Məhkəmə qərarları › İş №2-1(112)-4480/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4480/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4480/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı.” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanının qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı “İddiaçı.” Şirkəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X2 Şurasının 03 avqust 2023-cü il tarixli (31 avqust 2023-cü il tarixdə təsdiqlənmişdir), A63/23 nömrəli qərarının ləğv edilməsi və Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” Şirkətinin adına bütün 30, 35, 42-ci sinif əmtəələri barəsində 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanının qeydiyyata alınması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı ona, yəni ’’İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınması haqqında cavabdeh orqana müraciət etmiş və Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarı ilə sözügedən əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi tərəfindən etiraz verilmiş və bu etiraza Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 şurası baxaraq etirazın əsassın hesab olunması və təmin edilməməsi barədə 03 avqust 2023-cü il tarixli, A63/23 nömrəli qərar qəbul etmişdir. Ekspertiza xx.xx.2023-cü il tarixdə Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı İddiaçı. adına verilmiş 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT -in: 30 - Bread, pastry products, sandwiches - Çörək, xəmir məhsulları, sendviçlər. 35 - Sales assistance for the commercialization of goods, administrative management of stores - Malların kommersiyalaşdırılması üçün satış yardımı, mağazaların inzibati idarə edilməsi. 42 - Services for providing food and beverages - Qida və içkilərin təmin edilməsi xidmətləri. sinifləri üzrə əmtəə nişanına baxarkən bu əmtəə nişanının bildirilmiş əmtəələrlə qeydiyyatından imtina qərarı çıxarmışdır. 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanın qeydiyyatından imtina qərarı Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanununun” 5-ci maddəsinin (“Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları”) b və c bəndləri ilə (b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; (c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarım, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar) əsaslandırılmışdır, yəni əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları qeydiyyata alınmırlar”. 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” iddia sənədinin xx.xx.2023-cü il tarixli imtina qərarında ekspertiza tərəfindən Qanunun məhz bu maddəsinə istinad edilmişdir. 62Ç849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN" əmtəə nişanının iddiaçısı olan İddiaçı. Belçika şirkəti həmin əmtəə nişanının qeydiyyatından imtina haqqında ekspertizanın qərarı ilə razı olmayaraq aşağıdakıları bildirir: Ekspertiza formal olaraq aparılmışdır, çünki əmtəə nişanını təşkil edən sözlər (LE PAİN QUOTİDİEN) azərbaycan dilinə sadəcə tərcümə olunmuşdur (Gündəlik Çörək “Gündəlik Ruzi”) və ekspertiza, bildirilmiş əmtəə nişanının mənasını öyrənmədən Qanunun 5-ci maddəsinə əsasən qeydiyyatından imtina qərarı çıxarmışdır. Əmtəə nişanını qeydiyyata alarkən onun mənasını da nəzərə almaq lazımdır. “Əmtəə nişanlarının qeydiyyatı qaydaları, iddia sənədi materiallarının qəbulu” qaydalarının 29.6.4-cü maddəsində deyilir ki, məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. “Gündəlik çörək” (“gündəlik ruzi”) / “LE PAİN QUOTİDİEN” ifadəsi təkcə çörək demək deyil, əsas da müasir adam üçün onun maddi vəziyyətindən və mənəvi dəyərlərindən asılı olaraq bu ifadə teztez müxtəlif yeməklər anlamına gəlir. Əminliklə demək olar ki, bu termin “fast-fud” üçün qəbul edilməzdir, çünki “fast-fud”, adətən, süni, təbii olmayan (təbiətdən gəlməyən) inqrediyentlərdən hazırlanır, iddiaçı isə orqanik, ev yeməyini tədarük edir ki, elə məhz buna “gündəlik çörək” (“gündəlik ruzi”) demək olar. Yaşamaq üçün mühüm olan təkcə çörək deyil, gündəlik yemək də vacibdir. Digər məsələ isə ondadır ki. bu ideyanın mənası çox dəyişilib və gündəlik menu çox genişlənib ki, müasir adam öz yeməyini onsuz təsəvvür edə bilmir. Hətta Azərbaycanda kimdənsə “yemək istəyirsənmi” soruşanda “çörək istəyirsən/çörək yeyirsən” deyə müraciət edirlər, lakin bu ifadənin mənası hər kəsə aydındır. Bu ifadə insanın yaşaması üçün vasitələrə aiddir və tərkibində yalnız çörək deyil, müxtəlif məhsullardan ibarət olan qida qəbulunu nəzərdə tutur. İddiaçı həmin əmtəə nişanı altında 30 ildən çox, dünyada 260-dan artıq restoranlarda, Avropa İttifaqının ölkələri daxil olmaqla 20-dən artıq ölkələrdə fəaliyyət göstərir. İnternetdə kifayət qədər məlumat mövcuddur (https://en.wikipedia.org/wiki/LePain Quotidien). “LE PAİN QUOTİDİEN” əmtəə nişanının konsepsiyasını 1980-ci illərin sonunda Alan Kumon yaratmışdır. İlk öncə Alan böyük biznes haqqında heç bir plan qurmamışdır. O, Brüsseldə çörək bişirdiyi kiçik bir müəssisə açmışdır. Daha sonra çox məşhurlaşmış tartinləri (yağlı çörək) və xəmirdən digər məmulatları bişirməyə başlamışdır. İnsanlar onun yanına hər bir yerdən gəlirdilər. Çörəkxanada bircə dənə böyük ölçülü masa yerləşirdi, digər mebel üçün yer yox idi. Çörəkxana tədricən şəbəkəyə çevrilmiş, Kumon yeni partnyorlarla işləməyə başlamış, bir az sonra isə o, Nyu-Yorka köçmüşdür. Nyu-Yorkda şəbəkənin bütün dünya üzrə fəal inkişafı başlanılmışdır. Son səkkiz il ərzində konsepsiya çox məşhurlaşmışdır. Hazırda şəbəkəyə aid restoranlar London, Paris, Los-Anjeles, İstanbul, Beyrutda fəaliyyət göstərir ümumillikdə 80 nöqtədə mövcuddur. “LE PAİN QUOTİDİEN” konsepsiyası, təbii ki, təzə çörək və şəxsi çörəkxanaya, yüksək keyfiyyətli məhsullardan hazırlanmış çox çeşidli olmayan hər kəsin tanıdığı yeməklər daxil edən menuya aiddir. Bu, fransız əyalətində bir nənə evinin obrazıdır. Bütün mebel böcəklərin yediyi köhnə ağacdan hazırlanıb, divarlardan rəngli kartof torbaları, traktorlar üçün oturacaqlar asılıb. Dizayn çox sadədir, heç bir israfçılıq və artıqlıq yoxdur. Demək olar ki, bütün “LE PAİN QUOTİDİEN” (daha sonra LPQ) müəssisələrinin vahid üslubda tərtib olunduğuna (şirkətdə standartlar işlənib hazırlanmışdır) baxmayaraq, hər bir müəssisə xüsusidir, digərinə oxşamır. Evin yaxınlığında məhz bu cür restoranlar olur. Konsepsiyanın Belçika köklərinin olmasına baxmayaraq LPQ-in atmosferini “fransız” adlandırırlar, çünki hər bir şey Avropaya çox yaxındır. Fransanın atmosferi də, interyeri də az da olsa müxtəlif ölkələrin sakinlərinə məlumdur. Həm də LPQ əsasən fransız mətbəx ilə məşhurdur: kiş piroqları, tartinlər (yağlı çörək), pendirlər. İsti yemək kimi isə Fransanın hər kəndində bişirilən raqu verilir. Qeyd etmək lazımdır ki, “LE PAİN QUOTİDİEN” zəngin, illərlə işlənmiş və eyni zamanda keyfiyyətli, daim genişlənən menuya malikdir. Hal-hazırda restoranlar Avstraliya, Bahreyn, Belçika, Braziliya, Böyük Britaniya, İspaniya, Kanada, Qatar, Küveyt, Meksika, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsveçrədə mövcuddur. Buradan aydın olur ki, həmin nişanın mühafizəyə ehtiyacı yoxdur və o, 30 il ərzində fasiləsiz istifadə edilməsi nəticəsində fərqləndirici xüsusiyyətə malikdir. “LE PAİN QUOTİDİEN” əmtəə nişanı həmçinin fransız dilli olan Benilüks, Aİ, Monako, İsveçrə, Mərakeş və Kanada kimi ölkələrdə də qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının A63/23 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı (ərizəçi) İddiaçı.hüquqi şəxsinə məxsus 626849 beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili T.A.Yaqubova tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11-4/2-86/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinin 2023-cü il 27 fevral tarixli qərarının (ingilis və Azərbaycan dillərində), Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 Şurasının 2023-cü il 3 avqust tarixli A63/23 nömrəli qərarı və həmin qərarın qəbul edilməsinə əsas olan inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli “Əmtəə nişanına hüquqi mühafizə verilməsindən imtina haqqında” Qərarına əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi ÜƏMT-nin Beynəlxalq bürosunun 626849 nömrəli bildirişi üzrə ekspertizanın nəticəsinə əsasən əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) göstərilən sinfində iddia edilən xidmətlər üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanına hüquqi mühafizə verilməsindən imtina haqqında qərar qəbul etmişdir. İmtinanın əsasları: Ekspertiza zamanı müəyyən olunmuşdur ki, “LE PAİN QUOTİDİEN” beynəlxalq əmtəə nişanı fransız dilindən Azərbaycan dilinə “gündəlik çörək” kimi tərcümə edilir. “Çörək, xəmir məmulatları, sendviçlər” əmtəələri üzrə bu termin gündəlik hazırlanmış çörək kimi başa düşülərək dolayısı ilə məhsulun təzə, gündəlik, freş olmasını vurğulamaqla keyfiyyətinə işarə edir. Həmçinin bu söz birləşməsi orta istehlakçı tərəfindən fərqlənmə qabiliyyətinə malik hesab edilməyəcək. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” bəndinə əsasən əsas amillərlə fərqlənməyən nişanların qeydiyyatına yol verilmir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin keyfiyyətini göstərən nişanların qeydiyyatına yol verilmir. Buna görə də “LE PAİN QUOTİDİEN” söz birləşməsinə əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT-nin) 30, 35, 42-ci sinifləri üzrə əmtəə nişanı kimi hüquqi mühafizə verilməsindən imtina edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli əmtəə nişanının qeydiyyatından imtina barədə qərarın, həmçinin də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X2 Şurasının 03 avqust 2023-cü il tarixli (31 avqust 2023-cü il tarixdə təsdiqlənmişdir), A63/23 nömrəli qərarının ləğv edilməsi və Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” şirkətinin adına bütün 30, 35, 42-ci sinif əmtəələri barəsində 626849 saylı Beynəlxalq qeydiyyat üzrə “LE PAİN QUOTİDİEN” əmtəə nişanının qeydiyyata alınması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi və Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 Beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35, 42-ci sinif əmtəələri üzrə üzrə qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanundan: Maddə 1. əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). ... Maddə 4. Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə 5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”ndan:

3. Mühafizə qabiliyyətinin meyarları Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər.

4. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli “Əmtəə nişanına hüquqi mühafizə verilməsindən imtina haqqında” Qərarında iddiaçının əmtəə nişanına hüquqi mühafizə verilməsindən imtina belə əsaslandırılmışdır: ““LE PAİN QUOTİDİEN” beynəlxalq əmtəə nişanı fransız dilindən Azərbaycan dilinə “gündəlik çörək” kimi tərcümə edilir. “Çörək, xəmir məmulatları, sendviçlər” əmtəələri üzrə bu termin gündəlik hazırlanmış çörək kimi başa düşülərək dolayısı ilə məhsulun təzə, gündəlik, freş olmasını vurğulamaqla keyfiyyətinə işarə edir. Həmçinin bu söz birləşməsi orta istehlakçı tərəfindən fərqlənmə qabiliyyətinə malik hesab edilməyəcək. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” bəndinə əsasən əsas amillərlə fərqlənməyən nişanların qeydiyyatına yol verilmir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin keyfiyyətini göstərən nişanların qeydiyyatına yol verilmir. Buna görə də “LE PAİN QUOTİDİEN” söz birləşməsinə əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT-nin) 30, 35, 42-ci sinifləri üzrə əmtəə nişanı kimi hüquqi mühafizə verilməsindən imtina edilir.” Məhkəmə cavabdehin qeyd olunan dəlilini iddiaçının təqdim etdiyi əmtəə nişanındakı “LE PAİN QUOTİDİEN” söz birləşməsinin əmtəə nişanı kimi qeydə alınmasından imtinanın əsası kimi qəbul etmir. Məhkəmə ilk növbədə nəzərə alır ki, sözügedən əmtəə nişanı mənşə ölkəsi olan Belçikada və eləcə də Rusiya, İsrail, Birləmiş Krallıq, Gürcüstan, Çin, Norveç, Monako, Sinqapur, Lixtenşteyn, Misir, Kanada, Avstraliya və d. ölkələrdə qeydiyyata alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh qurum “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin b (fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar) və c (əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar) bəndlərində nəzərdə tutulan əsaslarla əmtəə nişanının qeydiyyatından imtina etməkdə haqlı olmamışdır. Belə ki, “LE PAİN QUOTİDİEN” söz birləşməsi fransız dilində yazılmış sözlərdən ibarətdir və fransız dilli olan Belçika, Lüksemburq kimi ölkələrdə qedyiyyatdan keçmişdir. Məhkəmənin qənaətinə görə, sözügedən əmtəə nişanı istehlakçılar arasında göstərilən xidmətin xüsusiyyətləri ilə bağlı çaşqınlıq yaradan və ya əmtəələrin, xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi göstərən deyil, daha çox istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanı hesab edilə bilər. Başqa sözlə, çoxsaylı ölkələrdə qeydiyyatdan keçmiş, eyni zamanda fransız sözlərindən ibarət olan əmtəə nişanının ölkəmizdə fərqlənmə qabiliyyətinə malik olmaması və ya göstərilən xidmətin xüsusiyyətləri ilə bağlı çaşqınlıq yaratması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafızəsi üzrə” Paris konvensiyasından (Azərbaycan Respublikasının Milli Məclisinin 14 sentyabr 1995-ci il tarixli 1109№-li Qərarına əsasən Azərbaycan Respublikası Konvensiyaya qoşulmuşdur): 6-quınquıes maddəsi (İşarələr: İttifaqın bir ölkəsində qeyd olunmuş işarələrin İttifaqın başqa ölkələrində mühafızəsi (qeyd onun olduğu kimi)) A. (1) Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfındən verilən şahadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şahadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V. Baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatının rədd edilməsi, yaxud etibarsız hesab edilməsi ancaq aşağıdakı hallarda ola bilər:

1. İşarələr mühafızə xahiş olunan ölkədə üçüncü şəxsin əldə etdiyi hüquqlara toxuna bilərsə;

2. İşarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən ya adi dildə qəbul edilmiş və mühafızə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə;

3. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa. Nəzərdə tutulmalıdır ki, ümumi qaydalara zidd olan nişan belə bir yeganə səbəbə görə nəzərdən keçirilə bilməz ki, o ümumi qaydalara dəxli olduğu maddəyə uyğun gəldiyi hal istisna olmaqla, nişanlar haqqında qanunların heç bir maddəsinə uyğun deyil. İntellektual mülkiyyət üzərində hüquqlar 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Palatadan fərqli olaraq, Böyük Palata hesab etdi ki, həmin maddə əmtəə nişanının qeydiyyatı üçün verilən ərizələrə də tətbiq edilir, çünki belə ərizələr mülkiyyət xarakterli maraqların yaranmasına səbəb olur. Həqiqətən əmtəə nişanı yalnız üçüncü tərəflərin qanuni hüquqlarını pozmadığı təqdirdə qeydiyyata alına bilər və bu baxımdan qeydiyyatla bağlı hüquqlar bu şərtə əməl olunmasından asılıdır, lakin eyni zamanda, əmtəə nişanını qeydiyyata aldırmaq istəyən şəxs haqlı olaraq buna ümid bəsləyə bilər ki, onun ərizəsi zəruri maddi-hüquqi və prosessual tələblərə riayət edilməklə verilibsə, həmin ərizəyə qüvvədə olan qanunvericilik normaları əsasında baxılacaq. ...("Anhoyzer-Buş İnk." şirkəti Portuqaliyaya qarşı [Böyük Palata] (Anheuser-Busch İnc. v. Portugal [GC]), ərizə № 73049/01) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq, Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 Beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35, 42-ci sinif əmtəələri üzrə üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli “Əmtəə nişanına hüquqi mühafizə verilməsindən imtina haqqında” Qərarı ləğv edilsin. Rue de la Victoire 1 B-1060 Saint-Gilles (BE) ünvanlı “İddiaçı.” hüquqi şəxsinə məxsus 626849 Beynəlxalq qeydiyyat nömrəli “LE PAİN QUOTİDİEN” əmtəə nişanının ƏXBT-nin 30, 35, 42-ci sinif əmtəələri üzrə üzrə qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar