Məhkəmə qərarları › İş №2-1(112)-4422/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4422/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4422/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları İddiaçı1 (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, onun həyat yoldaşı İddiaçı2, qızı İddiaçı3 və oğlu İddiaçı4 ilə birlikdə ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 101-38693Ə-3222 saylı məktubla ərizəni təmin etməkdən imtina etmiş, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədləri) sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsinin müsbət həll olunacağını bildirmişdir. Həmçinin iddiaçıya qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək huququnun olduğu izah edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, həyat yoldaşı İddiaçı2, övladları İddiaçı4 və İddiaçı3 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, övladları İddiaçı4 və İddiaçı3 iddiaçı qismində inzibati icraata cəlb edilməsini, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı4 və İddiaçı3 iddiaçı qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həmin tarixdən bu günə kimi ünvan 1 ünvanında qeydiyyatdadır. Onun indiyə kimi qeydiyyatda olduğu ünvan da bu layihənin icrası ərəfəsində, yəni 2013-cü ildə sökülmüşdür. Xətai Rayon İcra Hakimiyyəti ona kompensasiya ödəmişdir. Bir neçə ay kirayədə qaldıqdan sonra elə Xətai rayon ərazisi olan Naximov küçəsində (indiki Polad Həşimov) kiçik bir torpaq sahəsi alaraq 2014-cü ildə ümumi sahəsi 69.20 m2 olan həyət evi tikdirmişlər. Fərdi yaşayış evi Bakı şəhəri Xətai Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil-Kommunal İstismar Sahəsində 60/2 nömrəsi ilə qeydə alınmışdır. Həmin vaxtdan bu fərdi yaşayış evində o və ailə üzvləri olan həyat yoldaşı İddiaçı2, qızı İddiaçı3 və oğlu İddiaçı4 qeydiyyatsız yaşayırlar. Evin işıq, qaz, su, kanalizasiya, telefon və internet xətləri var. Hal-hazırda yaşadıqları evdə bütün kommunal xidmətlərdən istifadə edirlər. İddiaçı3 xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş, İddiaçı3 xx.xx.2016-cı ildə Xətai Rayon Polis İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir. O, Bakı şəhəri, Xətai rayon, Xətai RPİ, E.Əliyev küçəsi 4, inzibati binaya qeydiyyata alınmışdır. Məhkəməyə müraciət etmələrinin səbəbi də İddiaçı3 səhhətindəki ciddi problemlərdir. Başgicəllənmə və boğulma əlamətləri hər gün daha da artır. Heç bir tibb məntəqəsində Aylini yoxlamırlar ki, şəxsiyyət vəsiqəsi aktiv deyil. Onlar həmin fərdi yaşayış evinin faktiki sahibi və istifadəçisidirlər və həmin yaşayış yeri üzrə qeydiyyata alınmalarında heç bir problem yoxdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etməmişlər. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 60/2 saylı fərdi yaşayış evinin dövlət reyestrində, habelə Ünvan Reyestri İnformasiya Sistemində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını xahiş etdiyi əmlak özbaşına tikilidir, həm əmlak, həm də onun yerləşdiyi ünvan qeydiyyata alınmamışdır. Euni zamanda işdə olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs aşkar edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göründüyü kimi, qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün Qanunun 5-ci maddəsində göstərilən sənədlərin təqdim edilməsini birbaşa tələb kimi müəyyən etmiş və həmin sənədlər təqdim edilmədiyi halda qeydiyyata alınmadan imtina olunmasını təsbit etmişdir. Deməli, bunun əksi qanunaziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü madədsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Beləliklə, sadalananlara əsasən müəyyən olur ki, iddiaçılar qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsələr də, həmin evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən mülkiyyətçinin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar