Məhkəmə qərarları › İş №2-1(112)-4480/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4480/2020

04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4480/2020 04.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildən müxtəlif dövlət orqanlarında işləmişdir və xx.xx.2019-cu il tarixdən pensiyaya çıxmışdır. Lakin ona təyin olunan pensiya düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ona əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müvafiq ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyən edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamına xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamla dəyişiklik edilərək «Milli Məclisində» sözlərindən sonra «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikası Hesablama Palatasında» sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı xx.xx.2019-cu il tarixdə qüvvəyə minərkən o, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləmişdir. Odur ki, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ərizəsini təmin etməməklə haqsız olmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamına əsasən 01 aprel 2019-cu il tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilməmişdir, ona görə də qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensisının hesablanması zamanı nəzərə alınmalı deyildir. Bu səbəbdən qeyd olunan əlavə iddiaçının əmək pensiyası hesablanan zaman nəzərə alınmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubda qeyd olunur: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası «bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Təqdim etdiyiniz sənədlərdən görünür ki, sizə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 aprel 2019-cu il tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyanızın hesablanması zamanı nəzərə alınması mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin 17 aprel 2019-cu il tarixli 270s nömrəli Sərəncamından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər X2 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnsan hüquqları məsələləri üzrə şöbənin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2019cu il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər X2 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il aprel ayı üçün arayışdan görünür ki, İddiaçı 2019-cu il aprel ayı üçün əmək haqqı (894,55 manat), digər əlavələr, eyni zamanda 894,55 manat vəzifə maaşına əlavə hesablanaraq ödənilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması» Qaydalarının 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. «Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamına əsasən (2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmişdir. «Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamının adına və 1-ci hissəsinə «Milli Məclisində» sözlərindən sonra «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Hesablama Palatasında» sözlərinin əlavə edilməsi, bu Sərəncamın Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına münasibətdə 2019-cu il yanvarın 1-dən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Hesablama Palatasında işləyən dövlət qulluqçularına münasibətdə isə 2019-cu il aprelin 1-dən qüvvəyə minməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnsan hüquqları məsələləri üzrə şöbənin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2019cu ildə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər X2 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. «Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamına və həmin Sərəncama dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 1022 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına 2019-cu il aprelin 1-dən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmişdir. İddiaçı isə 17 aprel 2019-cu ildə başqa işə keçməsi ilə əlaqədar olaraq öz xahişi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində tutduğu vəzifədən azad edilmiş və həmin tarixədək qeyd olunan əlavəni almışdır. Lakin ona pensiya hesablanarkən qeyd olunan əlavə nəzərə alınmamışdır. İddiaçının 17 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləməsi və həmin tarixədək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamına əsasən müəyyən edilmişbir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni alması iş materialları ilə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar