Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4617/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanına hüquqların qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək araşdırılma aparılması, “Bank of Karabakh” əmtəə nişanına iddiaçının hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ölkədə ilk dəfə “Bank of Karabakh” layihəsinin fikrini irəli sürülmüş və tərəfindən qeyd olunan “Bank of Karabakh” adı ilə ölkədə yeni bankın təsis edilməsi həyata keçirilməkdədir. Eyni zamanda, onun “Bank of Karabakh” əmtəə nişanına hüquqları ölkə xaricindədə qeydə alınmış və həmin qeydə almaya əsas olan sənəd hazırki ərizəyə qoşma kimi əlavə edilir. Məsələylə əlaqədar nümayəndəsi S.M.Yusifli və V.O.Hacıyev tərəfindən “Bank of Karabakh” əmtəə nişanına iddiaçının hüquqlarının qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət ünvanlanmış, həmin müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli, 11-4-1/2-C-xx-xx-2023-saylı məktub ünvanlanmış həmin məktubda hər hansı əsas olmadan “Bank of Karabakh” əmtəə nişanına onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanusuz və əsassızdır.
3. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əmtəə nişanının qeydiyyata alınması üçün iddiaçı bilavasitə özü və ya rəsmi nümayəndəsi vasitəsilə Əqli Mülkiyyət Agentliyinə iddia ərizəsini və ona qoşulan müvafiq sənədləri təqdim etməlidir. Xarici hüquqi və fiziki şəxslər əmtəə nişanları ilə bağlı hüquqi əhəmiyyətli işləri patent müvəkkilləri vasitəsilə aparırlar. Həmin iddia ərizəsini Mərkəzin rəsmi internet səhifəsində “əmtəə nişanları” bölməsindən əldə etmək olar. Əmtəə nişanının qeydə alınmasına dair ərizə Azərbaycan dilində doldurulmaldır. “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2019-cu il tarixli Qərarına əsasən iddia sənədinin ilkin ekspertizası üçün - 60 manat, iddia sənədinin ekspertizası üçün - 203 manat, əmtəə və xidmətlərin 1-dən artıq hər sinfi üçün - 60 manat, iddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 (bir) ay müddətində aparılması üçün - 180 manat xidmət haqqı ödənilməlidir. Ekspertizanın aparılmasına görə istifadə edilən xidmət haqqı geri qaytarılmır. Bidiririk ki, qeydiyyatdan keçmiş əmtəə nişanları barədə məlumat üçün patent.copat.gov.az saytında “dərclər” bölməsinə müraciət edə bilərsiniz. Daha ətraflı məlumat üçün patent.copat.gov.az saytına müraciət edə və ya “960” nömrəsi ilə (Çağrı mərkəzi) Agentliklə əlaqə saxlaya bilərsiniz.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır...
8. Hazırda mübahisə əmtəə nişanına iddiaçının hüquqlarının qeydə alınması ilə bağlıdır.
9. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
10. Belə ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması barədə iddia sənədinin verilməsi Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verir. Maddə 11. Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Maddə 13. İlkin ekspertiza Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası bu Qanunun 9-cu maddəsinə uyğun iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır. Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir. Maddə 15. İddia sənədinə dair qərara etiraz İddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər. Apellyasiya şurası etirza daxil olduğu tarixdən 3 ay ərzində baxır. Bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər. İddiaçının və ya patent müvəkkilinin Apellyasiya şurasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır. İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər.
11. Qanunvericiliyin yuxarıda göstərilən tələbindən göründüyü kimi, əmtəə nişanı barəsində iddia sənədlərinin ilkin ekspertizası 9-cu maddədə qeyd olunan iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır. İddiaçı əmtəə nişanına dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurasına etiraz verə bilər. Daha sonra iddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər.
12. Odur ki, iddiaçı ilk növbədə ekspertiza aparılması üçün Əqli Mülkiyyət Agentliyinə iddia ərizəsini və ona qoşulan müvafiq sənədləri təqdim etməli, ilkin ekspertiza nəticələri ilə razılaşmadığı təqdirdə həmin ekspertiza qərarından Apellyasiya şurasına etiraz verməli idi. İddiaçı şuranın qərarı ilə də razı olmadıqda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
13. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə hazırkı məqsədinə çatmaq üçün qanunvericiliyə uyğun olaraq müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.
14. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva