Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4724/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyat nişanının verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına gələn BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 abtomobilin qeydiyyata alınması və yeni qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2024/07/08 tarixdə Xalq bank vasitəsi ilə 14 500 dollar pul vəsaitini Çin Xalq Respublikasına (İNVOİCE NBR UL2********) göndərib. BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 aftomaşın aldı və onu xx.xx.2024-cü il tarixdə gətirib meyvəli terminalında iddiaçıya verdilər. xx.xx.2024-cü tarixdə maşını 245.40 manat verib rastamoşka elədi və DYP idarəsinə getdi ki, öz adına gələn avtomobili adına rəsimləşdirsin. Orda bütün avtomobili və sənədləri yoxladılar və dedilər ki, rəsimləşdirə bilmirlər. Ona görə ki, Çindən gələn maşının içində kağızda motorun nömrəsi, vinkod, ban olan kağız kserekopyadandı. Ona görə də iddiaçının adına texpasport verə bilmirlər. Sonra iddiaçı həmin maşını idarə etmək üçün tranzit nömrə RP929TR24 aldı. İzah olaraq cavabdeh orqanda bildirilmişdir ki, bu vəziyyətdə qeydiyyat həyata keçirilmir. Halbuki, bu günə qədər dəfələrlə oxşar vəziyyətdə, eyni qaydada aftomaşınları qeydiyyata alıb onlara yeni qeydiyyat şəhadətnaməsini veriblər. Göründüyü kimi inzibati orqan digərlərini təmin etmiş, lakin iddiaçıya qarşı ayrı-seçkilik edərək onun qanunla nəzərdə tutulmuş hüququnu pozmuşdur.
3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “qeyd etdiyiniz məsələlər "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi sənədlərlə tənzimlənir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasına idxal edilən nəqliyyat vasitələrinin ilkin dövlət qeydiyyatı gömrük komitəsindən gömrük vəsiqəsi alındığı gündən 10 gün ərzində DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində həyata keçirilir. Odur ki, toxunulmuş məsələyə müvafiq qaydada baxılması üçün avtomobil və sənədlərlə (ərizə, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən sənəd, xarici dövlətlərdən alınıb gətirilmiş (azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunaraq) nəqliyyat vasitələri üçün gömrük orqanlarının icazə sənədi və s.) birlikdə DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə müraciət edə bilərsiniz (DİN BDYPl-nin Qeydiyyat-imtahan İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən məntəqəsi). Qeyd etdiyiniz tranzit qeydiyyat nişanları 10 gün müddətinə verilir.”
4. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “"BYD E2" markalı RP929TR24 tranzit qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid və Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əsli olmadığı üçün həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüquqununun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”
5. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.
6. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, "BYD E2" markalı RP929TR24 tranzit qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid və Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əsli olmadığı üçün həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüquqununun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydalarının qeyd hissəsinə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir.
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
20. Məhkəmə qeyd edir ki, mübahisə nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina ilə bağlıdır. Belə ki, cavabdeh orqan avtomobilə aid olan Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əslinin olmaması səbəbindən qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir.
21. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilən "BYD E2" (tam elektik) markalı RP929TR24 tranzit qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid və Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əslinə baxış keçirmək mümkün olmamışdır, belə ki, iddiaçı sənədlərin əsllərinin ona verilmədiyini bildirmişdir. Göründüyü kimi minik amtomobil ilə birlikdə gələn, mühərrik, ban və şassi nömrələri təsvir olunan sənədin kserekopya olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuşdur.
22. İddiaçı bu halı onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması hesab edərək cavabdehin imtinasını qanunsuz olduğunu bildirərək özünü mübahisəli avtomobilin vicdanlı alıcısı hesab edir.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır.
24. Hazırkı iş üzrə məhkəmənin yoxlamalı olduğu məsələ cavabdeh orqanın avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsindən imtina etməsi ilə bağlı hərəkətlərinin (imtinasının) qanuni olub-olmamasıdır. Lakin bu halın qiymətləndirilməsi iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olub-olmaması, mübahisəli avtomobili vicdanlı əldə edən olub-olmaması məsələlərinin araşdırılmasından sonra mümkündür.
25. Məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin iddiaçı tərəfindən gətirilməsi həmin avtomobilin sənədinin əslinin olmaması faktını istisna etmir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli avtomobil Çindən ölkə ərazisinə gətirilmiş, maneəsiz olaraq gömrük orqanından keçmiş və dövlət qeydiyyatına alınmaqla nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim olunmuşdur. X2 Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əsli olmadığı üçün DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
182. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.
27. Göründüyü kimi mülki qanunvericilik daşınar əşyalara münasibətdə vicdanlılığı istisna edən bir neçə hal müəyyən etmiş, bu hallardan biri də daşınar əşyanın mülkiyyətçisindən oğurlanması halıdır.
28. Məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli avtomobiliə dair sənədin (texniki şəhadətnamənin) mötəbərəliyi ilə bağlı mübahisə mövcuddur, belə olan halda bu faktın təsdiq edilməsi, iddiaçının həqiqətən də vicdanlı əldə edən olub-olmaması inzibati məhkəmənin səlahiyyət dairəsinə aid deyildir. Odur ki, hazırkı halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
29. Həmçinin məhkəmə onu da vurğulayır ki, iddiaçı mülki məhkəmə qaydasında mübahisəli avtomobilin vicdanlı əldə edəni (sahiblik və istifadə hüququnun olmasını) olmasını müvafiq iddia tələbi verməklə təsdiq etdikdən sonra cavabdehə yenidən müraciət edə bilər.
30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva