Məhkəmə qərarları › İş №2-1(112)-4537/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4537/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4537/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən bundan sonra iddiaçı barəsində gəlir vergisi 2023-cü il dövrü üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə müəssisəyə 13738,80 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Vergi orqanının mübahisələndirilən qərarında əsas olaraq gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablandığı qeyd edilmişdir. Daha sonra vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, **********6 nömrəli bildiriş göndərilərək dövlət büdcəsinə vergilər üzrə 13126,16 manat, faizlər üzrə 2839,85 manat, ümumillikdə, 15966,01 manat borcu olduğu bildirilmişdir. Uyğunsuzluq məktubu ilə əlaqədar iddiaçı tərəfindən göndərilən məktubda bildirilmişdir ki, 1-ci ayda işçilər əmək məzuniyyətinə çıxdığı üçün az hesablama olmuşdur. Eyni zamanda vergi orqanı tərəfindən uçot-baza məlumatlarına əsasən bank hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti üzrə 201143,26 manat məbləğində pul vəsaitinin mədaxil olması müəyyən edildiyi bildirilmişdir. Bununla bağlı vergi ödəyicisi qeyd edir ki, xx.xx.2023-xx.xx.2023 cu il ərzində bank çıxarışlarına və təqdim edilmiş hesabatlara əsasən xidmətdən 174409,16 manat bank hesabına daxil olmuşdur və müvafiq bank çıxarışları vergi orqanına təqdim edilmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanı vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiyin tələblərini pozaraq qərar çıxarmışdır. Bu səbəbdən cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 282223/2024 nömrəli qərarla 2023-cü ilin gəlir vergisi üzrə 13738,80 manat hesablanmışdır. Belə ki, iddiaçının təqdim etdiyi gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisinin bank hesabına 412166 manat satışdan daxil olan pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli, uyğunsuzluq məktubuna və xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 235243/2024 nömrəli 3-cü rüb 2024 elektron kameral uyğunsuzluq məktublarına istinad etmiş, xx.xx.2024-ci il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli qərarın hesablanmasının qanuni olmadığını əsaslandırmağa çalışmışdır. Lakin iddiaçının özünün də qeyd etdiyi kimi müvafiq məktublar iddiaçı tərəfindən "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)” təqdim edildikdən sonra yaranmış uyğunsuzluqlarla bağlı göndərilmişdir. Vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli, **********619700 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə 13738,80 manat gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********929900 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçının hesabına daxil olmuş pul vəsaiti onun sahibkarlıqla bağlı hesabına deyil, şəxsi hesabına daxil olmuşdur. Cavabdeh bununla bağlı məlumatlı olmuş və iddiaçının hesabına daxil olan həmin vəsaiti sanki sahibkarlıq fəaliyyətindən daxil olmuş vəsait kimi qiymətləndirərək ona vergi borcu hesablamışdır. Buradan belə çıxır ki, istənilən şəxsin şəxsi hesabına daxil olan vəsait vergi orqanı tərəfindən sahibkarlıqla bağlı əldə edilmiş vəsait hesab edilərək ona vergi borcu hesablana bilər. Bu isə qanuni və ədalətli hesab edilə bilməz. Həmin məsələ ilə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilib və məktubda iddiaçı xx.xx.2024-cü il tarixinə vergi orqanına dəvət edilib. Yəni, iddiaçının həmin məsələ ilə bağlı izahatı alınmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək bildirdi ki, iddiaçının hesabına daxil olan vəsait vergi orqanı tərəfindən müəyyən edilib. Bundan sonra isə iddiaçı vergi orqanına dəvət edilərək bununla bağlı izahatı tələb edilib. Lakin, iddiaçı vergi orqanına gəlməyib. Bu səbəbdən həmin məbləğ vergiyə cəlb olunmalı məbləğ hesab edilərək iddiaçıya vergi borcu hesablanıb. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 13738,80 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən ona gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Cavabdehin Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 24 oktyabr 2024cü il tarixli məktubdan görünür ki, iddiaçının 11 oktyabr 2024 tarixində təqdim etdiyi bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 5688.22 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 6010.00 manat gəlir məbləğindən 321.78 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 10 iyul 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının 04 iyul 2024 tarixində təqdim etdiyi bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər" sətirinin 2-ci ayı üzrə göstərilmiş 5253.57 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5300.00 manat gəlir məbləğindən 46.43 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər" sətirinin 3-cü ayı üzrə göstərilmiş 4983.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5300.00 manat gəlir məbləğindən 317.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 2-ci ayda 5300 yox 5253,57 manat olmasının səbəbi xx.xx.2024 tarixində X5 ilə olan əmək müqaviləsinə xitam verilib son haqq hesab hesablanıb 371.28 manat X6 ilə olan əmək müqaviləsinə xitam verilib son haqq hesab hesablanıb 534,16 manat X7 (məzuniyyət haqqı 346.57) və X2 (məzuniyyət haqqı 351.56) məzuniyyətə çıxıblar. 3-cü ayda isə 5300 manat deyil 4983 manat olmasının səbəbi X3 xx.xx.2024-cü il tarixdən işə qəbul edilib cəmi əmək haqqı hesablanıb 233 manat X4 işə qəbul edilib cəmi əmək haqqı hesablanıb 400 manat. Həmçinin 2 ayda da qeyd olunduğu kimi X5 və X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cti il tarixli, 3- 21-2-3/2-282223/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş edir. Həmin qərarlarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, yalnız qanunda nəzərdə tutulmuş vergitutma elementləri müəyyən edildikdə fiziki və hüquqi şəxslər barəsində vergi hesablana və onlar vergiyə cəlb edilə bilərlər. Vergitutma elementlərinin mövcud olmaması fiziki və ya hüquqi şəxslərin vergiyə cəlb edilməsini istisna edir. İşdən göründüyü kimi cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 2023-cü il üzrə 13738,80 manat gəlir vergisi hesablanmışdır ki, iddiaçı həmin qərarı mübahisələndirir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, onun bank hesabına daxil olan 412166 manat onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Bu səbəbdən həmin məbləğlə bağlı vergi borcunun hesablanması yolverilməzdir. Vergi Məcəlləsində göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir (96.1.). Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir (97.1.). Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər (97.3.). Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir (98.1.). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2.). Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən gəlir; royalti; vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar; mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat (99.3.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin gəlir vergisinə cəlb olunan gəlirlərinin konkret dairəsi müəyyən edilmişdir. Belə ki, şəxsin vergiyə cəlb edilən gəlirləri muzdlu işlə əlaqədar olan və olmayan gəlirlərdir. Muzdlu işlə əlaqədar olmayan gəlirlər isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər olmaqla iki hissəyə ayrılır. Qeyd edilməlidir ki, muzdlu işlə əlaqədar gəlirlərdən vergi tutulmasının xüsusi prosedurları mövcuddur ki, iddiaçıya hesablanmış gəlir vergisi bununla əlaqəli deyildir. Eyni zamanda iddiaçıya gəlir vergisi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı da hesablanmamışdır. İddiaçıya hesablanmış vergi borcu məhz iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı kaneral vergi yoxlamasının nəticəsi olaraq hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Cavabdeh iddiaçının bank hesabına daxil olmuş 412166 manat vəsaitin mənbəyini müəyyən etməmiş, həmin vəsaitin iddiaçının sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə edildiyini aydınlaşdırmamışdır. Cavabdeh sadəcə həmin vəsaitin iddiaçının bank hesabına daxil olması səbəbindən onu iddiaçının sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəliri hesab etmiş və bununla bağlı iddiaçıya gəlir vergisi hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” adlanan 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azad olması və ya onlara güzəştlərin tətbiq edilməsi ilə bağlı hallar sadalanmışdır. Yəni, iddiaçının hesabına daxil olmuş vəsaitin həmin maddənin əhatə dairəsinə düşüb düşməməsini müəyyən etmək də cavabdehin vəzifəsinə aid olduğu halda cavabdeh bunu etməmişdir. Halbuki Vergi Məcəlləsinin 24.1-ci maddəsinə əsasən vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borludur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən müvafiq dövr üzrə cavabdehə gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin təqdim edilmiş bəyannamədə kənarlaşmalar müəyyən edildiyindən bununla əlaqədar cavabdeh tərəfindən iddiaçıya zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə uyğunsuzluq məktubu göndərilmişdir. Həmin məktub yalnız iddiaçı tərəfindən işçilərə ödənilməli olan əmək haqqı və digər ödənişlərin məbləği ilə bağlı olmuşdur. İddiaçı cavab olaraq bildirmişdir ki, bəyannamədə kənarlaşma mövcud olmamışdır. Belə ki, cavabdehə izah olunmuşdur ki, 2ci ayda gəlirin az göstərilməsinin səbəbi bəzi işçilərlə olan əmək müqaviləsinə xitam verilməsi, digərlərinin isə məzuniyyətə çıxması olmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq qərar qəbul olunmuş və ona borc məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin xx.xx.2024-cti il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282223/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar