Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4205/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvandakı mənzilə dair kirayə müqaviləsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləlşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. O, qızı Koçergina Kristina, oğlu Koçergin Maksim və nəvəsi Kərimova Ellariya (azyaşlı) mənzildə qeydiyyatdadırlar. Bu mənzil kirayə müqaviləsi ilə 2008-ci il martın 12-də vəfat edən anası X2 adına olmuşdur. İddiaçı kirayə müqaviləsini adına keçirmək üçün müvafiq sənədləri təqdim edərək cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Səttərxan adına zavodun müdiriyyəti və həmkarlar komitəsinin birgə yığıncağının 9 nömrəli protokolundan xx.xx.1994-cü il tarixli çıxarışdan görünür ki, Xuluflu küçəsi, ev 7, 3 otaqlı, yaşayış sahəsi 40,7 kv.metr olan, 32 nömrəli mənzildə ailə tərkibi 4 nəfər (özü, oğlu, qızı, nəvəsi) olmaqla iddiaçı yaşayır, hansı ki zavodun müdiriyyəti və həmkarlar komitəsinə ərizə ilə həyat yoldaşı vəfat etdikdən sonra mənzilin şəxsi hesabını öz adına keçirmək barədə müraciət etmişdir. Uşaqlarının razılığı olmuşdur. Göstərilənlərə əsasən Xuluflu küçəsi, ev 7, otaq 3 yaşayış sahəsi 40,7 kv.metr olan 32 nömrəli mənzilin şəxsi hesabının X4 adına keçirilməsi qərara alınmışdır. AZ-İ seriyalı, 288056 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 12 mart 2008-ci ildə ölmüşdür. İİ-HP seriyalı, 570842 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx xxxx 1970-ci il tarixdə Borisoqlebsk şəhərində anadan olmuşdur. X10 Konstantinoviç, anası X3. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 30 saylı Mənzil Kommunal İstismar sahəsinin 30/0476 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən Şəxsi maliyyə haqq-hesabı xx.xx.1994-cü ildə açılmışdır. İddiaçı həqiqətən ünvan 1 ünvanında yaşayır. Mənzilin kirayəçisi X7 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İddiaçının ailəsi 4 nəfərdən ibarətdir: özü, X1, X5, X6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı 04 iyul 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq olunur. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra sözügedən məsələyə yenidən baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də, maraqlarının qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna 03 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ərazi üzrə 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən qeyd olunan yaşayış binası 2000-ci ilədək "Səttarxan adına Maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş, 2000-ci ildə isə Dövlət mənzil fonduna qəbul edilərək Birliyin balansına verilmişdir. Mənzilə aid heç bir hüquqi sənəd təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş notariat qaydada təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X1, X5 həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına etiraz etmirlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadə və sahibliyində olan mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2.). Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir (60.1). Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir (60.2.). Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir (61.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır (62.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (62.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 66.1.2. yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; 66.1.3. yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; 66.1.4. yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 66.1.5. kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək (66.1.). İşdən göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzilin şəxsi hesabı iddiaçının atasının adına olmuş, onun vəfatından sonra Səttərxan adına zavodun müdiriyyəti və həmkarlar komitəsinin birgə yığıncağının xx.xx.1994-cü il tarixli qərarı ilə iddiaçının anasının adına keçirilmişdir. İddiaçının anası 12 mart 2008-ci il tarixdə ölmüşdür. Anasının ölümündən sonra iddiaçı mənzil 3-ə dair kirayə müqaviləsinin onunla bağlanmasına dair cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina edilmişdir. Cavabdeh imtinanın səbəbi olaraq yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilmədiyini əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hal iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, həmin ev iddiaçının ailə üzvlərinə verilmiş və iddiaçı həmin evdə yaşamışdır. O, hazırda da həmin evdə yaşamağa davam edir və qeydiyyatdadır. Onun başqa yaşayış yeri yoxdur. Həmin mənil isə dövlət mənzil fonduna aid olmaqla hər hansı digər şəxsə məxsus deyildir. Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1-ə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4205/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4205/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver