Məhkəmə qərarları › İş №2-1(112)-4438/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4438/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4438/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Bakı şəhəri Xəzər RPİ) qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Xəzər RPİ-nin xx xxxxxx 2012-ci il tarixli əmri ilə hazırkı İddiaçı həmin İdarənin Təhlükəsiz şəhər xidmətinin operatoru vəzifəsinə təyin edilmişdir. İdarə rəisinin xx xxxxx 2020-ci il tarixli əmri ilə o, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə»nin 135-ci maddənin 9-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. Həmin əmr onunla əsaslandırılmışdır ki, 2018-ci ilin oktyabr ayında tanış olduğu ailəli və 3 uşaq anası Zənanə İbadova ilə uzun müddət əxlaq normalarına zidd münasibətlər quraraq sonuncunun ailəsinin dağılma həddinə çatmasına səbəb olmasına, eləcə də Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarılan X8 bir gecə oteldə saxlayaraq bu barədə aidiyyatı üzrə məlumat verməyərək daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçının xidməti zamanı «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin, «İntizam Nizamnaməsi»nin tələblərini pozması öz təsdiqini tapmamışdır. Əmrdə göstərilənlərin heç biri həqiqəti əks etdirmir. İddoaçı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməmişdir. Əmrdə istinad olunanlar həqiqətən baş verməmişdir. X11 itkin düşmüş kimi axtarışda olanda onun (iddiaçının) yanında olmamışdır. Bu barədə əmrdə yazılanlar tamamilə əsassızdır. Xidməti araşdırma aparılsa da, iddiaçı nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilmiş, hər hansı cinayət və ya inzibati xəta barədə qərar qəbul olunmamışdır. Onun barəsində araşdırma həm RPİ-də, həm də Xəzər rayon Prokurorluğunda aparılmış və hər hansı təqsirinin olması müəyyən edilməmişdir. Həmçinin, xidmətdən xaric olunma barədə əmr iddiaçıya təqdim olunmamışdır. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə»yə uyğun olaraq 135-ci maddənin 9-cu bəndinin tələblərinin pozulmasına yol verildiyi halda, RPİ rəisinin xx xxxxx 2020-ci il tarixli əmrinə əsasən iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Əmrdə göstərilənlərə bağlı iddiaçının hər hansı təqsiri müəyyən olunmadan cavabdeh orqan tərəfindən qeyd olunan Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə, yəni iddiaçının daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən ləyaqətsiz hərəkəti kimi qiymətləndirilib onun daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə əsas ola bilməz. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirilən əməl hesab oluna bilər ki, həmin əməl cinayət, inzibati hüquq pozuntularına, həmçinin ictimai şəkildə davranış normalarının pozulmasına səbəb olsun. Belə ki, iddiaçının xidməti dövründə daxili işlər orqanları əməkdaşı kimi cinayət, inzibati hüquq pozuntularına, həmçinin ictimai şəkildə davranış normalarının pozulmasına yol verməmiş və polisin nüfuzuna xələl gətirən hərəkətlərə, xidmət etdiyi müddət ərzində intizam qaydalarını kobudcasına pozmamış və işini layiqincə yerinə yetirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının barəsində xidmət etdiyi müddətdə inzibati tənbeh tətbiq edilməmiş və o, mənfi xarakterizə olunmamışdır. Göstərilənlərə və İPM-in 14.1, 32.1-ci maddələrinə, «Polis haqqında» AR Qanununun 3, 33, 34-cü maddələrinə, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114, 135-ci maddələrinə, Azərbaycan Respublikası Daxili İşlər nazirinin x xxxxx 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin müdəalarına əsaslanaraq, cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin xx xxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli məktubunda iddiaya etiraz kimi aşağıdakılar qeyd olunur: - Bakı şəhəri Xəzər RPİ iddiaya etiraz edərək bildirir ki, sabiq polis əməkdaşı İddiaçı Sabir oğlu 2018-ci ilin oktyabr ayında tanış olduğu ailəli və 3 uşaq anası X11 ilə uzun müddət əxlaq normalarına zidd münasibətlər quraraq sonuncunun ailəsinin dağılma həddinə çatmasına səbəb olmasına, eləcə də Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarılan Zənanə İbadovanı bir gecə oteldə saxlayaraq bu barədə aidiyyəti üzrə məlumat verməyərək daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Həmin faktla əlaqədar Bakı şəhəri Xəzər RPİnin Təşkilati İnspektor qrupunda xidməti təhqiqat aparılmış, İddiaçı «Polis haqqında» AR Qanununun 3, 5, 13 və 29-cu maddələrinin, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 12 və 22-ci maddələrinin, «İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozması sübuta yetirilərək, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Bakı şəhəri Xəzər RPİnin xx xxxxx 2020-ci il tarixli Ə105-055-20 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Belə ki, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 12-ci maddəsinə əsasən polis əməkdaşı cəmiyyətdə qəbul olunmuş ailəməişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığıa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaşlar tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Göstərilənlərə əsaslanraq, Bakı şəhəri Xəzər RPİnin xx xxxxx 2020-ci il tarixli Ə105-055-20 nömrəli əmrinin qüvvədə qalması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinə görə daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinə görə polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. Həmin Qanunun 13-cü maddəsinin İ hissəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrinə aiddir. «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»ndə göstərilmişdir ki: - (ümumi müddəalar) Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır; - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 12) Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, x xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin təhqiqatçısı (İ.İmranov) X1 və X12 müraciətləri əsasında toplanmış materialları nəzərdən keçirib aşağıdakıları qərar almışdır: - X1, X12 və X7 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin; - İddiaçı polis adına ləkə gətirən, əxlaq normalarına və birgə yaşayış qaydalarına zidd olan hərəkətlər edib-etməməsini müəyyən etmək, eləcə də barəsində xidməti yoxlama aparılması üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Xəzər RPİ-nə göndərilsin. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı RPİ-nin rəisinə x xxxxx 2020-ci il tarixdə aşağıdakı məzmunda raport ünvanlamışdır: - xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Fırtına” düşərgəsində yaşayan X5 RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22.00 radələrində 1997-ci il təvəllüdlü, Sumqayıt şəhərində doğulmuş arvadı X11 yaşadığı ünvandan çıxaraq getmiş və geri qayıtmamışdır. Odur ki, arvadı Zənanə İbadovanın tapılmasına köməklik göstərilməsini xahiş etmişdir. Daxil olmuş ərizə araşdırılması üçün Xəzər RPİ-nin 1-ci PŞ-də 1 saylı HKda xx xxxx 2020-ci il tarixdə 705 nömrəsilə qeydiyyata alınmışdır. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Günəş” düşərgəsində yaşayan vətəndaş X3 DİN-in 102 xidmətinə məlumat verərək bildirmişdir ki, 1997-ci il təvəllüdlü qızı İbadova Zənanə evdən çıxaraq geri qayıtmamışdır. Araşdırma zamanı X11 izahat verərək bildirmişdir ki, təxminən 1 il əvvəl Xəzər RPİ-nin növbətçi sürücüsü işləyən polis serjantı İddiaçı ilə tanış olmuş, bu tanışlığa peşman olmuş və həmin şəxsə ailəli olduğunu və 3 övladının olmasını bildirmişdir. Lakin İddiaçı onun dediklərinə məhəl qoymamış və yaşadığı ünvanın qarşısına gələrək ona hədə-qorxu gəlmişdir. Evdən çıxmadığı təqdirdə onu gülləliyəcəyi ilə hədələmiş, bu səbəbdən də qorxaraq evdən çıxmış və onunla görüşmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, xx xxxx 2020-ci il tarixdə yenə də həmin şəxs ona “whatsapp» vasitəsi ilə bıçaq şəkili atmış, hədə-qorxu gələrək evdən çıxmadığı təqdirdə bıçaqlayacağını demişdir. Övladlarının oyaq olmasını və evdən çıxa bilmədiyini dedikdə, İddiaçı ona demişdir ki, sözü var, evdən çıxsın söz dedikdən sonra qayıdıb getsin. Buna görə də evdən çıxmış, bu zaman Röyal onun qolundan tutaraq məcburi Mərdəkan qəsəbəsində dənizkənarı hotelə aparmış və gecəni orada qalmışlar. Ertəsi gün isə hoteldən onu taksi maşını ilə yola salmış və demişdir ki, 1-ci PŞ-nə getsin və itkin düşməməsi, eləcə də könüllü evdən getməsi barədə ərizə yazsın. Bununla əlaqədar olaraq toplanmış material üzrə aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin İddiaçı polis adına ləkə gətirən, əxlaq normalarına və birgə yaşayış qaydalarına zidd olan hərəkətlər edib-etməməsini müəyyən etmək, eləcə də barəsində xidməti yoxlama aparılması üçün aidiyyatı üzrə göstəriş verilməsi Sizdən xahiş olunur. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər RPİ Təşkilati İnspektor qrupunun xx xxxxx 2020-ci il tarixli rəyində aşağıdakılar bildirilmişdir: - x xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı raportla müraciət edərək xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən "Fırtına" düşərgəsində yaşayan X12 arvadı X7 yaşadığı ünvandan gedərək geri qayıtmaması faktı ilə əlaqədar araşdırma aparılan zaman vət. Zənanə İbadova izahatında təxminən 1 il bundan əvvəl Xəzər RPİ-nin polis nəfəri (sürücüsü) vəzifəsində xidmət edən polis baş serjantı İddiaçı ilə tanış olduğunu, ona ailəli olmasını və himayəsində 3 övladının olduğunu bildirsə də, İddiaçı bunlara məhəl qoymayaraq yaşadığı ünvanın qarşısına gəlməsini, onunla görüşməyəcəyi təqdirdə onu gülləliyəcəyi ilə hədələməsini, bu səbəbdən qorxaraq evdən çıxaraq onunla görüşmək məcburiyyətində qalmasını, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə İddiaçı təkrarən ona sözü olduğu üçün onunla görüşməsini, Z.İbadova isə, övladlarının oyaq olması səbəbindən evdən çıxa bilmədiyini dedikdə o, “whatsapp” vasitəsi ilə ona bıçaq şəkili ataraq, hədə-qorxu gəlib evdən çıxmadığı təqdirdə onu bıçaqlayacağını dediyinə görə evdən çıxmış, bu zaman İddiaçı onun qolundan tutaraq məcburi Mərdəkan qəsəbəsindəki dənizkənarı ərazisində yerləşən hotelə apararaq gecəni orada qalmalarını, səhəri gün isə 1-ci PŞ-yə gedib itkin düşməməsini və könüllü evdən getməsi barədə ərizə yazmasını deyərək hoteldən onu taksi maşını ilə yola salmasını bildirdiyi üçün Xəzər RPİ-nin polis nəfəri İddiaçı barəsində xidməti yoxlama aprılmasını xahiş etmişdir. Raportun araşdırılması məqsədilə vət. Z.İbadova dinlənilmiş və izahatı alınmışdır. Z.İbadova izahatında 2018-ci ilin oktyabr ayında Xəzər RPİ-nin polis nəfəri vəzifəsində xidmət edən İddiaçı ilə tanış olduğunu bildirmiş və yuxarıda qeyd edilənləri təsdiqləmişdir. Z.İbadova həmçinin qeyd etmişdir ki, İddiaçı hal-hazıradək onun mobil telefonuna zəng vurur və onu narahat edir. Xəzər RPİ-nin polis nəfəri İddiaçı izahatında vət. Z.İbadovanın onun barəsində dediklərinin yalan və həqiqətə uyğun olmadığını bildirməklə qeyri-səmimiliyə yol vermişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Xəzər RPİ-nin polis nəfəri İddiaçı xidməti vəzifə borcunu yerinə yetirməyərək 1-ci PŞ-nin əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarılan Z.İbadovanı bir gecə oteldə saxlayaraq bu barədə aidiyyəti üzrə məlumat verməyərək «Polis haqqında» AR Qanununun 3, 5, 13 və 29-cu maddələrinin, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 12 və 22-ci maddələrinin, «İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud surətdə pozaraq daxili işlər orqanları əməkdaşı adına xələl gətirmişdir. Rəyin təsviri hissəsində qeyd olunanlara əsasən təklif edilir ki, yuxarıda göstərilən normaların tələblərini pozaraq, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin qayğısına qalmalı, pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməli, bu işdə digər şəxslərə nümunə göstərməli olduğu halda, ailəli olan vətəndaş Z.İbadova ilə yaxın münasibətlər qurduğuna, eləcə də xidməti vəzifə borcunu yerinə yetirməyərək polis əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarılan Z.İbadovanı bir gecə oteldə saxlayaraq bu barədə aidiyyəti üzrə məlumat verməyərək DİO əməkdaşı adına xələl gətirdiyinə görə Bakı şəhəri Xəzər RPİ-nin polis nəfəri (sürücü, polis baş serjantı) İddiaçı ciddi intizam tənbehinə layiqdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər RPİ rəisinin xx xxxxx 2020-ci il tarixli Ə105-055-20 nömrəli əmri ilə RPİ-nin NH-nin polis nəfəri-sürücü, polis baş leytenantı İddiaçı «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xaric edilmişdir. Əmr üçün əsas kimi Bakı şəhəri Xəzər RPİ TİQ-nin rəyi göstərilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Bakı şəhəri Xəzər RPİ-nin növbətçi sürücüsü (polis serjantı) vəzifəsində işləyən hazırkı İddiaçı barəsində RPİ-nin təhqiqatçısı tərəfindən vətəndaşların müraciətləri üzrə müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qərarda həmçinin, İddiaçı polis adına ləkə gətirən, əxlaq normalarına və birgə yaşayış qaydalarına zidd olan hərəkətlər edib-etməməsini müəyyən etmək, eləcə də barəsində xidməti yoxlama aparılması üçün qəbul edilmiş qərarın surətinin Bakı şəhəri Xəzər RPİ-nə göndərilməsi də nəzərdə tutulmuşdur. Bundan sonra Bakı şəhəri Xəzər RPİ-nin rəisi təhqiqatçı tərəfindən ona ünvanlanmış raport və RPİ-nin TİQ-nin rəyi əsasında İddiaçı «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə istinadən daxili işlər orqanlarından xaric edilməsi barədə xx xxxxx 2020-ci il tarixli Ə105-055-20 nömrəli əmr vermişdir. Əmrin verilməsinə əsas olmuş raport və rəydə İddiaçı araşdırma üzrə dindirilmiş Zənanə İbadovaya müxtəlif vasitələrlə hədə qorxu gəlməsi, onunla qurduğu münasibətlərin sonuncunun ailəsinin dağılma həddinə çatmasına səbəb olması, itkin düşmüş şəxs kimi onun axtarışında aidiyyəti üzrə məlumatlandırma tədbirlərinin həyata keçirilməməsi hərəkətləri «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Hazırkı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin həmin əmrini mübahisələndirir və işə bərpa olunmasını, məcburi iş burxamaya görə əmək hqqının ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında İddiaçı Bakı şəhəri Xəzər RPİnin təhqiqatçısının müvafiq araşdırılmasında onun barəsində bildirilənlərlə razılaşmasa da, sadalanan (hədə-qorxu gəlmə, ünsiyyətə məcbur etmə və s.) hərəkətlərin təkzibi, habelə müvafiq araşdırmada izahatı alınmış şəxsin məhz ondan şikayət etməsinin başqa səbəbləri üzrə heç bir dəlil gətirməmişdir. İddiaçının yol verdiyi hərəkətlərin təsdiqlənməsi yükü hazırkı iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər RPİ-yə aid olsa da, məhkəmə icraatında cavabdeh tərəf yalnız araşdırma zamanı alınmış izahatlara və cinayət işinin rədd olunması barədə İdarənin təhqiqatçısının qərarına istinad etmişdir. Lakin belə hal, iddianın növünə görə (mübahisələndirmə haqqında) sübutetmə yükü daşıyan hazırkı cavabdehin mübahisələndirilən inzibati aktı – xx xxxxx 2020-ci il tarixli əmri formal mülahizələrə istinadən qəbul etməsi qənaətini yaratmır. Məhkəmə vurğulayır ki, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyini rəhbər tutmaq, norma və qaydalara tam şəkildə əməl etmək və bu işdə digər şəxslərə nümunə olmaq daxili işlər orqanları əməkdaşı kimi hazırkı İddiaçı davranışlarında xidmətin əsas prinsipləri sırasında çıxış etməli idi. Məlum hadisə ilə bağlı qeyri-etik xarakterli, xüsusən də başqasının ailə münasibətlərinə cərəyan edən davranışı barədə məlumatların müəyyən dairələrdə yayılması və səlahiyyətli instansiyalara bildirilməsi iddiaçının özünün iradəsi və bütövlükdə fəaliyyətinin məhsuludur. Çünki, onunla Z.İbadovanın ilk ünsiyyət qurmasının və hər hansı məsələdə kömək istəməsinin məhz vətəndaş olaraq sonuncunun onun polis əməkdaşı kimi peşə fəaliyyətinə inam və etibarından yarandığı daha çox ehtimallı və məntiqidir. Onun bu davranışları həm daşıdığı peşəsi ilə bağlıdır, həm də bu peşədə digər əməkdalarla birlikdə xidmətlərinin cəmiyyətdə dəyərləndirilməsinə əhəmiyyətli dərəcədə təsirlidir. Məhkəmənin qənaətinə görə belə hərəkətlər bütövlükdə iddiaçının üzünün sosial mühitdə və ictimaiyyət arasında hörmətinə zərbə vuran, eləcə də peşə fəaliyyətində qazandığı və təmsil etdiyi orqanın (DİO-nun) əməkdaşlarının əməyi və nümunəvi xidməti hesabına əldə olunan bütün uğurlara və nüfuza ciddi xələl gətirən hallar qismində qiymətləndirilməlidir. Belə qiymətləndirilməni istisna edən, yalnız onun barəsində həmin məlumatların yayılması və aidiyyəti üzrə çatdırılmasının maraqlı şəxslərin ciddi qərəzli xarakter daşıyan niyyəti ilə bağlı motivlər ola bilərdi. Hansı ki, nə RPİ-dəki araşdırmada, nə də hazırkı məhkəmə icraatında aidiyyəti şəxslərin belə qərəzli mövqeyi ilə əlaqədar heç bir xüsusat müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri Xəzər RPİ İddiaçı hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” kimi qiymətləndirilməklə haqlı olmuşdur və cavabdeh tərəfindən bu hərəkətlərə görə onun barəsində «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 114-cü maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehinin seçilməsi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri baxmından mütənasib addım sayılmalıdır. Odur ki, cavabdehin xx xxxxx 2020-ci il tarixli Ə105-055-20 nömrəli əmri həmin Qanunun 58.1-ci maddəsinə uyğyun qəbul olunmuş hesab edilir və qanuna zidd qiymətləndirilmir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 32.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar