Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4205/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, ev 3203 məhəllə) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, H.Əliyev prospekti, 115) qarşı «vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi və vergilərin hesablanması barədə qərarların ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi və vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, xx xxxxxx 2020-ci il tarixli **********888800 saylı və **********886400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən İddiaçı MTK-nın şəxsi gesab vərəqəsinə kameral vergi yoxlaması ilə 2018 və 2019-cu illər üzrə torpaq vergisi hesablanmış, xx xxxxxx 2020ci il tarixli **********602300 saylı “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərara əsasən iddiaçı tərəfindən 2018, 2019-cu illər üzrə torpaq vergisi hesabatlarının və arayışlarının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə AR Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən ona 80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********792200 saylı vergi borcunun ödənilməsinə dair bildirişdə iddiaçının vergilər üzrə 3.000 manat, maliyyə sanksiyası üzrə 1.661,74 manat, faizlər üzrə 757,50 manat olmaqla, ümumilikdə 5.419,24 manat məbləğində borcunun olduğu bildirilmişdir. Vergilərin hesablanması barədə qərarlarda kameral olaraq vergilər, maliyyə sanksiyaları və faizlər əsassız şəkildə hesablanmışdır. Həmçinin, torpaq vergisi hesabat və arayışlarının hansı formada təqdim edilməli olduğu əsaslandırılmamışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də İddiaçı MTK həmin qərarlarla razılaşmır və hesab edir ki, aşağıdakı qeyd olunanlara və AR Vergi Məcəlləsinin 3, 15, 37, 53, 62, 64, 94-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 71, 72, 89-cu maddələrinə, İPM-in 2.2.1, 32, 35.1-ci maddələrinə əsasən qərarlar ləğv edilməlidir: həmin qərarların “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında heç bir əsas göstərilməmişdir. Hesablanan vergi məbləği düzgün hesablanmamışdır. Müəssisənin mülkiyyətində torpaq sahəsi yoxdur. Müəssisə tərəfindən icarə müqaviləsinə əsasən torpaq icarə haqqı məbləği hesablanır və ödənilir. AR Vergi Məcəlləsində icarədə olan torpağa görə həm icarə haqqı, həm də torpaq vergisinin hesablanıb ödənilməsi nəzərdə tutulmamışdır. AR Torpaq Məcəlləsinin 99.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyyəcisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. «Torpaq icarəsi haqqında» AR Qanununun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarıəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Hər iki qanunvericilik aktlarının normalarından görünür ki, əgər torpağı icarəyə verən şəxsin özü torpaq vergisi tədiyyəçisi olarsa, o zaman torpaq vergisi icarəçi (icarəyə götürən) tərəfindən icarəyə verənə ödənilən icarə haqqının tərkibinə daxil edilir. Torpağın icarəçinin faktiki istifadəsində olmasına baxmayaraq, icarəyə verən torpaq vergisi üzrə tədiyyəçi olduğundan, torpaq vergisini özü ödəyir və torpaq vergisi bəyannaməsini də özü təqdim edir. Bu baxımdan İddiaçı MTK torpaq vergisi ödəyicisi sayıla bilməz. Eyni zamanda torpaq vergisi hesabatlarını və arayışlarını icarəyə verən özü təqdim etməlidir. eləcə də AR Vergi Məcəlləsinin 203.1 və 208.1-ci maddələrinin tələblərinə əsasən hesab olunur ki, vergi orqanının həmin qərarları qanunsuz çıxarılmışdır və həmin məbləğlər əsassız hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********602300 saylı, xx xxxxxx 2020-ci il tarixli **********888800 saylı və **********886400 saylı qərarlarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (x xxxx 2020-ci il tarixli məktubunda) aşağıdakılar qeyd olunur: - İddia təmin edilməməlidir. Uçot-baza məlumatlarına əsasən İddiaçı MTK-nın əsas fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olduğu müəyyən edilmişdir. Baş İdarə AR Vergi Məcəlləsinin 23.1.1, 37.1, 37.3, 204, 208.2-ci maddələrinə əsaslanaraq bildirir ki, vergi orqanında aparılan araşdırma zamanı Bakı ŞİH başçısının xx xxxxxx 2004-cü il tarixli 296 nömrəli sərəncamı ilə Bakı şəhəri, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən 1,26 ha torpaq sahəsinin icarə əsasında çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün İddiaçı MTK-nın istifadəsinə verilməsinə baxmayaraq, 2018 və 2019-cu illər üçün torpaq vergisi bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək bəyannamələrin, əsaslandırılmış izahatın və kameral vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı MTK tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan sənədlər təqdim edilmədiyi üçün AR Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən 2018-ci il üçün 1.500 manat, 2019-cu il üçün 1.500 manat torpaq vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxxxx 2020-ci il tarixli **********888800 saylı və **********886400 saylı qərarlar qəbul olunmuşdur. İddiaçı MTK tərəfindən torpaq vergisi barədə hesabatların müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə AR Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018-ci il üçün 40 manat, 2019-cu il üçün 40 manat olmaqla, cəmi 80 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli **********602300 saylı qərar qəbul edilmişdir. «Torpaq icarəsi haqqında» AR Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir, torpaq vergisi tədiyyəçisi olmadıqda isə, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Həmin Qanunun və AR Vergi Məcəlləsinin müddəalrını, torpaqları icarəyə verən Bakı ŞİH-in torpaq vergisi üzrə tədiyyəsi olmadığını nəzərə alaraq, İddiaçı MTK-ya xx xxxxxx 2020-ci il tarixli **********888800 saylı və **********886400 saylı qərarlarla hesablanmış vergilər və xx xxxxxx 2020-ci il tarixli **********602300 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyaları qanuni və əsaslıdır. Odur ki, AR Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış həmin vergi və tətbiq edilmiş sanksiya sanksiyaları məbləğləri iddiaçının formal mülahizələri əsasında ləğv edilə bilməz. Göstərilənlərə əsaslanaraq, iddianın təmin olunmaması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiış etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasındadır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Bakı ŞİH başçısının 295 saylı xx xxxxxx 2004-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsindəki 3203-cü məhəllədə yerləşən (qarajların tutduğu) 1,25 ha torpaq sahəsi icarə əsasında çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Aidiyyəti vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan İddiaçı MTK-nın vergi orqanına təqdim etdiyi sənədlərdə vergilərin düzgün hesablanmaması qənaətionə gələrək, ona kameral vergi yoxlaması ilə 2018-ci il və 2019-cu illər üzrə üzrə torpaq vergisinin hesablanması barədə müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixli **********888800 saylı və **********886400 saylı qərarlar qəbul etmişdir. Bundan başqa, vergi orqanı AR Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsaslanaraq, torpaq vergisi hesabatları və arayışlarının təqdim edilməməsinə görə İddiaçı MTK-ya 80 manat məbləğində maliyyə sanksiyasının tətbiqi barədə xx xxxxxx 2020-ci il tarixli **********602300 saylı qərar da qəbul etmişdir. İddiaçı hazırda xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli sözügedən qərarları mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 206.3-cü maddəsinə əsasən Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin hər 100 kv.m-ə görə 10.000 kv.m-dək olduqda 10 manat, 10.000 kv.m-dən yuxarı olan hissə üçün 20 manat vergi hesablanır. Həmin Məcəllənin 207.1.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir. Həmin Məcəllənin 208-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını işin fakti hallarına tətbiq edərək,Ş belə nəticəyə gəlir ki, mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli **********602300 saylı, xx xxxxxx 2020-ci il tarixli **********888800 saylı və **********886400 saylı qərarlar qanunsuz inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, müvafiq torpaq sahəsini istifadəyə verən Bakı ŞİH torpaq vergisinin tədiyəçisi olmadığından, istifadəsində torpaq sahəsi olan hazırkı İddiaçı MTK AR Vergi Məcəlləsinin 204, 205, 206.3-cü maddələrinin, eləcə də AR Torpaq Məcəlləsinin 99-cu maddəsinin tələblərinə əsasən torpaq vergisinin ödəyicisidir və müvafiq dövr üzrə torpaq vergisini vergi orqanına bəyan etməklə büdcəyə ödəməlidir. Odur ki, vergi orqanı haqlı olaraq ona kameral qaydada 2018 və 2019-cu illər üzrə torpaq vergisinin hesablanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarları (əlverişsiz inzibati aktları) və torpaq vergisi hesabat və arayışlarının təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı qəbul etmişdir. Nəzərə alınmalıdır ki, idfdiaçıya hesablanmış torpaq vergisinin və tətbiq edilmiş maliyyə sanksiyasının məbləğləri işin mübahisələndirilməyən hallarına aiddir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında və vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında və vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4205/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4205/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver