Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4818/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xx.xx.2017-ci il tarixli, 1396 nömrəli torpaq icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq iddiaçının istifadəsində olan Bakı şəhər Nizami rayon Qara Qarayev pr, 125C-də yerləşən 0.036 ha olan torpaq sahəsinin sahəsinin xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən özəlləşdirildiyini nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, 1396 nömrəli torpaq icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, 1396 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr.,125C də yerləşən 0.036 ha olan torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi iddiaçı tərəfindən torpaq vergisinə dair bütün ödənişlər ödənilmişdir. İddiaçı Bakı Şəhəri, Nizami rayonu Qara Qarayev pr, 125C də yerləşən 0.036 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixli çıxarışa əsasən özəlləşdirildiyini nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, 1396 nömrəli icarə müqaviləsinə xitam verilməsini cavabdehdən xahiş etmişdir. Əks halda xx.xx.2017-ci il tarixli, 1396 nömrəli icarə müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Hal-hazırda xx.xx.2017-ci il tarixli, 1396 nömrəli icarə müqaviləsinə xitam verilməsi tələbi ondan ibarətdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər X4 üzrə Baş İdarəsi əsassız olaraq iddiaçıdan xx.xx.2018-ci il tarixdən sonrakı dövr üçün vergi borcunun tələb etməsidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icarə edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icaraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Mahmudov iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Ələkbərov bildirmişdir ki, dövlət büdcəsinə iddiaçının borcun olmamasını təsdiq edən sənəd yoxdur; iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1992-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşıdır. Mahmud-zadə İlqar Kərim oğlunun Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli pretenziyaya məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, 125 C-də yerləşən 0.036 ha olan qeyri yaşayış sahəsinin xx.xx.2018-ci il tarixli çıxarışa əsasən özəlləşdirildiyini nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, 1396 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 C ünvanında yerləşən 0.036 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 oktyabr 2017-ci il tarixli, 1396 nömrəli müqaviləyə əsasən, gələcəkdə icarəyəverən adlandırılacaq, bir tərəfdən, Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov şəxsində və digər tərəfdən, icarəçi adlandırılacaq, ünvan 2 ünvanında yaşayan İddiaçı şəxsində, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/2852 saylı məktubuna əlavədə ölçüləri göstərilən və İddiaçı xx.xx.2017-ci il tarixli müraciət məktubuna əsasən ünvan 4 ünvanda yerləşən, sahəsi 360,5 kv.m olan torpaq sahəsinin 49 il müddətinə icarəçinin istifadəsinə verilməsi barədə icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 375 ünvanda yerləşən 0.036 ha torpaq sahəsi, xx.xx.2017ci il tarixdən özəlləşdirildiyindən, xx.xx.2018-ci il tarixdən hesablanan əlavə vergi məbləğinin silinməsi xahiş edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin iddiaçıya ünvanladığı 18 noyabr 2022-ci il tarixli borcun olub-olmaması barədə məktubuna əsasən, şəxsi hesab vərəqəsi üzrə məlumatlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu yoxdur, dövlət torpaq sahələrinin icarəsi üzrə isə 12202,80 manat borcu vardır. İddiaçı tərəfindən əlavə olaraq, iddiaçıya məxsus şəxsi hesab vərəqəsi, torpaq sahəsinə dair plan və ölçü, qeyri-yaşayış binasına dair texniki pasport məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin mülkiyyət hüququ vardır (29-cu maddənin İ hissəsi), mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (29-cu maddənin İİ hissəsi) hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1.-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.10. –ci maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; Həmin Qanunun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmin Qanunun 14-cü maddəsinə görə, icarə müqaviləsinin bağlanması, icarəsı, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. İcarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Beləki, Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaq icarəsi dedikdə, müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etmək başa düşülür. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Torpaq icarəsi haqqında” Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icarə edilmədikdə. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması,vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İşin faktiki hallarına əsasən, iddiaçı icarəyə götürdüyü torpaq sahəsini özəlləşdirdiyi üçün, ərizə ilə cavabdehə müraciət edərək, torpaq icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinə xitam verilməsi barədə inzibati aktın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya icarəyə verilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 C ünvanında yerləşən 0.036 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı cavabdehdən torpaq icarə müqiviləsinə xitam verilməsi barədə sərəncamın qəbul edilməsini xahiş etsədə, cavabdeh müraciətə baxmamış, torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi məsələsini həll etməmişdir. Bununla da cavabdeh yuxarıda sadalanan mülki və torpaq qanunvericiliyinin və eyni zamanda “İnzibati icraat haqqında”Qanunun maddələrinin müddəalarını pozmuşdur. Belə ki, həmin Qanunun 20.1.-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1.-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhər Nizami rayon Qara Qarayev pr, 125C də yerləşən 0.036 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən İddiaçı tərəfindən özəlləşdirildiyini nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, 1396 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 73,85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər Nizami rayon Qara Qarayev pr, 125C də yerləşən 0.036 ha olan torpaq sahəsinın xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən İddiaçı tərəfindən özəlləşdirildiyi nəzərə alınaraq, xx.xx.2017-ci il tarixli, 1396 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4818/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4818/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver