Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4327/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (bundan sonra mətndə - Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kitabının internetə yerləşdirilməsi nəticəsində ona dəyən zərərin - 714.175 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə nəşr olunmuş “Erməni sindromu" kitabının müəllifi və sahibidir. “Erməni sindromu” kitabı 7 illik araşdırmalarından sonra 2007-ci ildə şəxsi vəsaiti ilə nəşr edilmişdir. Kitabda müəlliflik hüququnun onda olduğu qeyd olunmuşdur. “Erməni sindromu” kitabından 1 ədəd Azərbaycan Milli Kitabxanasına bağışlamışdır. Kitabxana ona heç bir vəsait ödəməmişdir. Kitabı yalnız tədqiqatçıların kitabxanada oxuması üçün təqdim edib və kitabxanaya verilərkən virtual elektron kitabxana yaradılacağı və ya internete yerləşdiriləcəyi barədə ona heç bir məlumat verilməmişdir. Daha sonra da bu barədə heç bir məlumat verilməmiş və icazə alınmamışdır. 2013-cü ildə Türkiyədə kitabını yenə öz vəsaiti ilə türkcə 3 min tirajla nəşr etdirmişdir. Kitabın Azərbaycan dilində variantı qalmadığından Türkiyə türkcəsindəki variantını Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki kitab dükanına qoymuşdur. Əvvəl ondan istəyənlərə kitabın həmin mağazada olduğunu xəbər verəndə “Sizin kitabı internetdən yüklədim” cavabını almışdır. İnternetdə araşdırma apararkən “Facebook” və digər sosial şəbəkələrdə “Erməni sindromu” kitabının dəfələrlə paylaşıldığını görmüşdür. Kitabı Azərbaycan Milli Kitabxanası tərəfindən elektron kitabxanaya yerləşdirilmiş və buradan yüklənərək paylaşılmışdır. Nazirliyin emblemi altında “azlibnet” saytında “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası” adlı elektron kitabxana portalı qurulduğunu və kitabının oradan 17 minə yaxın oxunduğunu və yükləndiyini görmüşdür. Saytda, “Kitabının ləğv edilməsini istəyənlər əlaqə saxlaya bilər” deyə yazılmışdır. Amma kitab 17 minə qədər oxunduqdan və yükləndikdən sonra internetdən qaldırılmasının əhəmiyyəti olmamışdır. Sosial şəbəkələrdə artıq kitab müntəzəm olaraq paylaşılmış, Qarabağ mövzusunda məqalə, elmi və ədəbi əsərlər yazanlar, sənədli filmlər və verilişlər hazırlayanlar kitabdan istifadə etmişlər. Azərbaycanda istənilən şəxsin onunla rahatlıqla əlaqə yarada biləcəyinə baxmayaraq, icazə üçün belə bir cəhd edilməmişdir. Eyni kitabın türkcə nəşri üçün dağıtım mağazalar şəbəkəsi ilə daha 5 min tiraj üçün razılaşmışdır. Lakin qarşı tərəf kitabının internetə yerləşdirildiyini görüncə kitabı nəşr etməkdən və satmaqdan imtina etmişdir. Buna görə kitabın nəşrinə verdiyi pulu, satışından əldə edəcəyi gəliri, ümumiyyətlə. 86.000 manatı itirmişdir. 11.02.2021 tarixdə həmin sayta nəzər saldığında kitabın oxunma sayının 18.593-ə çatdığını görmüşdür. Bu elektron kitabxana portalından kitabın elektron variantını yükləmiş daha 6 internet saytı ‘‘Erməni sindromu" kitabımı internetə yerləşdirmişdir. “Turuz" saytında kitabı 1534 dəfə görülmüşdür. Beləliklə, iki saytdan kitabı 20.127 dəfə oxunmuşdur. Azərbaycan Milli Kitabxanasının saytında, “Qarabag.kitabxana.info”, “P.S.Nota” “elibrary.bsu.az” saytında, “ebediushaqlik-az.org" saytında və Şirvan kitabxanasının saytında isə oxunma və yüklənmə sayı göstərilməmişdir. Təqribən bu 6 saytın hər birində ən az 500 dəfə oxunduğunu düşünsək, razılığı olmadan orta hesabla bu 6 saytdan kitabı 23.127 dəfə oxunmuş və yüklənmişdir. Digər saytlar və səhifələr kitabxananın saytından kitabını alıb yükləmiş və paylaşmışlar. Ümumi hesabla 23.127 ədəd kitabı ondan icazəsiz paylanmaqla bir kitabın qiyməti 25 manat olmaqla ümumilikdə, 578.175 manat maddi zərər vurulmuşdur. Kitab bundan sonra 6000 dəfə oxunsa, oxunan kitab sayı 29.127 ədədə çatır. Beləliklə, dəqiq zərər miqdarı 728.175 manat olur. Beləliklə, kitabın internetdə yerləşdirilməsi nəticəsində itirdiyi 86.500 və 728.175 manat nəzərə alınanda bütünlükdə ona vurulmuş maddi zərər 814.175 (səkkiz yüz on dörd min yüz yetmiş beş) manat təşkil edir. Kitabın internetdə yerləşdirilməsi onun öz əqli mülkiyyətindən istifadə haqqını məhdudlaşdırmış, bundan sonra bu kitabı nəşr etməyinə və sataraq əməyinin qarşılığında gəlir əldə etməyinə, Azərbaycanda və Türkiyədə imza günləri keçirməyinə mane olmuş, yaradıcılığına əngəl törətmiş, onu öz əsərindən istifadə hüququndan məhrum etmişdir. Cavabdeh Nazirliyin tabeliyində olan kitabxanalar və nazirliyin loqosunu daşıyan virtualelektron kitabxana portalı tərəfindən müəlliflik hüquqları pozulmuş və ona böyük maddi və mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “azlibnet” saytının Nazirliyə məxsus olmasını yalnız saytda Naziliyin emblemindən istifadə edilməsi ilə əlaqələndirir. Digər saytlar tərəfindən də kitabın paylaşılmasına baxmayaraq, o, məhz “azlibnet” saytının icazəsiz paylaşımını mübahisələndirir. Eyni zamanda bildirmişdir ki, hazırkı tələblə bağlı nə Milli Kitabxanaya, nə də “azlibnet” və ya digər saytlara müraciət etməmişdir. Nə Azərbaycan Milli Kitabxanaya, nə də “azlibnet” saytına qarşı ümumi məhkəmədə iddia qaldırmamışdır, ona görə ki, hesab edir ki, “azlibnet” saytının hərəkətlərinə görə Nazirlik məsuliyyət daşıyışr. Sözügedən saytın fəaliyyəti hazırda dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etiraz təqdim edərək, onun onun dəlilərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, Nazirlik 6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə fəaliyyət göstərir. Nazirliyin bütün fəaliyyət istiqamətləri, hüquq və vəzifələri həmin Əsasnamədə nəzərdə tutulmuşdur. Adıçəkilən Əsasnaməyə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi hərəkətlərin Nazirlik tərəfindən edilməsi qeyrimümkündür. İddiaçının ərizəsində göstərdiyi "azlibnet" saytı qanunsuz olaraq Nazirliyin emblemindən istifadə etmişdir. Saytın Nazirlik ilə heç bir əlaqəsi yoxdur və rəsmi sayt deyildir. Həmin saytla bağlı araşdırma aparılmış və etiraz edildikdən sonra sayt fəaliyyətini dayandırmışdır. Həmçinin Nazirliyin rəsmi emblemindən qanunsuz istifadə ilə bağlı müvafiq tədbirlər görüləcəkdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, adıçəkilən "azlibnet" saytının idarəçiliyi Naziriliyə məxsus deyil, Nazirliyin yeganə internet saytı “mct.gov.az” saytıdır. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti müəllifi olduğu kitabın icazəsiz olaraq “pdf” elektron kitab formatına çevrilərək “azlibnet” internet saytında paylaşılması nəticəsində onun maddi zərər çəkməsi ilə bağlıdır. Hüquq münasibətinin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı iddia irəli sürsə də, cavabdeh inzibati orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, iddia ərizəsində qeyd edilən maddi zərərin vurulması halları cavabdehin hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyil, iddiaçının özünün də iddia ərizəsində vurğuladığı kimi, “azlibnet” internet saytının hərəkətləri ilə əlaqədardır. İddiaçı ilə “azlibnet” internet saytı (onun idarəçiliyini həyata keçirən şəxslərin) arasındakı münasibət isə mülki hüquq xarakterli, daha dəqiq, deliktdən yaranan öhdəlik münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə vurğulayır ki, iddiaçının qaldırdığı məsələnin publik hüquq münasibətlərinə aid olmaması ilə yanaşı, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi hazırkı iddiaya cavab verməli olan orqan deyil. Belə ki, məhkəmə araşdırması zamanı, sözügedən internet saytının Nazirliyin rəsmi internet saytı olması və ya idarəçiliyinin Nazirlik tərəfindən həyata keçirilməsi öz təsdiqini tapmamışdır. İddianın sözügedən internet saytının Nazirliyin rəsmi emblemi altında fəaliyyət göstərməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, internet saytında Nazirliyin rəsmi emblemindən istifadə edilməsi özlüyündə onun Nazirliyə məxsus olması və idarəçiliyinin Nazirlik tərəfindən həyata keçirilməsi qənaətinə gəlinməsi üçün yetərli deyildir. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək, bir daha bildirir ki, irəli sürülmüş iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün kitabın elektron formada yayılması cavabdeh inzibati orqana məxsus internet portalında və cavabdeh orqanın publik funksiyasından irəli gələrək baş verməlidir. Məhkəmə araşdırması zamanı göstərilən hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçı sözügedən internet saytına (onun idarəçiliyini həyata keçirlən şəxslərə) qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4327/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4327/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver