Məhkəmə qərarları › İş №2-1(112)-4180/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4180/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4180/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Dəmiryolun 9 saylı Mincivan dəmiryol stansiyasında 1973-1976-cı və 1979- 1993-cü illərdə qaynaqçı kimi əmək fəaliyyəti ilə məşğul olmağının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması və yaşa görə güzəştli əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Az.Dəmiryolun 9 saylı Mincivan dəmiryol stansiyasında 1973-cü ildə qaynaqçı kimi əmək fəaliyyətinə başlamış, hərbi xidmətə gedib-gəlib yenidən həmin işinə başlamışdır. Az.Dəmiryolun 9 saylı Mincivan dəmiryol stansiyasında 1973-1976-cı və 1979-1993-cü illərdə qaynaqçı kimi əmək fəaliyyəti ilə məşğul olaraq orada işləmişdir. Yaşı ilə əlaqədar pensiyaya çıxmaq istəyir. İddiaçının işləməyi haqqında faktın təsdiq edilməsi qızının təqaüdünün artmasına səbəb olacaqdır. Ona görə də Dövlət Sosial Müdafiə Fondunda pensiya işinə baxılmalıdır. İddiaçı Az.Dəmiryolun 9 saylı Mincivan dəmiryol stansiyasında 1973-1976-cı və 1979-1993-cü illərdə qaynaqçı kimi işləməklə əmək fəaliyyəti ilə məşğul olsa da erməni işğalı zamanı arxiv sənədləri məhv olmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun sosial sığorta stajının müəyyən olunması qaydalarına uyğun olaraq pensiya işinə yenidən baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 27 fevral 2019-cu il tarixli məktubla ona cavab verilmişdir ki, sosial sığorta stajının əmək kitabçasına əsasən əmək pensiyasının təyin olunması müəyyən edilmişdir və ya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı xüsusilə ağır əmək şəraitində işləmişdir. Onun Az.Dəmiryolun 9 saylı Mincivan dəmiryol stansiyasında 1973-1976-cı və 1979-1993-cü illərdə qaynaqçı kimi əmək fəaliyyətində olmağını onunla bir yerdə işləyən şahidlər məhkəmə iclasında ifadələri ilə təsdiqləyəcəklər. İddiaçı əmək fəaliyyətində olmağını başqa cür sənədləşdirə və əldə edə bilmir. Ona məxsus əmək kitabçasından görünür ki, o, Az.Dəmiryolun 9 saylı Mincivan dəmiryol stansiyasında 1973-1976-cı və 1979-1993-cü illərdə qaynaqçı kimi əmək fəaliyyətində olmuşdur. İddiaçının sosial sığorta sıtajının müəyyən edilməsinin məhkəmədən kənar müəyyən edilməsi qeyri-mümkündür. Faktın müəyyən edilməsi ancaq məhkəmə qaydasında mümkündür. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində göstərilir: qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da məhkəmə qaydasında təsdiqinə qanun icazə verir. İddiaçı pensiya işinə baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ona yaşa görə güzəştli əmək pensiyasının təyin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları diqqətinizə çatdırılır: iddiaçının 22.12.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********7 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim olunan 26 mart 1993-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 19 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü Qarayev X2 rayonu, 1-ci Şahsevən kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 10.01.1973-cü ildə Azərbaycan Dəmir Yolu 9 saylı X5 distansiyasının elektrik qaynaqçısı sexinə işçi qəbul edilmiş, 08.06.1976-cı ildə 2-ci dərəcəli elektrik qaynaqçısı işinə təyin edilmiş, 16.05.1977-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. 05.05.1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Dəmir Yolu 9 saylı X5 distansiyasına 4-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 08.02.1986-cı ildə Atestasiya Komissiyasının 56 saylı protokolu əsasında 4-cü dərəcədən 5-ci dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş, 25.03.1993-cü ildə işdən azad edilmişdir. 10.01.1998-ci ildə Beyləqan rayonlararası tikinti quraşdırma idarəsinə qaynaqçı işinə qəbul edilmiş, 14.05.1999-cu ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Dövlət Arxivinin 07.03.2017-ci il tarixli, 198 nömrəli arxiv arayışında İddiaçı 1993-1997-ci illər üzrə “Bakı” kolxozunda işləməsi, faktiki iş günləri və illik əmək haqqları qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" QSC Arxivlər Bölməsinin 16.02.2017-ci il tarixli, Q/9 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 9 saylı Mincivan yol distansiyasının idarəçilik sənədləri torpaqların işğal altında qaldığına görə Cəmiyyətin arxiv bölməsinə təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin 07.03.2017-ci il tarixli, 157 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir ondan ötrü ki, həqiqətən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 16.05.1977-ci il tarixdən 05.05.1979-cu il tarixədək SSRİ Silahli Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. Əsas: Hərbi bilet NZN № 3614520. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 03.03.2020-ci il tarixli, **********5 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 23.03.2020-ci il tarixli, **********3 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz 26 mart 1993-cü il tarixli ИT-İ ******* saylı əmək kitabçasından göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi İddiaçı 08.07.2020-ci il və 16.07.2020-ci il tarixli ərizələrinə və ona əlavə olunmuş sənədlərə bir daha baxıldığını bildirmiş və 23.03.2020-ci il tarixli, **********3 nömrəli məktubla eyni məzmunlu 27.07.2020-ci il tarixli, **********3 nömrəli cavab məktubu göndərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC 9 saylı yol sahəsinin 10.12.2014-cü il tarixli, NK 176 nömrəli güzəştli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan görə ki, o, həqiqətən 10.01.1973-cü il tarixdən 26.03.1993-cü il tarixə kimi Azərbaycan Dövlət Dəmir yolu 9 saylı Mincivan yol distansiyasında elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Bu vəzifədə güzəştli ümumi iş stajı 12 il 6 ay təsdiq edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli, 23.01.2007-ci il tarixli Qərarına əsasən təsdiq olunmuş Qanunun nəqliyyat bölməsinin 04 XXVİİİ hissəsinin 23001000-19825 koduna əsas tutmaqla təqaüdə səlahiyyət verilir. Məhkəmənin sorğusuna cavab olaraq 11.03.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş "xxxx" QSC-nin məktubunda qeyd olunmuşdur ki, 9 saylı Mincivan yol distansiyası 1936-cı ildə istismara verilmiş, 1993-cü ilə qədər inzibati binası Zəngilan rayonu, Mincivan qəsəbəsində yerləşmiş, 1994-cü ilin aprel ayından isə ünvan 2 ünvanında fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dəmir Yolları” QSC-nin 12.03.2010-cu il tarixli 21 nömrəli əmrinə əsasən 9 saylı Mincivan yol distansiyası 6 nömrəli müəssisəsinin Mincivan yol sahəsi adlandırılmışdır. Müəssisə 15.01.2016-cı il tarixindən bugünə kimi "xxxx" QSC İnfrastruktur departamentinin 9 nömrəli Mincivan yol sahəsi kimi fəaliyyət göstərməkdədir. Zəngilan rayonu 30.10.1993-cü il tarixində erməni qəsbkarları tərəfindən işğal olunduğundan bütün sənədlər işğal olunmuş ərazidə yerləşən müəssisədə qalmışdır. Bu səbəbdən vətəndaş İddiaçı 9 saylı Mincivan yol distansiyasında əmək fəaliyyətini təsdiq edən hər hansı bir hüquqi sənəd və ya məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq 15.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş "xxxx" QSC-nin məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı verilmiş 10.12.2014-cü il tarixli NK 176 nömrəli güzəştli arayış "xxxx" QSC-nin İnfrastruktur departamentinin 9 saylı Mincivan yol sahəsi tərəfindən verilməmiş və bu arayışda qeyd olunmuş məlumatlar həqiqəti əks etdirmir. Məhkəmənin 2-1(112)-4180/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin kompleks texniki və xətşünaslıq ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının köhnəlmə faizi kitabçanın doldurulduğu 1993-cü ilə uyğun gəlirmi?

2. ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının 41, 43, 45-ci səhifələrinə və 46-47-ci (birinci abzas 10.01.1998-ci il tarixli qeydlərə qədər olan hissəyə vurulmuş) səhifələrinə vurulmuş möhürün yazı mətni müəyyən edilsin.

3. ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının 41, 43, 45-ci səhifələrinə və 46-47-ci (birinci abzas 10.01.1998-ci il tarixli qeydlərə qədər olan hissəyə vurulmuş) səhifələrinə vurulmuş möhür əksləri zavod və ya kustar üsulu ilə hazırlanmış möhürlərin əksləridirmi?

4. ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının 41-45 və 46-47-ci (birinci abzas 10.01.1998-ci il tarixli qeydlərə qədər olan hissə) səhifələrindəki əlyazmaların icraçısının əlifba üzrə yazı vərdişi hansı əlifba əsasında formalaşmışdır (kiril və ya latın qrafikalı)?

5. ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının 41-45 və 46-47-ci (birinci abzas 10.01.1998-ci il tarixli qeydlərə qədər olan hissə) səhifələrində olan mətn və imzaların eyni şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 18 avqust 2021-ci il tarixli, 4/1038-5/794-5/866 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Məhkəmə-xətşünaslıq ekspertizası üzrə:

1. Ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 26 mart 1993-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının 41-ci səhifəsindəki “Гараjев Əлəcкəр Барат оглу” 1958, орта” yazıları, 42-43-cü səhifələrinin 1-2-ci abzasında “1. 10.01.1973” və “2. 08.06.1976” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar, 44-45-ci səhifələrinin 2-ci abzasında “5.08.02.1986” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar, 46-47-ci səhifələrinin 1-сi abzasında “6.25.03.1993” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar - Eyni bir Şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 26 mart 1993-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının 41-ci səhifəsindəki “гаjнагчы, 26.03.93” yazıları, 42-43cü səhifələrinin 3-cü abzasında “3. 16.05.1977” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar, 44-45-ci səhifələrinin 1-ci abzasında “4, 05.05.1979” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar - Eyni bir Şəxs tərəfindən icra olunmuşdur.

3. Ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 26 mart 1993-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının 41-ci səhifəsindəki “Гараjев Əлəcкəр Барат оглу” 1958, орта” yazıları, 42-43-cü səhifələrinin 1-2-ci abzasında “1. 10.01.1973” və “2. 08.06.1976” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar, 44-45-ci səhifələrinin 2-ci abzasında “5.08.02.1986” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar, 46-47-ci səhifələrinin 1-сi abzasında “6.25.03.1993” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar ilə İddiaçı adına olan 26 mart 1993-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının 41-ci səhifəsindəki “гаjнагчы, 26.03.93” yazıları, 42-43-cü səhifələrinin 3-cü abzasında “3. 16.05.1977” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar, 44-45-ci səhifələrinin 1-ci abzasında “4, 05.05.1979” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı yazılar öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur.

4. Ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 26 mart 1993-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının 41-ci səhifəsindəki “Əмəк китабчасы вeрмəк учун мəсулиjjəт лашыjан шəхсин имзасы” qrafasındakı imza, 43-cü səhifədəki “Ə.Имамоv” soyadı önündəki imza, 46-47-ci səhifələrində “C.haчыjeв” soyadı önündəki imza - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekspertizası üzrə:

1. Tədqiqata təqdim edilmiş İddiaçı adına ИT-İ ******* nömrəli 26.03.1993-cü il tarixli əmək kitabçasının 41, 43, 45, 46, 47 (yuxarı hissəsində) səhifələrdə olan möhür əksləri relyef klişe vasitəsilə sənədə birbaşa vurulmuşdur.

2. Tədqiqata təqdim edilmiş İddiaçı adına ИT-İ ******* nömrəli 26.03.1993-cü il tarixli əmək kitabçasının 41, 43, 45, 46, 47 (yuxarı hissəsində) səhifələrdə olan möhür əkslərində azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Азəрбаjчан дəмир joлy Joл хидмəтинин 9-чу дистансиjасы 9-я дистанция службы пути Азерб железной дороги”, orta dairədə “ССРИ JH МПС СССР” yazıları vardır.

3. Tədqiqata təqdim edilmiş İddiaçı adına ИT-İ ******* nömrəli 26.03.1993-cü il tarixli əmək kitabçasının blankları müvafiq ilə aid əmək kitabçasının sərbəst nümunəsinin blankları ilə eynilik təşkil etmir. Sənədlərin materiallarının tədqiqi üzrə:

1. Rəyin tədqiqi hissəsində “Sənədlərin materiallarının tədqiqi" bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “ИТ-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kiçabçasının köhnəlmə faizi kitabçanın doldurulduğu 1993-cü ilə uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh ümumi iş stajının 25 ildən az təşkil etdiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin təyinata uyğun olaraq yığılan pensiya ödənişlərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin: -“a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -“b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşını 01.07.2015-ci ildə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İddiaçı ümumi iş stajını təsdiq edən sənədlər sırasında əmək kitabçasını, kolxozda işləməyi ilə bağlı arxiv arayışını təqdim etmişdir. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı əmək kitabçasını aşağıdakılara əsasən iş stajını təsdiq edən mötəbər sübut qismində qəbul etmir. Belə ki, məhkəmə icaatına təqdim edilmiş ИT-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının əslinə baxış keçirilərkən adi gözlə müşahidə zamanı əmək kitabçasının üz qabığı, içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1993-cü il tarixi nəzərə alındıqda aydın əks olunması (solmaması) həmin kitabçanın doldurulma tarixinə uyğun gəlməməsinə ilkin şübhələr yaratmışdır. Belə ki, təqdim olunmuş ИT-İ ******* nömrəli 26.03.1993-cü il tarixli əmək kitabçası tərtib olunduğu 1993-cü ildən bu günədək saxlanma müddəti (keçən 28 il) nəzərə alındıqda yeni tərtib edildiyi qənaətinə gəlməyə əsas vermişdir. Əmək kitabçasındakı qeydlərin mötəbərliliyinin yoxlanılması ilə əlaqədar keçirilmiş sənədlərin texniki ekspertizası tədqiqatının nəticələrinə dair ekspert rəyində də tədqiqata təqdim edilmiş ИT-İ № ******* saylı, 26.03.1993-cü il tarixli əmək kitabçasının blanklarının müvafiq ilə aid əmək kitabçasının sərbəst nümunəsinin blankları ilə eynilik təşkil etmədiyi göstərilmişdir. Dolayısı ilə iddiaçının 1973-1993-cü il qeydləri 1993-cü ilin əmək kitabçası blankında doldurulmamışdır. Digər tərəfdən təqdim olunmuş əmək kitabçasının 41-ci səhifəsində kitabçanın doldurulduğu tarix qrafasında 26.03.1993-cü il tarixi qeyd edilmişdir. Əmək kitabçasındakı qeydlər iddiaçının Azərbaycan Dəmir Yolu 9 saylı X5u distansiyasında 10.01.1973-cü il qeydləri ilə başlayır. Əmək kitabçası qeydlərinə əsasən iddiaçı həmin idarənin 26.03.1993cü il tarixli 28 nömrəli əmri ilə 25.03.1993-cü il tarixdən həmin idarədən işdən azad edilmişdir. Beləlikə, müəyyən olunur ki, iddiaçı barəsində işdən çıxma barədə əmr verildiyi 26.03.1993-cü ildə əmək kitabçası doldurulmuşdur. Məhkəmə xətşünaslıq ekspertizası rəyindən müəyyən olunur ki, İddiaçı adına olan 26 mart 1993-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərdə iddiaçının Azərbaycan Dəmir Yolu 9 saylı X5u distansiyasında 10.01.1973-25.03.1993-cü ilədək əmək fəaliyyəti barədə qeydlər öz aralarında müxtəlif şəxslər tərəfindən, lakin bir qismi eyni bir şəxs, digər qismi başqa eyni şəxs tərəfindən doldurulmuşdur. Başqa sözlə, əmək kitabçasındakı qeydlər (yazılar) iki fərqli şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, məhkəmə yuxarıda da qeyd edildiyi kimi əmək kitabçasının məhz 26.03.1993-cü ildə doldurulduğunu nəzərə aldıqda eyni gündə müxtəlif sıra ardıcıllığı ilə iki fərqli şəxs tərəfindən əmək kitabçasının doldurulma zərurətini ağlabatan hesab etmir. Digər tərəfdən işdən çıxma barədə qeydlər 16.07.1977-ci ildə 9 saylı Mincivan idarəsinin rəisi Ə.İmanov tərəfindən, 26.03.1993-cü ildə 9 saylı idarənin rəisi C.Hacıyev tərəfindən imzalanmışdır. Kitabçanın 26.03.1993-cü ildə doldurulduğu nəzərə alındıqda 1977-ci ildə idarə rəisi olmuş Ə.İmanovun 26.03.1993-cü ildə kitabça doldurularkən həmin idarənin rəisi olmadığı, idarə rəisinin C.Hacıyev olduğu halda Ə.İmanovun 1977-ci il qeydinə imza etməsini məhkəmə məntiqli hesab etməmişdir. Məhkəmə qeyd edilən məqamlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin icraatında olan 2-1(112)-6829/2021 saylı inzibati iş üzrə Azərbaycan Dəmir Yolu 9 saylı X5u distansiyası ilə bağlı "xxxx" QSC-yə verilmiş sorğuya 20.10.2021-ci il tarixli 109823 nömrəli cavab məktubunda 1982-1993-cü illərə aid dövrlərdə Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında distansiyanın rəisi vəzifəsində C.Hacıyev adlı şəxsin işləməsi barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə başqa bir inzibati iş üzrə verilmiş olsa da lakin sorğuda soruşulan məsələlərin eyni mahiyyətli olduğunu nəzərə alaraq "xxxx" QSC-nin verilmiş sorğuya 20.10.2021-ci il tarixli 109823 nömrəli cavab məktubunu hazırkı iş üzrə də sübut qismində qiymətləndirilməsini mümkün hesab edir. Belə olan halda iddiaçının əmək kitabçasında 46-47-ci səhifələrdə 25.03.1993-cü il tarixdə işdən azad edilmə barədə qeydlərin altında imza edən 9 saylı idarənin rəisi kimi göstərilmiş C.Hacıyevin "xxxx" 9 saylı Mincivan yol distansiyasının rəisi olması müəyyən olunmadığından həmin imza ilə edilmiş qeydlərin də mötəbərliliyini qəbul etmir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı barəsində verilmiş 9 saylı yol sahəsinin NK 176 nömrəli, 10.12.2014-cü il tarixli güzəştli arayışında iddiaçının 10.01.1973-cü ildən 26.03.1993-cü il tarixə kimi Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasında işlədiyi, işlədiyi elektrik qaynaqçısı vəzifəsində güzəştli iş stajının 12 il 06 ay təşkil edildiyi qeyd edilsə də məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC iddiaçı barəsində verilmiş NK 176 nömrəli, 10.12.2014-cü il tarixli güzəştli arayışın "xxxx" QSCnin İnfrastruktur departamentinin 9 saylı Mincivan yol sahəsi tərəfindən verilmədiyi və həmin arayışda qeyd olunmuş məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdir. Beləliklə, iddiaçı barəsində təqdim olunmuş güzəştli arayış da mötəbər sübut qismində qəbul olunmur. İnzibati Prosessual Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Təqdim olunmuş əmək kitabçası, ekspert rəyi və iş materaillarını nəzərə alaraq məhkəmə iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilən dövləri mötəbər hesab etmədiyindən, 10.01.1973-16.05.1977; 05.05.1979-25.03.1993-cü ilədək olan 18 il 03 aylıq müddəti iddiaçının ümumi iş stajına hesablamır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı yetərli deyildir. Belə olan halda cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir Həmin Məcəllənin 110.1-ci maddəsainə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsainə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməli, ekspert tədqiqatının dəyəri olan 126 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik CTREAZ22) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85, 108,109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 126 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar