Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4827/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə” qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hesab edir ki, Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı informasiya sistemində məhkum olması barədə səhvən qeyd aparılmışdır. Qeydin götürülməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qeydin götürülməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, məhkəmənin 11 dekabr 2006-cı il tarixli AR CM-nin 128-ci və 132-ci maddələri ilə əlaqədar qəbul etdiyi yekun məhkəmə aktı məhkumluq yaratmır. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotu”nda İddiaçı məhkum olunmuş hesab edilməsi barədə qeydin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Ötən məhkəmə iclasında iştirak etmiş Ə.Həbilov iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Cavabdehin 29.01.2021-ci il tarixli imtina məktubundan göründüyü kimi cavabdeh hesab edir ki, AR CM-nin 83-cü maddəsinə əsasən iddiaçı məhkumluğu olmayan şəxsdir. Eyni zamanda, qeyd edilmişdir ki, əvvəllər məhkum olunmuş şəxslər barədə məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq saxlanılır və aidiyyəti üzrə müvafiq qurumlardan sorğular daxil olduğu təqdirdə qeyd olunan səlahiyyətli qurumlara təqdim edilir. Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ilə İddiaçı AR CM-nin 128-ci maddəsi ilə cərimə cəzasına məhkum edilmiş, AR CM-nin 132-ci maddəsi ilə bağlı isə ona bəraət verilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli hökmü ilə protest təmin edilmiş, şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü İddiaçı AR CM-nin 132-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş, həmin maddə ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyində görə həmin maddə ilə ona cəza təyin edilməmiş, eyni zamanda AR CM-nin 128-ci maddəsi ilə ona təyin edilmiş cərimə cəzasından da eyni əsasla azad edilmişdir. İş materiallarından da göründüyü kimi məhkəmə mübahisəsi qeyd olunan hökmün şəxs barəsində məhkumluq yaradıb-yaratmaması ilə əlaqədardır ki, məhkəmə bununla bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. AR CM-nin 83.2-ci maddəsinin hazırkı redaksiyasından göründüyü kimi barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Qeyd olunan maddənin apellyasiya instansiya məhkəməsinin qərar qəbul etdiyi dövrdə olan redaksiyasına əsasən cəzadan azad edilmiş şəxslər məhkumluğu olmayan şəxslər hesab edilir. Eyni zamanda, qeyd olunur ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli qərarından da göründüyü kimi Konstitusiya Məhkəməsi hesab etmişdir ki, üç əsasdan (cinayət, ittiham hökmü və cəza birinin olmaması) hər hansı birinin olmaması məhkumluğun olmasını istisna edir. Konstitusiya Məhkəməsi AR CM-nin 83.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən yekunda həmin maddəyə belə şərh vermişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Göründüyü kimi cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi məhkumluq yaratmır. Belə ki, məhkumluğun yaranması üçün nəzərdə tutulmuş əsaslardan cinayət və ittiham hökmü mövcud olmuş olsa belə, cəza yoxdur. Cəza təyin edilməmişdirsə məhkumluqdan da söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin İX hissəsindən də göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh imtina məktubunun məzmunundan aydın olur ki, iddiaçının məhkumluğunun hökmlə yarandığını, lakin AR CM-nin 83-cü maddəsinə əsasən hal-hazırda mövcud olmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən cavabdehə ünvanlanan sorğuya da cavab məktublarından göründüyü kimi iddiaçının ittiham hökmü ilə məhkumluğunun yaranmış olduğu qeyd edilmiş, hal-hazırda məhkumluq ödənilsə də bununla bağlı məlumatların İdarədə məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq saxlanılmasının qanuniliyi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi dəlil əsaslı hesab edildiyi təqdirdə, yəni şəxsin həqiqətən də məhkumluğunun ittiham hökmü ilə yaranmış olduğu təqdirdə məhkumluğun hansı şərtlərlə ödənilməsi ilə bağlı müvafiq araşdırmanın aparılması zərurəti yaranır. Bununla əlaqədar olaraq qeyd olunur ki, AR CM-nin 83.3-cü maddəsi məhkumluğun hansı hallarda ödənilməsi ilə bağlı şərtləri müəyyən edir. Maddənin indiki və əvvəlki redaksiyalarının təhlilindən aydın olur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi ilə bağlı hökm üzrə məhkumluğun hansı şərtlər daxilində ödənilməsi ilə bağlı heç bir müddəa yoxdur. Göründüyü kimi iddiaçının məhkumluğu yaranmış olsa, onun ödənilmə şərtləri həmin maddə ilə tənzimlənməli, konkret olaraq şəxsin hansı andan məhkumluğu olmayan şəxs hesab olunduğu qeyd olunmalıdır. Lakin məhkumluq ümumiyyətlə yaranmadığından, məntiqi nəticə etibarı ilə qanunvericiliklə onun ödənilmə mexanizminin mövcud olmasından da söhbət gedə bilməz. Göründüyü kimi cavabdehin qeyd olunan dəlilə istinad edərək vermiş olduğu imtina qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın : 1.1-ci bəndinə əsasən bu Təlimat mərkəzləşdirilmiş əməliyyat-sorğu uçotlarının aparılması, formalaşması və onlara dair məlumatların verilməsi qaydalarını müəyyən edir. 1.4. Mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. 1.5. Mərkəzləşdirilmiş uçot - uçotun obyektləri barədə məlumatlar əsasında formalaşan kartotekalarda əks olunmasıdır: 1.5.1. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (bundan sonra - DİN BƏSİİ) aparılır. 2.2-ci bəndi və 2.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş şəxslər uçot obyektləri hesab edilir. 3.1-ci bəndinə əsasən və 3.1.5-ci yarımbəndinə əsasən Əməliyyat-sorğu uçotunun aparılmasının əsaslarından biri hüquq-mühafizə orqanları və məhkəmələrin prosessual qərarları haqqında şəxsin məhkum olunması barədə məlumatlardır. 6.2.2-ci yarımbəndinə əsasən mərkəzləşdirilmiş fərdi uçotlara təqdim olunmuş məlumatların vaxtında, tam və düzgün göndərilməsinə nəzarəti DİN BƏSİİ həyata keçirir. 10.1-ci bənd 10.1.3-cü yarımbəndinə əsasən Uçotlardan məhkum olunmuş şəxslər barədə məlumatlar verilir. 10.3-cü bəndinə əsasən məlumatlar hüquqi nəticələrinə uyğun olaraq fəal və qeyrifəal kateqoriyalara bölünür. Hüquqi nəticəsi qüvvədə olan məlumatlar - fəal, bütün hüquqi nəticələri ləğv edilmiş məlumatlar isə qeyri-fəal kateqoriyaya aid edilir. 10.3.1-ci yarımbəndinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edilmiş məlumatlardan dövlət qulluğuna qəbul və ya əməliyyat marağı baxımından aidiyyəti orqanlar (kadr və əməliyyat xidmətləri) səlahiyyət hüdudları daxilində istifadə edir; Eyni zamanda qeyd olunur ki, adıçəkilən Təlimatın 11-ci hissəsindən də göründüyü kimi hansı növ uçot sənədləri hansı müddətdə BƏSİİ-nin soyad kartotekalarında saxlanılması müəyyən edilmişdir ki, siyahıda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyində görə cəzadan azad edilmiş şəxslər barəsində heç bir müddəa yoxdur. Beləliklə, iddiaçı barəsində cəya təyin edilmədən ittiham hökmü çıxarıldığından, iddiaçı, ümumiyyətlə məhkum edilməmiş şəxs hesab edilir. Qeyd olunan səbəbdən də iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotu”nda İddiaçı məhkum olunmuş hesab edilməsi barədə qeydin silinməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4827/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4827/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver