Məhkəmə qərarları › İş №2-1(112)-4106/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4106/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4106/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 fevral 2020-ci il tarixli **********953100 saylı qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) 26 aprel 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq, üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 25 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********953100 №li qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 10.381,00 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə cəmiyyət tərəfindən hesablanmış vergi məbləği isə -9.038,88 manat azalma təşkil etmişdir. Cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də təmamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 22.02.2021-ci il tarixli **********483300 №li iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Bakı şəhəri LGBİ aşağıda göstərilən əsaslara görə həmin iddia ərizəsi ilə razılaşmır. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı cəmiyyətin 26.04.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”ndən ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı 10.08.2018-ci il tarixli **********6980 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərar əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, X7 ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14.08.2018-ci il tarixdə tərtib olunmuş VN-14016303 saylı yekun aktına əsasən, Cəmiyyətdə orta günlük dövriyyənin ümumilikdə 44.183,50 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci "ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1.080.717,70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.148.770,91 manat) məbləğindən 68053,21 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 23.01.2020-ci il tarixli **********414800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10.381,00 manat əlavə vergi məbləği hesablanmış və 25.02.2020-ci il tarixli **********953100 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.Vergi Məcəlləsinin 15.1.13-cü maddəsində vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ təsbit edilmişdir.Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər.Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Cavabdeh inzibati orqan qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı AZGLOBAL-2016” MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X3 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; Təsis sənədlərindən (nizamnamə və Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış) müəyyən olunur ki, İddiaçı MMC 26.04.2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 2 Ərazi Vergilər Departamentinin Xronometraj metodu ilə müşahidə aparılması haqqında 10.08.2018-ci il tarixli **********6980 saylı qərarından müəyyən olunur ki, Vergi Məcəlləsinin 23-cü və 50.1-ci maddələrini əsas tutaraq, İddiaçı MMC-yə məxsus olan obyektdə Abşeron rayonu, Xırdalan şəhəri, X7 ünvanında yerləşən anbarda 11.08.2018-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj aparılması qərara alınmışdır. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən tərtib olunmuş 11.08.2018-ci il tarixli VN-14 № 016300, 13.08.2018-ci il tarixli VN-14 № 016301, 14.08.2018-ci il tarixli VN-14 № 016302, 14.08.2018-ci il tarixli VN-14 № 016303 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticələri barədə aktların surətlərindən görünür ki, Vergi Məcəlləsinin 50-ci maddəsinə və digər qanunvericilik aktlarına və 10.08.2018-ci il tarixli **********6980 saylı qərara əsasən İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsində yerləşən anbarda satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə 11.08.2018-ci il tarixdən 11.08.2018-ci il tarixdək, 13.08.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək, 14.08.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək və 11.08.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək olan dövrlərdə xronometraj metodu ilə müşahidə aparılmışdır. Obyektin iş rejimi həftə ərzidə iş günlərinin sayı 6 (altı) gün,11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat, 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat, 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0.00 manat, 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 (bir yüz otuz iki min beş yüz əlli manat, qırx doqquz qəpik) manat, 13 avqust 2018-ci il tarixdə 0,0 manat və 14 avqust 2018-ci il tarixdə 0,0 manat olmuşdur. Cəmi 132.550,49 manat: 3 gün x 44183,50 manat. Orta günlük satış dövriyyəsi 44.183,50 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin rəhbəri X6 tərəfindən 11.08.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış İltizamdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, X7 ünvanında yerləşən obyektdə iş günləri həftədə 6 (altı) gündür, iş vaxtı səhər saat 10:00dan, axşam saat 18:00-dək davam edir. Bayram günləri iş günü kimi qeyd olunur. Bakı şəhəri LGBİ tərəfindən 23.01.2020-ci il tarixdə İddiaçı MMC-yə ünvanlanmış **********414800 №li məktubda sonuncuya bildirilmişdir ki, onun tərəfindən 13 yanvar 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1080717.70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1148770,91 manat) məbləğindən 680053.21 manat azdır. Bununla əlaqədar olaraq vergi yoxlamasının başa çatıdırlması üçün aşağıdakı zəruri sənələri təqdim etmək tələb olunmuşdur. 1. Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25.02.2020-ci il tarixli **********953100 saylı qərarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və sığorta haqqı -9.038,88 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 1.342,12 manat kimi göstərilmişdir. Kameral yoxlama nəticəssində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 10.381,00 manat; vergilərin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat. ƏDV bəyannaməsinin 301-ci ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar sətrinin cəmi olan (ƏDVV daxil) 1.080.717,70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.148.770,91) manat məbləğindən 68.053,21 manat az olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 37.4-cu maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq ucun vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. 67.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Qeyd olunmalıdır ki, 25.02.2020-ci il tarixli, **********953100 nömrəli "Vergilərin hesablanması barədə” qərarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, üç gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçının satış dövriyyəsinin birinci gün üçün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması nəticədə iddiaçının orta günlük satış dövriyyəsinin 44.183,50 manat (132550,49/3=44.183,50) olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının orta günlük satış dövriyyəsinin 44.183,50 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Belə ki, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, 2 saylı Ərazi Vergilər Departamentinin xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci il tarixdən başlayaraq 15 iş günü müddətində vaxtı olmuşdur. Çünki müşahidə zamanı iki gün ərzində iddiaçının ümumiyyətlə satış dövriyyəsi olmamışdır ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin 44.183,50 manat olmasını şübhə altına alır. Yəni, iddiaçının 11 avqust 2018-ci il tarixdən sonrakı günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı (iki gün ərzində satış dövriyyəsinin olmaması buna əsas verir) 2 saylı Ərazi Vergilər Departamentinə məlum olmamışdır. İddiaçının 11avqust 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixədək olan dövr ərzində olmuş satış dövriyyəsi 2 saylı Ərazi Vergilər Departamentinə, həmçinin cavabdehə məlum olmuş, həmin satış dövriyyəsinin düzgün olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, vergi ödəyicisi tərəfindən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməməsi səbəbindən xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, kollegiya hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz. Məhkəmə qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş "Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 fevral 2020-ci il tarixli **********953100 №li nömrəli qərar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 fevral 2020-ci il tarixli **********953100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı ləğv olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar