Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4282/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinə (üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi) qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinə (üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi) qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, tədiyə bildirişlərinin etibarsız hesab edilməsi, xx xxxxxxx 2019-cu il tarixli 111/12 saylı inzibati aktın və xx xxxxxx 2020-ci il tarixli 05/01 saylı qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunur ki, Yasamal bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli **********2 saylı, xx xxxxxx 2020-ci il tarixli **********6 saylı tədiyə bildirişləri və xx xxxxxxx 2019-cu il tarixli 111/12 saylı inzibati aktı ilə iddiaçının (İddiaçı) 625,03 manat borcunun olması və xx xxxxxx 2020-ci il tarixli 05/01 saylı qərarla istinad edilən əsasla icra şöbəsinə müraciət olunması müəyyən edilmişdir. Bu barədə yalnız x xxxx 2020-ci il tarixdə şifahi məlumat əldə olunmuşdur. Şöbədən telefonla bildirilmişdir ki, iddiaçının barəsində Yasamal bələdiyyəsindən müvafiq icra vərəqəsi daxil olmuşdur. İstinad edilən qısa müddətdə mübahisələndirilən sənədlərin surətlərinin əldə edilməsi mümkün olmuşdur. Daha əvvəl bələdiyyə tərəfindən iddiaçıya hər hansı rəsmi sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməmiş, hesablanmış borc haqda məlumat verilməmişdir. Ötən ilin oktyabr – noyabr aylarında telefon vasitəsilə borcun və borc üzrə dəbbə pulunun hesablanması bildirilmiş və o, məsələ ilə bağlı dəvət edilmişdir. İddiaçı istinad edilən təkliflə bağlı rəsmi bildirişin verilməsini xahiş etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada vergini ödəməyə hazır olduğunu, həmçinin bu vaxtadək borc və ödəməyə dair hər hansı bildirişin daxil olmadığını bildirmiş, bu səbəbdən də dəbbə pulunun hesablanmasının əsassız olmasını bələdiyyə nümayəndələrinin diqqətinə çatdırmışdır. Aşağıdakı əsaslarla hesab edilir ki, Yasamal bələdiyyəsinin hərəkətləri qanunsuzdur və qurumun xx xxxxxx 2019-cu il tarixli **********2 saylı, xx xxxxxx 2020-ci il tarixli **********6 saylı tədiyə bildirişləri etibarsız hesab edilməli, xx xxxxxxx 2019-cu il tarixli 111/12 saylı inzibati aktı və xx xxxxxx 2020-ci il tarixli 05/01 saylı qərarı ləğv edilməlidir. 1) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmçinin normaya əsasən rəsmi sənədlərin çatdırılması üsulları da müəyyən edilmişdir. Beləliklə, istinad edilən sənədlər ona rəsmi təqdim edilməməsi əsası ilə iddiaçı üçün hüquqi qüvvəyə malik deyildir. 2) Vergi Məcəlləsinin 5.0.3-cü maddəsinə görə “Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi)” verginin tutulması forması kimi təsbit edilmişdir. Yəni qanunvericiliyə əsasən vergi ödəyicisi tərəfindən verginin ödənilməsi üçün əsas tədiyə bildirişi göstərilmişdir. Bu isə o anlama gəlir ki, tədiyə bildirişi verilmədən vergitutma həyata keçirilə bilməz. 3) Vergi Məcəlləsinin 200.1-ci maddəsinə görə binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kv.m-nə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Məcəllənin 200.5-ci maddəsinə görə isə, cari il üçün verginin məbləği bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Beləliklə, qanunverici kifayət qədər aydın şəkildə göstərir ki, hər il üçün tərtib edilmiş tədiyə bildirişi 1 avqust tarixədək vərgi ödəyicisinə təqdim edilməli, vergi ödəyicisi isə, son müddəti noyabr ayının 15-dək ödənişi təmin etməlidir. Buradan da aydın olur ki, cavabdehdən 2016, 2017, 2018, 2019 və hətta 2020-ci il üçün vergi ödənişi tələb edilir, o cümlədən borc üçün maliyyə sanksiyası, faiz məbləği, hətta “məhkəmə icraçıları 7%” əsasları ilə pul vəsaiti tələb edilir. Halbuki, Vergi Məcəlləsinin tələblərinə əsasən yalnız son 3 il üçün vergi borcunun tutulması yol verilir. Qanunvericiliklə tələblərinə əsasən ödəniş üçün tədiyə bildirişi əsas olduğu təqdirdə, bələdiyyənin hansı əsasla tədiyə bildirişi təqdim etmədən borc hesablaması, hətta həmin məbləğə cərimə və faizlər də tətbiq etməsi, 111/12 saylı aktda istinad edildiyi kimi xx xxxxxx 2019-cu il tarixdə (qanunvericiliklə bildirişin verilmə müddəti tənzimlənir) **********2 saylı tədiyə bildirişi verildiyi halda, həmin bildirişdə 625,03 manat borc hesablanması, 111/12 saylı Aktda tədiyə bildirişinin vergi ödəyicisinə verilməsi və sonuncunun ödənişdən yayınmasına istinad etməsi, heç vaxt tələb etmədiyi və qanunvericiliklə tələb etmə vəzifəsi üzərinə qoyulduğu halda, öhdəliklərini yerinə yetirmədiyinə görə bunun məsuliyyətini 2019-cu ildə vətəndaşın (vergi ödəyicisinin) üzərinə qoymağa cəhd etməsi, “məhkəmə icraçılarına 7%” hesablanması sual doğurur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.2, 22-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinin hərəkətlərinin qanunsuz sayılması, xx xxxxxx 2019-cu il tarixli **********2 saylı və xx xxxxxx 2020-ci il tarixli **********6 saylı tədiyə bildirişlərinin etibarsız hesab edilməsi, xx xxxxxxx 2019-cu il tarixli 111/12 saylı inzibati aktının və xx xxxxxx 2020-ci il tarixli 05/01 saylı qərarının ləğv edilməsi tələb olunur. Cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Qurbanov küçəsi, ev 1-də olan 169.7 kv.m qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi AR Vergi Məcəlləsinin 198.1 və 200.1 maddəsinə əsasən əmlak vergisinə cəlb edilməsi üçün, illik əmlak vergisi üzrə 95,03 manat, ötən illərə yəni, Vergi Məcəlləsinin 85.4-cü madəsinin tələbləri ilə 2017, 2018, 2019-cu illərə hesablanmış 285,10 manat, həmin Məcəllənin 59.1ci maddəsi üzrə 0,1%, yəni 104,06 manat, Məcəllənin 57.2-ci maddəsi üzrə 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qanunamüvafiqdir. Digər məbləğ isə, ilin yekununa qədər ödənilməyəcək olan əmlak vergisinin, faiz məbləğidir. Hesablanmış borc məbləği və icra icraatı qaydasında Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilən xx xxxxxx 2020-ci il tarixli 05/01 saylı qərar tam qanunamüvafiqdir və onun qəbulunda heç bir qərəzli qanuna zidd hal yoxdur. Belə ki, İddiaçı mülkiyyətindəki Yasamal rayonu, A.Qurbanov küçəsi, 1 ünvanında yerləşən 169.7 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı dəfələrlə tədiyə bildirişi, xəbərdarlıq verilməsinə, eyni zamanda telefon vasitəsilə borcunun olduğu bildirilməsinə baxmayaraq, o, bələdiyyəyə heç bir pul vəsaiti ödəməyəçəyini bildirmiş və ona bildiriş verildiyini inkar etmişdir. Vergi Məcəlləsinin 196, 197, 200.1-ci maddələrini, «Bələdiyyələrin statusu haqqında» AR Qanununun, «Bələdiyyələrin maliyyə əsasları haqqında» AR Qanununun müddəalarına, «Yerli (bələdiyyə) vergilərinin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı» metodiki vəsaitin 2.1-ci bəndinə əsasən bələdiyyə ərazisində yerləşən əmlaka və torpaq sahələrinə malik fiziki şəxslər vergi ödəyicisi kimi 1 ay ərzində (Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən) yerləşdiyi bələdiyyə orqanında əmlak (torpaq) vergi ödəyicisi kimi qeydiyyata durmalıdırlar. Tədiyə bildirişinin verilməməsi və ya həmin qeyri-yaşayış sahəsinin bağlı olması əmlak vergi öhdəliyindən azad etmir, əksinə əsas məbləğin üzərinə qanunvericiliklə nəzərdə tutulmuş faiz məbləği də hesablanır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri Yasamal bələdiyyəsinin məhkəmə icratına cavabdeh qismində cəlb etməsinin əsassız hesab olunması, «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» AR Qanununun 7-ci maddəsinin 1.2-ci bəndinə əsasən fiziki şəxslərdən yığılan əmlak vergisi yerli büdcənin gəlirlərinə aid edildiyindən, İddiaçı yerli (bələdiyyə) əmlak vergisinin ödənilməsinin təmin edilməsi məhkəmədən xahiş olunur. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, tədiyə bildirişlərinin etibarsız hesab edilməsi, xx xxxxxxx 2019-cu il tarixli 111/12 saylı inzibati aktın qərarın ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: . . . (8.1.2) fiziki şəxslərin əmlak vergisi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. Həmin Məcəllənin 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. AR Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar»ın təsdiq edilməsi barədə 101 nömrəli x xxxxx 2015-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu 4-cü və 10-cu zonalar üzrə müəyyən edilmişdir ki, həmin zonalara tətbiq olunan əmsallar müvafiq olaraq “1,20” və “0,80”-dir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli 05/01 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş xx xxxxxxx 2019-cu il tarixli aktla tanış (vaxtında) olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır, telefon vasitəsilə iddiaçıya məlumat verilməsi isə, mötəbər sübutlarla təsdiqlənmir. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Bakı şəhəri Yasamal bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan xx xxxxxx 2020-ci il tarixli 05/01 nömrəli qərar onu qəbul edən inzibati orqan Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda 2017, 2018, 2019, 2020-ci illər üzrə əmlak vergisi hesablansa da, məhkəmə icraatında ayrı-ayrı illər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə (avqust ayının 1-dən gec olmayaraq) tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. Qərarın məzmununda illər üzrə əmlak vergisinin həcminə “faizlər”, “maliyyə sanksiyası” ilə yanaşı “7% icra ödənişi” də əlavə olunmuşdur. Halbuki, bu ödəniş icra prosesində yarana bilər və onun hesablanması bələdiyyənin səlahiyyətində deyil. Qərarda əsas borc kimi hər il 95,03 manat əmlak vergisinin hansı qaydada (düsturla) hesablandığı aydın olmur. Nəzərə alınmalıdır ki, qanunvericilik Bakı şəhərinin Yasamal rayonu üzrə vergi ödəyicilərinin mülkiyyətində olan qeyri-yaşayış sahələrinə görə əmlak vergisinin hər kv.m üçün 0,40 manat olmaqla ərazidən asılı olaraq 1,20 və ya 0,80 əmsala vurulması şərti ilə hesablanmasını müəyyən etmişdir. Yəni Yasamal rayonu ərazisindəki əmlaklara vergilər hər kv.m üçün 0,48 manat və ya 0,32 manat təşkil edə bilər. Mübahisələndirilən qərarla iddiaçıya hesablanmış 95,03 manat illik əmlak vergisi isə, 169,70 kv.m sahəyə adekvat deyil (95,03 manat / 169,70 kv.m = 0,559 manat). Qərarla vergi məbləği 4 illik müddət üzrə hesablanmışdır. Bununla da, cavabdeh tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun 61.1-ci maddəsinin və AR Vergi Məcəlləsinin 198.1.1, 200.4-cü maddələrinin tələbləri pozulmuşdur; - mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli 05/01 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 05/01 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan xx xxxxxx 2020-cu il tarixli 05/01 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 05/01 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 05/01 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4282/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4282/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver