Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4789/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi kimi çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, 6 saylı və 3 saylı mənzillərin mövcud vəziyyətə uyğun olaraq birləşdirilib vahid qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla əmlaka çıxarışın verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsini və yaşayış sahələrini birləşdirərək vahid qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla əmlaka çıxarışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, sözügedən əmlaklar ilə bağlı eskiz layihəsi hazırlanmış, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X4,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və müvafiq olaraq eskiz layihəyə uyğun olaraq görüləcək işlərə icazə verilməsi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Bundan savayi isə, AR FHN X5 Xidməti tərəfindən eskiz layihə üzrə müsbət rəy verilmişdir. Son olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X4,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılıq məktubu rəhbər tutularaq, obyektə dair təmir işləri görülmüş, faktiki olaraq 1 və 2-ci mərtəbədə yerləşən, qeyri-yaşayış və yaşayış sahələri bir qeyri-yaşayış sahəsi kimi birləşdirilərək istifadəyə verilmişdir. Müvafiq olaraq qeyd edilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin müraciət əsasında iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, sözügedən mənzillərin yaşayış fondundan qeyri-yaşayış fonduna keçməsi barədə müvafiq icra hakimiyyəti orqanın qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy ərizəyə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 27, mənzil 3 (41.5 kv.m); Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 27, mənzil 6 (91.4 kv.m) və ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmadığından iddiaçının müraciətinin müsbət həllindən imtina olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və mənzillər üzərində İddiaçı mülkiyyət hüququ yaranmışdır. İddiaçı hazırda razılaşdırılmış layihə əsasında inşa edilmiş və icra hakimiyyətinin sərəncamı əsasında sənədləşdirilməsinə icazə verilmiş qeyriyaşayış sahəsini və mənzillərinin birləşdirilib vahid qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə ilkin olaraq Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və mənzillərin qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsinə yol verilb-verilməməsini araşdırmalıdır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmi Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, iddiaçının müraciətinə baxılarkən iddiaçının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlər təqdim olunmadığına qiymət verilmişdir. Cavabdehin imtina məktubunda ərizəyə müvafiq sənədlərin əlavə edilmədiyi göstərildiyi halda, konkret olaraq həmin sənədlərin adları göstərilməmiş, təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət etmədiyi isə açıqlanmamışdır. Halbuki, cavabdeh inzibati orqan müraciətin həll olunması məqsədi ilə zəruri olan sənədlərin əhatə dairəsini göstərərək, iddiaçıya yardım etmək səlahiyyətinə malik idi. Bundan, başqa məhkəmə qeyd edir ki, hətta imtina məktubunda zəruri olan sənədlərin əhatə dairəsi göstərilsə idi belə, cavabdehin imtinası qanunazidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.10-cu maddəsinə əsasən, keçirilmiş sahə yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24.05.2010-cu il tarixli Fərmanıın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Şərh olunan qanunvericiliiyin normalarından görünndüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə yalnız Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Bu zaman mühim olan əsas şərtlər onlardı ki, yaşayış sahəsi yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə cavab verməli, həmçinin sahə konstruktiv cəhətdən qeyri-yaşayış sahəsi kimi istifadə üçün təminat etməli və müvafiq icra hakimiyyəti orqanları tərəfindən istifadəsinə icazə verilməlidir. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və mənzillər İddiaçı xüsusi mülkiyyətindədir. Məlum olduğu kimi, cavabdeh tərəfindən mübahisələndirilən məsələ məhz mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın olmamasıdır. Halbuki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş 27.07.2015-ci il tarixli, 137 saylı sərəncam sözügedən mənzillərin qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiqləyən inzibati akt sayılır. Belə ki, sərəncamın məzmunundan da görünüdüyü kimi, həmin sərəncam ilə vətəndaş X3 ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış obyektinin mövcud pəncərə oyuqlarının BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş 15.07.2015-ci il tarixli, 18/03-8/1753 saylı eskiz layihəsinə uyğun olaraq ölçülərinin dəyişdirilməsinə icazə verilmişdir. Bundan sonra, müvafiq olaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında icraçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza 27 ünvanında yerləşən 4 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsinin təmiri ilə bağlı müəllif nəzarətinin aparılmasını, sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin müddəalarını rəhbər tutaraq bildirir ki, inzibati aktın aydın və anlayışlı olması mühim olan şərtlərdən biridir. Sərəncamda birbaşa olaraq, mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi göstərilməsə də, həmin sərəncam sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə xarakteri daşıyır. Beləliklə, sözügedən sərəncamın Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan qərar kimi qiymətləndirilməməsi formal xarakter daşıyır və iddiaçının hüquqlarının pozulmasına yönələn hərəkət sayılır. Bundan savayi isə, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 27 ünvanında yerləşən fərdi binaya 2011-ci il tarixdə verilmiş eskiz layihəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X4,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və müvafi imza, möhürlü təsdiq edilmişdir. Sadalanmış hallar ona dəlalət edir ki, iddiaçının mülkiyyətində olan mənzillər həm eskiz layihəsi tərtib olunduğu dövrdə, həmçinin də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam əsasında keçirilmiş konstruktiv dəyişiklikdən sonra belə qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçının iddia etdiyi əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiq edən əsaslardan biri də, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəylərdir. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş rəyin nəticə hissəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən obyektin 1 və 2-ci mərtəbələrinin gücləndirilməsi üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Həmin yaşayış binasında yerləşən mənzil və qeyri-yaşayış sahələrinin mövcud pəncərə oyuqlarının ölçülərinin dəyişdirilməsi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi normalarının tələblərinə uyğundur. Beləliklə, sözügedən daşınmaz əmlak istismara yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə cavab verdiyindən, həmin sahənin Mənzil Məcəlləsinin 21.10-cu maddəsi əsasında qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə yol verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqana təqdim edilmiş, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 27.07.2015-ci il tarixli, 137 saylı sərəncamı və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış qeyri-yaşayış sahəsinə dair eskiz layihəsi, həmçinin daşınmaz əmlakların iddiaçının mülkiyyətində olmasını təsdiq edən çıxarışlar, o cümlədən də, mövcud olan razılaşmalar və aktlar, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış) birləşdirilib vahid qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, cavabdeh tərəfindən mübahisələndirilən daşınmaz əmlakla bağlı əlavə sənədlərin tələb edilməsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə zidd hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış binası üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, 6 saylı və 3 saylı mənzillərinin birləşdirilərək vahid qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, 6 saylı və 3 saylı mənzillərin mövcud vəziyyətə uyğun birləşdirilərək vahid qeyriyaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4789/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4789/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver