Məhkəmə qərarları › İş №2-1(112)-4700/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4700/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4700/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, qarşı “kompensasiya ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdeh1nə ərizə ilə müraciət edərək iddiaçının 103.4 kv.metr mülkiyyətinin obyektiv qiymətləndirilərək qiymət cədvəlinin tərtib olunması və ona kompensasiya ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 16/11-152/11 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ünvan 1 ünvanın sahəsi 117,64 kvadrat metr olmuşdur. 39,5 kvadrat metr əsas sahənin hər kvadrat metri 1500 manatla, 21,65 kvadrat metr köməkçi sahənin hər kvadrat metri 1500 manatla, 10,71 kvadrat metr bağlı eyvanın hər kvadrat metri 800 manatla, 7,6 kvadrat metr xidməti mətbəxin hər kvadrat metri üçün 800 manatla, 3,18 kvadrat metr daş pilləkənin hər kvadrat metri üçün 400 manatla, 35 kvadrat metr kürsüaltı sahə (anbar kimi istifadə olunmuş) hər kvadrat metri üçün 300 manat olmaqla həmin ünvana görə 103145 manat, əlavə olaraq 2 aylıq kirayə haqqına görə 1000 manat, ümumilikdə 104145 manat və eyni zamanda 16321,50 manat əlavə maddi yardım hesablanmışdır. Qeyd edilən layihə çərçivəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində 41 nömrəli notariat kontorunda yaşayış sahəsinin alınmasına dair notarial qaydada alqı-satqı müqaviləsi imzalanmış 104145 manat kompensasiya və xx.xx.2019-cü il tarixində 41 nömrəli notariat kontorunda bağlanmış razılaşmaya əsasən 16321,50 manat əlavə maddi yardım ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından iddiaçının xahişinin yerinə yetirilməsi mümkün deyildir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus 103.4 kv.m mülkiyyəti obyektiv qiymətləndirərək qiymət cədvəlinin tərtib olunması və kompensasiya ödənilməsi, kompensasiya verilməsi təmin olunmazsa, ünvan 2 ünvanında yerləşmiş 103.4 kv.m xüsusi mülkiyyəti olan evin yenidən tikilərək ona təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sərəncam vermiş, iddiaçıya hüquqi yardım göstərməklə iddia tələbinin və cavabdehlərin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekun olaraq ünvan 2 ünvanında olan İddiaçı məxsus 117,64 m2 və 103,4 m2 əmlaklarının (yaşayış sahələrinin) torpaqlarının kompensasiyasının verilməsinin təmin edilməsi, iddiaçıya məxsus 103,4 m2 bağışlanılmış mülkiyyətinin obyektiv olaraq bazar qiymətlərinə uyğun qiymət cədvəlinin tərtib edilməsi və kompensasiya ödənilməsi, kompensasiya verilməsi təmin olunmazsa, ünvan 2 ünvanında yerləşmiş 103,4 m2 yaşayış evinin (xüsusi mülkiyyətinin) yenidən əvvəlki yerində tikilməsi və iddiaçıya təhvil verilməsi, söküntü ilə əlaqədar yaşadığı gərginliklər və əsəb sarsıntıları səhhətində ciddi problemlər yaratdığından çox ağır durumda klinikalarda reanimasiya şöbələrinə yerləşdirərək maddi və mənəvi ziyana məruz qaldığından, ona təzminatın ödənilməsi, bazar qiymətinə əsasən müəyyən olunan məbləğdən əlavə alınmanın təsirinə məruz qalan şəxslərə vurulan maddi və mənəvi zərərə görə 20% əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməklə tələbindəki formal xətaların aradan qaldırılması təklif olunsa da, iddiaçı tərəfindən müvafiq dəqiqləşmə ərizəsi təqdim edilmədiyindən İPM-in 45.4-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi qəbul olunmuş, "xxxx" MMC-nin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin cavabdeh qismində cəlb olunması hissəsində ərizə təmin edilməmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 572 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən yaşadığı ünvan 2 ünvanı dövlət ehtiyacları üçün satın alınmışdır. Bu haqda bildiriş 2018-ci ilin may ayında təqdim olunmuşdur. İddiaçının ailəsi 1896-cı ildən həmin ərazinin sakinləridir. ünvan 2 ünvanında iddiaçıya məxsus 2 ev olmuşdur. İddiaçının öz adına olan 117.64 kv.metr və 2-ci mülkiyyəti anası X4 notarial qaydada ona bağışladığı 103.4 kv.metr ev. Lakin Cavabdeh1, Torpağın alınması qrupu, Köçürülmə komissiyası, Azər Ekspert MMC (qiymətləndirmə şirkəti), AR Maliyyə Nazirliyinin və 64 saylı MKİS-in rəhbəri ona bağışlanmış 103.4 kv.metr mülkiyyəti sökmüş və kompensasiya verməmişlər. İddiaçıya məxsus 117.64 kv.m olan xüsusi evin lahiyəsi çəkilərək cədvəli tərtib edilmiş və alqı-satqı olunmuşdur. Notarial qaydada iddiaçıya bağışlanmış 103.4 kv.m evin lahiyəsi M.A.Əliyev küçəsi, Dalan 2, ev 6 ünvanının texniki pasportunda 1895-ci il tikilişinin lahiyəsi verilmişdir. Bağışlanmış ev iddiaçının xəbəri olmadan sökülmüşdür. Cavabdeh Bakı şəhəri Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etiraz məktubunda bildirmişdir ki, Bakı şəhəri, Yasaml rayonu, X42 küçəsi, dalan 2, ev 6 saylı ünvanında yerləşən daşınmaz əmlakın yerləşdiyi ərazinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq "Daşınmaz əmlakın alınması Qrupu’nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici “Azər Expert" MMC cəlb edilmişdir. İddiaçı iştirakı ilə qeyd olunan ünvandakı evin faktiki mövcud olmuş sahələri ölçülərək, iddiaçının razılığı ilə digər paylı mülkiyyəçilər olan X17, X10 və X8 ümumi sahədən cəmi 10 kv.metr sahə üçün 15 000 manat məbləğində kompensasiya məbləği saxlandıqdan sonra iddiaçıya Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq ümumi 104145 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. 16 fevral 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən X1 Bakı şəhəri, Yasaml rayonu, X43 küçəsi, dalan 2 ev 6 saylı ünvanında yerləşən fərdi yaşayış evini 104145 (yüz dörd min yüz qırx beş) manata Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən iddiaçıya 16 321 manat dəyərində maddi yardım ödənilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən əmlakın ümumi sahəsi 168,8 kv.metrdir. Həmin sənədə əsasən daşınmaz əmlakın 10/48 hissəsi, yəni 35,16 kv.m sahə İddiaçı mülkiyyətində olmuşdur. Mübahisə predmeti olan əmlakın 5/48 hissəsi atası tərəfindən iddiaçıya vəsiyyət edilmiş, əmlakın digər 5/48 hissəsi isə yuxarıda qeyd edilmiş “Bağışlama Müqaviləsi” əsasında anası X13 tərəfindən ona bağışlanmışdır, daha sonra iddiaçının 10/48 hissəyə dair mülkiyyət hüququ xx.xx.2006-cı il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialları ilə iddia tələbində qeyd olunan əlavə 103,4 kv.metr sahəyə görə iddiaçının hər hansı hüquq müəyyənedici sənədi olmadığı üçün bu sahəyə görə əlavə kompensasiya tələb etməsi əsassızdır. Beləliklə, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əsasən iddiaçının tələbi şərti olaraq 4 hissədən ibarətdir:

1. ünvan 2 ünvanında olan iddiaçıya məxsus 117,64 m2 və 103,4 m2 yaşayış sahələrinin yerləşdiyi torpaqlara görə kompensasiyanın verilməsi;

2. iddiaçıya məxsus 103,4 m2 bağışlanılmış mülkiyyətin obyektiv olaraq bazar qiymətlərinə uyğun qiymət cədvəlinin tərtib edilməsi və kompensasiya ödənilməsi, kompensasiya verilməsi təmin olunmazsa, ünvan 2 ünvanında yerləşmiş 103,4 m2 yaşayış evinin (xüsusi mülkiyyətinin) yenidən əvvəlki yerində tikilməsi və iddiaçıya təhvil verilməsi;

3. söküntü ilə əlaqədar yaşadığı gərginliklər və əsəb sarsıntıları səhhətində ciddi problemlər yaratdığından, maddi və mənəvi ziyana məruz qaldığından, ona təzminatın ödənilməsi;

4. bazar qiymətinə əsasən müəyyən olunan məbləğdən əlavə alınmanın təsirinə məruz qalan şəxslərə vurulan maddi və mənəvi zərərə görə 20% əlavə kompensasiya ödənilməsi. Məhkəmə qeyd edir ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçı 1-ci, 2-ci və 4-cü tələb ilə məhkəməyə müraciət etsə də, həmin tələblərlə (torpağa görə, alınmanın təsirinə məruz qalmasına görə və sağlamlığına dəymiş ziyana görə) məhkəməyə müraciət edənədək cavabdeh orqana müraciət etməmiş, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin tələbləri məhkəməyə qədər inzbati orqana müraciət edilməməsi əsası ilə mümkün hesab edilməməlidir. İddiaçının ikinci tələbinə gəldikdə, birincisi, iddiaçı iddia ərizəsində sahəsi 103,4 m2 olan evə görə kompensasiya ödənilməsi və ya həmin evin yenidən əvvəlki yerində tikilməsi və iddiaçıya təhvil verilməsini xahiş etmiş, bu zaman “və ya” sözündən istifadə etməklə alternativ tələblər qoymuşdur. Halbuki prosessual qanunvericiliyə əsasən iddia tələbi konkret olmalı, dəqiq müəyyən edilməldir. İddiaçıya tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı yol verilmiş formal xətaların aradan qaldırılması barədə ərizəni məhkəməyə təqdim etməmişdir. İkincisi, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi X19, 10/48 hissəsi İddiaçı, 3/48 hissəsi X5, 1/10 hissəsi X20, 1/10 hissəsi X21, 1/10 hissəsi X2, 1/10 hissəs X6, 3/48 hissəsi X9, 1/40 hissəsi X7, 5/48 hissəsi X18, 5/48 hissəsi X11, 1/40 hissəsi X23, 1/40 hissəs X14, 1/40 hissəsi X24 paylı mülkiyyətində olmuşdur. İşdə olan qiymətləndirmə cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı Şəhəri Cavabdeh1 tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 6 ünvanında yerləşən (N-64-265 şərti kodu ilə işarələnmiş) İddiaçı məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirlci qismində cəlb edilmiş “Azər Expert" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasinin Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 104145 manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə cədvəlinə əlavə edilmiş cizgidə mübahisəli evin ümumi sahəsi 117,64 kv.metr göstərilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 7 ünvanında yerləşən, yaşayış sahəsi 82 kv/m, yardımçı sahəsi 62.2 kv/m olan, 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 10/48 hissəsini 104145 manat müqabilində alıcının mülkiyyətinə verilmişdir. Göründüyü kimi, işdən müəyyən olunur ki, iddiaçının ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair 10/48 hissə payı olmuş və iddiaçı ona məxsus həmin hissəni cavabdehə satmışdır. İddiaçı hazırda həmin ünvanda anası Rəfiqə Şahmərdanova tərəfindən ona bağışlanmış sahəsi 103.4 kv.metr olan əlavə fərdi yaşayış evinin mövcud olduğunu iddia etsə də, iş materiallarında bununla bağlı hər hansı bir sübut mövcud deyil. Belə ki, işdə olan FM seriyalı 027578 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2-də yerləşən 5 otaqdan ibarət 6 saylı fərdi yaşayış evinin 3/48 hissəsi X15, 3/48 hissəsi X9, 3/48 hissəsi X5, 5/48 hissəsi X4, 5/48 hissəsi X11, 5/48 hissəsi isə X3 paylı mülkiyyətində olmuş, bu barədə 170 saylı reyestr kitabının 7245-ci səhifəsində xx.xx.2004-cü il tarixdə qeyd aparılmışdır. İşdə olan xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, Yasamal rayonu, 346,50 kv.metr torpaq sahəsində M.A.Əliyev küçəsi, dalan 2-də yerləşən 6 saylı evin 5/48 hssəsini qızı İddiaçı bağışlamışdır. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı xx.xx.2006-cı il tarixdə MH seriyalı ******* saylı çıxarış verilmiş, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi, dalan 2-də istifadədə olan 0.03465 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 82 kv.metr yaşayış, 62.6 kv.metr köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin 10/48 hisəssinin paylı mülkiyyət hüququ ilə ona məxsus olması təsbit edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli əmlaka məxsus 10/48 hissə payı anası İddiaçı ona məxsus payı iddiaçıya bağışlamasından sonra yaranmış, yuxarıda qeyd edildiyi kimi iddiaçı həmin payı (10/48 hissəni) bütovlükdə xx.xx.2019-cu il tarixdə cavabdehə satmışdır. İşdə olan sənədlərə əsasən İddiaçı tərəfindən iddiaçıya bağışlanmış digər bir əmlak mövcud deyil. İddiaçı 103.4 kv.metr əmlakın 6 saylı evə dair tərtib edilmiş əvvəlki texniki pasportda göstərildiyini bildirməklə 1965-ci ildə tərtib edilmiş texniki pasportu məhkəməyə təqdim etmişdir. Lakin həmin texniki pasportdan da görünür ki, 6 saylı ünvanda 1927-ci ildə tikilmiş 2 otaqlı “A” tikilisi və 1895-ci ildə tikilmiş 3 otaqlı “B” tikilisi mövcud olmuş, əlavə bir tikili olmamışdır. Beləliklə, iş materialları ilə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2-də yerləşən 5 otaqdan ibarət 6 saylı fərdi yaşayış evindən başqa 103.4 kv.metr sahəsi olan əlavə bir tikilinin olması sübut olunmur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırkı işdə belə bir sübut mövcud deyil. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə qeyd edir ki, işin yuxarıda istinad olunan hallarına əsasən mübahisəli əmlakın mövcudluğu sübut olunmadığından hüquqa müdaxildən söhbət gedə bilməz. Beləliklə, iddiaçı ilkin olaraq inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar