Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4271/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı «müalicə üçün və məzuniyyətə görə müavinətlərin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı «müalicə üçün və məzuniyyətə görə müavinətlərin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1995 – 2004-cü illərdə hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. AR Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxx 1999-cu ildə verilən 022133 nömrəli vəsiqədən görünür ki, iddiaçı xidmət zamanı aldığı xəsarətlərə görə müharibə veteranları üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən xx xxxxx 2004-cü il tarixdə verilmiş 040959 nömrəli vəsiqə ilə iddiaçı “Hərbi xidmət dövründə İİ qrup əlil” statusu almış və o, təqaüdə göndərilmişdir. Həmin tarixdən iddiaçı əlillik dərəcəsi ilə pensiya alır. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, ədliyyə orqanları işçilərinin həyat və sağlamlıqları müvafiq qanunvericiliklə sığorta olunur və onlara ildə bir dəfə iki aylıq əmək haqqı həcmində ödəniş edilir. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət və məzuniyyətlə əlaqədar birdəfəlik müavinət verilir. Lakin iddiaçı bu günədək həmin ödənişi əldə edə bilməmişdir. Bu ödənişin əldə edilməsi üçün nümayəndə vasitəsilə o, AR ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətə müraciət edərək, ödənişin hesablanıb ödənilməsini xahiş etmişdir. DSMF X3 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həmin ödənişin hazırda ədliyyə orqanlarında qulluq keçən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Təəssüf olsun ki, Penitensiar Xidmət tərəfindən müraciətə cavab verilməmişdir. O (iddiaçı), DSMF X3 İdarəsinin cavab məktubunda qeyd olunanlarla və Penitensiar Xidmətin müraciətə cavab verməməsi ilə razılaşmır və hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin, İPM-in 2.1, 2.2.2, 8, 39.1, 45 – 47, 73.1-ci maddələrinin tələblərinə əsaslanaraq, iddiaçının pensiyaya çıxdığı gündən hazırkı vaxtadək ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin və məzuniyyətə görə müavinətin hesablanıb tam şəkildə ödənilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsinə dair əlavə ərizə təqdim etdi və hazırkı inzibati məhkəmə icraatına ƏƏSMN yanında DSMF ikinci cavabdeh, AR Maliyyə Nazirliyi üçüncü şəxs kimi cəlb olunmaqla iddianın “təminat xərcliyində artımlar barədə məlumatların verilməsi, keçmiş müddət üçün müalicə üçün və məzuniyyətə görə müavinətin hesablanıb ödənilməsi və pensiyanın yenidən hesablanması” kimi qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın dəyişdirilməsinin qəbulu və iddianın mümkünlüyü məsələlələrinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddianın dəyişdirilməsinin qəbul olunmasını və həmin dəyişikliklə iddianı mümkün hesab etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın dəyişdirilməsinin qəbul olunmasına etiraz etdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəssinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının xx xxx 2006-cı il tarixli 119-İİİQ nömrəli Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar.Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, AR Daxili İşlər Nazirliyində, AR Ədliyyə Nazirliyində, AR Fövqəladə Hallar Nazirliyində, AR Hərbi Prokurorluğunda, AR Dövlət Təhlükəsizliyi Xidmətində, AR Xarici Kəşfiyyat Xidmətində, AR Dövlət Sərhəd Xidmətində, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, AR Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, AR Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələri sırasına daxildir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maaddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. Qeyd olunmalıdır ki, iddiaçı müvafiq sahədə 2004-cü ilədək işlədiyindən, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının xx xxx 2006-cı il tarixli 119-İİİQ nömrəli Qanununa əsasən ədliyyə orqanlarının işçilərininmüalicə olunmaları ilə əlaqədar və onlar məzuniyyətə çıxarkən nəzərdə tutulan müavinətləri tələb etmək üzrə onun hüququ yaranmır. Hansı həmin müavinətlər onun işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmurdu. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh AR Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçının ilkin iddia üzrzə hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, ilkin iddia mümkün sayılmamalıdır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddianın dəyişdirilməsi məsələsinə gəldikdə isə, iddiaçı dəyişdirilmiş variantda (təminat xərcliyinə dair artımlar barədə məlumatın verilməsi) tələbinə dair iddia üzrə müvafiq məzmunda cavabdeh AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə əvvəlcədən müraciəıt etmədiyindən, habelə digər inzibati orqan AR ƏƏSM Nazirliyi yanında DSMF-yə qarşı iddiası birbaşa dəyişdirilmiş məlumatlar əks olunmuş təminat xərcliyi ilə bağlı olduğundan, məhkəmə həmin dəyişikliyin qəbulunu məqsədəuyğun saymır. Həmin ərizədə AR Maliyyə Nazirliyi də üçüncü şəxs qismində göstərilsə də, məhkəmə hesab edir ki, adıçəkilən qurumun hazırkı inzibati məhkəmə icraatına cəlb olunmasına zərurət yoxdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilmə bilməz. İPM-in 83-cü maddəsinə görə şikayət inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4271/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4271/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver