Məhkəmə qərarları › İş №2-1(112)-4213/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4213/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4213/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil (Ünvan: Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, mənzil 2; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 13 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı, Hüquq və kadrlar sektorunun böyük məsləhətçihüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı X1 məlumat vərəqəsinin verildiyi tarixdən əmək pensiyası hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Rusiya Federasiyanına köçmüşdür. Rusiya Federasiyasında hərbi xidmətdə çalışmışdır. 2010-cu il tarixdən İddiaçı hərbi qulluqçu olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2019-cu ilin sonunda Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına qayıdan zaman ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikasına yönəldilməsini xahiş etmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat vərəqəsinə əsasən İddiaçı əmək pensiyasının təyin edilməsi cavabdeh orqana göndərilmişdir. Həmin dövrdə ona Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə verildiyindən cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ olduğunu əsas verərək əmək pensiyası təyin etməsindən imtina etmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, vətəndaşlıq mənsubiyyətinin tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 24.06.2020-ci il tarixli, ******* saylı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərar verilərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmin Qərar əsasında Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etmişdir. Daha sonra yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan ona əmək pensiyasını 30.07.2020-ci il tarixdən, yəni şəxsiyyət vəsiqəsinin verildiyi tarixdən təyin etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, məlumat vərəqəsinin verildiyi tarixdən əmək pensiyasının hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavab məktubu ilə “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ olduğundan, həmin dövrdə İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayış üçün icazəsi olmadığından həmin dövrlərdə ona əmək pensiyasının hesablanmasının qanunvericilik tələblərinə uyğun olmadığını əsas gətirərək müraciətindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiahnin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, X3 Azərbaycan Respublikasının vətəndaşı olduğundan, həmin faktlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 24.06.2020-ci il tarixli, ******* saylı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərarında öz əksini tapdığından, həmin qərar əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etdiyindən İddiaçı əcnəbi kimi nəzərə alınaraq onun daimi yaşayış icazəsinin mövcudluğunun əsas şərt kimi götürülərək şəxsiyyət vəsiqəsinin verildiyi tarixdən əmək pensiyasının hesablanması qanunsuz və əsassız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir, lakin ona cavavbdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi iddiaçının pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, iddiaçı məlumat vərəqəsinin verildiyi tarixdən ona əmək pensiyasının təyin edilərək ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir ki, iddiaçı məlumat vərəqinin verildiyi tarixdən ona əmək pensiyasının təyin edilərək ödənilməsini tələb etsə də, məlumat vərəqinin verildiyi 14.05.2020-ci il tarixdə iddiaçı əcnəbi, yəni Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Belə ki, iş materiallarında olan MYİ seriyalı ******* nömrəli 19.02.2020-ci il tarixli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı olan xx.xx.1962-ci il təvəllüdlü Gülsüm Mamedovaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfidən 14.05.2020-ci il tarixdə İddiaçı barəsində tərtib edilmiş MN-13096 nömrəli məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” **********3 nömrəli qərarına əsasən İddiaçı 30.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 24.06.2020-ci il tarixli Qərarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı şəxsiyyət vəsiqəsi 30.07.2020-ci il tarixdə verilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda göstərmişdir: “Ərizənizə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Bu səbəbdən də ərizənizdə qeyd etdiyiniz dövrdə sizin Azərbaycan Respublikasının ərazisində daimi yaşayış üçün içməniz olmadığından homin dövr üzrə sizə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən, sizə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verildiyi 30 iyul 2020-ci il tarixindən Mərkəzi Filial tərəfindən təminat xərcliyinizin (756,50 manat) 70 faizi-529,55 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilməklə müvafiq kart hesabınıza köçürülür.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsini tələb etdiyi vaxt, yəni 14.05.2020-ci il tarixdə o, Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı, xx.xx.1962-ci il təvəllüdlü Gulsum Mamedovaya (pasport № 7********) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi əsasında etibarlılıq müddəti 19.02.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının ona əmək pensiyasının təyin edilməsini tələb etdiyi vaxt, yəni onun barəsində tərtib edilmiş məlumat vərəqinin verildiyi 14.05.2020-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikası ərazisində daimi yox müvəqqəti yaşaması və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin 24.06.2020-ci il tarixdə tanınması, şəxsiyyət vəsiqəsinin isə 30.07.2020ci il tarixdə verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məlumat vərəqəsinin verildiyi tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsini tələb etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından, digər müddətlə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən, məhkəmə məhz 14.05.2020-ci il tarixdən, yəni iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqinin verildiyi tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsini tələb etdiyi vaxt, yəni onun barəsində tərtib edilmiş məlumat vərəqinin verildiyi 14.05.2020-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikası ərazisində daimi yox müvəqqəti yaşaması və onun həmin vaxt Azərbaycan Respublikasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətini təmin etməkdən imtina etməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı X1 məlumat vərəqəsinin verildiyi tarixdən əmək pensiyası hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar