Məhkəmə qərarları › İş №2-1(112)-4462/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4462/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4462/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, hakim kimi pensiya almaq huququna dair mülki münasibətlər xx.xx.2013-cü ildə yarandığına görə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqıma ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********9 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının hakim kimi iş stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni 21 oktyabr 2020-21 oktyabr 2022-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 75 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 1983-cü ildən 1988-ci ilə qədər Azərbaycan SSR Dövlət Maddi-Texniki-Təchizat Komitəsinin “Azərmaştəchizatsatış” idarəsində baş hüquq məsləhətçisi, 1988-ci ildən 2001-ci ilə qədər həmin Komitənin “Azərmaşavadanlıq" idarəsində hüquq-müqavilə şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2001-ci ildən 2003-cü ilə qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, 2003cü ildən 2008-ci ilə qədər "xxxx" X3 Cəmiyyətinin nəzarət-təşkilat şöbəsinin rəisi hüquqşünası və kadrlar və xüsusi işlər şöbələrinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 07 avqust 2013cü il tarixədək həmin Məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 21 oktyabr 2022-ci il tarixədək həmin Məhkəmədə hakim işləmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Cavabdeh ona hakim kimi pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Onun 01 iyul 2017-ci il tarixədək artıq 9 il hakim kimi iş stajı mövcud olmuşdur və bu hal da onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair mülki münasibətlər 06 avqust 2013-cü ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən o, hakim vəzifəsinə təyin olunan zaman yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 20.7-ci maddəsinə əsasən yalnız 15 il və daha çox hakim vəzifəsində işləmiş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər iddiaçının vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və 01 iyul 2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 9 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2013-cü ildə hakim kimi əmək pensiyası almağa dair hüquqları (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi. Cavabdeh məhkəməyə təqdim etdiyi 317-1/2-14814/2023 nömrəli, xx.xx.2023-cü il tarixli iddiaya etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2022-ci il tarixdə çatmışdır. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı artıq 2013-cü ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2013-cü ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 9 il hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə, yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi iddiası əsassızdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan redaksiyasına əsasən ona pensiya təyin edilməsi üçün azı 15 il hakim işləməsi tələb olunsa da, iddiaçının hakim kimi stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, onun 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2008-ci il tariədək müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixdədək Binəqədi Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir. Göründüyü kimi, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 14 il 2 ay 15 gün hakim kimi iş stajı olmuşdur. İş materiallarda olan Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2-41/2023 nömrəli arayışından görünür ki, İddiaçı 2020-2022-ci illər üzrə aldığı əmək haqqının məbləği vəzifə maaşı, əmək stajına görə əlavə, vəzifə maaşına əlavə, təmsilçilik, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, kompensasiya da daxil olmaqla cəmi 175582,11 manat təşkil etmişdir. Ödəmələrdən məcburi sosial sığorta haqqı tutulmuşdur. İşdən görünür ki, iddiaçının hakim kimi stajının 15 ildən az olmasına istinad edən cavabdeh iddiaçıya hakim kimi pensiya təyin etməkdən imtina etmişdir. Bu imtina ilə razılaşmayan iddiaçı hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla iddiaçı arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərində yaranan mübahisədir. Həm iddiaçının yaşayış yeri, həm də cavabdehin olduğu yer Bakı şəhəri olduğundan iddiaçı düzgün olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmiş, ona imtina cavabı verildikdən snra qaunla müəyyən edilmiş müddətdə məhkəmədə iddia qaldırmışdır. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə əsasən həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə pensiya qanunvericiliyinə edilmiş köklü dəyişikliklər nəticəsində sosial müdafiə təminatları ilə bağlı fəaliyyətdə olan hakimlərin hüquqi vəziyyətləri də ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən: - maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; - maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmçinin «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin maddəyə 6 mart 2018-ci il tarixdə edilmiş və 28 mart 2019-cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmiş, və 109-cu maddənin 5-ci hissəsi aşağıdakı kimi müəyyən olunmuşdur: “Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” Göründüyü kimi, qanunvericiliyə əsasən əgər ilk əvvəl 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ var idisə, sonradan (2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən) bu staj 15 ilə qaldırılmışdır. Məhkəmə qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. «Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qərara almışdır ki:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Oxşar stiuasiyanın hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməli və ona 5 ildən artıq hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə qulluq illərinə görə əlavə hesablanmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı hakim kimi işlədiyi dövrün son 24 ayının, yəni xx.xx.2020-xx.xx.2022-ci illərdəki dövr üzrə əmək haqqına əsasən pensiya təyin edilməsini, bu zaman həmin dövrdə aldığı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək (iddiaçının işlədiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cu maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 yanvar 2023-cü il tarixli 3- 16-8/2-41/2023 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. xx.xx.2014-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. “Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.” Bununla da birinci instansiya məhkəmələrinin hakimləri üçün son yaş həddi 66 yaş olaraq müəyyən edilmişdir. Lakin həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. İddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Deməli, iddiaçının hakim kimi pensiya almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaranmışdır və ona həmin tarixdən hakim kimi pensiya təyin edilməklə hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı sabiq hakim kimi 21 oktyabr 2020-21 oktyabr 2022-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, 65 yaşının tamam olduğu 08 sentyabr 2022-ci il tarixdən hakim kimi əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (cəmi 75 faiz) əlavə hesablanmaqla 08 sentyabr 2022-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar