dindirilməsi, cinayət təqibinə başlanması, cinayət törədən şəxslərin axtarılması və keçirilməsi, mülki işlər üzrə məhkəmə qərarlarının, hökmlərin mülki iddia hissəsinin, icra qeydlərinin tanınması və icrası, həmçinin sənədlərin verilməsi yolu ilə bir-birinə hüquqi yardım göstərirlər. 20-ci maddəsinə əsasən bu bölmənin İİ-V (şəxsi status, ailə işləri, əmlak hüquq münasibətləri, vərəsəlik) hissələrində başqa hal müəyyən edilməmişdirsə, yaşayış yeri Razılaşdırılmış Tərəflərdən birinin ərazisində olan şəxslərə qarşı iddia, onların vətəndaşlarından asılı olmayaraq, həmin Razılaşmış Tərəfin məhkəmələrinə verilir; hüquqi şəxslərə qarşı iddia isə, ərazisində hüquqi şəxsin idarəetmə orqanının, nümayəndəliyinin və yaxud filialının yerləşdiyi Razılaşmış Tərəfin məhkəmələrinə verilir. Yaşayış yeri (olduğu yer) müxtəlif Razılaşmış Tərəflərin ərazisində olan bir neçə cavabdeh işdə iştirak edirsə, mübahisəyə iddiaçının seçimi əsasında, cavabdehlərdən hər hansı birinin yaşayış yeri (olduğu yer) üzrə baxılır. Razılaşmış Tərəflərin məhkəmələri onun ərazisində aşağıdakı kateqoriya işlərə baxmaqda səlahiyyətlidir: -cavabdehin müəssisəsinin (filialının) ticarət, sənaye və ya digər təsərrüfat fəaliyyəti həyata keçirilirsə; -mübahisə predmeti olan müqavilə üzrə öhdəlik icra edilmişdirsə, yaxud tam və ya qismən icra edilməlidirsə; -şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddia verən iddiaçının daimi yaşayış yeri və ya olduğu yer vardırsa; Mülkiyyət hüququna və daşınmaz əmlaka olan digər əşya hüquqlarına dair iddialar üzrə yalnız əmlakın olduğu yerin məhkəməsi səlahiyyətlidir. Yük, sərnişin və baqaj daşıma müqavilələri üzrə daşıyıcılara qarşı iddialar, barəsində müəyyən olunmuş qaydada pretenziya irəli sürülmüş nəqliyyat təşkilatı idarəsinin olduğu yer üzrə verilir. İddiaçı cavabdehin yaşayış yerinə uyğun olaraq işə baxılmalı olması ilə bağlı mövqeyini «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 20-ci maddəsi ilə əsaslandırmışdır. Göründüyü kimi, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 20-ci maddəsində məhkəmənin baxmağa səlahiyyətli olduğu işlərin dairəsi və hansı hallarda işə baxmaqda səlahiyyətli olması qeyd edilmiş, hazırkı iddia tələbi həmin maddədə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: -iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; -xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; -cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; -aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; -yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; -əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; -iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; -iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; -nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; -şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; -vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun və mübahisə-tələb Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində sadalanan tələblərdən olsun. Bununla yanaşı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1. maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1. maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Göründüyü kimi inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyəti zamanı səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktları, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətləri olmalıdır. Hazırkı iddia tələbində iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqan olmadığından, mübahisə də «İnzibati icraat haqqında» Qanununla tənzimlənən inzibati məhkəmə icraatının predmeti ola bilməz. Bundan başqa, iddia ərizəsində Cavabdeh qismində göstərilmişdir. Bununla bağlı qeyd olunur ki, inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən Məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4096/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4096/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver