Məhkəmə qərarları › İş №2-1(112)-483/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-483/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-483/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 26; iş yeri: işləmir) cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Moskva prospekti ev 86, mənzil 6; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin mülki inspektoru) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə 3-cü şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı daxili işlər orqanlarında xidmətdən xaric olunma barədə BMİ tərəfindən təsdiq olunan №2329-038-19 saylı əmrin sürətinin (çıxarışın) rəsmi şəkildə iddiaçıya təqdim edilməsinə dair sorğu göndərilməsi, Nəsimi Rayon Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli 902 nömrəli əmrin və Baş Mühafizə İdarəsi tərəfindən təsdiq olunan xx.xx.2019-cu il tarixli №2329-038-19 saylı əmrin ləğv olunması, Nəsimi Rayon Mühafizə İdarəsində əvvəlki xidmət etdiyi vəzifəyə bərpa edilməsi və buraxılmış müddətə görə pul müavinətin verilməsi, mənəvi zərərin ödənilməsinə dair, şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və sair qeyri-əmlak xarakterli hüquqlarının pozulmasına görə 70 (yetmiş) min manat məbləğində pulun cavabdehlərin birindən xeyrinə tutulmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublkası Daxili İşlər Nazirliyi cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının “Baş Mühafizə İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli Ə329-038-19 nömrəli və xx.xx.2019-cu il tarixli Ə1685s/h-038-19 nömrəli əmrlərin ləğv edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının Daxili işlər orqanlarında xidmətdən xaric olunması ilə bağlı Baş Mühafizə İdarəsi tərəfindən qəbul olunmuş 20 noyabr 2019- cu il tarixli N9Ə329-038-19 saylı əmrdə ''Azərbaycan Respublikası Baş Mühafizə İdarəsi haqqında əsəsnamə" , "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi", "Daxili işlər orqanlarında peşə hazırlığının təşkili haqqında təlimat" kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili normativ- hüquqi aktlarına istinad olunmuşdur. "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə" Azərbaycan respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 772 nömrəli fərmanı ilə təsdiq edilmişdir. "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli dəyişikliklər edilməsi haqqında fərmanı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (bundan sonra - Konstitusiya Qanunu) uyğun olaraq hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir. Normativ hüquqi aktların hüquqi qüvvəsi Konstitusiya Qanununun 2-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktların hüquqi qüvvəsi ilə bağlı qaydaya mərkəzi icra hakimiyyəti orqanlarının aktları hüquqi iyerarxiyada özündən üstün hüquqi qüvvəyə malik olan aktlara uyğun olmalıdırlar. Mərkəzi icra hakimiyyət orqanlarının (nazirliklərin və dövlət komitələrinin) normativ aktları (təlimat, əmr və s.) inzibati hüququn mənbəyidir. Bu aktlar qanunların, prezident fərmanlarının və Nazirlər Kabinetinin qərarlarının icrası qaydasını müəyyənləşdirir. Reyestrinin elektron variantında dərc olunması imperativ norma kimi qəbul olunub (belə normalarda vahid davranış qaydası müəyyən olunmaqla hüquq subyektinə alternativ davranmaq imkanı verilmir). Normativ hüquqi aktlar haqqında qanunun 85-ci maddəsində bütün bu göstərilənlər ətraflı şəkildə qeyd olunmuşdur. Daxili İşlər Nazirliyi və Baş Mühafizə İdarəsi tərəfindən qəbul olunan yuxarıda adıçəkilən nizamnamə və əsasnamələr nəinki X3 Reyestrinin elektron portalında həmçinin öz elektron saytlarında da dərc olunub, ictimailəşdirilməmişdir. Bütün bunlar isə bu normativ hüquqi aktların qanuni qüvvəsini almadığını göstərməklə yanaşı iddiaçının hüquqlarının müdafiəsi yönündə zəruri addımları ata bilməməsi ilənəticələnib. Qanunvericiliklə müəyyən olunmuş halda dərc olunmayan akta əsasən kimisə məsuliyyətə cəlb etmək, ondan həmin aktın icrasını tələb etmək olmaz. Əgər, iddiaçı üçün hər hansı bir akt hüquq və vəzifə müəyyənləşdirirsə, demək ki, həmin aktla (əsəsnamə, nizamnamə) onun tanış olması üçün lazımi şərait yaradılmalıdır. Həmçinin, barəsində xidməti yoxlamanın aparılmasına səbəb olan Hüseynova Svetlana tərəfindən Daxili İşlər Nazirliyinin saytına göndərilən elektron şikayət də ünvanına təhqiramiz sözlər ünvanlanmışdır ki, məhz bu səbəblə göndərilən şikayət baxılmamış saxlanılmalı idi. Daxili işlər orqanlarına elektron müraciətlər Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarında və daxili qoşunlarda vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Təlimatına uyğun olaraq aparılır. "Daxili işlər orqanlarında və daxili qoşunlarda vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Təlimatın 3.9-cu bəndinə əsasən, elektron formada müraciət göndərməmişdən əvvəl, müraciəti göndərən şəxsin riayət etməli olduğu tələblərdən biri də budur ki, müraciətin mətnində təhqir və böhtana yol verməməlidir. Həmin Təlimatın 7.1.2-ci bəndinə əsasən müraciət bu Təlimatın 3.4-3.9-cu bəndlərində göstərilən tələblərə cavab vermədikdə müraciət baxılmamış saxlanılmalıdır. Halbuki iddiaçı barəsində göndərilən müraciətdə "şərəfsiz" və s. kimi təhqirlərə yol verilmişdir. Amma nə Daxili İşlər Nazirliyinin katibliyinin "Vətəndaşların müraciətləri və qəbulu" şöbəsində nə də ki, DİN Baş Mühafizə İdarəsində barəsində xidməti yoxlamanı aparan vəzifəli şəxs tərəfindən buna diqqət yetirilməmişdir. Mərkəzi icra hakimiyyət orqanları dedikdə, nazirliklər, dövlət komitələri, baş idarələr və digər qurumlar başa düşülür. Bu orqanlar prezidentin fərmanı ilə yaradılır, yenidən təşkil olunur və ləğv edilir. Prezident mərkəzi icra hakimiyyət orqanlarının sisteminin (strukturunun) təkmilləşdirilməsi və qaydaya salınması üçün vaxtaşırı fərmanlar verir. Mərkəzi icra hakimiyyəti orqanları özlərinin əsasnamələri əsasında fəaliyyət göstərir. Əsasnamə onların hayata keçirdikləri fəaliyyətin hüquqi əsasını təşkil edir. Bu hüquqi sənəddə mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət və funksiyaları göstərilir, onların hüquqi statüsü müəyyənləşdirilir. İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında əsəsnamənin 3.3-cü maddəsində qeyd olunur ki, "Normativ hüquqi aktlar haqqında" qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmiş dövlət orqanı (mərkəzi icra hakimiyyəti orqanı) onu Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilmək üçün, həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. "Normativ hüquqi aktlar haqqında" qanunun 78.2-ci maddəsində isə qeyd olunur ki, hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X3 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. Həmin qanunun 78.3-cü maddəsində isə qeyd olunur ki, X3 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. "Normativ hüquqi aktlar haqqında" qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin qanunun 85.2-ci maddəsində isə qeyd olunur ki, 85.1-ci maddə də göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Əmrinin sürətində qeyd olunan "Azərbaycan Respublikası Baş Mühafizə İdarəsi haqqında əsəsnamə", "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi", "Daxili işlər orqanlarında peşə hazırlığının təşkili haqqında təlimat" kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili normativ-hüquqi aktları X3 Reyestrinin elektron variantında dərc olunmayıb. Xüsusilə 20 noyabr tarixli NQƏ329-038- 19 saylı əmr "Azərbaycan Respublikası Baş Mühafizə İdarəsi haqqında əsəsnamə"-nin 5.6 -cı bəndi rəhbər tutularaq qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli Ə329-038-19 nömrəli və xx.xx.2019-cu il tarixli Ə1685 s/h-038-19 nömrəli əmrlərini mübahisələndirir. İş materiallarından görünür ki, Nəsimi Rayon Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli 902 nömrəli əmri ilə vəzifə borcunun icrasına etinasız yanaşaraq xidmətqabağı təlimatda iştirak etmədiyinə, bununla da polisin “PPX-i Nizamnaməsi”nin tələblərini pozduğuna görə İdarənin polis nəfəri, polis serjantı İddiaçı “töhmət” intizam tənbehi tətbiq edilmişdir. İş materiallarından görünür ki, Baş Mühafizə İdarəsinin “Nəsimi RMİ-nin polis nəfəri, polis serjantı İddiaçı DİO-da xidmətdən xaric olunması barədə” xx.xx.2019-cu il tarixli Ə329-038-19 nömrəli əmrinə əsasən Daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli olduğu halda, vətəndaş S.Huseynovanın xx.xx.2019-cu il tarixli şikayətinə əsasən Səbail RPİ- nin 8-ci PB-də aparılan təhqiqat prosesində polis əməkdaşı olmasını gizlətdiyinə, həmin bölmədə yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etmədiyinə, 2015-2019-cu illərdə Ukrayna Respublikasında yerləşən ali təhsil müəssisəsində oxuması barədə aidiyyəti üzrə məlumat vermədiyinə və həmin faktı anket məlumatlarında gizlətdiyinə, Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik ənənələrinə zidd olaraq qeydiyyatdan keçdiyi "Facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının torpaqlarını işğal etmiş Ermənistan Respublikasının bayrağı ilə olan fotoşəklini, eləcə də işğalçı dövlətin mədəniyyətinin zənginliyini təbliğ edən və bu hərəkətindən qürur duyması barədə statusunu paylaşmaqla həmin sosial şəbəkə istifadəçilərinin nifrətini qazandığına, habelə qeyri-etik tərzdə çəkdirdiyi digər fotoşəkillərini də nümayiş etdirdiyinə, eləcə də yoxlama prosesində qeyrisəmimi mövqe tutduğuna, həmin hərəkətləri ilə «Daxılı işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 10, 15, 17 və 20-ci maddələrinin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.1, 3.2, 3.3, 3.7 və 3.9-cu, habelə DİNin 20.06 2012-ci il tarixli Q8-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında peşə hazırlığının təşkili haqqında Təlimat”ın 7.3-cü bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı həmin İdarənin xx.xx.2019-cu il tarixli 902 nömrəli əmri ilə qüvvədə olan “töhmət" intizam tənbehi də nəzərə alınmaqla «Azərbaycan Respublikasının” daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarından görünür ki, Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli Ə1685 s/h-038-19 nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddənin 9 və 10-cu bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) polis serjantı İddiaçı, Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri 21 noyabr 2019-cu il tarixdən xidmətdən xaric edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Baş Mühafizə İdarəsi qəbul etdiyi inzibati aktları (xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli əmrləri) iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı Nəsimi Rayon Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli 902 nömrəli əmri ilə “töhmət” intizam tənbehi tətbiq edilməsi və İddiaçı həmin Əmri mübahisələndirməməsi, daha sonra isə həmin Əmrin qəbul edilməsindən bir neçə gün sonra İddiaçı yenidən xidmət və icra intizamını pozması və nəticədə hazırkı iddia ilə mübahisələndirilən Əmrlərin qəbul edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə, cavabdeh inzibati orqanın iddiaçının hərəkətlərinə görə onun barəsində «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə əsasən xidmətdən xaric edilmə barəsində əmrini əsaslı hesab edir. Belə ki, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 141-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 10-cu bəndinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Həmin Kodeksin 20-ci bəndinə əsasən xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 108-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Beləliklə, məhkəmənin qənaətinə görə, cavabdehin mübahisələndirilən xx.xx.2019cu il tarixli Ə329-038-19 nömrəli və xx.xx.2019-cu il tarixli Ə1685 s/h-038-19 nömrəli əmrləri “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq İddiaçı DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə, həmçinin intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə xidmətdən xaric edilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) Baş Mühafizə İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli Ə329- 038-19 nömrəli və xx.xx.2019-cu il tarixli Ə1685s/h-038-19 nömrəli əmrlərin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar