Məhkəmə qərarları › İş №2-1(112)-4820/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4820/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4820/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: MEİS-in “Əlillik” altsistemindən çıxarışlara əsasən xx.xx.2005-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2007-ci il tarixdən 2 il müddətinə, xx.xx.2009-cu il tarixdən 18 yaşınadək əlillik; xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 162 nömrəli sərəncamından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-485/2024 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan 16 aprel 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamə və İddiaçı ərizəsi nəzərə alınaraq İddiaçı övladı 16 aprel 2005ci il təvəllüdlü X5 qəyyum təyin edilmişdir. xx.xx.2024-cü il tarixdən İddiaçı İddiaçı qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzii Filialına (bundan sonra - cavabdeh) təyin edilmiş təqaüdün sərəncama əsasən deyil, övladının əlilliyinin təyin olunduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən ödənilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “...Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamına əsasən fəaliyyət qabiliyyəti olmayan X7 üzərində qəyyum təyin edildiyinizdən Sizə həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sizə qəyyumluq xx.xx.2024-cü il tarixindən verildiyindən ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin 16 aprel tarixindən 2024-cü ilin 16 aprel tarixinədək olan 1 il dövr üçün hesablanması və hesablanmalı olan 1200 manat pulun iddiaçıya ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinzatı üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı övladının orqanizminin funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən olunmuş X5 qəyyum təyin edilmişdir. Övladının orqaniziminin funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən olunduğundan ona qulluqla bağlı Prezident təqaüdü almışdır. Lakin oğlu xx.xx.2023-cü il tarixdə 18 yaşına çatdığından verilən təqaüdü kəsilmişdir. İddiaçı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yasamal Rayon İcra başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı oğluna qəyyum təyin edilmişdir. Bu ortada qalan bir il müddətində nə oğlu sağalmış, nə də ki, iddiaçı oğluna baxmaqdan imtina etmişdir. İşin 1 il uzanmasında iddiaçıın günahı yox, dövlət orqanlarında işin uzadılması olmuşdur. Cavabdehə həmin ödənişin verilməsi üçün müraciət etsə də, bundan xx.xx.2024-cü il tarixli imtina məktubu ilə imtina edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan MEİS-in “Əlillik” altsistemindən çıxarışlara əsasən xx.xx.2005-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2007-ci il tarixdən 2 il müddətinə, xx.xx.2009-cu il tarixdən 18 yaşınadək əlillik müəyyən edilmişdir. İş materiallarında olan MEİS-in “Əlillik” altsistemindən çıxarışlara əsasən xx.xx.2005ci il təvəllüdlü X5 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-485/2024 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 162 nömrəli sərəncamına əsasən İddiaçı Yasamal Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Həm qanunvericiliyin tələbinə, həm də xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü”nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (yəni X4 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmışdır. X5 18 yaşı tamam olan tarixdən (xx.xx.2023-cü il tarixdən) dərhal sonra xx.xx.2023cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin, qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra - Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Qaydaların 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17- 1/2-H-144389/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 485/202 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan X7 üzərində İddiaçı qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən də İddiaçı qəyyumluq xx.xx.2024-cü il tarixdən təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə ödənilir. Göründüyü kimi bu təqaüdün təyinatı “qanuni surətdə yuxanda qeyd olunan şəxslərə qulluq edənlər” olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın (bundan sonra - Qayda) 2.2.1-ci yarımbəndinə əsasən yalnız fəaliyyət qabiliyyəti olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvlərinin həqiqətən ona qulluq etdiyi barədə ərizəsi özü tərəfindən müvafiq quruma və ya mərkəzə təqdim edilməlidir. Əgər şəxs həmin ərizəni şəxsən təqdim edə bilmirsə, bu zaman ərizə notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilərək təqdim edilməlidir. Ərizənin təqdim edilməsində əsas məsələ həmin ailə üzvünün həqiqətən əlilliyi müəyyən olunmuş şəxsə qulluq etməsinin müəyyən edilməsidir. Qaydaların 2.2.3-cü yarımbəndi isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə, müraciət etmiş şəxsin əlilliyi olan şəxsin ailə üzvü olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Həmin bəndə uyğun olaraq, qulluq təqaüdünün təyin edilməsi üçün əsas müraciət etmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətidir. Bu fərqləndirmənin hüquqi mahiyyəti həmin şəxslərin öz hərəkətinin əhəmiyyətini başa düşə bilməməsi, özləri üçün mülki hüquqlar və vəzifələr əldə etmək və ya icra etmək qabiliyyətindən məhrum olmalarıdır. Buna görə də onlar üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müaciətedən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Qanunun tələbləri baxımından İddiaçı bu “Prezident təqaüdü hüququnu” xx.xx.2024cü il tarixdən (Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 162 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Bu halda isə Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslı olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, övladına qəyum təyin edilməsi, o cümlədən övladının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin ondan asılı olmayan səbəblərə görə bu proses uzun çəkmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü”nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (yəni X4 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 485/2024 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan 16 aprel 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 162 nömrəli sərəncamı ilə İddiaçı övladı 16 aprel 2005-ci il təvəllüdlü X5 qəyyum təyin edilmiş, həmin tarixdən iddiaçıya orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə ona təyin edilmiş təqaüdün 2023-cü ilin 16 aprel tarixindən 2024-cü ilin 16 aprel tarixinədək olan 1 il dövr üçün hesablanmasını və hesablanmalı olan 1200 manat pulun iddiaçıya ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinin qaldırılmasında məqsədi ona xx.xx.2024-cü il tarixdə təyin edilmiş təqaüdün X4 18 yaşının tamam olduğu vaxtdan təyin edilməsi və ödənilməsinə nail olmaqdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan X7 üzərində İddiaçı qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı “Prezident təqaüdü hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 162 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”: 2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. 2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; Beləliklə, işin araşdırılmasının nəticəsi olaraq müəyyən edilir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar