Məhkəmə qərarları › İş №2-1(112)-463/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-463/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-463/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi) “torpaq sahəsinə plan-ölçü sənədinin, texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə 0,10 hektar hesabı ilə 5-2021 kodlu həyətyanı torpaq sahəsinə plan-ölçü sənədlərinin, texniki pasportun verilməsi, həmin torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “Azneft” İstehsalat Birliyi zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 nömrəli, 15 aprel 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına əsas kimi iddiaçıya 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999cu il tarixli 27/K nömrəli əmri əsas götürülmüşdür. İddiaçıya bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin X5 baş mütəxəssis və baş məsləhətçisi tərəfindən 21 may 2020-ci il tarixli 143 saylı arayış təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin X3 21 may 2003-cü il 28 №-li vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrdən çıxarışından qeyd olunur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi iiçün nəzərdə tutulmuş ərazidə iddiaçıya 0, 10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir. Sözügedən əmr Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 direktoru İ.Zeynalov tərəfindən imza və möhürlə təsdiqlənmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizələr ilə cavabdehə müraciət etmiş və xx.xx.2020-ci il tarixli, **********48 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********86 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşdiyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş (SOCAR Bağları QSC) ərazilərlə üst -üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin, torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik və konfiqurasiya fərqi aşkar edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, həmçinin bildirmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi "xxxx" QSC-nin istifadəsində olan torpaq sahəsi hüdudları daxilində yerləşir. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 balansında olmayan torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 096 saylı, 15 aprel 1999-cu il tarixli çıxarışa əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 143 nömrəli, 21 may 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya həqiqətən X5 (Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 5-2021 kodlu torpaq sahəsi ayrılmışdır. 5-2021 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə iddiaçıya 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 16 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, müvafiq arxivdə yalnız ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Tərəvəzçilik südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmri saxlanılır. Həmin əmrin verilməsinə əsas olmuş sənədlər arxivdə saxlanılmır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1345,0 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik və konfiqurasiya fərqi mövcuddur. Faktiki olaraq göstərilən 1345,0 kv.m torpaq sahəsinin koordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşdiyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş (SOCAR Bağları QSC) ərazilərlə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Sahə bütövlüklə ləğv edilmiş X7 Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus "xxxx" QSC-nin adına olan **********0994 saylı kadastr planının məlumatı ilə üst-üstə düşür. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim edilən kadastr məlumatları əsasında ərazinin yaxınlığında yerləşən torpaq sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının adına Buzovna qəsəbəsi ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1- 1447 ünvanına dair torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1447 ünvanına dair Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 447 saylı Sərəncamı ilə Xəzər rayonu Buzovna qəsəbəsinin cənubunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış 690034 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflər nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə plan-ölçü sənədlərinin, texniki pasportun verilməsi, həmin torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X5) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarışöz əksini tapmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli əmri ilə ona 0,10 hektar torpaq sahəsi ayrıldığına əsaslanaraq, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş (SOCAR Bağları QSC) ərazilərlə üst-üstə düşür. Həmçinin, torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik və konfiqurasiya fərqi aşkar edilmişdir. İş üzrə obyektiv araşdırmanın aparılması üçün cavabdehə məhkəmə sorğusu verilərək iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən və üzərində vətəndaşların mülkiyyət hüquqlarının daşınmaz əmalkın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaklara dair çıxarışlar və əsas olmuş sənədlər tələb edilmişdir. Həmin sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1447 saylı torpaq sahəsi, **********40 reyestr nömrəli çıxarışla xx.xx.2019-cü il tarixində X2, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1420 saylı torpaq sahəsi **********53 reyestr nömrəli çıxarışla X4 adına xx.xx.2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozu) müvafiq əmrlərinə əsasən qeydiyyatdan keçmişdir. Eyni zamanda məhkəmə sorğusuna əsasən iddiaçının istifadəsində olan və onun yaxınlığında yerləşən və üzərində vətəndaşların mülkiyyət hüquqları qeydiyyatdan keçmiş torpaq sahələrinin ortofoto görüntüsü cavabdeh tərəfindən məhkəməyə göndərilmişdir. Həmin ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bötüvlükdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozu) ayrıc aktından kənarda, "xxxx" QSC-yə aid olan ərazidə yerləşir. Onun yaxınlığında qeydiyyatdan keçmiş bütün torpaq sahələri isə "xxxx" QSC-yə aid olan ərazidə deyildir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi "xxxx" QSC-yə aid olan ərazidə yerləşir və həmin ərazidə yerləşən hər hansı sahə üzərində vətəndaşların hüquqları cavabdeh tərəfindən qeydə alınmamışdır. Yəni, cavabdeh iddiaçıya münasibətdə “bərabərlik” hüququnu pozmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan-ölçü sənədinin, texniki pasportun və çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar