Məhkəmə qərarları › İş №2-1(112)-4531/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4531/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4531/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı ("xxxx" MMC və Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “qərarların ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” Şirkəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarının ləğvi və "xxxx" MMC, AZ 1044, Bakı şəh., Xəzər rayonu, Binə qəs., X4 Hava Limanı (AZ) adına “X7” əmtəə nişanının 2023 0381 (ilkinlik xx.xx.2022 ərizə № 2022 02702) 35-ci sinif – reklam; biznes sahəsində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti” və 43-cü sinif “ərzaq məhsulları və içkilərlə təminetmə üzrə xidmətlər; müvəqqqəti yaşayışın təmin edilməsi xidmətləri” xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması; Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin “X7” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçı tərəfin diqqətinə çatdırıldı. İddiaçının nümayəndələri iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsini xahiş etdi. Digər üçüncü şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi qərarların ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsində iddiaçı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarının ləğvi və "xxxx" MMC, AZ 1044, Bakı şəh., Xəzər rayonu, Binə qəs., X4 Hava Limanı (AZ) adına “X7” əmtəə nişanının 2023 0381 (ilkinlik xx.xx.2022 ərizə № 2022 02702) 35-ci sinif – reklam; biznes sahəsində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti” və 43-cü sinif “ərzaq məhsulları və içkilərlə təminetmə üzrə xidmətlər; müvəqqqəti yaşayışın təmin edilməsi xidmətləri” xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması; Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin “X7” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarının ləğv edilməsi tələbini irəli sürmüşdür. Halbuki, inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisələndirilən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarı və Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin “X7” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarı yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Cavabdeh tərəfindən qəbul olunan qərarlar özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən qərarlardan Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin qərarı, “X7” əmtəə nişanının qeydiyyata alınması zamanı qəbul edilmiş və həmin nişanın qeydiyyata alınmasına xidmət edən qərardır. Həmçinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarı iddiaçının “X7” əmtəə nişanının etibarsız hesab edilməsi ilə bağlı müraciətinə dair qəbul edilmiş qərardır. İddiaçının hüquqi marağı üçüncü şəxsin adına qeydə alınmış “X7” əmtəə nişanının etibarsız heasb edilməsinə yönəlmişdir ki, iddia bu bardə tələb irəli sürmüş və iddia həmin hissədə təmin edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia “qərarların ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı ("xxxx" MMC və Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iddiası Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarının və Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin “X7” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarının ləğv edilməsi hissədə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar