Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4134/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,36 manat məbləğindəki pulun onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1959-cu ildə Zaqatala rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə 01 iyul 1985-ci il tarixdə 44 saylı Mənzil Kommunal İstismar Sahəsində liftçi vəzifəsində işə başlamışdır. 02 iyun 1986-cı il tarixdə cavabdeh Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə işə qəbul olunmuşdur. Daha sonra müxtəlif vəzifələrdə işləyərək 01 fevral 2011-ci il tarixdə cavabdeh Sabunçu Rayon Mənzil X1 47 saylı Mənzil Kommunal İstismar Sahəsindən işdən azad olunmuşdur. 02 fevral 2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdikdə ona imtina verilmiş, yaşa görə əmək pensiyasının əvəzinə müavinət təyin olunmuşdur. İmtinaya əsas kimi isə Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059.39 manat məbləğində pulun fərdi şəxsi hesabına ödənilməməsi göstərilmişdir. Sabunçu Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət edib işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan lakin fərdi şəxsi hesabına ödənilməyən 1059.39 manat məbləğində pulun fərdi şəxsi hesabına köçürülməsini xahiş etmişdir. Cavabdeh Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən göndərilmiş 49/3 №li 22 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, MKTB-də işlədiyi dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sizin şəxsi hesabına köçrülməsi ilə bağlı Birlik əməli tədbirlər görməkdədir. Məlumdur ki, hal-hazırda Birlik tərəfindən DSMF- yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmışdır. Bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur. Ödəniləcək məbləğin məhz onun fərdi şəxsi hesabına oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizədə göstərdiyi məbləğlər ödəniləcəkdir. Cavabdehin məktubundan 4 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də, işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan məbləğ fərdi şəxsi hesabına köçrülməmişdir. Cavabdeh öhdəliyini icra etmədiyinə görə yaşa görə əmək pensiyası almaqdan məhrum olunmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda (münasibət) göstərilmişdir ki, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 47 saylı mənzilkommunal istismar sahəsində liftçi vəzifəsində işləmiş İddiaçı işlədiyi dövr üçün hesablanmış əmək haqqı tam olaraq ödənilmişdir. Onun işlədiyi dövr üçün əmək haqlarından tutulan məcburi sığorta məbləği ümumilikdə 1059.36 manat təşkil etmişdir ki, həmin məbləğdən 26.31 DSMF-yə ödənilmişdir. İddiaçı əmək haqlarından tutulmuş lakin DSMF-yə ödənilməmiş qalıq məbləğ olan 1059.36 manatla bağlı hal-hazırda müəssisə sosial ayırmalarını (həm müəssisə tərəfindən ödənilən 22 faiz və müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərin əmək haqqından tutulan 3 faiz) DSMF-na ödəyərkən köçürürlmüş məbləğ ümumi sistem tərəfindən tənzimləndiyindən hər hansı bir məbləğin konkret olaraq bu və ya digər şəxsin fərdi hesabına köçürülməsi (sifariş edilməsi) praktiki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı əmək haqlarından tutulmuş lakin DSMF-na ödənilməmiş qalıq məbləğ olan 1059.36 manatın köçürülməsi mümkün olmamışdır. Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi öz növbəsində bu kimi halların aradan qaldırılması üçün “əmək müqaviləsi əsasında müəssisədə işləmiş hər hansı bir işçinin işlədiyi dövr ərzində onun əmək haqlarından hesablanaraq tutulmuş, habelə müəssisə tərəfindən ödənilməli olan məcburi sosial sığorta məbləğinin məhz konkret olaraq bir şəxsin fərdi şəxsi hesabına köçürülməsi" proseduru ilə bağlı izahatın verilməsi üçün məktubla Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Sabunçu RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Zaqatala rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZE ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən görünür ki, Əliyeva (Ramazanova) Abidət Şahru qızı xx.xx.1977-ci ildə Kolxoz üzvlüyünə qəbul edilmiş (Əmr № 9, xx.xx.1977-ci il); xx.xx.1977-ci ildə yaşayış yerini dəyişdiyi üçün kolxoz üzvlüyündən çıxarılmışdır (Ərizə 124); xx.xx.1985-ci ildə Lenin rayonu TXAİ MKİS № 44-Liftçi vəzifəsinə qəbul olunmuşdur ( Əmr № 29, xx.xx.1985-ci il); xx.xx.1986-cı ildə 47 saylı MKİS-ə keçirilmişdir (Əmr № 2, xx.xx.1986-ci il); xx.xx.1989-cu ildə Baklift İdarəsinə keçirilməklə işdən azad edilmişdir (Əmr № 28, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə Baklift SPİ-2-ci dərəcəli növbəli el. mexanik vəzifəsinə qəbul olunmuşdur (Əmr № 144/k, xx.xx.1989-cu il); xx.xx.1991-ci il tarixdə Baklift SPİ yenidən təşkili və kiçik müəssisələrə keçməsi barədə 8 OPTİ-nin əmrinin icrası üçün “Baklift-2” KMnə elektrik mexaniki vəzifəsinə qəbul olunmuşdur (Əmr № 59/k, xx.xx.1991-ci il); xx.xx.1998-ci ildə işdən azad edilib (Əmr № 15/k, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə Mənzil Kommunal Təsərrüfatı Birliyi QDX-nə 2 dərəcəli el.mexanik vəzifəsinə qəbul edilmişdir (Əmr № 24/k, xx.xx.1998-ci il); xx.xx.2011-ci ildə köçürmə yolu ilə 47 saylı MKİS-in liftçi vəzifəsinə təyin edilmişdir ( Əmr № 12/k, xx.xx.2001-ci il); xx.xx.2011-ci ildə işdən azad edilmişdir ( Əmr № 02, xx.xx.2011-ci il). İddiaçının hazırki tələblə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 22 iyul 2021-ci il tarixli 49/3 №-li cavab məktubunda qeyd olunmuşdur ki, MKTBdə işlədiyi dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının onun fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı Birlik əməli tədbirlər görməkdədir. Məlumdur ki, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmışdır. Bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur. Ödəniləcək məbləğin məhz onun fərdi şəxsi hesabına oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat vedikdən sonra ərizəsində göstərdiyi məbləğ ödəniləcəkdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi onun pensiyasının yenidən hesablanması üçün məcburi dövlət sığorta haqqının əvvəllər əmək münasibətlərində olduğu Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına (DSMF-yə) ödənilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304.2-ci maddəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Göründüyü kimi iddiaçının hazırki tələbi inzibati orqana qarşı yönəlmiş olsa da, lakin həmin tələb publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, tərəflər arasında əvvəllər mövcud olmuş əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4134/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4134/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver