Məhkəmə qərarları › İş №2-1(112)-4540/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4540/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4540/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Arif oğlunun cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emisional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Arif oğlu cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emisional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı 2008-ci ilin yanvar ayında test imtahanı ilə XİN-də diplomatik xidmətə qəbul olunaraq attaşə vəzifəsinə təyin olunmuşdur.2009-cu ilin mart ayında attaşə diplomatik rütbəsi almış və 2009-cu ilin martında Azərbaycan Respublikasısının Rumuniyadakı səfirliyinin attaşesi vəzifəsinə təyin olunmuşdur. 2010-cu ilin dekabrında XİN-in Ümumi Katibliyinin attaşesi, 2011-ci ilin avqustunda isə üçüncü katibi vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin iyul ayında Azərbaycanın Avstraliyadakı səfirliyinin üçüncü katibi vəzifəsinə təyin olunmuş və 2014cü ilin dekabrında üçüncü katib diplomatik rütbəsi almışdır. 2015-ci ilin iyul ayında əməkdaşı olduğu Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktları ilə bağlı XİN və digər əlaqədar dövlət qurumlarına məlumat vermişdir. Korrupsiya faktları səfirlikdə saxta katibə ştatı göstərilərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və səfir Rövşən Cəmşidov və səfirliyin maliyyə müsahibi Araz Xasiyevin diplomatik statuslarında sui-istifadə edərək qanunsuz içki və siqarət biznesi və digər qanunsuz əməlləri barədə olub. xx xxxxxxxx 2015-ci ildə xarici işlər naziri tərəfindən ad çəkilməsədə “fəaliyyətlərində nöqsanlara yol verən və diplomat adına xələl gətirən əməkdaşlara” qarşı ən sərt tədbirlər görüləcəyi barədə hədə xarakterli fikirlər səsləndirilib. Məhz həmin vaxtdan İddiaçı diplomatik fəaliyyətinə xitam verilməsi barədə xarici işlər naziri tərəfindən məlum əmr imzalanıb. Əmrə isə saxtakarlıqla xx xxxx 2015-c il tarixi qoyulub. Bunun ardınca xx xxxxxx 2015-ci ildə XİN-nin mətbuat xidməti növbəti bəyanət yayaraq İddiaçı diplomatik rütbədən məhrum edilməsi və haqqında cinayət işinin başladığını bildirib.İddiaçı xx xxxx 2015-ci ildə Avstraliyadakı səfirlikdən qayıtmalı olduğu halda Avstraliyada qalmışdır. Buna səbəb İddiaçı Arif oğlunun həyat yoldaşı Həsənova Məlakənin hamilə olması və buna görə də təyyarədə uça bilməməsi (hamiləlikdə yaranmış fəsadla bağlı avstraliyalı həkim –Dr. Huda Younisin rəyi mövcuddur) olmuşdur. Bu tarixdən cəmi 4 gün sonra xx xxxx 2015-ci il tarixli əmri ilə onun diplomatik xidmətinə xitam verilmişdir. İddiaçı 15 iyul 1323 nömrəli əmrlə geri çagırılır, xx xxxx 1485 nömrəli əmrlə diplomatik qulluğuna xitam verilir və 15 iyuldan 31 iyula qədər 12 iş günü ərzində dalbadal 162 əmr imzalanır. Bu 12 günlük vaxt çərçivəsində bu qədər əmr imzalanması məntiqli və ağlabatan deyil. İddiaçı hesab edir ki, 1485 nömrəli əmr saxtakarlıqla 31 iyul tarixi qoyulmasına baxmayaraq, iyulda deyil, sentyabr ayında tələsik hazırlanıb və imzalanıb. Çünki XİN –nin rəhbərliyinin R.Cəmşidovun əməllərində xx xxxx 2015-ci il tarixindən xəbərdar olmasına baxmayaraq, bu barədə nəinki heç bir tədbir görməməsi, əksinə cinayətkarcasına İddiaçı hədəf götürərək hüquqlarını pozmuşdur. İddiaçı 2 ay sonra məsələni cənab Prezidentin diqqətinə mətbuat vasitəsilə xx xxxxxxxx 2015-ci ildə çatdırmağa çalışmışdı.Səfirlik tərəfindən İddiaçı göndərilən haqq hesab cədvəlinə və bank hesabından çıxarışda göstərilib ki, İddiaçı və həyat yoldaşına Bakıya yola düşmək üçün bilet pulu və digər xərclər xx xxxxxx 2015-ci ildə ödənilib.Yuxarıdakı faktlardan da göründüyü kimi diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı xx xxxx 2015-ci il tarixli 1485 nömrəli əmri sırf səfir Rövşən Cəmşidovun qərəzli və diplomatik xidmətə yararsız olmaqla bağlı quru iftirasına, uydurma məlumatlara əsaslanan SKBR/0171/15 nömrəli, xx xxxx 2015-ci və SKBR/0172/15 nömrəli, xx xxxx 2015-ci il tarixli məktublar əsas götürülərək əsassız olaraq imzalanıb. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ilə əlaqədar bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1091 nömrəli xx xxxx 2013-cü il tarixli əmrinə müvafiq olaraq Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin üçüncü katibi vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının X1 iki ilə yaxın xidmət etdikdən sonra həmin ölkədəki Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə SKBR/0171/15 nömrəli xx.xx.2015-ci il tarixli və SKBR/0172/15 nömrəli xx.xx.2015-ci il tarixli məktublar göndərilmişdir. Həmin məktublarda Azərbaycan Respublikasının “Diplomatik xidməti haqqında”Qanununun 18.1-ci maddəsində göstərilən hallar öz əksini tapmış və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1323 nömrəli xx xxxx 2015 –ci il tarixli əmri ilə xx xxxx 2015-ci il tarixdən geri çagırılmışdır. Qanunvericiliyə uyğun olaraq geri çagırılan İddiaçı nəqliyyat xərclərinin dövlət hesabına ödənilməsinə baxmayaraq,o, nazirliyinin əmrinə məhəl qoymamışdır. Müvafiq əmrdən sonra XİN-ə mütləq gəlməli halda nazirliyə gəlməmiş, hətta özünün və həyat yoldaşının diplomatik pasportlarını aidiyyəti idarəyə təhvil verməmişdir. Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin və XİN-nin kadrlar idarəsinin İddiaçı ilə əlaqə saxlayaraq yaranmış mövcud vəziyyətin tənzimlənməsi məqsədilə dəfələrlə etdikləri cəhdlər heç bir nəticə verməmişdir. Əksinə, İddiaçı olduğu ölkədən Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin fəaliyyəti ilə əsaslandırılmamış iddialarla Azərbaycan Respublkasının müxtəlif dövlət orqanlarına (qurumlarına) müraciətlər etməyə başlamışdır. İddaiçı “Dövlət qulluqçularının etik davranışları haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü bəndinin tələblrini pozaraq, xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etmişdir. Azərbaycan Respublikası Xarici İşlər nazirinin və Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı fövqəladə və səlahiyyətli səfirinin öz səlahiyyətləri daxilində verdikləri əmr və göstərişləri yerinə yetirilməmişdir. Eyni zamanda o, öz hərəkətləri ilə qulluq keçdiyi dövlət orqanının işin pozmağa və əsaslandırılmamış iddiaları ilə həmin orqanın, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş şəxslərin nüfuzunu aşagı salmağa cəhd etmişdir. Yuxarıa qeyd olunanlar və baş vermiş pozuntu halı ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair XİN-nin Kadrlar İdarəsinin xidməti qeydi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.2, 18.0.4, 18.0.12, 20.1.7 və 33.1.6-ci maddələrinə uyğun olaraq, XİN-nin 1485 nömrəli xx xxxx 2015-ci il tarixli əmrinə İddiaçı 2015-ci il 31 iyul tarixindən diplomatik xidmətlə bir araya sığmayan hərəkətləri törətdiyinə görə ”Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci və 11.3-cü maddələrinə uyğun olaraq, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2149 nömrəli xx xxxxxx 2015-ci il tarixli əmrinə əsasən üçüncü katib diplomatik rütbəsindən məhrum edilmişdir. İddiaçı ötən illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin onun barəsində çıxardığı əmrlər ilə razılaşmadığı halda şikayət vermək hüququna malik olmasına baxmayaraq, xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etməmişdir.Beləliklə də, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsi ilə müəyyən olunan fərdi əmək münasibətlərinin həllində iddia müddətlərini ötürmüşdür. Cavabdeh iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kim əsas iddia tələbi xx xxxx 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsindən ibarətdir, digər tələblər isə bu tələblə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 62.2.-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3. –ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisələndirilən əmr barədə 2015-ci ildə məlumatlı idi. Lakin iddia ilə məhkəməyə 2020-ci ilin 15 may tarixində müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktdan şikayət vermək üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il” tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndinə əsasən, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçı müvafiq ərizə ilə əvvəlcə inzbati orqana müraciət etməlidir. Lakin iddiaçı tərəfindən ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı Arif oğlunun cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emisional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Arif oğlunun cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emisional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar